Icma.az
close
up
RU
Gözəl ziyalı, təəssübkeş vətəndaş, əsl alim professor Ərtegin Salamzadənin 60 illiyinə

Gözəl ziyalı, təəssübkeş vətəndaş, əsl alim professor Ərtegin Salamzadənin 60 illiyinə

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəzər ZEYNALOV
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadənin 60 illiyinə

İllər sürətlə ötüb keçir. Bəzən insana elə gəlir ki, düşündüyü, yaşadığı hadisə dünən olub. Ancaq diqqət yetirdikdə, görürsən ki, üstündən illər ötüb. Lakin yaradıcı insan ömründə illər boş-boşuna ötüb keçmir. Məncə, bu fikir alimlərin nümunəsində özünü daha yaxşı doğruldur. Elmi araşdırmalar, kitablar,  məqalələr, konfranslar, məruzələr... bütün bunlar alim ömrünü bəzəyir, ötüb keçən illərin dəyərli nailiyyətləri kimi yaddaşlarda qərarlaşır. İllər ötdükcə onların sayı çoxalır, müəllifinə baş ucalığı gətirir. "Mənim illərim mənim dövlətimdir" - deyənlər yəqin ki, yanılmırlar. Bütün bu fikirləri əminliklə AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadəyə aid etmək olar. Bu günlərdə onun 60 yaşı tamam olur.

Elmdə bəzən 60 yaşı "ilk yubiley" adlandırırlar. Bəlkə də bunda bir həqiqət var. Ancaq mənim yaxşı xatirimdədir: on il əvvəl, Ərtegin müəllimin 50 yaşı tamam olanda onun haqqında məqalə yazmışdım. İndi isə biz onun 60 yaşını qeyd edirik.

Haşiyə: Qoy bunu da deyim, ürəyimdə qalmasın: o zaman bir onu təbrik edəndə əlbəttə ki, sevinirdik. Lakin hər bir azərbaycanlı kimi, mənim də sevincimə özümdən asılı olmayaraq bir damcı acı qarışırdı - Qarabağ acısı! Bu gün, Ərtegin Salamzadənin 60 illiyi münasibəti ilə yazı yazıram və şükürlər olsun ki, indi daha o acı yoxdur. 

Ərtegin Salamzadə 1982-ci ildə o zamankı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun yeni yaradılmış sənətşünaslıq bölməsinə daxil olub. Onun həyat tarixçəsi elə əvvəldən sövqi-təbii ilə birinciliyə doğru meyllənib, taleyin özü buna şərait yaradıb: birinci qəbul, birinci buraxılış, birinci qırmızı diplom, birinci ciddi elmi-tədqiqatçılıq nümunəsi, birinci dissertasiya müdafiəsi... Bu siyahını uzatmaq olar, ancaq buna lüzum görmürəm. Bundan daha vacib olanı bütün bunların milli elmimizin inkişafına yönəlməsidir, ona xidmət etməsidir.

1987-ci ildə təhsilini başa vuran gənc mütəxəssis Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutuna işə qəbul olundu və aradan keçən az qala qırx il müddətində taleyini bu möhtəşəm elm məbədinə bağladı. Ərtegin Salamzadənin elmin böyük pillələrinə qədəm qoyduğu 80-ci illərin ikinci yarısı o zamankı cəmiyyətdə fırtınadan öncə sakitlik, durğunluq dövrü idi. Lakin bir çox təəssübkeş ziyalılar kimi, o zaman çox gənc olan Ərtegin Salamzadə də ictimai həyatda və elmdə prinsipial dəyişikliklərin qaçılmaz olduğunu başa düşürdü.

Çalışqanlığı, səmimiliyi, məsuliyyəti, başlıcası isə elmi prinsipiallığı və obyektivliyi hər şeydən uca tutması onu çalışdığı Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyi və kollektivinin nəzərində ucaltmış, cavan olmasına baxmayaraq, nüfuz sahibi etmişdi. 90-cı illərdə İnstituta rəhbərlik edən müxbir üzv K.Kərimov, daha sonra akademik R.Əfəndiyev bu gənc alimin hərtərəfli istedadını, o cümlədən idarəçilik və təşkilatçılıq məharətini layiqincə qiymətləndirdilər. 1995-ci ildə o, İnstitutun elmi katibi təyin olundu, üstündən bir il keçəndən sonra, 1996-cı ildə elmi işlər üzrə direktor müavini vəzifəsinə yüksəldi. Həmin illərdə o, əvvəlcə dosent, sonra isə professor elmi dərəcələrini aldı, kadr hazırlığı işində yüksək nəticələr əldə etdi. 14 ilə yaxın bir müddətdə İnstitutun direktor müavini vəzifəsində məsuliyyətlə çalışan Ərtegin Salamzadə 2010-cu ildə AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru təyin edildi. 2014-ci ilin iyununda o, AMEA-nın müxbir üzvü seçildi.

