Icma.az
close
up
RU
Klassik poeziyamızı zənginləşdirən məsnəvi

Klassik poeziyamızı zənginləşdirən məsnəvi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İzzəddin Həsənoğlunun irihəcmli əsərinin  tapılması və nəşri önəmli ədəbi hadisədir

Bu yaxınlarda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında XIII əsr Azərbaycan şairi İzzəddin Həsənoğlunun son illərdə aşkar edilmiş “Kitabi-sirətün-Nəbi” məsnəvisinin kitab halında nəşrinin təntənəli təqdimatı önəmli ədəbi-mədəni hadisə oldu.

Bədii istedadının miqyasına görə İzzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi ilə İmadəddin Nəsimi arasındakı dövrün görkəmli sənətkarıdır. Bütün bunlar Seyfəddin Altaylının oxuculara təqdim etdiyi “Kitabi-sirətün-Nəbi” məsnəvisindən alınan ilkin təəssüratlardır. Seyfəddin Altaylı “Kitabi-sirətün-Nəbi” məsnəvisini ilk dəfə olaraq çap etdirməklə bu əhəmiyyətli ədəbi abidənin daha əhatəli və sistemli tədqiqinə imkan yaradır. 

Finlandiyada tapılan və Azərbaycan dilində yazılmış olan “Kitabi-sirətün-Nəbi” məsnəvisinin ilk dəfə Türkiyədə kitab halında nəşr edilməsi İzzəddin Həsənoğlunun tale işi olmaqla bərabər, həm də Seyfəddin Altaylının samballı xidmətidir. 

Adı və çoxillik səmərəli fəaliyyəti ölkəmizin elmi-ədəbi ictimaiyyətinə yaxşı tanış olan Seyfəddin Altaylı qardaş Türkiyə Cümhuriyyətində yaşayıb-yaradan Azərbaycanlı ziyalıdır. Onun mənsub olduğu nəsil Qərbi Azərbaycana aid olub, XIX əsrin əvvəllərinin keşməkeşli ictimai-siyasi hadisələri ilə əlaqədar olaraq Araz çayını keçərək Türkiyənin İğdır bölgəsində məskunlaşmışdır. 

Seyfəddin Altaylı Türkiyənin İğdır vilayətinin sərhədyanı Dizә (Koçkıran) kəndində dünyaya gəlmiş və İğdırda orta təhsil alıb formalaşmışdır. O, İstanbul Universitetində “Əski Ön Asiya dillәri vә mәdәniyyәtlәri” şöbәsi, “Əski çağ tarixi”, “Orta əsr tarixi”, “Ümumi Türk tarixi” bölmәlәrindәn sertifikat ixtisası üzrə ali məktəbi bitirərək, müəllimlik ixtisası qazanmış və uzun müddət Aralıq qәsәbәsindә, doğma Dizә kəndində vә İstanbulda müəllimlik etmişdir. 

Bu vətənpərvər insan həyatının sonrakı Ankara mərhələsində TRT – Türkiyәnin Sәsi Radiosunda Azәrbaycan Verilişlәri Redaksiyasının 30 il rәhbәri işlәsә dә 
25-dәn artıq quzeyli-güneyli Azәrbaycanlı şair vә yazıçının әsәrlәrini hazırlayıb çap etdirmәk, 3 cilddən ibarət olan “Azərbaycan türkcəsi sözlüyü”nü, “Azәrbaycan türkcәsi deyimlәr sözlüyü”nü hazırlayıb nəşr etmək və yaymaqla azərbaycançılıq ideyalarının Türkiyədəki əsas icraçılarından və təbliğatçılarından biri olduğunu isbat etmişdir. 

XX əsrin 80-ci illərindən etibarən Azərbaycanın görkəmli vətəndaş alimi Abbas Zamanovla olan etibarlı dostluğu onun türkçülük baxımından daha geniş dairədə fəaliyyət göstərməsinə meydan açmışdır. Belə ki, Seyfəddin Altaylı Türkiyədəki Azərbaycançı qüvvələrlə – İbrahim Bozyel, Yavuz Akpınar, İrfan Murad Yıldırım, Zeynalabdın Makas və başqaları ilə birlikdə – sovet dövlətinin bütün qadağalarına baxmayaraq, Türkiyə ziyalıları arasında geniş əlaqələr qurmağı bacarmış, Abbas Zamanovun həmin ölkədəki dostları arasında olan klassik Türk ziyalıları körpüsünü yaratmaq funksiyasını yerinә yetirmişdir. 

