Kinomuzun Uzundraz Oqtay ı: Başqa qüvvələr mane oldu, müavin olmağım alınmadı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Biz məhəlləyə çatar-çatmaz telefona zəng gəlir. Müsahibimdir. Düz vaxtında mənzil başına çatmağımın sevinci ilə zəngi açıram, amma gələn xırıltılı, təngnəfəs səs məni məyus edir.
- Ay oğul, mən sənə söz vermişəm, amma inan ki, təzyiqim qalxıb. Yaxşı geyinib-keçinib aşağı düşəcəkdim, olmadı, qismət... Bəlkə…
Fikrini tamamlamağa imkan vermirəm:
- Yox, yox, biz artıq həyətdəyik.
- Xoş gəlmisiniz, amma mənim aşağı düşməyə heyim yoxdur.
- Eybi yox, onda biz qalxarıq, daha bura kimi gəlmişik, gözləyin.
- Yaxşı, daha söz vermişəm, gəlin, dördüncü mərtəbə…
Bizi qapıda qarşılayan müsahibimin ucaboyluğu dərhal diqqətimi çəkir.
- Maşallah, deyildiyi kimisiniz - boylu-buxunlu…
- Yox, əşi, indi qocalmışam, amma cavanlıqda sən deyən idi, adı da üstündə - uzundraz…
Oxu.Az aktyor, rejissor Novruz Axundovun "Report"a müsahibəsini təqdim edir:
- Haralardasınız, ay Novruz müəllim? Mən sizi axırıncı dəfə televiziyada nə vaxt gördüyümü xatırlamıram.
- Harada olacağam, təqaüddə. Müsahibə vermirəm mən. Xəstə, yaşlı adamam. Səninlə də müsahibəyə necə razılaşdım, heç özüm də bilmirəm (gülür). Nəsə əhvalımın xoş vaxtıma düşdü, bəxtin gətirdi. Həm də insan qocalanda az danışsa, yaxşıdır. Əsas odur ki, mən tamaşaçının yadında qalmışam, bu bəsdir.
- Yəni adamlar sizi görəndə xatırlayır? Elə o "Uzundraz Oqtay" rolunuz bəs edir?
- Düzü, çox da o yan-bu yana çıxan deyiləm. Amma tanıyırlar, bəli.
- Qardaşınız incəsənət sahəsində təhsil almağınızı istəməyib. Bunun səbəbi nə idi?
- Çünki mənim qardaşlarımın üçü də mühəndis olub. Ona görə də istəyirdilər ki, mən də onlar kimi olum. O vaxt Moskvada Plexanov adına İnstitutda oxuyurdum, amma yarımçıq saxladım, ürəyimcə deyildi, qayıtdım ölkəyə. Rəhmətlik Adil İsgəndərovun (Azərbaycanlı aktyor, rejissor, SSRİ Xalq artisti, - müəl.) aktyorluq kursu var idi. Mən də gedib sənədlərimi ora verdim. Amma bir müddət sonra elə oldu ki, Adil İsgəndərovu teatrdan çıxardılar, nəticədə, kurs dağıldı, biz də qaldıq ortada. Biz az keçəndən sonra Kamal Xudaverdiyev, bir də Hamlet Xanızadə ilə rastlaşdım, mənə dedilər ki, Adil müəllim yenidən kurs açır. Əvvəl razı olmadım, amma birtəhər "saqqızımı" oğurlaya bildilər, təzədən gedib kursa qəbul oldum.

- Bu neçənci ildə olub?
- 1963-cü ildə. İncəsənət İnstitutunda (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, - müəl.) tələbə qəbulunda müəllimlərin qarşısında canlı imtahan verirsən: biri səhnə danışığına baxır, biri hərəkətlərə, biri başqa şeyə. Şeir-filan oxudum, hərəkətlər də öz yerində. Adil müəllim dərhal dedi ki, mən razı, sənə bir beş. Digər bir neçə müəllimin də xoşuna gəldim, Adil müəllim dedi ki, sən keçdin. Mən də dedim ki, Adil müəllim, bəs mən alman dilindən qorxuram. Dedi ki, qadam, narahat olma, biz səni bəyənmişiksə, sən artıq qəbul olmusan - yəni alman dilindən güzəşt ediləcək. Dediyi kimi də oldu, güzəşt etdilər. Tək mənə yox, ümumiyyətlə, istedadlı adamlara güzəşt oldu.
