Elhamra karvansarayı, Diogenin sözü Türkan Turan yazır
525.az saytına istinadən Icma.az xəbər verir.
Türkan TURAN
Diogenin çox sevdiyim bir sözü var, deyir, "heykəllərdən daha hissiz insanlarla qarşılaşacaqsan". Bir söz nə qədər dərin və gerçək ola bilərsə, bu da elədir. Daşların həssasiyyətinə, zərafətinə, yaddaşına, parçalanmağına, qırılmağına, məğrurluğuna, qüruruna insanlardan daha çox inandığım vaxtlar olur. Məsələn, axırınca dəfə bir insana nə vaxt heyranlıqla baxdığım, adının yanına ürəkdən gələn sözlər sıraladığım yadıma gəlmir, çünki heyran olacağım, başımı gicəlləndirən, təsirindən qalıb, hayıl-mayıl olacağım insan yoxdur. Amma görəndə ayaq saxladığım, yaddaşına boylandığım, hekayəsini öyrəndikcə heyran olduğum, bəzən günlərlə, bəzən aylarla unutmadığım daşlar, divarlar, heykəllər var. Başqa vaxt olsa, bundan məyusluq və boşluq hissi ilə bəhs edərdim. Amma indi dərk edərək, idraka ərərək yazıram. Çünki bəzi daşlar canlılardan daha canlıdır. Elhamra karvansarayı da onlardan biridir.
Atatürkün film izlədiyi kinoteatr
Abidənin üstünlükləri çoxdur, amma ən böyük qürur verən yanı Atatürkün buradakı kinoteatrda iki dəfə film izləməsi, aktyor və rejissor Muhsin Ərtoğrulu təbrik etməsidir. Siz də bilirsiniz, Atatürkün bircə dəfə də olsa ayaq basdığı hər yer əziz tutulur, tutulmalıdır da. Açığı, getmədiyi yerlərdə də adını andıran ya otaq, ya da hər hansısa bir əşya nümayiş etdirirlər. Məsələn, bir müddət öncə Türkiyənin ilk bankı olan İş Bank muzeyindən hazırladığım reportajda qapının üstünə "Atatürkün otağı" yazdıqlarından bəhs etmişdim. Sən demə, Mustafa Kamal Atatürk binanın sadəcə açılışını edib, bankda ilk hesabı o açdırıb, amma orada otağı olmayıb. Xatirəsini əziz tutmaq üçün qapının üstünə elə qeyd edilib. Əksəriyyət də gəlib doluşur içəri, şəkil çəkdirib gedir, bunun həqiqət olduğunu sanırlar. Amma Elhamraya gəlib, film izləməyi dəqiq məlumatdır. Yazıçı və tarixçi Rəşad Əkrəm Koçunun "İstanbul Ensiklopediyası" kitabında Elhamradan bəhs edilən paraqrafda da bundan söhbət açılır. Eyni zamanda abidənin İstanbulun ən gözəl və ən köhnə sinemalarından biri olduğundan bəhs edilir. Naşir və yazıçı Saleh Birsel, Abdulhəmid dövrünün məşhur mahnılı qəhvəxanalarından birinin burada açıldığını deyir. Bu qədim bina hər baxımdan qiymətlidir, ona görə də, "Abidələr Ali Şurasının" qeydiyyatında olan, xüsusi mühafizə edilən tarixi əsərlər siyahısındadır.
Təkəbbürlənməyə tələsməməli...
Abidə İstiqlal küçəsinin mərkəzində illərlə səssiz-səmirsiz qaldıqdan sonra 18-ci İstanbul Bienalı ilə yenidən dil açdı, canlandı. Yazılarda mütəmadi vurğulayıram; Bəyoğlu, xüsusilə İstiqlal caddəsi elə bir yerdir ki, başdan ayağa yüz dəfə gəzsən də, min yeri hələ də sirr olaraq qalacaq. Məsələn, Elhamranın varlığından Bienal sərgisi olmasa, xəbərim olmayacaqdı. Halbuki qarşısından sayını unutduğum qədər keçib getmişəm. Özü də, sağında, solunda dostlarla çox oturmuşuq, amma işə bax ki, dörd-beş addımlığındakı bu karvansaraydan bixəbər qalmışam. Elə burdan yola çıxaraq "bu şəhərə yaxşı bələdəm" kimi yekə cümlələr qurmaqdan ehtiyat edirəm. Çünki hər an sürprizlə qarşılaşmaq qaçılmazdır. Şəhəri tanımaq deyəndə küçəni, bazarı tanımaqdan bəhs etmirəm, dəyərli bir abidənin hekayəsini bilməmək, o şəhəri tanımamaq deməkdir. Fərqi yoxdur, bu öz məmləkətindir, ya da başqa diyardır.

