Maliyyə sabitliyi ümumi yüksəlişə geniş meydan açıb
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın maliyyə sabitliyi ölkədə makroiqtisadi dayanıqlılığın, valyuta bazarının və bank sektorunun təhlükəsizliyinin qorunmasını təmin edir. Bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində qlobal geosiyasi risklərin yüksəlməsi fonunda ölkədə iqtisadi artım getdikcə artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 8 ayında respublikada 87 milyard 710 milyon manatlıq ümumi daxili məhsul istehsal olunması, qeyri-neft-qaz sənayesində isə məhsul istehsalının 14 milyard 605,9 milyon manata (keçən ilin uyğun dövrünə nisbətən 5,4 faiz çox) yüksəlməsi bunu bir daha təsdiq edir.
Valyuta ehtiyatları – 91 milyard dollar
Hesabat dövründə yuxarıda vurğulanan göstəricilərlə yanaşı, digər sahələrdə də yüksək nəticələr qeydə alınıb. Məsələn, ölkənin strateji valyuta ehtiyatları hazırda 90 milyard 770 milyon ABŞ dollarına yüksəlib. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dinamik artması da əsas amillərdən biri olub. Belə ki, AMB-nin xarici valyuta ehtiyatları avqust ayında 1 milyard 533 milyon dollar və ya 11,1 faiz çoxalaraq 15 milyard 301 milyon dollar səviyyəsində qeydə alınıb. Bu, Mərkəzi Bankın valyuta ehtiyatlarında indiyədək ən yüksək aylıq artım olub.
Adıçəkilən bankın məlumatına görə, valyuta bazarında təklifin tələbi üstələməsi fonunda avqust ayında 1,5 milyard dollar məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Bununla Mərkəzi Bankın xarici valyuta ehtiyatları ilin əvvəlindən 3 milyard 833 milyon dollar və ya 33,4 faiz çoxalıb. AMB və Dövlət Neft Fondunun valyuta ehtiyatları hesabına makroiqtisadi sabitliyin möhkəmlənməsi, sahibkarlığın inkişaf etməsı və özəl investisiyaların genişlənməsi üçün əlverişli zəmin yaradılıb.
Rəsmi statistikaya əsasən, cari ilin əvvəlinə illik inflyasiya elan edilən hədəf çərçivəsində (4±2 faiz) olub. Ötən ilin sonunda cəmi məhsul və xidmətlər üzrə istehlakçı qiymətləri indeksi illik 5,2 faiz çoxalıb. 2025-ci ildə ərzaq məhsulları üzrə müşahidə olunan illik inflyasiya 6,4 faiz, qeyri-ərzaq məhsulları 2,5 faiz, xidmət inflyasiyası isə illik 5,7 faiz qeydə alınıb.
Qiymətləri dövlət tərəfindən tənzimlənən, eləcə də mövsümi xarakter daşıyan məhsul və xidmətlərin qiymət dəyişmələri nəzərə alınmadan hesablanan baza inflyasiyası 2025-ci ilin dekabr ayında illik 4,8 faiz təşkil edib. İnflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici amillərlə bağlı nəzərə çarpıb. Xarici mәnşәli xәrc amillәrinin inflyasiyanın dinamikasına tәsiri isə daha yüksək olub.
Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, cari ilin ilk yarısında inflyasiya göstəriciləri nəzərdə tutulan hədəf daxilində qeydə alınıb. 2026-cı ilin iyun ayında 5,8 faiz illik inflyasiya, yanvar-iyun aylarında isə 5,7 faiz orta illik inflyasiya müşahidə olunub. Bu göstəricilər proqnozlaşdırılan inflyasiyanın və daxili maliyyə bazarında gedən proseslərin dinamikasının diqqətlə izlənilməsi, makroiqtisadi vəziyyətin yaxşılaşdırılması, valyuta sabitliyinin qorunması kimi amillər, eləcə də istehlak bazarına nəzarətin gücləndirilməsi və qiymətlərin süni artırılmasının qarşısının alınması nəticəsində əldə edilib.
Son illər maliyyə-bank sisteminə etimadın qorunması, risklərin minimum səviyyədə saxlanılması, bu sektorda idarəetmə potensialının və xarici təhlükələrə qarşı dayanıqlılığın artırılması diqqətdə mərkəzində saxlanılıb. Bundan başqa, bu dövrdə üzləşilmə ehtimalı olan narahatlıqlara qarşı əsaslı nəzarət mexanizmlərinin tətbiqi istiqamətində müvafiq layihələr həyata keçirilib, eyni zamanda, sistemdə səmərəli tənzimləmə-nəzarət çərçivəsi modernləşdirilib, maliyyə vasitəçiliyi funksiyası gücləndirilib və kreditləşmə fəaliyyəti ilə balansın genişlənməsi davam etdirilib.
