Icma.az
close
up
RU
İRƏVANI BAKI VƏ ANKARANI BİRLƏŞDİRƏN “SÜLH YOLU”NA ÇEVİRSƏK!... Zahid Orucdan sensasion yazı AzPolitika onlayn siyasi ictimai qəzet

İRƏVANI BAKI VƏ ANKARANI BİRLƏŞDİRƏN “SÜLH YOLU”NA ÇEVİRSƏK!... Zahid Orucdan sensasion yazı AzPolitika onlayn siyasi ictimai qəzet

Yeni milli ideyamız: DÜŞMƏNİN PLANI ÖZÜNƏ QARŞI...

Donald Trampın andiçməsindən sonra formalaşan qlobal gözləntilər içərisində Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin nəhayət, imzalanacağı perspektivi qarşısında belə bir sual yaranır - biz yeni beynəlxalq təhlükəsizlik arxitekturası deyərkən, Qərbmərkəzli dünyadan çoxqütblü sistemə keçidə, yoxsa ABŞ-nin dominantlığı, Avroatlantik birliyin sərhədlərimizdə keşik çəkdiyi bir gələcəyə hazırlaşırıq? “14 trilyon dollarlıq” kapitala malik şirkətlərin təmsilçisi kimi çıxış edən, “biz dünyanın siyasi, iqtisadi və hərbi xəritəsini cızan dövlətik” deyən, Panama və Qrenlandiyanı alacağını qətiləşdirən bir liderin planları bütün dünyaya köklü dəyişikliklər vəd edir.

21-ci əsrin tək qalibi Azərbaycan dövləti müəyyən gərginliklər yaşadığı İran, Rusiya və ABŞ-la müqayisədə Ermənistanla normal qonşu kimi görünür. “Qafqazda fırtına” əsərində deyildiyi kimi, 2020-ci ilin müharibəsi təkcə torpaqlar uğrunda deyil, həm də SSRİ-nin çöküşü ilə regionda formalaşan geosiyasi arxitekturanın dağılmasından ötrü idi. Əlbəttə, faktiki olaraq, Minsk Qrupuna daxil olan dövlətlərdən heç biri digəri üzərində üstünlük qazana bilmədiyi üçün yerləşdiyimiz bölgə 3 nüfuz dairəsinə bölünmüşdü. İndi nəinki ABŞ, Rusiya və Fransanın inhisarı aradan qalxıb, eləcə də Bakıdan örnək alan Tbilisinin son addımları fonunda Cənubi Qafqaz tarixində ilk dəfə, özünəməxsusdur.

Bir daha geosiyasətə və dövlət fenomeninin canlı orqanizm kimi, böyümə, evolyusiya və tənəzzül tsikllərinə malik olduğunu qəbul edərək, ikinci Qarabağ müharibəsinin, daha sonra növbəti uğurlu əməliyyatların - Fərrux yüksəkliyindən kiçik Göyçə həmləsinə qədər hərbi-siyasi hücumların yekununun Xankəndi Zəfərinə gətirdiyini, yeni geosiyasi inqilabla yaranan reallığın tariximizdə heç vaxt indiki tək olmadığını, coğrafi böyümənin ardınca siyasi genişlənmənin baş verməsini mütləq tələb kimi qəbul etməliyik.

Son 200 ildə heç bir milli liderimiz belə parlaq Qələbədən sonra diplomatik masada və dövlətlər birliyində yüksək statusla iştirak hüququ qazanmayıb. Yalnız Cümhuriyyətdən sonra Nərimanov təcrübəmiz, yaxud ikinci dünya müharibəsinin ardınca Cənubi Azərbaycandan, birləşmək idealından, Təbrizdən qoşunları geri çəkmək əmrini alan Bağırov nümunəmiz var.