Elhamrada tarix, sənət və yaddaş iç-içə keçib. Hər detalı keçmişin hənirtilərini bu günün qulağına pıçıldayır sanki. Hə, bura Bienalın ən gözəl dayanacaqlarından biridir. Qeyd edim ki, şəhər bu dəqiqə sənət və mədəniyyət mərkəzinə çevrilmiş vəziyyətdədir. Əslində ötən saylarımızda sentyabrın sonu mədəniyyət festivalının başlayacağını qeyd etmişdim. Açığı, gözlədiyimdən daha maraqlı sərgilər təşkil edilib, özü də az qalsın hər addımbaşında. Elhamranı seçən də bienalın kuratoru Kristina Tohmedir. Tohme, bu karvansarayı sərgi məkanları sırasına daxil edərək ziyarətçiləri sadəcə əsərləri görməyə deyil, eyni zamanda Bəyoğlunun ruhuyla bütünləşməyə, keçmişi səyahət etməyə dəvət edir.
Karvasarayın hekayəsi
Elhamra karvansarayının hekayəsi Osmanlı İmperiyasının son əsrində başlayır. 1827-ci ildə şəhərin ilk teatrlarından biri kimi tikilən, Grande Rue de Pera küçəsində Fransız Teatrı kimi tanınan bina yüzlərlə tamaşa, operetta və vodevilin səhnəyə qoyulduğu əfsanəvi bir yer idi. Təəssüf ki, ən parlaq dönəmlərində; 1831-ci ildə yanğın nəticəsində yararsız vəziyyətə düşür. Lakin bu hadisə məkanın yanğınlarla yaşayacağı sınaqların başlanğıcı idi. Bina tezliklə memar Barbaroni tərəfindən yenidən tikilir və təmir zamanı teatrın girişinə bal zalı əlavə edilir. Cazibədar şüşəli giriş üçün "Palais de Cristal" (Büllur Saray) kimi tanınan Fransız Teatrı satışa çıxarılana qədər qısa müddət ərzində göz qamaşdıran şou-biznesin qaynar nöqtəsinə çevrilir. Bir müddət sonra sarayda "Osmanlı-Avstriya mebeli" və xalça satışı da fəaliyyətə başlayır. Nə az, nə çox, düz 1920-ci ilə qədər ticarət fəaliyyətlərini davam etdirirlər. Günbəzləri, tavanındakı akvarel rəsmləri və sütunlarındakı Kütahya kirəmitləri ilə şərq ab-havasına sahib olan bu möhtəşəm Pera teatrı, nəhayət, sənətlə yenidən birləşir. "Elhamra sarayı" bu dəfə kinonu öz tərkibinə qatır. Kinoteatrın pərdələri arasından cümhuriyyətin ilk işıqları sızmağa başlayır. Məxmər kreslolarında əyləşən istanbullular, Qreta Qarbonun həzinliyindən tutmuş Çarli Çaplinin gülüşünə qədər Qərbin xəyallarını öz həyatlarına qatmağa başlayırlar. Bu abidə bir nəslin arzularını bəzəyən sehrli pərdənin arxasındakı dünya idi. Əslində Cümhuriyyətin ilk illərində karvansaraydan daha artığı idi. Məsələn, yuxarı mərtəbələr Bəyoğlunun məşhur sənətkar ruhunun və ticarətin nəbzinin atdığı arı pətəyi kimi bir yer idi. Abidənin dəhlizlərində dövrün ən bacarıqlı dərzilərinin, papaqçılarının, tül və krujeva ustalarının dükanları düzülmüşdü. İstanbulun ən zərif xanımları və bəyləri kostyumlarını buradan sifariş edirdilər, modanın ürəyi burada döyünürdü, ən son papaqlar və nadir parçalar da buradan alınırdı. Qayçı səslərinin, tikiş maşınlarının tıqqıltısının, dükançıların söhbətinin və kino dünyasının dialoqunun bir-birinə qarışdığı canlı məkan olan Elhamra sənət və sənətkarlığın, xəyalların və əməyin birlikdə nəfəs aldığı, Peranın zərif təcəssümü idi. İllər keçdikcə kinoteatr dəfələrlə adını dəyişdi. Bəzən filmlər, bəzən tamaşalar vasitəsilə insanlara qucaq açmağa davam etdi. Təəssüflər olsun ki, bu gözəl bina növbəti dəfə yanğına məruz qaldı. 1999-cu ildə baş verən bu fəlakət abidəni yararsız hala saldı. Möhtəşəm sənət səyahətinə vida edən Elhamra, Beyoğlunun bir çox tarixi tikilisi kimi susdu. İyirmi altı il sonra yəni 5 gün əvvəl binadan sənətin səsi yenidən ucaldı. Bu, 18 İstanbul Bienali ilə mümkün oldu.