Ötən il qlobal geosiyasi risklərin yüksəlməsi fonunda ölkədə iqtisadi artım davam edib, ÜDM real ifadədə 1,4 faiz artıb və onun nominal həcmi 129 milyard manata çatıb. Qeyri-neft-qaz sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi diqqət çəkib. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda ÜDM 1,6 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 2,7 faiz artıb. Hesabat ilində ÜDM-in 71,5 faizi bu sektorun hesabına formalaşıb. Əhalinin hər nəfərinə düşən ÜDM 12,6 min manata çatıb.
Maliyyə sabitliyini şərtləndirən amillər sırasında əhalinin ümumi gəlirlərinin və əməkhaqlarında artımın davam etməsi xüsusi yer tutub. Bu ilin əvvəlinə olan məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 384 min nəfər olub ki, onun da 5 milyon 105 min nəfərini məşğul əhali təşkil edib. Muzdla çalışan işçilərin sayı isə 1 milyon 797 min nəfərə çatıb. Onların da 48, 3 faizi (869 min nəfər) dövlət sektorunda, 51,7 faizi (9 milyon 28 min nəfər) isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin orta aylıq ümumi əməkhaqqı 2024-cü ilin sonu ilə müqayisədə 9,3 faiz artaraq 1103 manat təşkil edib. 2024-cü illə müqayisədə əhalinin nominal gəlirləri isə 8 faiz çoxalaraq 89,9 milyard manata çatıb.
Əldə edilən bütün bu göstəricilər deməyə əsas verir ki, bundan sonra da işğaldan azad olunan ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcək. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaq. Eyni zamanda, maliyyə sektorunun sabitliyinin qorunması və onun daha da inkişaf etdirilməsi pul siyasətinin səmərəliliyinə müsbət təsir edən amillərdən biri kimi diqqətdə saxlanılacaq. Xüsusən də qanunvericilikdə edilən son dəyişikliklərin nağdsız ödənişlərə verəcəyi töhfə pul siyasətinin təsir dairəsini genişləndirəcək.
“Moody's”un qiymətləndirməsi
Beynəlxalq təşkilatlar da Azərbaycanın maliyyə sabitliyini yüksək qiymətləndirir. Bu isə Azərbaycanın xarici iqtisadi və geosiyasi risklərə qarşı mübarizə aparmaq üçün əhəmiyyətli dayanıqlılıq ehtiyatına malik olması ilə əlaqələndirilir. “Moody's” beynəlxalq reytinq agentliyinin məlumatına görə, Azərbaycan nisbətən aşağı borc yükü, dayanıqlı iqtisadi artım, büdcə ehtiyatları və güzəştli maliyyələşdirməyə çıxış imkanları sayəsində regionda ən güclü maliyyə mövqelərini qoruyub saxlayır. Azərbaycanın maliyyə dayanıqlılığı, həmçinin sabit büdcə göstəriciləri və həyata keçirilən struktur islahatları ilə dəstəklənir. Bir sıra ölkələr, o cümlədən respublikamız artan gəlirlər və xərclərin artımının məhdudlaşdırılması dəstəyi ilə büdcə balanslarının konsolidasiyasını həyata keçirir.
“Moody's”in qiymətləndirməsinə görə, büdcə mövqelərinin daha da gücləndirilməsi perspektivdə regionun suveren emitentlərinin kredit qabiliyyətinin qorunub saxlanmasının əsas amillərindən biri olacaq. Bununla yanaşı, iqtisadiyyatlarının strukturu, dövlət ehtiyatlarının həcmi və maliyyələşməyə çıxış şərtləri nəzərə alınmaqla ayrı-ayrı ölkələrin imkanları əhəmiyyətli dərəcədə fərqlənir.
Eyni zamanda, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində gələcək irəliləyişin regional sabitliyin və iqtisadi perspektivlərin dəstəklənəcəyinə, ticarət, nəqliyyat, energetika və infrastruktur əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradacağına əminlik yaradır.
