Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilib YENİLƏNİB
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilib.
APA-nın xəbərinə görə, konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak edib.
Konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda parlamentarizm ənənələrindən danışıb, 1918-ci ildə yaradılmış AXC-nin parlamentinin fəaliyyətindən bəhs edib. Azərbaycan parlamentinin ilk iclası 106 il öncə dekabrın 7-də keçirilib. Spiker bildirib ki, həmin parlament cəmi 17 ay fəaliyyət göstərdi. Bununla belə 11 müxtəlif partiyanın təmsil olunduğu 99 üzvü olan parlament 230-a yaxın qanun qəbul edib: “Azərbaycanda sovet hakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik idi. Bununla belə parlamentin həmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunmasına səbəb olub. Azərbaycanın yenidən müstəqillik əldə etdiyi ilk illər mürəkkəb dövrə təsadüf edirdi. Ulu öndər Heydər Əliyevin parlamentə qayıtması yeni parlament institutunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ulu öndərin həm bu müddətdə, həm də sonradan prezidentlik dövründə qəbul etdiyi qərarlar parlamentin real hakimiyyət orqanına çevrilməsində əvəzsiz rol oynayıb. Ümummilli Lider Heydər Əliyev müasir parlamentimizin banisidir”.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycanla Türkiyə arasında hər sahədə əməkdaşlığın iki dost ölkənin deyil, iki qardaşın öz arasında əməkdaşlığı kimi olduğunu vurğulayıb: : “44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurma iradəsinin ən konkret göstəricisi olub. Şuşa Bəyannaməsi təkcə bir müttəfiqlik bağı deyil, eyni zamanda, münasibətlərimizin gələcəyinə dair aydın bir perspektiv, bir yol xəritəsidir. Həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla bütün platformalarda nümayiş etdirdiyimiz qardaşlıq və həmrəylik iradəsi ortaq gələcəyimizin təminatıdır”.
Cümhuriyyət Xalq Partiyasının Türkiyə Böyük Millət Məclisindəki Qrupunun sədr müavini Murat Emir də Türkiyə və Azərbaycan arasında münasibətlərin Şuşa Bəyannaməsi ilə öz pik həddinə çatdığını vurğulayıb: “Azərbaycanlı qardaşlarımız bilsin ki, TBMM-də təmsil olunan hər bir millət vəkilinin ürəyi azərbaycanlı qardaşlarımızla ortaq döyünməkdədir, bir və bütünük".
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Azərbaycan parlamenti işğalı aradan qaldırmağa çalışan millətimizin siyasi iradəsinin təmsilçisi oldu: “Bu gün salona toplaşan yüzlərlə xarici parlamentarilər parlaq Qələbəmizi bölüşən, paylaşan həmfikirlər ordusudur. Bölgədə barışı gücləndirəcək sülh müqaviləsinin qəbulu və beynəlxalq təhlükəsizliyin təmin olunması ən böyük vəzifədir. Qlobal İqlim Sammitini Barış Zirvəsinə çevirən Azərbaycan bölgədə sülh, cahanda sülh istəyir!”.
İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi Azərbaycanın 2020-ci ildə Qarabağ zəfəri ilə bütün dünyaya, yurdundan-yuvasından didərgin salınan bütün xalqlara ümid olduğunu vurğulayıb: "Azərbaycan qısa zaman əvvəl Türkmən eli üçün Kərkükdə ilk məktəbi bərpa edib. Prezident İlham Əliyevə təşəkkür edirəm. Türkmən eli kürəyini hər zaman Türkiyəyə və Azərbaycana söykəyir. İraqın Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi təmsil edilməsinin lazım olduğuna inanıram. Bizim ortaq mirasımız olan Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Onun qələmi təkcə Türkmən elinə deyil, bütün islam aləminə işıq tutub. Biz də iraqlılar olaraq, Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq".
Ərşad Əl-Salihi Türk Dövlətləri Təşkilatındakı (TDT) dövlətlərə çağırış da edib: "TDT dövlətlərindən İraqda səfirlikləri olmayan ölkələrə səslənirəm, siz də Azərbaycan kimi Bağdadda səfirliyinizi açın”.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov Azərbaycanın ilk parlamenti dövründə görülmüş işlərin çox böyük həcmdə olduğunu söyləyib: “Bugünkü Azərbaycan parlamenti bu ənənələrin bariz davamçısıdır. Bugünkü konfrans da gələcək inkişafa xidmət edəcək. Konfrans Rusiya və Azərbaycan arasında çoxtərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcək”.
