Dayanıqlı sülhə töhfə verən əməkdaşlıq Sosial şəbəkədə yazılanlar
Icma.az, 525.az saytına istinadən bildirir.
Fəqan Əliyev, texnika elmləri doktoru:
- Hər bir vətəndaş vətəninin, yaşadığı şəhərin, qəsəbənin memarlıq və inşaatının gözəlliyindən sevinir. Tarix boyu yerli adamlar memarlıq əsərindən, tikintisindən danışırlar. Ayrı-ayrı adamlar inşa etdiyi bina ilə fəxr edirlər və gələcək nəsillər üçün miras qoymağı belə fikirləşirlər.
Bakı şəhərində istər qədim memarlıq binaları, istərsə də Bakı milyonerlərinin inşa etdirdiyi binalar və onların tarixi əsərləri üçün yatırdığı sərmaye, həmçinin individual olan köhnə binalar da diqqətə layiqdirlər.
Mərakeşdə, Avtsriyada qədim binalar necə restevrasiya olunur, müasirləşir və gözəlləşir. Çox təəssüf ki, keçmiş Sovetskidə bir dənə belə bina, ev, möhtəşəm küçə qapıları saxlanılmadı. Yadıma düşür ki, sovet dövründə gümüş qabları, qədim mebelləri, xalçaları, palazları, kilimləri atırdılar. İnsanlar başa düşmədiyindən, qiymətli, dəyərli, ata-babadan qalan əsərləri, köhnə mebelləri belə tullayırdı. Vaxtilə Azərbaycan Politexnik İnstitunun dəyərli professoru, alimi, rəhmətlik Nazıyev Şuşa Xanqızının nəvəsi ilə ailə qurmuşdur. Təbii ki, qızına verdiyi cehizdə qədim fransız mebeli, üstündə gümüşlə işlənmiş əl işləri var idi. Bu mebelin köhnəldiyini bilərək köhnə mebel kimi bağ evinə aparıb tullamış, bağ evindən onu oğurlamışdılar. Professor bir köhnə mebel kimi ona əhəmiyyət də verməmişdir. Ona görə ki, təzə sayılan, içərisi süni olan mebel, onun yerinə alınmış bəh-bəhlə köhnə mebeli əvəz edirdi. Zər qədrini zərgər bilər.
Şəhərimizdə yeni tikilən bəzi binalarımız da buna bənzəyir.
Əvvəla, söküntü olmalıdır, ancaq qaydalara uyğun yerinə yetirilməlidir. Memarlıq ölçülərinə, ənənəsinə, meyarlarına cavab verməlidir. Bakımızda axır onillikdə tikilən binaların birinci mərtəbəsində yağışdan, günəşdən qorunmaq üçün istifadə olunan passaj yoxdur. Vaxtilə Bakımızın mərkəzində olduqca səliqəli, gözəl tikilmiş passaj nümunəsi var. Görün, götürün yaxşı olardı. Bütün Avropa ölkələrində passajdan istifadə olunur. Başa düşürəm, passaj pul gətirmir. Bakı şəhərində bir dənə də belə bina yoxdur ki, binanın üstündə günəş enerjisindən istifadə etmək və ya günəş su qızdırıcısı olsun. Bizdən ekvatora daha uzaq olan ölkələrin şəhərlərində belə damlardan istifadə olunur. Məsələn, İstanbulda, Türkiyədə, Danimarkada və s.
Şəhərimizdə böyük abadlıq işləri gedir, xüsusilə keçmiş sovet küçələri, H.Əliyev Konfrans Mərkəzində möhtəşəm parkın şəhərimiz üçün xüsusi yeri var. Bu boyda parkda bir dənə belə meyvə ağacı yoxdur. Bakıda dadlı meyvə ağacları çox gözəl görünür, dadlı olur. Günəşin istiliyi, şüaları, küləyin intensivliyi, dinamikası, torpağın qumlu olması Bakı meyvələrinə xüsusi dad verir. Parklarımızda meyvə ağacları (tut, əncir, üzüm, badam, püstə, zeytun, iydə, innab, əsl qızıl güllər) olmalıdır. Torpaqdan istifadə ediriksə, elə belə faydalı meyvə ağaclarından istifadə edək.