 Seyfəddin Altaylının XX əsrin doxsanıncı illərinin əvvəllərində TRT – Türkiyәnin Sәsi Radiosu vasitəsilə Azərbaycanın haqq səsinin ilk növbədə Türkiyəyə və eyni zamanda, Avropa ölkələrinə çatdırılması sahəsindəki mühüm xidmətləri yüksək qiymətə və dərin minnətdarlığa layiqdir. Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin Türkiyә Türkcəsinə uyğunlaşdırılaraq Türkiyədə nəşr edilib yayılmasında da Seyfəddin Altaylı diqqətəlayiq xidmətlər göstərmişdir.

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Seyfəddin Altaylı ata vətəni ilə əlaqələri daha da genişləndirmişdir. Hazırda o, artıq 10 ilə yaxındır ki, Bakıda Avrasiya Universitetində müəllim vә Türkoloji Mәrkәzdә baş elmi işçi kimi fəaliyyətini uğurla davam etdirməkdədir.

Seyfəddin Altaylı tədqiqatçılıq sahəsində də səmərəli fəaliyyət göstərir. Onun folklorşünaslığın aktual məsələlərinə həsr olunmuş "Azərbaycan xalq deyimlərində mifoloji və tarixi elementlərin əksi" adlı fəlsəfə doktorluğu dissertasiyası müasir dövrdə Türkologiyanın, Azərbaycanşünaslığın əhəmiyyətli elmi hadisələrindən biri kimi qiymətləndirilir. Çoxillik böyük zəhmətinin və səmərəli axtarışlarının nəticəsi kimi meydana çıxmış 3 cildlik “Azərbaycan türkcəsi sözlüyü”, əslində, bir elmi-tədqiqat institutunun görə biləcəyi mükəmməl bir tədqiqat işidir. 

Son illərdə Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixi istiqamətində yazıb çap etdirdiyi məqalələr Seyfəddin Altaylının araşdırmalarının ədəbiyyatımızın dərin qatlarına doğru irəliləməkdə olduğunu nəzərə çatdırır. Xüsusən, həyatı və yaradıcılığı nisbətən az tədqiq olunmuş İzzəddin Həsənoğlunun ədəbi taleyinə və irsinə həsr olunmuş araşdırmaları ilə anadilli ədəbiyyatımızın bu görkəmli nümayəndəsinin tərcümeyi-halı və yaradıcılığının tədqiqi sahəsində mövcud olan boşluğu doldurmağa doğru ciddi addımlar atır. 

Yorulmaz və yurdsevər alimin araşdırmaları hələ də həyatı və yaradıcılığı kifayət qədər öyrənilməmiş qalan bu böyük sənətkarın ədəbi obrazının canlandırılması baxımından mühüm əhəmiyyətə malikdir. Seyfəddin Altaylının tədqiqatları ilə Azərbaycan həsənoğluşünaslığı daha da genişlənir və zənginləşdirilir. 

Seyfəddin Altaylının apardığı araşdırmaları nəticəsində elmi ictimaiyyətə ilk dəfə təqdim olunan “Kitabi-sirətün Nəbi” məsnəvisi ilə XIII əsr Azərbaycan poeziyasının qüdrətli yaradıcısı İzzəddin Həsənoğlunun ədəbi irsi haqqındakı məlumatların və təsəvvürlərin dairəsi daha da genişləndirilmişdir. İndiyədək Azərbaycan dilində cəmi 3 qəzəli və farsca 2 şeiri elm aləminə bəlli olan İzzəddin Həsənoğlunun “Kitabi-sirətün Nəbi” poemasının üzə çıxarılması şairin həyatı və yaradıcılığı haqqında daha ətraflı şəkildə söz açmağa imkan yaradır. 

Böyükhəcmli, əlyazması 367 vərəq təşkil edən bu məsnəvi Məhəmməd peyğəmbərin meraca getməsinə, mübarizəsinə və müsəlmanlığın inkişafındakı roluna, hәzrәt Əli cәnglәrinә həsr edilmişdir. “Kitabi-sirətün-Nəbi” poemasının adındakı “Nəbi” sözü də peyğəmbər mənasını daşıyır, Peyğəmbər haqqında yazılmış kitab anlamını bildirir. 