90-cı illərdə Ərtegin Salamzadə Azərbaycan sənətşünaslığının inkişaf modelini qurmağı düşünürdü. Lakin bunun üçün sənətşünaslığın tarixi və metodologiyası araşdırılmalı idi. İzahedici sənətşünaslığın əsas prioritetlərindən olan bu mühüm problemlə o zamanadək Azərbaycan alimlərindən heç kəs ciddi şəkildə məşğul olmamışdı. Halbuki digər sahələrdə, misal üçün, filologiyada ədəbiyyat nəzəriyyəsi ilə yanaşı, ədəbiyyatşünaslıq tarixi də hərtərəfli öyrənilərək nəşr edilmişdi. Ərtegin müəllim tanınmış filoloq-alimlərimizdən F.Qasımzadə, M.Quluzadə, Ə.Mirəhmədov, Y.Qarayev, İ.Həbibbəyli, T.Kərimli və başqalarının ədəbiyyatşünaslıq məsələlərinə həsr edilmiş əsərləri ilə tanış idi. AMEA-nın müxbir üzvü, professor K.Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslığı tarixi mövzusundakı fundamental araşdırması onun şüurunda dərin iz buraxmışdı. Ərtegin Salamzadə özünün doktorluq işini məhz Azərbaycan sənətşünaslığının tarixinə, nəzəri və metodoloji məsələlərinin öyrənilməsinə həsr etdi. Böyük tədqiqatçılıq həvəsi ilə Ərtegin müəllim bu mürəkkəb, çoxcəhətli mövzunun tədqiqinə başladı, görkəmli alimlərin elmi metodlarını müqayisə və təhlil etdi. Nəticədə miqyaslı, sanballı iş ərsəyə gətirdi, milli elm tariximizdə ilk dəfə olaraq sənətşünaslığın tarixi mənzərəsini yaratdı. 2002-ci ildə həmin mövzuda Moskvada, Dövlət Sənətşünaslıq İnstitutunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edən gənc alim bu çətin işin öhdəsindən bacarıqla gəldi. Ərtegin Salamzadənin doktorluq işinin əsas müddəalarını əks etdirən monoqrafiyası bundan bir il öncə, 2001-ci ildə nəşr edilmişdi. "Azərbaycan sənətşünaslığı. XX əsr" adlanan bu monoqrafiyada milli sənətşünaslıq məktəbinin keçdiyi uzun yol işıqlandırılmış, mərhələlərə bölünmüş, həmçinin təsviri, dekorativ-tətbiqi sənətlərin, memarlığın bir sıra nəzəri və metodoloji problemləri əhatəli şəkildə nəzərdən keçirilmişdir.

Ərtegin Salamzadənin tədqiq etdiyi əsas problem sahələrdən biri heraldika sənəti ilə bağlıdır. Türk sənətinin bir hissəsi olan rəmzlər alimin tədqiqatlarında önəmli yer tutur. Qeyd etmək maraqlı olardı ki, bu rəmzlər içərisində şəbəkə sənətinin öz yeri vardır. Ərtegin Salamzadənin tədqiqatlarında şəbəkə sənəti geniş təmsil olunub. O, bir çox şəbəkə ustalarının yaradıcılığını tədqiq etmişdir. Onlardan biri təcrübəli sənətkar Tofiq Rəsulovdur. Şəki şəhərində yaşayıb-yaradan Tofiq Rəsulov çox qiymətli, nəfis, zəngin kompozisiya quruluşuna malik şəbəkə-vitraj sənətinin mahir ustadıdır. Onun yaratdığı şəbəkə nümunələri respublikamızın hüdudlarından kənarda da məşhurdur. Ərtegin müəllim onun yaradıcılığını əks etdirən kitab-albom nəşr etdirmişdir. Sənətkarın yaradıcılıq özəlliklərinə diqqət çəkən müəllif onun məşhur "səkkizlik" kompozisiyasını böyük həvəs və ilhamla yaratdığını xüsusilə vurğulayır. Müəllif qeyd edir ki, Azərbaycan tətbiqi sənətlərində geniş yayılmış bu bədii element Tofiq Rəsulovun yaradıcılığında yeni bədii ifadə çalarları kəsb etmişdir.  