Azərbaycan- Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov isə qeyd edib ki, Azərbaycan və Türkiyə parlamerntlərinin əməkdaşlığı ən yüksək səviyyədədir.
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım xalqlarımızın hər zaman bir-birinin yanında olduğunu vurğulayıb: “Qərbi Azərbaycandakı qardaşlarımız 1988-ci ildə öz evlərindən qovulub. Bu vətəndaşlarımız beynəlxalq qanunvericiliklə öz torpaqlarına qaytarılmalıdır. Qərbi azərbaycanlıların öz torpaqlarına qaytarılmasından ermənilər narahat olmamalıdır. Bu məsələ də bugünkü iclasın protokolunda qeyd olunsun".
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, hərbi sərkərdəlik bacarığı, diplomatik qətiyyəti sayəsində Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra Azərbaycan parlamenti bu Zəfərin nəticələrinin beynəlxalq müstəvidə qəbul edilməsi və möhkəmləndirilməsi istiqamətində kifayət qədər səmərəli fəaliyyət göstərib, dövlətlərarası münasibətlərin tənzimlənməsi üçün parlament diplomatiyasının bütün imkanlarından istifadə edib: “Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasına gələrək buradakı tarixi çıxışında Qarabağ müharibəsindən sonrakı dövr üçün Azərbaycan dövlətinin və Azərbaycan millətinin strateji hədəfi olaraq elan etdiyi Qərbi Azərbaycana Qayıdış ideyasının və bu ideyanın bütün detallarını ehtiva və hüquqi-siyasi əsaslarını təşkil edən Qayıdış Konsepsiyasının icrasına verdiyi hərtərəfli dəstək baxımından da Azərbaycan parlamentinin fəaliyyəti diqqətçəkəndir və parlament tariximizdə xüsusi yeri var. Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində son 200 ildə baş verən hadisələr barədə həqiqətlərin beynəlxalq müstəviyə çıxarılması və qaçqın soydaşlarımızın qayıdış hüququnun beynəlxalq miqyasda tanınması və təmin olunması istiqamətində fəaliyyətini daha da genişləndirmək məqsədilə bu yaxınlarda Milli Məclisin rəhbərliyinə müraciət edib, Milli Məclisdə Qərbi Azərbaycana qayıdış məsələsi üzrə qurumun yaradılması təklifini irəli sürüb . Milli Məclisinin sədri bu yaxınlarda parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılması barədə sərəncam imzalayıb. Bir neçə gün bundan əvvəl Milli Məclisdə həmin Təşəbbüs Qrupunun "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda ilk, ümumiyyətlə isə 6-cı ictimai dinləmə keçirildi. Son iki gün ərzində Qərbi Azərbaycan İcması Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın qayıdış hüququ ilə bağlı II Beynəlxalq Konfrans keçirdi. Prezident İlham Əliyevin konfrans iştirakçılarına Müraciətində tarixi torpaqlarımıza dinc yolla və ləyaqətli şəkildə qayıdışımızın mahiyyəti bir daha konfrans iştirakçılarının və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Konfransda dünyanın 52 dövlətinin 100-dən artıq nümayəndəsi, o cümlədən qardaş Türkiyə Böyük Millət Məclisinin önəmli isimləri iştirak etdi. Çıxışımın sonunda bu gün bu tribunadan öz çıxışlarında Qərbi azərbaycanlıların qayıdış hüququna dəstəklərini ifadə edən çıxışçılara da öz təşəkkürümü bildirirəm”.
Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali Qarabağın işğaldan azad edilməsinin dost və qardaş ölkələr arasında münasibətlərin inkişafında dönüş nöqtəsi oldu qənaətindədir: “Qazaxıstan da Füzulidə bir məktəb açaraq öz dostluğunu bu şəkildə göstərmiş oldu. Eyni zamanda beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirik”.
Özbəkistan Respublikası Ali Məclisi Senatının Gənclər, mədəniyyət və idman komitəsinin sədri Orzigül Kozixanova son illər ərzində Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf etməkdə olduğunu bildirib: "İki ölkənin parlamentariləri arasında əməkdaşlıq davam etdirilir. Beynəlxalq təşkilatlar çərçivəsində də parlamentarilərimizin əməkdaşlığını qeyd etmək istərdim”.
Milli Məclisinin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib ki, 1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin varlığına son qoyulsa da, xalqımız ilk müstəqil dövlətinin və parlamentinin irsini öz qəlbində daim yaşadıb.
