İspaniya klublarının finallardakı qələbə seriyası qırıldı
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mayın 28-də Konfrans Liqasının (KL) 2024/25 mövsümünə yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, Polşanın Vrotslav şəhərində keçirilən finalda “Betis”i böyük hesabla məğlub edən “Çelsi” unikal göstərici ilə Avropa futbolunun tarixinə düşdü!
final
Betis - Çelsi 1:4 (1:0)
Betis (Sevilya, İspaniya): Adrian, Sabali, Natan, Bartra, R.Rodriges (Perro, 46), İsko, Kardoso (Lo Çelso, 85), Fornals (Altimira, 85), Antoni, Bakambyu (Ruibal, 72), Ezzalzuli (X.Rodriges, 53).
Çelsi (London, İngiltərə): Yorgensen, Kukurelya, Çaloba, Badyaşil (Koluill, 61), Qüsto (Ceyms, 46), Kaysedo, E.Fernandes, Madueke, Palmer (Qiyu, 87), Netu (Sanço, 61), Cekson (Dyusberi-Holl, 80).
Qollar: Ezzalzuli, 9 (1:0). E.Fernandes, 65 (1:1). Cekson, 70 (1:2). Sanço, 83 (1:3). Kaysedo, 90+1 (1:4).
Vərəqələr: Badyaşil, 55. Palmer, 79. Sanço, 84. Antoni, 88. Perro, 90+5 - sarı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
28 may. Vrotslav. 39754 tamaşaçı.
oyunun statistikası
13 (3) qapıya (“çərçivə”yə) zərbə 11 (7)
4 künc zərbəsi 4
0 ofsayd 3
16 qayda pozuntusu 12
2 (0) sarı (qırmızı) vərəqə 3 (0)
36 topa sahibolma (faizlə) 64
oyunun ən yaxşısı (UEFA-nın versiyası): Koul Palmer (Çelsi)
“Çelsi” mövsümün əvvəlindən KL-in əsas favoriti sayılırdı. İngiltərə klubu bunu vahid liqa mərhələsini maksimum nəticə ilə başa vurmaqla sübut etmişdi. Entso Mareskanın komandasının 6 oyunun hamısını qeyri-optimal heyətlə keçirdiyini xüsusi vurğulayaq.
Tarixində ilk dəfə avrokubokların finalında oynayan “Betis” isə vahid liqa mərhələsində keçirdiyi 6 matçda 10 xal (3 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət) toplamaqla 36 iştirakçı arasında 15-ci yeri tutmuşdu. Manuel Pelleqrininin komandası pley-offda “Gent”i (3:0, 0:1), 1/8 finalda “Gimaraynş”ı (2:2, 4:0), 1/4 finalda “Yagelloniya”nı (2:0, 1:1) mübarizədən kənarlaşdırmışdı. Sevilyalılar yarımfinalda KL-in son iki mövsümünün finalçısı “Fiorentina”nı (2:1, 2:2) üstələməklə kuboku qazanmaq şansını bir qədər artırmışdılar. Amma bukmeker kontorları “Çelsi”ni finalın da şəksiz favoriti kimi dəyərləndirmişdilər. Vrotslavdakı həlledici oyunda, belə desək, müəllim ilə şagirdin komandasının qarşılaşacağını da vurğulayaq. 45 yaşlı Mareska vaxtilə 71 yaşlı Pelleqriniyə “Mançester Siti”də iki il köməkçi olmuşdu. Onların duelindən kimin qalib çıxacağı bu amilə görə maraq doğururdu.
Polşada möcüzə baş vermədi. Baxmayaraq ki, ilk hissə autsayder statusunda görünən komandanın qələbəsi ilə nəticələndi. İspaniyalılara hesabı açmaqda rəqib oyunçu “yardım etdi”: 9-cu dəqiqədə fransalı müdafiəçi Qüstonun ötürməsi dəqiq alınmadı, topu ələ keçirən İsko isə oyundaşı Ezzalzuliyə məhsuldar ötürmə etdi. Ümumiyyətlə, “Çelsi” fasiləyə qədər favorit komandaya çox da bənzəmədi. Doğrudu, londonlular topa 65 faiz nəzarət etdilər, amma qapıya yalnız bir dəqiq zərbə endirə bildilər. “Betis”in isə 7 zərbəsindən ikisi qapıya yönəldi.
Mareskanın fasilədə oyunçularına nə dediyini bilməsək də, “zadəganlar” ikinci hissədə oyun planında əhəmiyyətli inkişafa nail oldular. Necə deyərlər, özlərini əsl zadəgan kimi apardılar. Ədalət naminə müdafiəçi Rikardo Rodrigesin ilk hissənin sonunda, hesabı açan Ezzalzulinin 53-cü dəqiqədə zədə səbəbindən mübarizəni dayandırdıqlarını qeyd etməliyik. Taktikanı dəyişən rəqib bu oyunçuların yoxluğundan da maksimum yararlanaraq finalın axarını öz xeyrinə çevirdi. 65-ci dəqiqədə Entso Fernandes Palmerin ötürməsi ilə cavab qolunu vurdu. Sevilyalılar özünə gəlməmiş Cekson Palmerin daha bir ötürməsini qola çevirdi. İngiltərəli yarımmüdafiəçi özünü həm assistent, həm də komandasının hücum xəttinin aparıcı siması kimi göstərdi. Heyətdəki itkilər və avrokuboklarda rəqiblə müqayisədə çox təcrübəsiz olması “Betis”i çətin vəziyyətə salmışdı. Pelleqrininin komandası artıq özünəməxsus oyun üslubundan yararlana bilmirdi.
Matçın belə axarında Sanço 3-cü qolu vurmaqla intriqanı böyük ölçüdə heçə endirdi. Son dəqiqələrdə Kaysedo hesabı darmadağın həddinə çatdırdı – 4:1!
İkinci hissədə topa 36 faiz nəzarət edə bilən “Betis” yalnız bir qol vəziyyəti yaratdı. “Çelsi” isə 4 real şansın hamısını dəyərləndirdi. Sevilyalılar uğursuz nəticəyə baxmayaraq, qapıya zərbələr üzrə londonluları 13:11 hesabıyla üstələdilər. Pelleqrininin fasilədən sonra meydana buraxdığı oyunçular ümidləri doğrultmadılar. Təcrübəli çilili mütəxəssisin sol cinahda etdiyi məcburi dəyişikliklər komandasının çox güclü göründüyü mövqenin zəifləməsinə səbəb oldu. Xesus Rodriges ilə Perronun yarıtmaz oyunu sanki rəqibin çörəyinin üstünə yağ çəkdi. “Çelsi”nin ilk iki qolu mənbəyini məhz onların oynadığı sol cinahdan götürdü.
Bombardirlər: Pyulyulyu (Yagelloniya) - 8, Bakambyu (Betis) - 7, Qiyu (Çelsi), Kuçis (Selye) - 6.
Faktlar
* “Çelsi” KL-də keçirdiyi 13-cü oyunda 12-ci qələbəsini qazandı. İngiltərə klubu yalnız 1/4 finalın cavab oyununda “Legiya”ya məğlub olub (1:2).
* “Çelsi” ilk dəfə KL-in qalibi oldu.
* “Çelsi” Avropa futbolunun tarixinə bütün klub turnirlərində qalib gələn ilk komanda kimi düşdü. London klubu iki dəfə Çempionlar Liqasının (2011/12, 2020/21), iki dəfə Avropa Liqasının (2012/13, 2018/19), iki dəfə Kuboklar Kubokunun (1970/71, 1997/98), iki dəfə Avropa Superkubokunun (1998, 2021) qalibi olub. “Zadəganlar”ın bir dəfə Klublararası Dünya Çempionatında (2021) qalib gəldiklərini də qeyd edək. Avropada yeni yarış olan KL-dən başqa bütün turnirlərdə qalib gələn digər klublar “Yuventus”, “Ayaks” və “Bavariya”dı.
* Tarixdə ilk dəfə İngiltərənin 5 klubu ən yüksək səviyyəli turnirlərdə mövsümü qalib kimi başa vurdu. “Liverpul” premyer-liqada, “Kristal Pelas” İngiltərə kubokunda, “Nyukasl” İngiltərə Liqa Kubokunda, “Tottenhem” isə Avropa Liqasında (AL) qalib gəlib.
* Mareska “Çelsi”ni çalışdırdığı ilk mövsümdəcə titul qazandı. İtaliyalı mütəxəssis 2023/24 mövsümündə “Lester” ilə İngiltərə çempionatının çempionşip adlanan 2-ci divizionunun qalibi olub.
* “Betis” KL-də keçirdiyi 15-ci oyunda 5-ci dəfə uduzdu. İspaniya klubu bu mövsümü 7 qələbə və 3 heç-heçə ilə başa vurdu.
* “Betis” ilk dəfə çıxış etdiyi avrokubokun finalında məğlub oldu.
* İspaniya klubu 2001-ci ildən sonra avrokubokun finalında ilk dəfə digər ölkənin təmsilçisinə uduzdu. Pireneylilər ötən müddətdə ÇL-də 9 (Real – 5, Barselona - 4), AL-də 10 (Sevilya – 6, Atletiko – 2, Vilyarreal, Valensiya - 1) dəfə qalib olublar.
Yeri gəlmişkən...
