Müstəqil dövlətçilik və dövlət dili
Icma.az, Xalq qazeti-dan verilən məlumata əsaslanaraq, xəbər verir.
I MƏQALƏ
Dövlətçilik
Dövlətçilik yalnız dövlətin müəyyən bir tarixi mərhələdə mövcud olduğunu ifadə etmir. Tarixi baxımdan uzun müddət və ardıcıl olaraq dövlətlər quran cəmiyyətin dövlətçiliyi olur. Yəni dövlətçilik konkret bir toplumun (qövmün, xalqın, millətin, cəmiyyətin) dövlət qura bilmək təcrübəsidir. Bu zaman hər bir xalqın dövlətçilik təcrübəsi başqalarından fərqlənə bilər. Bir cəmiyyət üçün dominant sayılan dövlətçilik qaydaları digərində keçərli olmaya blər.
Bundan başqa, hər xalqın özünəxas dövlətqurma fəlsəfəsi olduğu kimi, özəl inkişafetdirmə üsulu da mövcuddur. Bir sıra xalqlar imperiya, digərləri monarxiya, bir başqaları respublika və sair dövlət üsul-idarələrinə üstünlük verə bilər. Burada bütün dünya üçün universal ola biləcək dövlətqurma kriteriyaları məsələsi ortaya çıxır. Lakin bu da özlüyündə çox mürəkkəb problemdir. Ancaq elə standart əlamətlər vardır ki, onlar bütün variantlarda dövlətçilik təcrübəsində və dövlətin funksiyalarını yerinə yetirməsində mütləq iştirak edir. Onlardan biri dil faktorudur.
Maraqlıdır ki, dilin də konkret cəmiyyətin tarixində funksiyaları fərqli ola bilər. Bu, söhbət xüsusilə dövlət dilindən gedəndə, özünü göstərir. Tarixdə olmuş nümunələrə baxaq.
Bir zamanlar öz möhtəşəmliyi ilə seçilən İnka imperiyasında dövlət dili onu quran etnosa aid deyildi. İmperiya inkalara məxsus idi, dili isə həmin etnosun işğal etdiyi ərazidə yaşayan tayfalardan birinə– keçua tayfasına aid idi.
Məşhur tarixçi Benedikt Anderson dövlət və millətçilik məsələsində “kreol dövlətləri”ni ayrıca qeyd edir. Bu termin “yetişdirilən dövlət” anlamını verir. Onlar Latın Amerikası, Asiya və Afrikada qərblilərin müstəmləkə siyasəti nəticəsində formalaşan dövlətlərdir. Əsasən, ispanlar və portuqalların istilası nəticəsində avropalı ilə yerli əhalinin qarışmasından yaranan insanlara aid edilirdi. Onlar üçün əsas dil ya ingilis, ya da ispan dilləri sayılırdı. B.Anderson yazır ki, bu irqi qarışıqlıq kreol millətçiliyini yaratdı. Onun başlıca əlaməti kreolların dövlət dili uğrunda deyil (əsasən ingilisi qəbul etmişdilər), hüquq və haqların təmin edilməsi, idarəetmədə ayrı-seçkiliyin olmaması üçün mübarizə aparmaqdan ibarət idi.
Uzaq Şərqdə dövlət və dil münasibətləri bundan fərqli olmuşdur. B.Anderson Vyetnamda ana dili əlifbasının dəyişməsi prosesini təhlil edir və göstərir ki, əsrlərlə bu ölkədə mövcud olan ieroqlif yazı qaydasını Avropadan göndərilmiş bir ieduist dəyişmişdir və vyetnamlılar onu qəbul etmişlər.
Ancaq dövlət və dil münasibətlərinin bunlardan fərqli olduğu ölkələr çoxluq təşkil edirlər. Deməli, ayrı-ayrı təzahürlər kökdən dövlətçiliyi və dövlət-dil münasibətlərini tam xarakterizə edə bilmirlər. Bu keyfiyyətdə hər hansı özəl nümunəni universallaşdırmaq doğru deyildir. Burada tədqiqatlara görə, əsas faktor dövlətçiliyin mahiyyəti ilə bağlıdır.