İlham Əliyev son 5 ildə dəfələrlə bütövlük və müstəqillikdən danışarkən deyib ki, heç bir beynəlxalq formatda xalqımızın azadlığına və suverenliyinə xələl gətirən sənədlərə imza atmayacaq. Üstəlik, son müsahibəsində dövlət başçısı bir qədər də irəli gedərək, ikinci dünya müharibəsindən sonrakı təhlükəsizlik sisteminin böhran keçirdiyini, yenisinin formalaşmaqda olduğunu vurğulayaraq, bir tərəfdən xalqımıza regionda gedən azğın savaşların mahiyyətini açır, digər tərəfdən, passiv deyil, aktiv regional oyunqurucu kimi formalaşmaqda olan yeni dünya bölgüsündə iştirakını nümayiş etdirir. Əlbəttə, söhbət əsla təhlükəli yağmalamaya atılan dövlətlərin sıfır yekunlu oyununa qoşulmaqdan getmir. Erməni ekspertləri adətən, bizi belə ambisiyalarda ittiham edərək, bütün məğlubiyyətlərin qisasını almaq üçün İlham Əliyevin sonuncu “faşist dövlət” ittihamını Ermənistana hücumun baş mesajı kimi qələmə verirlər. Halbuki prezidentin çıxışlarını sistemli izləyən təhlilçilər yaxşı bilir ki, söhbət sabiq erməni rəhbərinin çoxsərlik milli ideallarını hərbi terror təşkilatının məxfi iclasında dilə gətirməsinə reaksiyadan, son 30 ildə xalqımızın yaşadıqlarının indi sübut edilməsindən gedirdi.

Levon ter-Petrosyan prezident olarkən, “Yerkrapa” terror təşkilatına “qardaşlarım” deyə müraciət edir və Ağdamın işğalının dünya ictimai fikrinə təqdimatına ideoloji yön verir. Gerçək faşizm nümunəsidir. Şərqşünas alimin şəcərəsi Suriyadan İrəvana gəlib və özlüyündə mənsub olduğu millətin gerçək taleyinin eynisidir. Silahdaşları tərəfindən hakimiyyətdən devrilən adamın 30 ildə formalaşan sülhpərvər imici və intelegent obrazı, humanizmi bir çıxışla yerlə bir oldu. Müasir Şamın hazırki qovğalarından xəbərsiz, psixologiyasında on illərlə daşıdığı travmanı canlı tutaraq, qəddarlıqla başqa bir millətin yurdundan didərgin düşməsinə, insani fəlakətinə düzən verən şəxsin adı tarixdə 3-cü Reyxin ideoloqları kimi qalacaq.

Təəssüflər ki, Tatul Akopyan adlı juranlistin iki il əvvəl yaydığı kadrlar yalnız indi Albert İsakov adlı blogerin tərcümə və tirajlamasından sonra böyük əks-səda doğurur. Halbuki erməni informasiya məkanını bir neçə dildə izləyən azərbaycanlı mərkəzlər məxfi qrifdən çıxarılan belə avantürist planı və işğal ideologiyasını anındaca ələ keçirib son 3 ildə danışıqlarda dövlətimizə təzyiq göstərənlərin qarşısına qoya bilərdilər.ABŞ Konqresində Xankəndi ermənilərinə görə Azərbaycana sanksiya tətbiq etməyə qalxanlara Qarabağ hərəkatının keçmiş başçısının məkrli açıqlaması necə təsir edərdi? Əlbəttə, Bayden hakimiyyətinin bütün həlqələrində yer alan müharibə partiyasının üzvləri üçün sabiq erməni rəhbərinin nə deməsi əhəmiyyət kəsb etmir. Lakin dövlətimizə etnik təmizləmə və ekzistensialist təhlükə ittihamını verən, onu Avroparlament və Avroşuraya daşıyanlara ən tutarlı cavabı artıq kimsə əlimizdən ala bilməz.

Gəlin, bir daha ter-Petrosyanın 6 əsrlik Osmanlının bətnində, yüksək saray və gizli zirzəmilərdə babalarının nəsildən-nəslə ötürdüyü arzularının nədən ibarət olduğuna bir daha nəzər salaq. Silva Kaputikyan kimi sovetlərin mədəni tribunasını xalqlararası düşmənçilik havası ilə dolduran və gələcək bəlalara Zori Balayandan az töhfə verməyən poetessanı, daha sonra sadədil İqor Muradyanı əvəz edən erməni seyidi, Eçmiədzində ruhani seminariyasında müəllimlik edən ter Petrosyan Qorbaçova öz millətini 100 illik kədərdən, yadlaşmadan, yox olma duyğusundan çıxarmağın yeganə yolu kimi “Miatsum”u təklif etmişdi.

Məhz ona görə də 1993-cü ilin avqustunda-hitlerizmin İrəvanda paradına çevrilən qələbə günlərində o açıq deyir ki, azərbaycanlıların sayca üstünlük təşkil etdiyi Basarkeçər, Uluxanlı və digər ərazilərdən məqsədyönlü şəkildə təmizlənməsi ilə “600 illik erməni arzuları gerçəkləşdi”. Demokratiya şüarları ilə necə də sinxronluq təşkil edir. Razdan meydanını bürüyən və titullu sovet, Avropa paytaxtlarının alqışladğı bir siyasət idi. Əks halda, ölkəsində demoqrafik balansı xeyrinə dəyişmək, milli dövlət qurmaq mümkün olmazmış. Əsil alim hesablamasıdır. Bir haşiyə-fransız koloniyalarının təmsilçilərinin hamısı Parisin səhiyyə sistemini silahlı ordu qədər “cani” adlandırır, deyirər ki, qaradərili müstəmləkə xalqlarını artmağa qoymamaq üçün həkimlər “kütləvi sterilizasiya” əməliyyatı aparırlar. Uzun illərin assimilyasiya siyasəti nəhayət, bəhrəsini verib-doğum əmsalı ölümlə əvəzlənib.

Ölkəmizin informasiya icmalını mütəmadi izləyən Ararat Mirzoyan sabiq erməni rəhbərinin açıqlamasını təkzibedilməz dövləti cinayət, 35 illik erməni faciələrinə dair əsatirlərin puç olduğunu görüb təcili açıqlama ilə çıxış etdi. O dedi ki, 90-cı illər qaçqınlıq dalğasında, “100-dən çox azərbaycanlı evini satıb, 12 mindən çox azərbaycanlı ailəsi sən demə, Ermənistandan köçərkən evlərini dəyişməyə nail olub, 160 mindən çox ailə isə təzminat alıb”. Əvəzində 500 mindən çox erməni guya Bakı və Sumqayıtda, Kirovabadda olmazın məhrumiyyətlərə, divan tutulmalara məruz qalıbmış. Rəqəmlərin saxta olduğunu rəy sorğuları sübut edir. Axı söhbət iki yüz il əvvəldən deyil, 30 illik keçmişdən gedərkən sağ qalan 100 minlərlə insan ən böyük canlı sübutdur.

Əksinə, ter-Petrosyan respublikamızda müxtəlif illərdə yaşayan, 90-cı illərdə sayları 300 minə çatan ermənilərin Ermənistana köçrülməsinin də Qarabağla ikinci və İrəvanda monoetnik dövlət qurmaq planının tərkib hissəsi olduğunu etiraf edir. Məqsəd bir tərəfdən xalqımızı əbədi günahlandırmaq, onu beynəlxalq nüfuzdan salmaq və yardımlardan məhrum etmək idisə, digər yandan respublikamızı tərk edən ermənilərin sürətlə çoxalaraq, 1-1.5 milyona çataraq, nəinki bir ölkə daxilində eləcə də Qafqazlarda əsaslı üstünlük qazanacaqlarına olan inam təşkil edirdi.

“Təmizlənmə”-bütün “erməni ideologiyası” budur, amma bumeranq effektini kimsə unutmasın. İsa Məsihin, “daşları yığmaq vaxtıdır”, peyğəmbərliyi qayıdışı göstərən ilahi əlamətdir. Ölkəmizi son 30 ildə “poqrom”larda qınayanları və xalqımızı təzyiqdə saxlayanları ifşa edən sonluqdur. Qələbəmizin bir nəticəsi də budur.

Hazırda sülh prosesinə qarşı sümürülən, Vaşinqton, Brüssel və Parisdə Qarabağa qaytarmaq üçün axtarılan ermənilərin əzəli hüquqları haqda danışmaq küfr kimi görünür. Çünki “ikinci köçü” təşkil edənlərin də məqsədi eynilə birincilər kimi Ermənistandakı demoqrafik böhranı aradan qaldırmaq, Paşinyanı hakimiyyətdən devirmək üçün “kritik kütlə” qazanmaq, 100 min adamı Azərbaycana reinteqrasiyadan ayırıb, daxili siyasətin yeminə çevirmək idi. Lakin Ağdamın işğalını ayaq üstə alqışlayanlara “ruhlar şəhəri” “vətən olmadı”, “Şuşi” deyib mifologiya qurduqları şəhər “mraçnıy qorod”a döndü. Torpaq müqəddəsdir axı-o qisası da, mükafatı da 4 misli ilə verir.

Azərbaycanın üzərindən bütün ittihamların götürülməsi üçün ter- Petrosyanın çıxışını bütün beynəlxalq məhkəmələrə təqdim etmək gərəkdir. Bəli, bütün formasiyaların öz hökmü var. Məsələn, çar Rusiyası dini baxımdan multikultural deyildi, lakin o dövrdə Bakıda erməni kilsəsi və katolik sinaqoqu fəaliyyət göstərirdi. İndi də ölkəmizdə dini miras qorunub saxlanılır. Dağlıq Qarabağ Vilayət Komitəsinə 14 il rəhbərlik edən Boris Kevorkov tarixi həqiqətləri, öz xalqının genetikasında daşınan etnik-milli düşmənçilik sindromunu yaxşı bildiyindən o vaxtlar bütün ittifaq miqyasında güclü xarizması ilə seçilən Heydər Əliyevə sədaqət göstərirdi, İrəvandan gələn yazıçı, şair və siyasi rəhbərləri qəbul etmirdi, “ana dövlət”lə görüşlərə getmirdi. “Qarabağ Azərbaycanın varlığıdır” deyən tək erməninin, özü də rəhbərin aqibəti çox faciəli oldu. Koçaryanlardan fərqli olaraq, onun itaətlə xidmət etdiyi Bakı türməsindən Əliyev xilas edib Moskvaya yola salmışdı. “Nədən belələri Qarabağ hərəkatı və xalq içərisində nüfuz qazanmadı, niyə onları linç edə bildilər” - sualının cavabı artıq ritorikdir. Çünki Ermənistan Rusiya imperiyasının ixtirası olmuşdusa, onu həmin şərtlər altında ələ keçirən Qərb dünyası daha sinik və acımasız şəkildə “demokrat” libasında cəlladlara vəsiqə verirdi.

Vudro Vilsonun 103 min kvadrat kilometrlik erməni dövlətinə fərman çıxarması Osmanlının mirası üzərində müsəlman və xristian dünyasının ortasında, bolşevikləri qabaqlayıb “Böyük Ermənistan” qurmaq ideyasından xəbər verirdi. Lakin Paris Konfransına gedən və ABŞ prezidentindən dövlət gözləyən rəhbərlərin aqibəti acı oldu. Bolşeviklər daşnakların böyük bir hissəsini məhv etdilər, qalanları hazırkı qərbli mühacir dünyasının birinci dalğasını təşkil etdi. Zamanı bir qədər irəli çəksək, ötən əsrin 90-cı illərində Buş Amerikası da həmin xətti davam etdirərək, Qorbaçovdan Qarabağa müstəqillik, müstəsna səlahiyyətlər və yardım tələb edirdilər.