Yeri gəlmişkən, deyək ki, Azərbaycan klassik ədəbiyyatında, xüsusən poema janrında yazılan əsərlərdə Allahın və peyğəmbərlərin vəsf edilməsi ənənəsi mövcud olsa da, İzzəddin Həsənoğlunun “Kitabi-sirətün-Nəbi” məsnəvisi Məhəmməd peyğəmbərə həsr edilmiş ilk genişhəcmli müstəqil poema kimi mühüm əhəmiyyətə malikdir. “Kitabi-sirətün-Nəbi” məsnəvisi janr baxımından da yeni və orijinaldır. Bu, yalnız Azərbaycan ədəbiyyatında deyil, Türk dünyasında siyər janrında yazılmış ilk əsərdir. Orta əsrlərdə Şərqdə “siyər” janrında qələmə alınan əsərlərdə peyğəmbərin surətinin vəsf edilməsi həyata keçirilmişdir. Bu baxımdan “siyər” janrı ilk baxışda müsəlman dünyası ədəbiyyatında böyük ənənəsi olan “mövludnamə” mənasını ifadə edir. 

Lakin klassik Şərq ədəbiyyatında olan “mövludnamə”lərdə, janrın adından da göründüyü kimi, İslam peyğəmbərinin doğulması və ya dünyaya gəlməsindən bəhs edilir. İzzəddin Həsənoğlunun “Kitabi-sirətün-Nəbi” məsnəvisində isə sadəcə Məhəmməd peyğəmbərin dünyaya gəlməsindən deyil, bu dahi, ulu şəxsiyyətin həyatı və mübarizəsindən, hәzrәt Əli cәnglәrindәn də geniş planda söz açılır. Bu cəhətdən yanaşdıqda “Siyər” janrı genişləndirilmiş “mövludnamə” mənasında başa düşülə bilər. 

Nəticə olaraq, “Kitabi-sirətün-Nəbi” məsnəvisi peyğəmbərə həsr olunmuş bədii əsər mənasını daşıyır. Bu, qeyd edildiyi kimi, Azərbaycan ədəbiyyatında siyər” janrında yazılmış ilk böyük bədii əsərdir. “Kitabi-sirətün-Nəbi” məsnəvisi Peyğəmbər (Məhəmməd peyğəmbər nəzərdə tutulur) haqqında kitab mənasını verir. Əsərin adındakı “kitab” sözü də maraq doğrurur. Buradakı “kitab” sözünün iki mənasından biri məsnəvinin yazılı ədəbiyyat nümunəsi olduğunu diqqətə çatdırmaqdan, ikincisi isə əsərdə dastan elementlərinin olmasından ibarətdir.

Qeyd edək ki, yuxarıdakı mənalardan hər ikisini də “Kitabi-sirətün-Nəbi” məsnəvisində müşahidə etmək mümkündür. İzzəddin Həsənoğlunun məsnəvisində “Kitabi-Dədə Qorqud” eposunun dastan poetikası elementləri də vardır. 

“Kitabi-sirətün-Nəbi” məsnəvisinin ən qiymətli cəhəti əsərin Azərbaycan dilində yazılmasıdır. Əsərin dili onun müəllifinin bizə qədər gəlib çatmış qəzəllərinin dil və üslub xüsusiyyətlərinə uyğun gəlir. Bundan başqa, İzzəddin Həsənoğlunun “Kitabi-sirətün-Nəbi” məsnəvisi dili və təhkiyəsi baxımından “Kitabi-Dədə Qorqud” eposunun mətni ilə səsləşir. Azərbaycan ədəbiyyatının inkişafı tarixi baxımından isə “Kitabi-sirətün-Nəbi” məsnəvisi klassik poeziyadakı peyğəmbərlərin vəsf edilməsi ənənəsinin yekunu, İmadəddin Nəsimi şeirinin başlanğıcıdır. 

İsa HƏBİBBƏYLİ, 
AMEA-nın prezidenti, akademik

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see138

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see116

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Çaki öldü

29 May 2025 00:07see115

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see114

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri