Paşinyanın “102 saylı” hədəfi
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gümrüdəki Rusiya hərbi bazası ətrafında müzakirələr səngimir
Əhalisinin sayına görə Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə yerləşən 102 saylı Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Mövzuya təzədən diqqət yönəlməsinə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqinin müsahibəsi səbəb olub. O, “RİA Novosti”yə açıqlamasında Ermənistanın bazanın mümkün çıxarılmasına görə məsuliyyəti Moskvanın üzərinə qoymağa çalışdığını bildirib.
Kaluqinin sözlərinə görə, İrəvan rəsmiləri məsələnin sanki Rusiyanın təşəbbüsü ilə gündəmə gətirildiyi görüntüsü yaradırlar. Diplomat bununla yanaşı, Moskvanın baza ilə bağlı bütün məsələləri müzakirə etməyə hazır olduğunu, prosesin isə Rusiya hərbi kontingentinin Ermənistanda qalmasını tənzimləyən müvafiq müqavilə və sazişlər çərçivəsində aparılmasının vacibliyini vurğulayıb.
Beləliklə, məsələ hazırda iki fərqli yanaşmanın kəsişdiyi nöqtədə dayanır. Bir tərəfdən, Moskva bazanın taleyinin mövcud hüquqi çərçivə əsasında müzakirə olunmasını mümkün sayır. Digər tərəfdən, Ermənistan rəhbərliyinin son açıqlamaları göstərir ki, 102 saylı bazanın ölkənin təhlükəsizlik sistemi üçün əvvəlki əhəmiyyətini itirdiyi düşüncəsi İrəvanda getdikcə daha açıq ifadə olunur.
Baş nazir Nikol Paşinyan daha əvvəl bildirib ki, Rusiya hərbi bazasının Ermənistanda olması ölkə üçün həyati zərurət deyil. Onun sözlərinə görə, Rusiya bazanı çıxarmaq qərarına gəlsə, Ermənistan buna etiraz etməyəcək. Sentyabrın 1-də Bişkekdə Paşinyanla görüşündən sonra Vladimir Putin də Ermənistan bazanın lazım olmadığını hesab edirsə, Rusiyanın onu hətta sabah çıxarmağa hazır olduğunu söyləyib. Bu açıqlamalar göstərir ki, söhbət yalnız hərbi obyektin taleyindən getmir. Məsələnin arxasında Ermənistanın təhlükəsizlik modelinə münasibətin dəyişməsi, Rusiya ilə hərbi əməkdaşlığın gələcəyi və əvvəlki təhlükəsizlik mexanizmlərinin nə dərəcədə səmərəli olması ilə bağlı daha geniş suallar dayanır.
Paşinyan Putinlə nədən danışdı?
102 saylı bazanın taleyi ətrafında yeni müzakirələrin başladığı bir vaxtda Ermənistan və Rusiya liderləri arasında telefon danışığının baş tutması da diqqət çəkir. Dünən Paşinyan Putini doğum günü münasibətilə təbrik edib. Ermənistan hökumətinin yaydığı məlumata görə, söhbət zamanı iki ölkə münasibətlərinin gündəliyindəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Telefon danışığının məzmunu barədə əlavə təfərrüatlar açıqlanmayıb. Buna görə də baza məsələsinin həmin söhbətdə ayrıca müzakirə edildiyini söyləmək mümkün deyil.
Burada əsas məqam ondan ibarətdir ki, sentyabrın əvvəlində Bişkekdə keçirilmiş görüş zamanı Paşinyanın Moskvaya yeni səfəri barədə razılıq əldə olunmuşdu. Səfərin dəqiq tarixi isə hələ razılaşdırılmayıb. Deməli, iki ölkə arasında siyasi dialoq tamamilə dayanmayıb və 102 saylı bazanın gələcəyi də bu dialoqun ümumi kontekstindən kənarda deyil.
Aşqabadda görüş baş tutacaqmı?
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə oktyabrın 9-da Türkmənistanda keçiriləcək toplantılar çərçivəsində Putin və Paşinyanın ayrıca görüşünün planlaşdırılmadığını bildirib. Onun sözlərinə görə, ayrıca görüş nəzərdə tutulmur, amma məclislər zamanı liderlər arasında təmasın baş verməsini istisna etmək olmaz.