Adil müəllimdə belə bir xasiyyət var idi ki, aktyorluqdan əlavə tələbələrin başqa bacarıqlarını da üzə çıxarırdı. Məndə o vaxt müəyyən rəssamlıq bacarığı da vardı.
- Sonra nə əcəb davamlı məşğul olmadınız?
- Nə bilim, o vaxtlar bir az məşğul oldum, sonra qaldı. İndi isə gözüm imkan vermir. Adil müəllim hərəni öz istedadına görə işlədirdi. Məsələn, səhnəyə tamaşa qoyurduq, biri quruluşçu rəssam olurdu, biri rejissor və sair. Yəni Adil İsgəndərov tələbələri ilə hərtərəfli işləməyi sevirdi, bu da onları yetişdirirdi.
- Bəs necə oldu ki, "Əhməd haradadır?" filminə çəkildiniz?
- Elə o ərəfədə Sabit Rəhmanla ("Əhməd haradadır?" filminin ssenaristi, dramaturq, - müəl.) Adil İsgəndərov "Əhməd haradadır?" filmini işləyirdilər. Aktyor seçimi gedir, hazırlıq işləri görülürdü.
- Amma sizi onlar seçməmişdi, məncə. Moskvadan gələn operator seçib.
- Bəli, elədir. Moskvadan Yuri Fogerman adında məşhur kino operatoru dəvət olunmuşdu. "Uzundraz Oqtay" obrazı üçün başqa-başqa namizədlər də var idi. Amma Fogerman məni görəndən sonra qətiyyətlə dedi ki, Oqtay obrazı dəqiq bu adamdır. Elə də razılaşdılar.
Mən institutda oxuya-oxuya bir neçə filmə çəkildim: "Əhməd haradadır?", "Yenilməz batalyon", "İstintaq davam edir", "Mahnı dağlarda qaldı". Ondan sonra da "Mozalan" karyeram oldu.
- Oqtay adı nəsə sizə düşüb. Beş-altı filmə çəkilmisiniz, onun ikisində obrazınızın adı Oqtay olub. Ən yaddaqalanları da odur.
- Yox, hətta üçündə. "Əhməd haradadır?" "İstintaq davam edir", bir də, səhv etmirəmsə, "Mahnı dağlarda qaldı".
Bir qədər ara verir.
Amma, deyəsən, o filmdə obrazın adını sonradan dəyişdilər, unutdum. Sənə dedim axı, yaş öz sözünü deyir, bax buna görə çox danışmağı xoşlamıram (gülür).
- Novruz müəllim, deyilənə görə, "İstintaq davam edir" filminin rejissoru Əlisəttar Atakişiyevlə Adil İsgəndərovun arası yaxşı deyilmiş. Buna görə sizin rolunuzun bir xeyli səhnəsi çıxarılıb. Yəni Adil müəllim sizi çox istəyirdi, onların ikisinin münasibətinin soyuq olması sizin obraza təsir edib.
- Bilirsən, oğul, sənət adamları arasında belə şey həmişə olub. Əvvəl də belə idi, indi də. Yaradıcı adamların mübahisəsindən, fikir ayrılığından təbii nə ola bilər? Görüşürlər, öpüşürlər, hər şey əla, amma bir də görürsən, elə bir situasiya yaranır ki, bir-birinin arxasınca danışırlar. Düzdür, yaxşı hal deyil, adamı incidir, amma belədir.