Uçub gedən 26 il...
Biennalenin bu məkanı seçməsi çox böyük əhəmiyyət kəsb edir, çünki sənət, Elhamranın unudulmuş səsini eşitməyə, onu xatırlamağa imkan verir. Hazırda Kristina Tohmenin "Özünü qorumaq və gələcəyə baxış" mövzusu abidənin divarlarını bəzəyir. Bütün dəyişikliklərə və aradan 26 il keçməyinə baxmayaraq, karvansaray zərif memarlığını və ruhunu inadla qoruyub saxlamağı bacarıb. Binaya daxil olan ilk anda insanı qarşılayan təmiz divarlar, tavan deyil, zamanın izlərini daşıyan hadisələrin divarlara hopmuş qoxusunun yaratdığı atmosferidir. Paslanmış dəmir barmaqlıqlar, köhnəlmiş mərmər pilləkənlər, soyulan suvaq altında görünən kərpiclərin hərəsi bir hekayədir. Bütün bu detallar təkcə nümayiş olunan əsərlər üçün fon yaratmır; onlarla nəfəs alır, onlara yeni məna aşılayır. Sərgi çərçivəsində sərgilənən qısametrajlı filmlərini izləyərkən bir anlıq karvansarayın həyətindəki köhnə kinoteatrda oturmuş kimi bir hiss gəlir insana. Bienal çərçivəsində Sevil Tunaboylu, Riar Rizaldi, Lara Saab, Jagdeep Raina, Nataşa Tontey və Şafak Şule Kemancının əsərləri sənətsevərləri Elhamranın ikinci mərtəbəsinə səsləyir. Burada təşkil edilən arxiv, mifologiya, ekologiya və böhran otaqları mövcuddur.

İnsansız insanlar və bitkilər
İlk kiçik otaqda Riar Rizaldinin "Tech-terra" trilogiyasının son filmi olan 19 dəqiqəlik "Bekerel" ilə qarşılaşırıq. Bandunqda anadan olan Riar Rizaldi günəşin nüvə texnologiyası vasitəsilə süni şəkildə tutulduğu və insanların istirahətinin qadağan edildiyi qeyri-təbii məkanı təsəvvür edir. Filmdə enerji, yuxu dünyasında dəhşətli tarixi məqamlarla üzə çıxır; ilk atom bombasının partlayış görüntülərini digər hekayələrlə birləşir. Bununla yanaşı, taxta panellərdə nümayiş etdirilən afişa və rəsmlər də ziyarətçilərin beynində ciddi təsir yaradır. Rial Rizaldinin filmiylə paralel olaraq Lara Saabın bitki rəsmləri ilə qarşılaşırıq. Beyrut əsilli, 1991-ci ildə anadan olmuş və insan mərkəzli həyata kritik prizmadan yanaşmağı və təbiəti özünə fokuslanmağı hədəfləyən rəssam, "Vəhşi Maguetimac-İnsansız insanlar" adlı bu əsərində vətəni Meksikada olan, aqava və ya "əsr bitkisi" kimi də tanınan maguey bitkisinin həyat mərhələlərini araşdırır. XVI-XVIII əsrlərə aid botanika illüstrasiyalarından ilhamlanan Lara Saab, rəsmlərində bu izləri daşımaqla yanaşı, işinə fərqli baxış tərzi əlavə edərək özünəməxsus rəng qatır. Bienalda biz yalnız bitkinin yetişmə proseslərini deyil, həm də rəsmlərin tamamlanma mərhələlərini müşahidə edə bilərik.