Qeyd edək ki, Türkmənistanda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası və Xəzər ekoloji sammitinin keçirilməsi nəzərdə tutulur. Ermənistan və Rusiya liderlərinin həmin toplantılarda iştirakı onların birbaşa və ya qısa təmas ehtimalını gündəmdə saxlayır. Lakin hazırkı məlumata əsasən, ayrıca ikitərəfli görüş barədə razılaşma yoxdur.
Baza ətrafında suallar
Bu arada erməni mediasında yayılan materiallarda 102 saylı bazanın fəaliyyətinin müxtəlif tərəflərinə diqqət yetirilir. Bu materialların birində bazanın 1995-ci ildən Gümrüdə yerləşdiyi, onun MDB-nin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində döyüş növbəsi apardığı qeyd olunur. Bununla belə, həmin yazıda son illərdə baş verən bir sıra hadisələr fonunda bazanın Ermənistanın təhlükəsizlik vəziyyətinə real töhfəsi barədə suallar irəli sürülür.
Mövzunun başqa tərəfi isə bazanın Gümrü sakinləri ilə münasibətləridir. 2015-ci il yanvarın 12-nə keçən gecə bazada qulluq edən Rusiya hərbçisi Valeri Permyakovun Avetisyan ailəsinin evinə soxularaq ailənin 7 üzvünü AK-74 markalı avtomatdan atəş açaraq qətlə yetirməsi şəhərdə və bütövlükdə, Ermənistanda böyük rezonans doğurmuş və ciddi etirazlara səbəb olmuşdu. Erməni saytının materialında bazanın fəaliyyətinə dair sadalanan hadisələr arasında 2015-ci il faciəsi xüsusi yer tutur. Yazıda bu faktlar bazanın şəhər həyatına təsirini göstərən nümunələr kimi təqdim edilir.
2018-ci ildə Panik kəndində baş verən hadisə də bu baxımdan diqqət çəkir. Həmin vaxt kəndin yaxınlığında keçirilən hərbi təlimlər zamanı atəş səsləri, partlayışlar və texnikanın hərəkəti yerli sakinlərin narahatlığına gətirib çıxarmışdı. Yerli sakinlərin etirazından sonra məsələ gündəmə gəlmiş, Rusiya Müdafiə Nazirliyi isə təlimlər barədə aidiyyəti qurumlara əvvəlcədən məlumat verildiyini bildirsə də, təlim yeri seçilərkən kənd sakinlərinin vəziyyətinin nəzərə alınmadığını etiraf etmişdi. Həmin vaxt Paşinyanın da hadisəyə münasibəti sərt olmuşdu.
Bu epizodlar bazanın təhlükəsizlik məsələsinə daha geniş prizmadan baxılmasına imkan verir. Hərbi obyektin əsas funksiyası müdafiəyə töhfə vermək olsa da, yerli əhalinin təhlükəsizlik hissi də nəzərə alınmalıdır. Bu hadisələr bazanın Ermənistan üçün nə dərəcədə əlavə təhlükəsizlik yaratdığı sualını gündəmdə saxlayıb.
Digər tərəfdən, bazanın hüquqi statusu və fəaliyyəti də ayrıca əhəmiyyət daşıyır. 2010-cu ildə Rusiya və Ermənistan arasında imzalanmış razılaşma ilə bazanın yerləşmə müddətinin 2044-cü ilə qədər uzadıldığı bildirilir. Bu müddət mümkün dəyişikliklərin sadə inzibati qərarla deyil, mövcud razılaşmalar nəzərə alınmaqla həyata keçirilməsini zəruri edir.
2023-cü ildə isə Gümrüdə Rusiya hərbçilərinin iştirakı ilə baş verdiyi bildirilən insident yenidən bazanın şəhərin sosial həyatına təsirini gündəmə gətirib. Bu faktlar, əlbəttə, bazanın hərbi fəaliyyətinin ümumi qiymətləndirilməsi üçün təkbaşına kifayət etmir. Lakin onlar onun mövcudluğunun yalnız dövlətlərarası təhlükəsizlik məsələsi olmadığını, yerli əhalinin gündəlik təhlükəsizlik hissinə də təsir göstərə bildiyini göstərir.