Ərtegin müəllimin hazırladığı müasir elmi inkişafin yol xəritəsində türkoloji sənətşünaslıq öncül mövqe tutur. Bu da təbiidir, çünki burada sənətşünaslığın əsas prioritet vəzifələri - milli özünüidentifikasiya, türk dünyası ilə əməkdaşlıq, informasiya resurslarından daha səmərəli istifadə etməklə milli mədəniyyətimizin tanıdılması və təbliği kimi məsələlər öz əksini tapır. Ərtegin müəllimin təşəbbüsü və yaxından iştirakı ilə İnstitutda "Türk sənəti irsi və mədəni tarixi" şöbəsi yaradıldı. Bununla da Türk sənətinin sistemi araşdırılması üçün etibarlı elmi zəmin formalaşdı. Bu gün Ərtegin Salamzadə İnstituta ümumi rəhbərliklə yanaşı, həm də ərsəyə gətirdiyi yeni şöbəyə başçılıq edir.

Ərtegin Salamzadə 40 illik elmi fəaliyyətində Azərbaycan sənətşünaslığının inkişafı üçün çox iş görmüşdür. O, həm də pedaqoji fəaliyyət göstərir. Ərtegin Salamzadə Memarlıq və İnşaat Universitetində dərs deyir, gənclərə sənətin sirlərini öyrədir. Yorulmaz tədqiqatçı-alimin rəhbərliyi ilə bir çox gənc kadr yetişdirilmiş, dissertasiya müdafiə etmişdir.

Həmişə olduğu kimi, professor Ərtegin Salamzadə bu gün də geniş elmi-yaradıcılıq işi ilə məşğuldur. İnstitutdakı rəhbərlik fəaliyyəti onun vaxtını çox alsa da, öz sevimli peşəsi ilə məşğul olmaq üçün o, həmişə vaxt tapır. 2014-cü ildə Ərtegin Salamzadənin həmmüəllifliyi ilə AMEA Memarlıq və İncəsənət İnstitutunun yeni bukleti nəfis şəkildə çap olundu. İnstitutun 70 illiyi ərəfəsində işıq üzü görən bukletdə bu elmi qurumun keçdiyi şərəfli yol, görkəmli alimlərin həyat və elmi fəaliyyəti, həmçinin bugünkü inkişaf, gənclər potensialı və beynəlxalq əlaqələr əhatəli şəkildə işıqlandırılıb, çoxsaylı tarixi və müasir fotolar yerləşdirilib. 2025-ci ildə, AMEA-nın 80 illiyi dövlət səviyyəsində qeyd olunduğu bu günlərdə alim böyük həvəslə yeni tədqiqatlar üzərində çalışır. Hazırda üzərində işlədiyi və başa çatmağa az qalmış "Şəbəkə sənəti" kitabını Ərtegin müəllim gələn il, birinci Türkoloji qurultayın 100 illiyi münasibəti ilə nəşr etdirmək fikrindədir.       

Yazının əvvəlindəki fikrə bir daha qayıtmaq istərdim. Bəli, illər sürətlə ötüb keçir. Bir neçə il öncə baş vermiş hadisələr adama sanki dünən olubmuş kimi görünür. Erkən gənclik illərindən həyatını AMEA ilə bağlayan, ömrü boyu alimlik ləyaqətini uca tutan, müasir Azərbaycan sənətşünaslığını tükənməz ruh yüksəkliyi ilə inkişaf etdirən Ərtegin Salamzadənin artıq 60 yaşı tamam olur. İnanmaq çətin olsa da, həyat, illər öz hökmünü verir. Bu illər mənalı, milli sənətşünaslıq məktəbini layiqincə təmsil etməklə keçib. Yubilyarın yorulmaz, çoxcəhətli fəaliyyətin əsl qiymətini zaman özü verəcək. Bizsə üzümüzü Ərtegin müəllimə tutub deyirik: 60 yaşınız mübarək! Əminik ki, o, bizləri öz yeni tədqiqatları, sanballı nəşrləri ilə hələ çox sevindirəcək, Azərbaycan elminə dəyərli töhfələrini verəcəkdir.

Sözardı:  Mən isə onu yenə də uzun illərin arxasında qalmış, səliqəli geyimli, nümunəvi davranışlı, təmkinli gənc kimi görürəm. Ünsiyyətə meyilli, lakin olduqca səbatlı, ciddi, yaşına yaraşmayan təmkinlə ətrafdakıların diqqətini cəlb edən bir gənc kimi. İllər ötəcək, taleyin qismətilə biz Ərtegin müəllinin 70, 80, 90 yaşını, inşallah, onun öz iştirakı ilə qeyd edəcəyik. Mənimçün isə o, ləyaqətli insan, istedadlı alim, gözəl dost olmaqla yanaşı, həm də zamanın o tayında əbədi dayanmış, gur sıx saçlarını arxaya daramış 17 yaşlı gənc kimi qalacaq.

Ad gününüz mübarək, əziz Ərtegin müəllim!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri