Emin Hüseynov: İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması planlaşdırma və inklüziv idarəetmə prinsiplərinə söykənir
Icma.az bildirir, Azertag portalına istinadən.
Xankəndi, 16 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma prosesi sübutlara əsaslanan planlaşdırma və inklüziv idarəetmə prinsiplərinə söykənir. Bu modelin əsas məqsədi regional bərabərliyin təmin olunması, dayanıqlı iqtisadi modelin qurulması və sosial həyatın bərpasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.
Xüsusi nümayəndə diqqətə çatdırıb ki, Ağdam, Füzuli və Xocavənd rayonlarını əhatə edən 2,7 min kvadratkilometrlik ərazidə genişmiqyaslı bərpa prosesi həyata keçirilir. Bu ərazilərdə bərpa prosesi mərhələli şəkildə aparılır və əsas istiqamətlər infrastrukturun bərpası, sosial obyektlərin tikintisi, iqtisadi dirçəlişin təmin olunması, məşğulluğun artırılması və şəhər-kənd əlaqələrinin gücləndirilməsidir.
Emin Hüseynov bildirib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında yollar, elektrik və su təchizatı, rabitə şəbəkələri və digər mühüm infrastrukturlar yenidən qurulur, şəhər və kəndlər arasında iqtisadi əlaqələrin bərpası və dövriyyənin artırılması istiqamətində mühüm addımlar atılır.
Xüsusi nümayəndə qeyd edib ki, sosial-iqtisadi reabilitasiya prosesi yerli əmək resurslarının məşğulluğunu təmin etməklə yanaşı, kiçik və orta sahibkarlığın inkişafına şərait yaradır. Bu çərçivədə peşə bacarıqlarının artırılması, yerli əmək qüvvəsinin işə cəlb olunması və sahibkarların fəaliyyətə başlaması üçün geniş imkanlar yaradılıb. Hazırda müxtəlif yaşayış məntəqələrində 1600-dən çox şəxs bu layihələr çərçivəsində məşğulluq imkanı əldə edib və bu, əhalinin sosial inteqrasiyasına ciddi dəstək verir.
Emin Hüseynov çıxışında həmçinin vurğulayıb ki, azad edilmiş ərazilərdə ekoloji dayanıqlılıq və yaşıl enerji prinsipləri əsas prioritetlərdəndir. Yeni salınan kəndlərdə yaşıllıq zolaqları yaradılır, 3 kVt gücündə günəş panelləri quraşdırılır və enerji səmərəliliyi texnologiyaları tətbiq olunur. Bu addımlar həm ekoloji tarazlığın qorunmasına, həm də ağıllı şəhər-kənd konsepsiyasının reallaşmasına xidmət edir.
Onun sözlərinə görə, qarşıdakı mərhələdə kənd təsərrüfatının və sənayenin canlandırılması, investorların cəlbi, sosial layihələrin genişləndirilməsi, sənaye zonalarının sayının artırılması və şəhər-kənd inteqrasiyasının dərinləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.
“Məqsədimiz təkcə infrastrukturun bərpası deyil, həm də həyatın bütün sahələrində ədalətli və inklüziv inkişafın təmin olunmasıdır. Yerli səviyyədə verilən qərarlar və həyata keçirilən layihələr dövlətin strateji siyasəti ilə tam uyğunlaşdırılır. Bu, Böyük Qayıdışın uğuru üçün əsas zəmin yaradır,” – deyə E.Hüseynov vurğulayıb.