Parlamentlərarası əlaqələrin inkişafından danışan Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının Qanunvericilik və dövlət quruculuğu məsələlərinə üzrə daimi komitəsinin sədr müavini Aleksey Vasiliyev Milli Məclisin sədri Sahibə Qafarovanı Belarusa səfərə dəvət etdiklərini nəzərə çatdırıb: “Gələn il Böyük Vətən Müharibəsinin 80 illik yubileyi qeyd ediləcək. Belə tarixləri yadda saxlamadan tərəqqi əldə edə bilmərik”.
Gürcüstan Parlamentinin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədr müavini Savalan Mirzəyev Milli Məclisi Azərbaycanda demokratiyanın təməl daşı kimi səciyyələndirib: “Gürcüstanla Azərbaycanın ortaq tarixi ölkələrimiz arasında münasibətləri daha da yüksəldir. Ölkələrimizin parlamentləri arasında əməkdaşlıq da çox yüksək səviyyədə inkişaf edir. Bizim ölkələrimizi təkcə coğrafiya deyil, ölkələrimiz üçün dinc gələcək qurmaq amalları birləşdirir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev AXC parlamentinin Şərqdə ilk dəfə qadınların seçmək və seçilmək hüququnu tanıdığını xatırladıb: “Bu gün də Azərbaycan parlamenti müstəqilliyimizin əsas təminatçılarından biridir. Bir məsələni də qeyd etmək istəyirəm. Azərbaycan parlamentinin ilk iclasının keçirildiyi bina indi Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindədir. Həmin bina muzeyə çevrilməli və orada konfranslar keçirilməlidir”.
Malayziya Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri Vonq Çen Ermənistana Azərbaycan və Türkiyənin iqtisadi inkişafından faydalanmağı tövsiyə edib.
Türkiyə Böyük Millət Məclisinin Ədliyyə komissiyasının sədri Cüneyt Yüksel Qarabağın Türk dünyasının qəlbi olduğunu vurğulayıb: “Hazırda Qarabağda 30 illik işğal dövründə törədilən dağıntıların bərpası üçün işlər görülür. Zəngəzur dəhlizi də tez bir zamanda açılmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın bərpasına, azad edilən torpaqların küllərindən yenidən doğulmasına şahidlik edirik. Sabah biz də bu bərpa fəaliyyətini görməyə nail olacağıq. 10 illiklərdir doğma torpaqlarından ayrı düşənlər zaman itirmədən torpaqlarını yenidən dirçəltmək üçün qayıdırlar”.
Qırğız Respublikası Joqorku Keneşinin Azərbaycan Respublikası ilə əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Səidbek Zulpuyev hesab edir ki, parlamentarizm ənənələri müasir dünyanın tələblərinə uyğunlaşdırılmalıdır: “Parlamentlər yeni çağırışlara hazır olmalıdır. Vətəndaşlar bizdən yalnız qanunları qəbul etməyi gözləmir, eşidilmək imkanı yaradılmasını da gözləyir. Biz Qırğızıstanda fəal olaraq vətəndaşlarla əlaqənin qurulması üzərində işləyirik, vətəndaşların müzakirələrdə iştirakına çalışırıq”.
TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müsəlman Şərqində ilk demokratik respublika oldu: “AXC parlamenti yarandığı ilk gündən öz fəaliyyətini demokratik cəmiyyətlərə xas qurdu. Bu gün Azərbaycanda dövlət hakimiyyətinin aparıcı qollarından biri Milli Məclisdir. Müasir parlamentarizmin əsasları əsasında fəaliyyət göstərən Milli Məclis Azərbaycanın beynəlxalq aləmdə güclənməsi üçün addımlar atır. Bu baxımdan Azərbaycan TÜRKPA-nın qurucu üzvlərindən biri olmaqla nümunə nümayiş etdirir. Burada dövlətlərarası dialoqun inkişafında aparılan iş də rol oynayır. TÜRKPA Türk dövlətləri arasında əlaqələrin daha da irəliyə aparılması üçün fəaliyyət göstərir. Bu əlaqələr yeni mərhələyə daxil olub, əsas hədəflərdən biri ortaq türk gündəliyinə nail olmaqdır. Milli Məclis TÜRKPA çərçivəsində əməkdaşlıq platformasında fəal iştirak edir. Azərbaycan parlamenti zəngin təcrübəsi ilə yeni uğurlara imza atmağa davam edəcək”.
Bununla da çıxışlar yekunlaşıb. Milli Məclisin sədri Sahibə Qafarova konfransın başa çatdığını elan edib.
***
saat 10.32
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilir.
APA xəbər verir ki, 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.
Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa da keçiriləcək.
Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.