Müasir anlamda dövlətçilik millətin müəyyən siyasi-ictimai formalaşmasının inkişafının göstəricisidir. Millət dövlətçilik ənənəsi üzərində dövlətlərini qurur, hüquqi sistemini, sosial institutlarını yaradır. Və yaxud tarixin hansısa dönəmində bu ənənə pozulmuşsa, onu bərpa edir. Bu baxımdan dövlətçiliyi tarixin konkret dönəmlərində cəmiyyətin inkişaf göstəricisi, onun durumu, keyfiyyəti kimi təsəvvür etmək olar. Dövlətçilik dövlətin mahiyyəti və keyfiyyətidir. Dövlət isə dövlətçiliyin təzahür formasıdır.
Bunlardan belə qənaətə gəlmək olar: “Hər hansı xalqın dövlətçiliyi vardır”,– deyəndə onun dövlətinin olduğu anlamı ifadə edilir. Dövlətçilik ictimai həyatı bütövlükdə müəyyən edir. O cümlədən, siyasi nizamı müəyyənləşdirir. Bu da kompleks halında dövlətin əsaslığı deməkdir. Yəni dövlət xalqın dövlətçiliyinə uyğun olmalıdır.
Vurğulanan məqamlardan dövlətçilik anlayışının iki mühüm xarakteristikasına gəlib çıxırıq. Onlardan biri dövlətin statusluğu, digəri isə əsaslığıdır.
Dövlətin statusluğu və əsaslığı
Bu məsələni XX əsrin 60-cı illərində Con Piter Nettl qaldırmışdır. Onun qənaətinə görə, statusluq dövlətin dünya sistemində yerini və rolunu müəyyən edir.
Dövlətin əsaslığı isə onun öz dövlətçilik təbiətinə uyğunluğunu ifadə edir. Həmin anlamda dövlətçiliyə uyğunluğun bazasında “sosiumun daxili inkişafı”nın özəlliyi dayanır.
Bizcə, bu iki faktor dövlətçilik–dövlət–dövlət dili üçbucağının hər bir məsələsini adekvat anlamağa istiqamət verir. Belə ki, dövlət o zaman əsaslı olur ki, cəmiyyətin daxili inkişaf özəllikləri üzərində bərqərar olur, yəni həmin şərtlər daxilində formalaşır, mövcud olur və inkişaf edir. Dövlət millətin tarixi təkamülü özəllikləri ilə xarakterizə olunur. Başqa hallarda həmin dövləti “yalançıdövlət” (“psevdodövlət”) adlandırmaq lazım gəlir. Eyni zamanda, dövlətin statusu, yəni beynəlxalq miqyasda yeri və rolu, cəmiyyətin daxili inkişaf şərtlərinə nə dərəcədə uyğun olmasından birbaşa asılıdır. V.L.Sımburski obrazlı ifadə edir ki, digər şərtlər daxilində dövlət “geosiyasi qum yığınının” bir dənəsi olur.
Bunları ümumiləşdirsək, belə qənaətə gələ bilərik: dövlətçilik konkret cəmiyyətin tarixi, iqtisadi, siyasi və xarici siyasi fəaliyyətinin çərçivələrini yaratması prosesidir. Bu zaman cəmiyyət ərazi, institusional və funksional bütövlüyə nail olur ki, bunun əlaməti öz dövlətidir. Başqa adla bu prosesi cəmiyyətin suveren milli siyasi sistemini yaratması kimi də xarakterizə etmək olar. Elə bir siyasi sistem ki, dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş statusa malikdir.
