Naxçıvanda yazlıq əkin sahələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan, 19 iyun, AZƏRTAC
Aqrar sahə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında mühüm yer tutur və əhalinin məşğulluğunun təmin olunmasında əsas sahələrdən biridir. Bu səbəbdən dövlət tərəfindən kənd təsərrüfatına xüsusi qayğı göstərilir, mütəmadi dəstək tədbirləri həyata keçirilir. Son dövrlərdə bu sahədə artım templəri müşahidə olunmaqdadır. Belə ki, 2025-ci ilin yanvar-may aylarında bitkiçilik məhsullarının istehsalında 4,5 faiz artım qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev muxtar respublika üzrə mövsümün taxıl biçininə başlanılması ilə bağlı jurnalistlərə müsahibəsində deyib.
Nazir qeyd edib ki, yazlıq əkin sahələrinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb. Ümumilikdə, kənd təsərrüfatı məhsulları muxtar respublikanın ümumi daxili məhsul istehsalının 14 faizini təşkil edir ki, bu da sahənin iqtisadi əhəmiyyətini bir daha göstərir. Kənd təsərrüfatında taxılçılıq xüsusi yer tutur və bu sahədə məhsuldarlığın artırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir.


