Dövlət Turizm Agentliyi sağlamlıq turizminin inkişafı istiqamətində bir sıra vacib layihələri həyata keçirib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 15 oktyabr, AZƏRTAC
Turizmin müxtəlif istiqamətləri arasında sağlamlıq turizmi xüsusi yer tutur və həm iqtisadi, həm də sosial baxımdan strateji əhəmiyyət daşıyır. Bu sahə təkcə ölkəyə əlavə valyuta axını gətirmir, eyni zamanda insanların həyat keyfiyyətinin yüksəldilməsinə, rifah və sağlamlıq mədəniyyətinin təşviqinə, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” adlı beynəlxalq konfransda Agentliyin sədr müavini Azadə Hüseynova deyib.
O, son illərdə Dövlət Turizm Agentliyinin sağlamlıq turizminin inkişafı istiqamətində bir sıra vacib layihələr həyata keçirdiyini deyib: "Ötən il Şuşada keçirilən sağlamlıq turizmi üzrə ilk konfrans bilik və təcrübə mübadiləsi üçün beynəlxalq platforma rolunu oynayaraq ölkəmizin bu sahədə tanıdılmasına mühüm töhfə verdi".
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi sağlamlıq turizmini prioritet sahə kimi inkişaf etdirmək və Azərbaycanın bu sahədə beynəlxalq rəqabət qabiliyyətini artırmaq istiqamətində daim dəstək verməyə hazırdır. Bu kimi tədbirlər sağlamlıq turizmi sahəsində beynəlxalq dialoqu və tərəfdaşlıqları daha da genişləndirmək istiqamətində təkan olacaq.