Mənim səhnələrimin çıxarılmasına gəlincə, mən orada istintaq aparan qrupun üzvüyəm. Bu, normal istintaq prosesində də belədir, ola bilər, bir dəfə əraziyə on nəfərlik qrup getsin, bir dəfə beş, bir dəfə üç. Yəni məni müəyyən qrup səhnələrinə göndərmirdilər, bu da, hesab edirəm ki, filmə, onun süjetinə o qədər də təsir edən şey deyil. Eləcə də mənim karyerama.

- Aydındır. Cavanlığınızda geyim-keçiminizə yaxşı fikir verən olmusunuz. İndi də eləsiniz, görürəm.
- Hə, hə, elədir (gülür). Özümə fikir verən olmuşam. Kinostudiyada da bununla bağlı tez-tez söhbət düşürdü. Demək, günlərin bir günü Adil İsgəndərov gəlib mənə dedi ki, qadam, məni təbrik eləyə bilərsən. Dedim, niyə? Dedi ki, Vəli Axundov (1959-1969-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, - müəl.), təklif edir ki, "Azərbaycanfilm"in direktoru olum. Sən nə düşünürsən?
- Əlisəttar müəllim buna görə qısqanırmış da. Adil İsgəndərov gör sizi necə çox istəyirmiş ki, sizinlə məsləhətləşir.
- Hə, əlbəttə, bizim münasibətimiz çox yaxşı olub. Amma bu sualın qarşısında belə məəttəl qaldım. Dedim, ay Adil müəllim, hər halda, böyük kollektivdir, böyük işdir, adı üstündədir - kinostudiya. Dedi, ora bir şərtlə gedərəm, sən də mənimlə gəlirsən və səni özümə müavin təyin edəcəyəm. Razılaşdıq. Amma nəsə başqa qüvvələr mane oldu, müavin olmağım alınmadı. Mən də soyudum və bir müddət Adil müəllimlə uzaqlaşdıq. Amma işləməliyəm axı. Eşitdim ki, elə orada şöbələrdən birində boş yer var, getdim ora. Orada da bir-iki problem yaratdılar. Bilmirəm, məni gözü götürməyənlər çox idi.
Günlərin bir günü yenə Adil İsgəndərov məni çağırdı. Dedi otur. Oturdum. Siyirmədən bir xeyli məktub qoydu ortaya, dedi ki, bunlar səndən yazılan şikayətlərdir. Mən də qalmışam belə, təəccüb içində. Deyirəm, ay Adil müəllim, nə şikayət, nədir bunlar? Açıb bir-bir oxudu hamısını. "Burada yazılıb ki, sənin düz dörd arvadın var, hərəsini də bir yerdə saxlayırsan", - dedi.
Demək, məsələ nədir, kinostudiyada mənimlə əlaqə saxlanılması üçün dörd nömrə qoymuşdum: biri qardaşımın nömrəsi, biri bacımın, biri əmimin, biri də xalamın. Hər dəfə birinin evində qalıram axı, evim yoxdur, ona görə məni rahat tapsınlar deyə, hamısını yazıb vermişəm. Sonra məktublarda yazılıb ki, geyimimə çox fikir verənəm, işdən daha çox özümə, öz görkəmimə fikir verirəm və sair. Adil müəllim söhbəti başa düşəndən sonra məktubu yazanlardan birini, - şöbə müdiri idi, - çağırdı, elə mənim yanımda onu möhkəm danladı. Dedi ki, aktyor adamdır, xalq arasına çıxır, geyiminə niyə fikir verməsin? Bu nədir yazmısan bura? Sən heç bilirsən bu nömrələr kimindir? Bunlar nə söhbətlərdir? Dedi ki, get ərizəni yaz, işdən özün çıx. O da dedi ki, yox, məni siz özünüz çıxarın işdən. Adil müəllim razı olmadı, dedi xeyr, özün çıxacaqsan, sən demaqoqsan.

- Kim idi o adam? Tanınmış adamdır?