Görünür, məhz ona görə tarixçilər Xəzər hövəzindəki inqilabları, yəni fərqli imperiyaların maraqlarına xidmət edən 3 Qafqaz ölkəsini “Fars, Türkiyə və Rusiyanın qanqreni” adlandırırdılar. Lakin əsas yoluxdurucu qüvvə erməniləri sayırlar. 100 il əvvəl demokratik Ermənistanın ilk rəhbəri Avanes Kaçaznuni ilə Nikol Paşinyan eyni dalğada hərəkət edir. Regiona 3-cü qüvvəni gətirməyin bədəlini ağır ödəyənlər üçün, Bayden hakimiyyətindən qazanılan strateji müttəfiqlik İrəvanın xilası deyil, təhlükəsidir. ABŞ dövlət katibləri sırasında Entoni Blinken öz rəhbərini Nobel mükafatına sahib etmək üçün Rusiya, Türkiyə və İranın əlindən sülh müqaviləsini almağa ən yaxın şəxs idi. Lakin geosiyasətin birinci düsturu-coğrafiya ilə toqquşmadır!

İlham Əliyev 90-cı illərdən sonra Azərbaycanın məğlubiyyəti üzərində qurulan qüvvələr nisbətini dağıdarkən onun hüquqi rəsmiləşməsini 3-cü dövlətlərə verəcək qədər “humanist deyil”! Son aylar danışıqların yalnız ikitərəfli formatda aparılması rəsmi Bakının iki yüz illlik taleyinin masada özü tərəfindən həll olunduğunun ilk parlaq sübutudur.

Məğlub Ermənistanın regional gesosiyasəti formalaşdırmasına əsla yol vermək olmaz. Doğrudur, hazırda belə cəhdlər intensivləşib. Sanki 93-cü ilin Heydər Əliyev kursunu olduğu kimi İrəvanda həyata keçirməyə cəhdlər var. Hətta son günlər erməni hakimiyyət rəsmilərinin və ekspertlərin dilindən “balanslı siyasət” terminin çıxması, KTMT-yə üzv olan bir ölkənin çox asanlıqla Gümrüyə paralel Göyçə dağlarına NATO qoşunlarını yerləşdirəcəyinə əsla şübhə yoxdur. İki zidd hərbi-siyasi qütbü bir araya gətirməyə cəhdin unikal nümunəsidir.

Qalib ölkə Azərbaycan regionun gələcək axtekturasını qurarkən İlham Əliyev “əsas söz sahibi bizik”, deyir. Ona görə də Ermənistanın 1920-ci ilə qayıtması bizi qayğılandırmır, əksinə, heç vaxt Qafqazı tanımayan ABŞ ordularını bölgəyə gətirmək planları bizə qarşı deyil. İrəvanın, Paris, Dehli, Pekin və Tehranla yüksək tərəfdaşlığa nail olması, Vaşinqtonla hərbi müttəfiqliyi, yaxın gələcəkdə sərhəddi yankilərin sərəncamına verməsi, Moskva ilə soyuq, lakin qarşılıqlı faydalı əməkdaşlığı, Ankara ilə zəif sürətlə start götürən diplomatik turları ölkəmizə təhlükə deyil. Belə əminliyi xarici siyasətin söykəndiyi 3 dayaq yaradır-əgər bir dövlətin iqtisadiyyatı güclü, ordusu qüdrətli və coğrafiyası əlverişli deyilsə, o ölkənin beynəlxalq siyasət subyektinə çevrilməsi digər faktorlara bağlıdır. Ermənistanı ayaqda saxlayan xarici iradə və idarələrdir.