“Moody's”in analitiklərinin fikrincə, regionda iqtisadi artım dayanıqlı olaraq qalacaq. Xüsusilə, Mərkəzi Asiya, Qafqaz, eləcə də Azərbaycan 2026-2027-ci illərdə infrastruktur layihələrinə investisiya yatırımının artması və regional qarşılıqlı əlaqələrin güclənməsi fonunda dinamik gücünü saxlayacaq. Eyni zamanda, adları çəkilən ölkələrdə iqtisadiyyatın miqrasiya və ticarət axınlarının yenidən yönləndirilməsi ilə 2022-ci ildən sonrakı dövrün pik göstəriciləri ilə müqayisədə normallaşma baş verəcək. Bütövlükdə sabit büdcə göstəriciləri və güzəştli maliyyələşdirməyə çıxış Azərbaycanın maliyyə sabitliyini, o cümlədən kredit potensialını dəstəkləyəcək.
Ümumiyyətlə, son illər bir çox Mərkəzi Asiya və Qafqaz ölkələri, eləcə də Azərbaycan xarici sarsıntılara qarşı mübarizə əzmini əhəmiyyətli dərəcədə gücləndirib. Ticarət əlaqələrinin şaxələnməsi, regional əməkdaşlığın artması, valyuta və büdcə ehtiyatlarının toplanması, həmçinin yeni nəqliyyat və enerji marşrutlarının inkişaf etməsi iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlılığını artırıb. Eyni zamanda, büdcə intizamının qorunub saxlanılması, islahatların davam etdirilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi ilə iqtisadi fəallığın tədricən normallaşması şəraitində belə dayanıqlı artım templəri qorunub.
Büdcədənkənar vəsaitlər
Prezident İlham Əliyevin “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” imzaladığı fərman dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması baxımından mühüm önəm daşıyır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqovun sözlərinə görə, sənəd dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin daha aydın və vahid yanaşma əsasında tənzimlənməsinə xidmət edir. Onun fikrincə, fərmanın əsas mahiyyəti büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadəsinin dəqiqləşdirilməsi, sosial müdafiəyə yönələn ödənişlərin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi və həmin vəsaitlərin dövlət maliyyə sistemində daha səmərəli idarə olunması ilə bağlıdır.
Sənədə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən yalnız həmin təşkilatlarda “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq. Bu yanaşma büdcədənkənar vəsaitlər hesabına reallaşdırılan sosial xarakterli ödənişlərin daha hədəfli və ədalətli bölgüsünə imkan yaradacaq.
Fərmanda büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər üzrə yuxarı hədlərin müəyyənləşdirilməsi də mühüm tənzimləyici yenilikdir. Sənədə əsasən, vəzifə maaşına əlavələr təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1.0 mislinədək, mükafat və digər ödənişlər isə təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizədək hissəsi ilə məhdudlaşdırılır. Bu mexanizm tətbiqi ilə büdcədənkənar vəsaitlər hesabına ödənişlərin vahid çərçivədə aparılmasına, xərclərin proqnozlaşdırıla bilməsinə və maliyyə intizamının gücləndirilməsinə şərait yaradılır.
Fərmanın digər mühüm istiqamətinin büdcədənkənar vəsaitlərin qalan hissəsinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı olduğunu deyən Orxan Sadıqov bu mexanizmin dövlət maliyyə resurslarının mərkəzləşdirilmiş qaydada idarə olunmasını gücləndirməklə büdcə vəsaitlərinin daha səmərəli bölgüsünə, fiskal şəffaflığın artırılmasına və xərclərin ümumi büdcə siyasəti çərçivəsində əlaqələndirilməsinə xidmət edəcəyini də diqqətə çatdırıb.
Fərmanda Maliyyə Nazirliyinə dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması, büdcədənkənar vəsaitlərin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası, eləcə də müvafiq normativ-hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Bu tapşırıqlar dövlət maliyyə idarəçiliyində institusional yenilənmənin davam etdirilməsinə və büdcədənkənar vəsaitlərin uçotunun daha sistemli əsaslara keçirilməsinə yönəldilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdirinin sözlərinə görə, sözügedən fərman dövlət maliyyəsinin idarə olunmasında intizam, şəffaflıq və nəticəyönümlülük prinsiplərinin gücləndirilməsi istiqamətində mühüm addımdır. Büdcədənkənar vəsaitlərdən istifadənin vahid qaydalar əsasında tənzimlənməsi həm sosial müdafiə məqsədlərinə yönələn ödənişlərin hədəflərini artırır, həm də dövlət büdcəsi resurslarının daha səmərəli idarə edilməsinə imkan yaradır.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 16 Sentyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