- Yox, belə tanımazsan. Həm rəhmətə gedib, adını hallandırmaq istəmirəm, yenə də Allah rəhmət eləsin. O zaman şöbə müdiri idi, Adil müəllim elə oradaca qapıçıya zəng vurdu ki, sabahdan filankəsi içəri buraxmayın. Vəssalam! Sonra da mənə dedi ki, səni başqa bir yerə keçirək. Burada sənə imkan verməyəcəklər. Elə o vaxt "Dublyaj" studiyasında köməkçi yeri boş idi, ora getdim.
Adil müəllimlə aramız çox yaxşı olub. Bir gün tələbələrin yanında mənə qayıtdı ki, sənin nə qəşəng köynəyin var, haradan almısan bunu? Mən də dedim ki, vağzalın yanında bir yer var, yəhudilər işlədir, oradan almışam. Dedi, birini də mənim üçün alarsan. Çıxarıb mənə iki köynəyin pulunu verdi ki, birini özünə alarsan, birini də mənə.
Bir dəfə də Həsənağa Salayevlə Məlik Dadaşov "Dublyaj"da idilər. Həsənağa müəllim dedi ki, Adil üçün İtaliya ayaqqabısı gətirmişik, aparıb elə sən verərsən. Apardım, geyindi, dedi, bir az ayağımı sıxır, istəmirəm, bunu bağışlayıram sənə.
- Bəs deyirlər Adil müəllim bir az sərt adam olub.
- Yox e, yox. Bilirsən, iş üçün tələbkar olub, bu sərtlik deyil ki? Səməd Vurğuna "Vaqif" dramını Adil İsgəndərov yazdırıb. Səməd Vurğun böyük şair idi, amma bəzən tənbəllik edirdi, Adil İsgəndərov imkan vermirdi ki, o tənbəllik eləsin. Məcbur edirdi ki, yazsın. Boynuna məsuliyyət qoyurdu. "Vaqif" tamaşasına görə sonra Adil İsgəndərov böyük mükafat da almışdı.
Sidqi Ruhulla (Azərbaycanlı aktyor, SSRİ Xalq artisti, - müəl.) Qacar rolunu oynayırdı. Onun üçün də Səməd Vurğun böyük bir monoloq yazmışdı. Sidqi də qoca kişidir, heç cür öyrənə bilmirdi. Deyirdi, ay qağa, vallah, bu çoxdur, yadımda qalmır. Səməd Vurğun Adil İsgəndərovla məşqə baxan yerdəcə çarə tapdı. Həmin monoloqu cəmi iki misra ilə əvəz edib qəzetdən qopardığı kağıza yazdı, verdi Sidqiyə.
Bir boynu olsaydı, bəşəriyyətin,
Onu bir qılıncla vurardım, yəqin!
Vəssalam, bununla da problem həll olundu. O qəzet Səməd Vurğunun ev muzeyində qalır hələ də, yolun düşsə, bax.
Sən deyirsən, Adil İsgəndərov sərt adam olub-filan. Amma nə bilim. Məsələn, mən xatırlayıram, Ələsgər Ələkbərovla da (Azərbaycanlı aktyor, SSRİ Xalq artisti, - müəl.) araları yaxşı olmuşdu, amma zamanla nəsə onların da arasını vurdular. Adil müəllim Moskvaya "Otello" tamaşasını aparmışdı, ona görə ikinci dəfə böyük mükafat almışdı. Elə bu söhbətdən yola çıxıb Ələsgər Ələkbərovla Adil İsgəndərovun arasını vurdular. Belə demişdilər ki, guya Ələsgərə mükafat verirmişlər, Adil mane olub. Bir xeyli mübahisələri oldu, bundan sonra elə Adil İsgəndərovu teatrdan çıxardılar. Yəni belə intriqalar o vaxtdan olurdu. Ələsgər rəhmətə gedəndə Adil İsgəndərov bizim gözümüzün qabağında uşaq kimi ağlayırdı. Danışmırdılar ha, deyirdi ki, bizim aramızı vurdular, amma mən onun içini də bilirəm, fitri istedadını da.