Elşad Hacıyev, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi:
- Paytaxtın Xətai rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən "Play station" oyun salonunda tapılıb. Onun itkin düşməsində kriminal tərkib yoxdur.
Asif Nərimanlı, jurnalist:
- Bayramov və Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində görüşüb. Bu, sülh sazişi mətninin razılaşdırılmasından sonra iki ölkə rəsmiləri arasında ilk təmasdır.
Son aylar tərəflər arasında təmaslar səngiyib, xüsusilə İrəvanın Bakının tələblərini müzakirə etməmək üçün danışıqlardan yayınması fonunda. Əliyevlə Paşinyan sonuncu dəfə ötən ilin oktyabrında Kazanda qeyri-rəsmi formatda görüşüb. Ondan öncə Paşinyan Londonda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyevlə görüşdən imtina etdi. Məqsəd Avropa siyasi düşərgəsində təşkil olunan Bakı-İrəvan danışıqlarında balansın yaranmasının, Ermənistanın istəmədiyi situasiyanın formalaşmasının qarşısını almaq idi.
Xarici işlər nazirləri isə ötən ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində ABŞ-ın həmin vaxt dövlət katibi olan Blinkenin təşəbbüsü ilə görüşüb. Daha sonra oktyabr ayında İstanbulda keçirilən "3+3" regional məşvərət platforması çərçivəsində bir araya gəlib. Dekabrda ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin Malta toplantısında Vaşinqton yeni görüş təşkil etmək istəsə də, Bayden Administrasiyasının Ermənistan yönümlü siyasəti təmasın qurulmasına mane oldu.
Bu müddətdə yeganə təmaslar Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında davam edib, digər səviyyədə görüşlər olmayıb. Sülh sazişi mətninin razılaşdırılmasından sonra Ermənistan tərəfi görüşlərin keçirilməsinə ciddi səy göstərir, hətta bütün səviyyələrdə. Misal üçün, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Sarqis Xandanyan Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri ilə görüşmək istəyib, belə bir görüşün sülh sazişinin imzalanmasında nə qədər rol oynaya biləcəyi sual altında olsa da.
Ermənistanın məqsədi razılaşdırılmış sülh sazişi mətninin qısa müddətdə imzalanmasına nail olmaq, Bakının digər tələblərini gündəmdən çıxarmaq, ən azı arxa fona keçirməkdir. Azərbaycanla təmas qurmaq cəhdləri də bundan qaynaqlanır. Rəsmi Bakı isə davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə o qədər də isti yanaşmır, çünki İrəvanın yerinə yetirməli olduğu tələblər - konstitusiyanın dəyişdirilməsi və s. - var və bu kimi məsələlərdə irəliləyiş olmadığı təqdirdə, təmasların effektivliyi də sual altına düşür.
Bu kontekstdə Bayramovla Mirzoyanın ADF çərçivəsində görüşü diqqət çəkir. İrəvan üçün bu görüş "nəhayət təmasın qurulması" olsa da, Bakının irəli sürdüyü tələbələr fonunda mövqeyi dəyişməyib. İstisna deyil ki, Bakı görüşə məhz Türkiyədə keçirilməsinə görə razılaşıb və məqsəd ADF-nin dialoq platforması rolunu gücəndirmək olub.
Elxan Şahinoğlu, politoloq:
- Nüfuzlu "Newsweek" dərgisi dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünəcəyini əks etdirən xəritə dərc edib. Dərgi bu 3 ölkə arasında şahmat oyununa bənzər mübarizə getdiyini yazıb. Dərginin bölgüsünə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ "Monro doktrinasına" görə Şimal Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq. Dərginin Rusiyaya verdiyi "pay" da maraqlıdır. Dərginin məntiqinə görə, Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində olacaq. Maraqlıdır ki, dərgidəki məqalədə Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib.
"Newsweek" kimi ciddi dərginin dünyanı 3 ölkə arasında bölüşdürüləcəyini ehtiva edən məqaləsi ABŞ-dan çox Rusiya və Çinin maraqlarına cavab verir. Çin və Rusiya dərgidə onlara aid edilən ölkələri "pay" almağı məmnuniyyətlə qəbul edərdilər. Ancaq Yaponiya və Hindistan heç zaman öz istəkləri ilə Çinin təsir dairəsinə düşməzlər, əksinə, Tokio və Dehli Çinin regonda möhkəmlənməsi təşəbbüslərinə qarşı müqavimətlərini davam etdirirlər. Təsadüfi deyil ki, ABŞ Hindistan və Yaponiyanın iştirakı ilə müxtəlif əməkdaşlıq formatları təsis edib. Çinin iqtisadi gücü ilə mübarizə aparan ABŞ-ın hazırkı Prezidenti Donald Tramp da Hindistan və Yaponiyanın Pekinin təsiri altına düşməsinə imkan verməz.
Avropanın tamamını, Türkiyəni və Cənubi Qafqazı Rusiyaya "pay" verən ABŞ dərgisinun bu "məntiqi" də mübahisə predmetidir. Əlbəttə, Rusiya - Ukrayna müharibəsini öz xeyrinə bitirərsə, başqa planlarını həyata keçirməyə çalışacaq. Bu sırada Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda möhkəmlənməsi istəyi dayanacaq. Ancaq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Rusiya ilə normal münasibətlərin tərəfdarı olsalar da, keçmiş imperiyanın hər hansı başqa formada qayıtmasına razılaşmazlar. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri məhz elə buna görə, Rusiya və Çinlə yanaşı, digər nüfuzlu ölkələrlə də sıx əlaqələr qurublar. Avropaya qaldıqda, köhnə qitə bu gün Ukraynanı məhz ona görə dəstəkləyir ki, Rusiyanın qələbəsi rəsmiləşməsin və Kreml bu bataqlıqdan çıxa bilməsin. Avrasiya bölgəsinin aparıcı ölkələrindən birinə çevrilən Türkiyənin Rusiyanın təsiri altına düşməsi isə xam xəyala bənzəyir.
Fərid Pərdəşünas, texnobloger:
- Bu arada, "Embawood"a əhsən! Ana səhifəm bu qarışıq gündəmdə ancaq onlar haqqında olan paylaşımlarla doludur.
Belə çətin gündəmdə öz adlarını gündəmə gətirməyi bacarmaq asan məsələ deyil. Nəzərə alsaq ki, hadisə faciə ilə nəticələnməyib, ölüm və ya ağır yaralanma yoxdur, dəyən zərərlər də sığorta çərçivəsindədir.
Belə bir anda bütün sosial mediada adından bəhs etdirmək uğurlu strateji addım idi. Brendin adını illərdir unutmuşdum, yenidən yadıma düşdü. Yəqin ki, növbəti mebeli oradan alaram.
Mütləq şəkildə bu kampaniyanı düşünənlər marketinq forumlarına spiker kimi dəvət olunmalı, təcrübələri dinlənilməli və bir daha marketinq fəaliyyəti ilə məşğul olmalarına qadağa qoyulmalıdır.
Vüqar Bayramov, millət vəkili:
- "ABŞ Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır". Bu fikirlər Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubunda qeyd olunur.
Azərbaycana ixracatını 2024-cü ildə 1.8 dəfə, idxalını isə 8.4 dəfə artıran Birləşmiş Ştatlar ilə ölkəmiz arasındakı əməkdaşlığın yeni dönəmdə dərinləşəcəyi gözlənilir. Bu regionda dayanıqlı sülhün formalaşması və güclənməsinə töhfə verən faydalı əməkdaşlıqdır.