Dövlət dili
Dövlət dili dövlətdə qanunvericiliklə müəyyən edilmiş ən yüksək hüquqi statusa malikdir. Ona iki aspektdə baxmaq olar. Birincisi, dövlət dili konkret dövlət çərçivəsində siyasi, sosial, iqtisadi və mədəniyyət sferalarında inteqrativ (birləşdirici) funksiyanı yerinə yetirir. İkincisi, rəsmi kommunikativ sferalarda dövlətin rəmzi kimi istifadə edilir.
Dövlət dövlət dilinin saxlanması, qorunması və inkişafı üçün məsuliyyət daşıyır. Dövlət dilinin mövcudluğu cəmiyyətdə işlənən başqa dilləri qadağan etmir.
Bundan başqa, dövlət dilinin funksiyasına cəmiyyətdə formalaşmış ənənəvi sosial-kommunikativ sistemin özəllikləri təsir edir. Burada dövlətin dil siyasəti də rol oynayır. Dövlət dilində qanunlar dərc edilir, rəsmi sənədlər yayılır. Dövlət dili hərbidə məcburidir. Alimlər vurğulayırlar ki, məktəblərdə və başqa tədris müəssisələrində tədris dövlət dilində aparılır. Çünki dövlətin vətəndaşları onu öyrənməli və fəal surətdə istifadə etməlidirlər. Onun geniş istifadə sferasını həm də radio, televiziya, KİV, media təşkil edir.
Dövlət dilinin mühüm funksiyalarından biri dövlətin vətəndaşları arasında ünsiyyət vasitəsi olması ilə bağlıdır. Konkret dövlətdə vətəndaşları ünsiyyətdə məhz dövlət dili birləşdirməlidir. Bu funksiyanın natamamlığı, zəifləməsi və ya hansısa başqa dilin fonunda arxa plana atılması birbaşa cəmiyyətin bütövlüyünün pozulmasına səbəb ola bilər. Müasir dönəmdə dil məsələsinin bu özəlliyi xeyli aktuallaşmışdır. Çünki sirr deyildir ki, XXI əsri informasiya və kommunikasiya (ünsiyyət) əsri adlandırırlar. Hər hansı cəmiyyəti dövlət dili birləşdirə bilmirsə, dövlətin əsaslığı və deməli, statusu şübhə altına alınır.
Bu o deməkdir ki, müasir mərhələdə cəmiyyəti inteqrasiya edən dilin hansı olması prinsipial strateji məna daşıyır. Burada, təbii ki, əsl, əsaslı, statuslu dövlət üçün dövlət dili aktual məsələ olaraq ön sırada yer almalıdır. Cəmiyyətdə heç bir dil öz funksional əhatəsinə və təsir gücünə görə dövlət dilindən önə keçməməlidir. Bunun təməlində isə müasir dövrün xarakterinə uyğun olan keyfiyyətli təhsil dayanır. Məhz təhsil vətəndaşın dil, mənəviyyat, mədəniyyət istiqamətləri üzrə yetişməsində açar rolunu oynayır. Burada ailəni, əlbəttə kənara qoymaq olmaz.
Onu da vurğulamaq lazımdır ki, dil siyasəti ölkədən ölkəyə fərqlənə bilər. Hazırda dünyada 178 dövlət öz dövlət dilinə malikdir. Əksər dövlətlərdə dövlət dili birdir, digərlərində iki dövlət dili olur, az qismdə isə çox dövlət dili vardır (məsələn, İsveçrə, Belçika, Boliviya, CAR). Bəzi hallarda dövlət dili ölkə üzrə bir dənədir, lakin regionlarda da rəsmi səviyyədə işlənən dillər olur (məsələn, Rusiya, İtaliya, İspaniya).