- Novruz müəllim, Tofiq Tağızadə sizi "Arşın mal alan"ın ikinci variantına çəkmək istəyib. Amma imtina eləmisiniz. Maraqlıdır, niyə?
- Bilirsən, rejissor bəzən baş obrazı daha böyük göstərmək üçün digər obrazlardan istifadə edir, onlar vasitəsilə baş obrazın ətrafında zəif fon yaradır. Mənə də təklif olunan bu idi, ona görə Süleyman obrazını istəmədim, imtina elədim.
- Aydındır. Sizin səhnə danışığınız, ümumiyyətlə, aktyor nitqiniz də çox yaxşı olub.
- Hə, yaxşı olub. Bizim səhnə danışığı müəllimimiz Müxlis Cənizadə olub. Çox yaxşı adam idi, çox yaxşı da müəllim. Onun bir xüsusiyyəti var idi, bir də görürdün, zəng edirdi ki, xəstəyəm, dərsə gələ bilmirəm. Qızlar getsin evə, oğlanlar bizə gəlsinlər. Gedib görürdük ki, xəstə deyilmiş. Bizim üçün süfrə açıb, deyirdi ki, yaxşı xaş bişirmişəm, tələbə adamlarsınız, gəlin yeyin.
- Bəs "Mozalan"a necə oldu ki, getdiniz? Orada həm rejissor fəaliyyətiniz olub, həm də bir sıra rollara çəkilmisiniz.
- Rejissor Ziyafət Abbasov o vaxt "Mozalan"ın sədri idi, o da bəyənmişdi məni. Elə onun tapşırığı ilə rusca dublyajların hamısı mənə həvalə edilmişdi. Hətta sonra başqa dillərə də dublyajlar oldu, onların da rejissorluğunu mən elədim. Düzdür, o dilləri bilmirdim, amma işi bilirdim deyə, elə mən işlədim.
"Mozalan"ın özündə də bir çox filmə çəkilmişəm. Bilirsən, bəlkə də, daha çox vaxt ayırsaydım, daha çox filmə çəkilərdim. Bir az özümdə də məsuliyyətsizlik olub, bu mənada.
- Ümumilikdə, neçə filmə çəkilmisiniz?
- Çox deyil. Haradasa, yeddi-səkkiz film.

- Bəs, sizcə, rejissorlar niyə sizi kəşf etmirdi, ya etmək istəmirdi?
- Dediyim kimi, günah mənim özümdədir. Məsələ ondadır ki, mənim evlənmə yaşım keçirdi, evim də yox idi. Ona görə bütün fikrim-zikrim evlənməkdə idi. Karyeram bu səbəbdən ikinci plana düşmüşdü. Mən Nofeliya xanımla düz dörd il nişanlı qalmışam...
Novruz müəllimin elə bu adı çəkməsi ilə Nofeliya xanım koridorda görünür. Dəvətimizi qəbul edib söhbətimizə qoşulur...
- Vallah, mənə müsahibə haqqında heç nə deməyib. Bir də gördüm gəlmisiniz, yoxsa hazırlıq görərdik... - Nofeliya xanım çay tədarükü görmək istəsə də, istəmirik. Novruz müəllim bir az ara verəndən sonra davam edir.
- Adil İsgəndərov mənə köməklik göstərdi, ev növbəsinə durdum və ev aldım.
- Bu evi?
- Yox. Bu evi də sonra kinostudiya bağışlayıb mənə.
- Bəs o biri ev haradadır, kim yaşayır?
- Heydər Əliyev Sarayının arxasında idi. O yerlər plana düşdü, söküldü.
- Nofeliya xanımla aranızda bir xeyli yaş fərqi olmalıdır.
- Yox, o qədər də çox deyil. Sən 1946-cı ilsən hə? - Nofeliya xanımdan soruşur.
- 1946-cı il mənəm, 1938 sən.
Nə qədər israr etsək də, Nofeliya xanım onun fotosunu çəkməyimizə izin vermir. Amma həmsöhbət olmağımız alınır.