Lakin dövr dəyişib və indi Ağ Evə ənənəvi panamerikanizm sevdalısı, Silikon vadisi beyin mərkəzlərinin, hərbi-siyasi güclərinin iradəsi ziddinə gedən Donald Tramp gəlib. Onun Qəzzada 20 yanvaradək atəşkəsə nail olması qlobal nailiyyətdir.

Azərbaycanın Trampla uğur hekayəsi bir dəfə hərbi meydanda qələbə ilə nəticələnib. İndi həmin formulu davam etdirmək üçün prezident İlham Əliyev yeni administrasiyaya əməkdaşlıq əlini uzadır, 2020-ci ili təkrarlamağa zəmin hazırlayır.

Şübhə yoxdur ki, Ermənistan ABŞ-ın Cənubi Qafqaz siyasətinin mərkəzində olmayacaq. Bundan yararlanaraq, bir stratreji planı həyata keçirə bilərik. Yeni Vaşinqton administasiyanın sülh istəyindən maksimum dividend qazanmaq üçün əla fürsət yaranıb. Ermənistanla hərbi dillə danışmaq, güc yolu ilə sülhə vadar etmək, təzminat davasına çıxmaq xəttini kənara qoymaq olmaz. Çünki əbədi düşmənçilik tərəfdarlarına təzyiq və ödənc tələbi mütləq lazımdır. Qarabag idealını sümürənlərin və onu yeni dizaynda ortaya çıxaranların qarşısını ayrı cür almaq mümkün deyil. Keçmiş Almaniyada da belələri çox idi. Lakin Ermənistanda Qarabağ hərəkatına, onu idarə edənlərə nifrət də var, Erablur məzarlığının səbəbkarları kimi onları linç edənlər də az deyil.

Ona görə Azərbaycan hərbi cinayətlərdə ittiham olunanlar üzərində məhkəməni növbəti müharibənin ideologiyasına çevirməyə imkan verməyəcək. Döyüş meydanında məğlub etdiyinin insan haqlarına əməl edərək, üzərində Ədalət Məhkəməsi qurmasan, suçladığın şəxslər ölkəsində qəhrəmana çevriləcək. Elə milli Nürmberq qurulmalıdır ki, arayiklərə nifrət edənlər işğal siyasətinin və icraçılarının müdafiəçiləri olmasınlar.

Paşinyan Qarabağ elitasının əl-qolunu daxildə bağlayıb, bütün əski simvol və 30 illik mirasın təbliğatını qadağan edib, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, köçkünləri cəmiyyətə inteqrasiya etdirir. Millətçilər kimi, qaçqınalar mövzusu ilə qlobal kampaniya aparmır, humanitar yardımlar və mənəvi simpatiya üçün onları sıfırlamağa da tələsmir. Delimitasiyanı dayandıran din xadimləri və sabiq prezidentlərin kütləvi aksiyalarını durdurandan sonra yenidən qərbdən cənuba doğru sərhədlərin təyininə qalxır və şübhə yoxdur ki, Nüvədini təslim edəcək.

“Dondurulmuş konflikt” sindromu, “dondurulmuş sülh”lə əvəz olunmalıdır. Biz Ermənistanla münasibətlərimizi düzəltdikcə Avropa Birliyi və Fransanın məkrli siyasəti daha çox ifşa olunacaq. İndi hamı regiona “İrəvanı Bakıdan qorumağa” gəlir. Halbuki prezident Əliyev belə təhlükənin olmadığını 7 yanvarda növbəti dəfə bəyan etdi. “Zəngəzur açılacaq” anonsu Ermənistanı İrandan və regiondan təcrid edib ikiyə bölmək planı deyil, tam əksinə İrəvanın gələcəyi, Naxçıvanla Azərbaycanın birləşməsinə imkan verməsindədir.