İrəvanın yeni təhlükəsizlik yanaşması
Məsələ təkcə hərbi obyektin Ermənistanda qalması və ya çıxarılması ilə məhdudlaşmır. Burada onun statusu, fəaliyyəti və mövcud müqavilələrin necə tətbiq olunacağı kimi suallar da var. Baza məsələsinin hüquqi tərəfi də mühüm yer tutur. Kaluqin xüsusi olaraq mövcud müqavilə və sazişlərə istinad edib. Bu isə onu göstərir ki, mümkün dəyişikliklər siyasi bəyanatlardan əlavə, hüquqi prosedurlar müstəvisində də müzakirə olunmalıdır.
Ümumilikdə, son açıqlamalar 102 saylı bazanın taleyinin Ermənistanın təhlükəsizlik gündəliyində əvvəlki mövqeyindən fərqli şəkildə qiymətləndirildiyini göstərir. Bazanın uzun illər ölkənin təhlükəsizlik sisteminin elementlərindən biri kimi təqdim olunmasına baxmayaraq, son dövrdə onun real səmərəliliyi barədə sualların artması diqqət çəkir. Xüsusilə son illərin regional hadisələri fonunda hərbi mövcudluğun özü ilə təhlükəsizlik təminatı arasında avtomatik bərabərlik olmadığı daha aydın görünür. İndi əsas məsələ qarşılıqlı açıqlamaların hansı praktiki nəticəyə çevriləcəyidir. Ermənistan bazanın həyati zərurət olmadığını bildirir, Rusiya isə çıxarılma məsələsinin sazişlər çərçivəsində həllinə hazır olduğunu deyir. Bundan sonrakı müzakirələr konkret hüquqi və siyasi qərarların necə formalaşacağı üzərində cəmlənəcək.
Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, 102 saylı hərbi bazanın çıxarılması Rusiya–Ermənistan münasibətlərinin əsas dayaqlardan birindən faktiki məhrum edilməsi demək olardı. Onun sözlərinə görə, ermənilər bazanın ölkə ərazisində yerləşməsini hər zaman “təhlükəsizlik yastığı” kimi təqdim edirdilər: “Ancaq sonradan bunun heç də belə olmadığı məlum oldu. İndi isə hərbi bazanın mövcudluğu Ermənistanın Avropa İttifaqına inteqrasiyasına öz təsirini göstərir. Güman etmək olar ki, rəsmi Brüssel bazanın çıxarılması ilə bağlı Ermənistan hakimiyyəti qarşısında qəti məsələ qaldırıb. Bunun nəticəsi olaraq bu ilin sentyabrından etibarən bazanın çıxarılması məsələsi tez-tez dilə gətirilir. Baş nazir hərbi bazanın ölkənin təhlükəsizliyinə töhfə vermədiyi fikrini bir neçə dəfə səsləndirib”.
R.Məmmədova qeyd etdi ki, Rusiya rəhbərliyi məsələ ilə bağlı qərar qəbul edilməsi məsuliyyətini rəsmi İrəvanın öhdəsinə buraxdığı görüntüsü yaradır: “Beləliklə, Paşinyanın dilemma qarşısında qalmasına çalışılır. Rusiya rəhbərliyi bundan əvvəl də Ermənistan hökumətini oxşar vəziyyətə salıb. Biz bunu Avrasiya İqtisadi İttifaqı məsələsinə münasibətdə də görmüşük. Rusiya rəhbərliyi Ermənistan hakimiyyətini referendum keçirməyə, Aİİ və Aİ arasında seçim etməyə çağırır”.
Bununla belə, ekspert bildirdi ki, verilən bəyanatlara baxmayaraq, Rusiya heç bir halda Gümrüdəki bazanın çıxarılmasının tərəfdarı deyil: “Ermənistan isə bunda maraqlıdır. Paşinyanın özü və hökumətinin üzvləri bazanın ölkənin təhlükəsizliyində heç bir rol oynamadığını dəfələrlə dilə gətiriblər. Ümumiyyətlə, rəsmi İrəvan təkcə hərbi baza məsələsinə deyil, Rusiya ilə hərbi sahədə əlaqələrə yenidən baxılmasının tərəfdarıdır”. R.Məmmədova hesab edir ki, Moskva İrəvanı bu addımlardan daşındırmaq üçün yenidən iqtisadi təzyiq siyasətini işə salacaq. Bununla da Paşinyan iqtidarının fakt qarşısında qalmasına, yaxşı-yaxşı düşünməsinə çalışacaq.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