- Novruz heç müsahibə verən deyil. İlk dəfədir, mən belə şey görürəm.
- Hə, müəllimin kefinin yaxşı vaxtına düşdük. Neçə ildir evlisiniz?
Nofeliya xanım cavablayır.
- 1970-ci ildə evlənmişik. Yəni 55 ildir, amma ondan öncə də dörd il nişanlı qalmışıq.
- Neçə övladınız var?
- Üç övladımız, altı nəvəmiz var.
- İncəsənətlə məşğul olanı var?
- Qızım piano müəllimidir. Oğlanlarım başqa sahələrdə çalışırlar.
- Onda bu evdə elə ikiniz yaşayırsınız?
- Hə. Sağ olsunlar, gəlib bazarlığımızı edib gedirlər. Şükür Allaha, heç bir ehtiyacımız yoxdur.
- Necə tanış olmusunuz?
Bu suala hər ikisi eyni anda cavab verir.
- Tamaşada!
- Bacısı ilə mənim tamaşama gəlmişdi, - Novruz müəllim deyir.
Nofeliya xanm gülə-gülə əlavə edir.
- Əl çəkmədi məndən. Dedi ya mənim olacaqsan, ya da heç kimin.
- Onda sizin teatr karyeranız da olub.
- Hə, Bələdiyyə teatrında rejissor kimi çalışmışam. Bir neçə rol da ifa eləmişəm. Əsas "Tomris" tamaşası yadımdadır, onun həm də ikinci rejissoru olmuşam.
- Novruz müəllim, bəs bu yaşda darıxanda kimlərlə zəngləşirsiniz? Kino dostlarınızdan kimlərlə əlaqəniz var?
- Düzü, heç kəslə. Ora-bura da çıxmıram. Darıxanda övladlarımla, nəvələrimlə danışıram, ya bura gəlirlər. Bu mənə bəs edir.
- Müəyyən yaradıcı, incəsənət keçmişiniz var. Darıxmırsınız o günlər üçün? O adamlarla oturub dərdləşmək keçmir ürəyinizdən?
- Yox, əvvəlki qədər əlaqəmiz yoxdur. Ailəmlə də o günlər üçün darıxmağa vaxt olmur (gülür). Belə başqa maraq dairəmdə olan şeylər var, xalqların mədəniyyətini araşdırıram.
Nofeliya xanım dərhal əlavə edir:
- Çox oxuyan olub, dünyagörüşlüdür. Bütün günü oxuyurdu. Evdə nə boyda kitabxanası vardı.
Nofeliya xanım fotoqrafımıza övladlarından, nəvələrindən danışır, Novruz müəllim isə mənə Çin səddinin tikilməsi tarixindən...

- Çin səddini çinlilər tikməyib. Çünki onun qapısı digər tərəfdədir. Səddi tikən qapını niyə çöldən qoysun?
Nofeliya xanım yenə müdaxilə edir: ay Novruz, vallah, bu söhbətlər o uşağa maraqlı deyil.
- Novruz müəllim, heç fəxri ad almaq istəmisiniz?
- Əslində, SSRİ dağılan ərəfədə mənə ad veriləcəkdi, siyahıda var idim, nəsə sonra olmadı, yaddan çıxdı. Amma mən heç vaxt fəxri ad marağında olmamışam. Bayaq da dedim, küçəyə çıxanda beş nəfər məni tanıdısa, bu bəs edir. Mənə bax! Gör necə qocalmışam. Amma bu simanı tamaşaçı tanıyır, bu hər şeydən qiymətlidir.
- Bəs Nofeliya xanım hansı sahədə çalışıb?
- Dövlət qulluqçusudur o. İqtisadçı olub. İndi məndən beş dəfə çox təqaüd alır...
Nofeliya xanım yenə çay gətirmək üçün qalxmaq istəyir ki, biz artıq müsahibəni yekunlaşdırırıq. Amma sözümüz sözdür, növbəti səfərimizdə mütləq!