UEFA-nın reqlamentinə əsasən KL-in qalibi növbəti mövsümdə Avropa Liqasında (AL) çıxış etmək hüququ qazanır. Bir şərtlə ki, qalib komanda ölkə çempionatında Çempionlar Liqasında və AL-də oynamaq hüququna yiyələnməsin. İngiltərə premyer-liqasında mövsümü 4-cü yerdə başa vuran “Çelsi” qitənin ən nüfuzlu klub turnirində oynayacaq. “Betis” isə İspaniya La Liqasında 6-cı yeri tutmaqla AL-ə vəsiqəni təmin edib.
Oyundan sonra
Manuel Peleqrini, “Betis”in baş məşqçisi:
“Rəqib komandanın potensialına bələd idik. Sol cinahdakı fəallığımız sayəsində hesabı açdıq. Lakin zədələrə görə uğurla başladığımız oyunu istədiyimiz kimi başa vura bilmədik. Matçın gedişində zədə səbəbindən iki oyunçumuzu itirdik. Gələn mövsümdə də sahib olduğumuz qüvvə ilə oynayacağıq. Əlbəttə, futbolçularımız indi mənəvi cəhətdən parçalanmış vəziyyətdədilər. Təəssüf ki, ilk hissədə nail olduqlarımızı fasilədən sonra qoruya bilmədik. Abde (hesabı açan Ezzalzulini nəzərdə tutur – red.) rəqibə çətin anlar yaşadırdı, onu ikinci hissənin əvvəlində zədələndiyi üçün əvəzləməli olduq. Nəticəyə baxmayaraq, bu turnirdəki çıxışımızla fəxr etməliyik. Qalan bütün məsələlər futbolun ayrılmaz hissələridi. Biz ilk yarını çox yaxşı keçirdik, ikinci hissədə isə rəqib bizdən yaxşı oynadı. Onlar kifayət qədər qol vurmaqla finalın qalibi oldular. Həlledici oyuna qədər gəlib çıxdığımız mövsümü komandanın inkişafı üçün irəli atılan addım kimi dəyərləndirirəm. Əminəm ki, azarkeşlərimiz də bu fikrimlə razıdılar. Növbəti mövsümdə Avropa Liqasının finalına çıxa bilərik? “Betis” üçün bir turnirin finalına qədər yol qət etmək və digər avrokuboka vəsiqə qazanmaq artıq uğurdu. İndiki məqamda Avropa Liqasının finalı haqda düşünə bilmərik. Mövsümü yaxşı keçirdik, təəssüf ki, son oyunda uğur qazana bilmədik. Sabahdan yeni mövsümə hazırlıq haqda düşünməyə başlayacağıq”.
“Fasilədə taktikamızı bir qədər dəyişdik və ikinci hissə bizim üçün daha yaxşı keçdi. Çox razıyıq. Bu qələbə hesabat nöqtəsi ola bilər. Matçlarda və turnirlərdə qalib gəlməklə çempion mentallığı formalaşdırmaq lazımdı. Bu titul bizi daha güclü edəcək. Qalib gəlmək istəyirdim, amma mən əmin idim ki, qələbə qazanan hər bir kəs istənilən halda məğlub olana görə də sevinir. Xoşbəxtlikdən, qalib gələn mən oldum. Amma yaxşı bilirəm ki, həmkarım Manuel indi mənə görə sevinir. Finalda uduzsaydıq, məyus olacaqdım. Amma Manuelə görə sevinmək üçün özümdə güc tapardım. Bir il əvvəl müştərək işə başladığımız vaxtdan indiyədək əhəmiyyətli dərəcədə inkişafa nail olmuşuq. Bəzi oyunlarda hansısa bəxt sayəsində qalib gəlmişik. Amma belə gənc komanda ilə hərdən qələbə naminə əziyyət çəkməli olursan”.
“Startdakı uğurlu çıxışımızı davam etdirə bilmədik. Bu isə bizi mövsümboyu müşayiət edən tendensiyadı. Paltardəyişmə otağındakı söhbətlərə baxmayaraq, fasilədən sonra böyük qüvvə ilə arxaya çəkilərək hesabı qorumağa çalışdıq. Həddən artıq geri çəkildik”.
“İkinci hissədə oyunun tempini yüksəltdik. İstəyimiz rəqibdən daha yaxşı oynamaq idi. Topla geriyə hərəkət etmək məni təngə gətirmişdi. İlk qol epizodunda meydanda boşluğu və Entsonun irəli qaçışını yaxşı gördüm. İkinci qol da buna çox bənzədi. Bu mövsüm növbəti dəfə əzmkarlıq nümayiş etdirdiyimizi düşünürəm. Geridönüşümüz bunu sübut edir”.
“Bu hisslər möhtəşəmdi! Oyun çətin olacağını bilirdik. Rəqin ilk hissədə işimizi çətinə saldı. Erkən qol komandamızı sıradan çıxardı. Ancaq matçın gedişində özümüzdə güc taparaq vəziyyəti dəyişə bildik”.