"Mümkünsüz görüş"
Növbəti otaqda Sevil Tunaboylunun yaradıcılığı ilə fərqli zaman səyahətinə çıxırıq. Bu dəfə səyahət fərdin özünə məxsusdur. İstanbullu rəssam ailə tarixindəki Skopye ilə İstanbul arasındakı köç hekayəsinə diqqət yetirərək, köç, ictimai tarix, sosial yaddaş, münaqişə və kollektiv həll kimi mövzuları əsərlərinə daxil edir. Arxivdən götürülmüş fotoşəkil, köhnə dülgərlik aləti, əyilmiş armatur, köhnə maqnitofon burada daha çox nəzərə çarpır. Onun "Mümkünsüz görüş" və "Qalan" adlı rəsm və instalyasiyalarında bu əşyalar sadəcə bir xatirədən daha çox şey ifadə edir.

Qonşu otaqda başqa diyardan gələn əcdad kultu canlanır. İndoneziyanın Minahasa ərazisində anadan olan sənətçi Nataşa Tontey 27 dəqiqəlik "Alovlar Arasında Bağça" filmində müasir dünyanı tənqid edir, eyni zamanda yerli mədəniyyətlərin keçmişdən gələn rituallarına diqqət yetirərək, İndoneziyadakı Minahasa kosmologiyasına diqqəti cəlb edir. Filmin canlı rəng palitrası, karai mərasimi və xoreoqrafik tərtibatı kabasaran döyüş sənətinin təbiətinə uyğun tərtib edilib, eyni zamanda burada kişilərin dominant olduğu dünyaya qarşı üsyan edirmiş kimi çıxış edir. Beləliklə, müasirlik və ənənənin, kişi hökmranlığı və hegemonluğun gərgin xətti boyunca çoxsaylı suallar doğurur.
Cəmiyyətin varlıq arzusu...
Digər otaqda isə ziyarətçiləri ekoloji və siyasi məsələlərdən tutmuş diaspora və mədəniyyət məsələlərinə qədər həyatı geniş çərçivədə araşdıran başqa bir mənzərə qarşılayır. Ontarioda anadan olan sənətçi Jaqdeep Raina insanları tikiş və toxuculuq kimi ənənəvi sənətlərdən istifadə etməklə yenidən qurulan işləri görməyə dəvət edir. Nyu-Yorkda yaşayan rəssam öz ata-baba torpaqlarını Pəncab və Kəşmirə xas tikmə texnikaları ilə təsvir edir, şəxsi arxivindən fotoşəkilləri bu tikmə və tikiş texnikalarından istifadə edərək yenidən strukturlaşdırır. Onun "Punjab Pestisid İntiharları", "Ay Bağında Pəncab Quşları", "Gözəl Canavarlar", "Kimyəvi Pambıq Əllər" və "Ist Point 2" kimi qobelen və muslin üzərində phulkari haşiyəsi ilə işlənmiş əsərlərinin təsviri, cəmiyyətin varlıq arzusuna, onun yaşamaq uğrunda mübarizəsinə işarə edir.
Bütün bu varlıq kainatının qarşılıqlı əlaqəsini araşdıran maraqlı əsər, daha doğrusu, bir abidə qonşu otaqda sərgilənir. Şafak Şule Kemancı "Adsız" adlı bu əsəri kollaj, heykəltaraşlıq, tikmə və rəngkarlıq kimi çoxsaylı sənət və sənətkarlıq növlərinin birləşməsindən yaranıb. Bütün otağı əhatə edən bu nəhəng əsər Elhamranı ziyarət edən bütün sənətsevərlərin diqqət mərkəzindədir. Qısa turdan sonra bu əsər həm sənətin insanları salamlamasını, həm də növbəti dayanacaqla vidalaşmasını simvolizə edir.
Bir sözlə, Elhamranın daşlarına heyran qaldım, memarlığına vuruldum və Diogeni minnətdarlıq ilə andım. Kim bilir, "Heykəllərdən daha hissiz insanlarla qarşılaşacaqsan" deməklə neçənci dəfə haqlı çıxdı. Daşların həssasiyyətinə, zərafətinə, yaddaşına, parçalanmağına, qırılmağına, məğrurluğuna, qüruruna, susqunluğuna insanlardan daha çox inandığım vaxtlar olur. Məsələn, axırınca dəfə bir insana nə vaxt heyranlıqla baxdığım, adının yanına ürəkdən gələn sözlər sıraladığım yadıma gəlmir. Amma görəndə ayaq saxladığım, yaddaşına boylandığım, tanıdıqca heyran olduğum, bəzən günlərlə, bəzən aylarla unutmadığım daşlar, divarlar, heykəllər var.