Elə dövlətlər də vardır ki, de-yure dövlət dili müəyyən edilməmişdir, lakin de-fakto bir dil işlədilir (məsələn, ABŞ, Böyük Britaniya, Avstraliyada de-fakto ingilis dili dövlət dilidir). Bununla yanaşı, bu və ya digər dillər dövlət daxilində rəsmi sənədlərdə istifadə oluna bilir. Buna görə də alimlər “dövlət dili” ilə “rəsmi dil” arasında fərq qoymağı daha doğru sayırlar. Əksər sənədlərdə isə dövlət dili və rəsmi dil sinonim kimi işlədilir. Ancaq burada bir incəlik vardır.
Dövlət dili və rəsmi dil
Məsələ ondan ibarətdir ki, 1953-cü ildə UNESCO-nun ekspertləri “dövlət dili” (national language) anlayışı ilə “rəsmi dil”( official language) anlayışını fərqləndirmişlər. Onlar dövlət dilini konkret ölkədə siyasi, sosial və kültür sferalarında birləşdirici rol oynayan faktor kimi qəbul etmişlər. Rəsmi dil isə dövlət idarəetməsinin, qanunvericiliyin, məhkəmənin dilidir.
Buradan aydın olur ki, “dövlət dili” anlayışı “rəsmi dil” anlayışından daha geniş məna və funksiya çalarlarına malikdir. Belə ki, rəsmi dil rəsmi ünsiyyət-kommunikasiya funksiyasını yerinə yetirir. Dövlət dili isə yalnız rəsmi ünsiyyət sferası ilə məhdudlaşmır. O, mədəniyyət, sosial, mənəvi, əxlaqi sahələri də əhatə edir. Eyni zamanda, dövlət dili dövlətin rəmzinə aiddir.
Beləliklə, “dövlət dili” hüquqi kateqoriya kimi, dilə dövlətin tamlığını təmin etmək statusunu verir. Bu mənada dövlət dili həm də siyasi aspektdə millətin bütövlüyünü, birliyini təmin etməlidir. Yəni dövlət dili vahid ictimai kommunikativ və mədəniyyət məkanının formalaşdırılmasında aparıcı rol oynamalıdır. Bunun üçün dövlət dilində cəmiyyətin və dövlətin birliyinə xidmət edən formallaşmış qaydalar müəyyən olunmalıdır. Bu qaydalara ictimai kommunikasiya məkanında mütləq surətdə əməl edilməlidir. Həmin məkanın əhatə dairəsi isə çox genişdir.
Belə ki, dövlət dili ümumi kommunikativ məkanın təmin edilməsi funksiyasını yerinə yetirmək üçün linqvistik kateqoriya kimi əsaslı “standart dil” (ədəbi dil) sisteminə malik olmalıdır. Hesab olunur ki, milli dilin məhz bu hissəsi səmərəli ümumünsiyyət qabiliyyətinə (və ya keyfiyyətinə) malikdir. Ədəbi dil ölkədə olan digər dillərin təmsilçiləri arasında effektiv kommunikasiyanı təmin edə bilər. Ədəbi dilin formalaşması isə ancaq təhsil sistemində gerçəkləşir.
Buradan avtomatik aydın olur ki, təhsil dil aspektində, ümumiyyətlə, şəxsiyyətin yetişməsində, vətəndaş şüurunun formalaşmasında, insanın özünə və cəmiyyətin tarixinə mövqeyinin formalaşmasında, onun düşüncə tərzinin formalaşmasında həlledici rol oynayır. Başqa tərəfdən, bu o deməkdir ki, insanın hansı dildə təhsil alması əlavə dil öyrənmə prosesi və ya daha səviyyəli mütəxəssis olmaq cəhdi deyildir. Təhsilin dili insanın daxili mənəvi aləmini və düşüncə tərzini, dünyaduyumunu, cəmiyyətə, mənsub olduğu xalq haqqında təsəvvürlərini formalaşdırır.
Bütün bunlar Azərbaycanda dövlətçilik və dövlət dili münasibətləri kontekstində aktual olan bir sıra məsələlərin təhlili üçün faydalı ola bilər. Mövzunun bu aspekti üzərində geniş dayanaq.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