Yüz illərdir bölünən torpaqları birləşdirmək bütün region xalaqlarının sülh və əmimanalıqda yaşamasının tək şərtidir. Məhz ona görə də ölkə rəhbəri strateji proqram irəli sürdü, sitat: ”Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi və təhlükəsizlik nöqteyi-nəzərdən vahid məkana çevrilməlidir, halbuki, bizim bölgüyə görə bu üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”. Göründüyü kimi, unikal tarix və coğrafiya duyğusudur. Əsrlərlə belə olub. Almaniyanı da Rurdan ayırmışdılar. Lakin iqtisadi, siyasi və mədəni üstünlük tarixi ədaləti bərpa etdi.

Ermənistanla layiq olduğu müharibə dövrünü arxada qoyaraq, sülhlə qazanma mərhələsinə keçməliyik. Prezidentin sərkərdəlik məharəti ilə Qarabağdan 300 km uzaqlıqda yerləşən torpaqların azad edilməsi həmin siyasətin tərkib hissəsi idi. Sülhün tərəfdarları və uğuru az deyil. Hər iki ölkə-Azərbaycan və Ermənistan qarşılıqlı olaraq, xarici siyasətlərindən bir-birini çıxarsalar, vakuuma düşərlər. Azərbaycan, artıq Ermənistan ola bilməz. Monoetnik coğrafiyalar təhlükəlidir. Təbiət kimi, cəmiyyət də harmoniyanı sevir.

Bizə “ermənisiz Azərbaycandan ermənisiz Qafqaz” siyasətinə keçməyi təklif edənlərin planları avantüradır. Regionu Yaxın Şərqin davamına, geosiyasi uzantısına çevirmək planı baş tutmayacaq.

Bəli, son 2 əsrdə ilk dəfədir ki, erməni amili dövlət quruculuğumuzda rol oynamır. İlham Əliyev tarixi kodu dəyişir. Biz Ermənistanın 100 illik təyinatını-Türkiyə və Azərbaycan arasında maneəyə çevrilmək potensialını dəyişməyi bacarsaq, sülh müharibəsini də udacağıq. Dünyada hamı ermənilərdən qazanır-bizdən başqa...

Əksinə düşünənlərin də arqumenti güclüdür-ortada qanlı düşmənçilik tarixi var. Bakıdan Ankaraya sülh keçidindən-“perekrostok mira”dan keçərək getsək, İrəvanın sahibi biz olacağıq!

Paşinyanın Zəngəzura qarşı layihəsi-İranı, Türkiyəni, Qərbi və Rusiyanı toqquşduran planını onun əlindən alıb uzunvədəli sülh strategiyası qurmağın tək yolu Prezidentin bəyan etdiyi kimi, Türkiyə və Azərbaycan arasında Ermənistanı maneəyə çevirməməkdir.

1-ci Pyotrdan sonra ermənilərin torpaqlarımıza köçü və milli dövlət quruculuğunun səbəbi-bufer zona reallığını aradan qaldırmaq tarixin gedişini dəyişdirmək deməkdir. Bir vaxtlar Qarabağın ətrafında yaradılan işğal zolağı necə məhv edilmişdisə, indi Qafqazın Ohanyan xətləri-qadağa və düşmənçilik nişanlarının da məhvi 100 illik düyünün kəsilməsidir!

Bəli, ideologiyalar düşmən hədəfli olmalıdır. Lakin məğlub Ermənistanın obrazı ilə onun obrazını təhlükə kimi təqdim mümkün deyil.

Biz, İrəvanı bağrımıza basmalıyıq!

O azərbaycanlı ruhunu Bakıdan çox özündə daşıyır!

Stalin dümənlərini qolları arasına aldığı kimi, Əliyev və Ərdoğan Paşinyanı qoruya bilər.

Onsuz da gürcülər yalnız öz arzularını sevir. Tək magistral olmaq onların qazancıdır. Lakin İrəvan yolu Tiflis və Zəngəzurun ortasından keçir, hamını birləşdirir!

Ən böyük Zəfər orduların döyüşmədən qazandığı qələbələrdir!

seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri