Prezident Kitabxanasında “Qarabağ florası” kitabına həsr olunmuş dəyirmi masa keçirilib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Yanvarın 13-də Prezident Kitabxanasında “Qarabağ florası” kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
XQ xəbər verir ki, tədbirdə nəşrin elmi əhəmiyyəti, Qarabağın zəngin florasının tədqiqi, eləcə də işğal dövründə ekoloji mühitə dəyən zərərin nəticələri müzakirə olunub.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova “Qarabağ florası” kitabının alimlər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, təxminən 30 ilə yaxın işğal altında olan ərazilərdə təkcə yaşayış məntəqələri və mədəni irs deyil, eyni zamanda ekoloji mühit də ciddi zərər görüb.
Professor Afət Abbasova qeyd edib ki, bəzi ərazilər minalardan təmizlənən kimi Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun baş direktoru, kitabın elmi redaktoru Səyyarə İbadullayeva öz komandası ilə Qarabağ florasının araşdırılması məqsədilə bölgəyə səfər edib. O, kitabın ərsəyə gəlməsində Səyyarə xanımın birbaşa rolunu xüsusi vurğulayıb.
Botanika İnstitutunun baş direktoru, “Qarabağ florası” kitabının elmi redaktoru Səyyarə İbadullayeva çıxışında müzakirədə iştirak edən hər kəsə təşəkkürünü bildirib. O, Qarabağ ərazilərində işğaldan əvvəl mövcud olmuş bitki örtüyü, xüsusilə Qarabağ meşələrinin əvvəlki vəziyyəti barədə məlumat verib.
S. İbadullayeva vurğulayıb ki, minalardan təmizlənmə prosesindən sonra bölgənin bitkiliyi yenidən sistemli şəkildə öyrənilməli, işğal altında qalmış ərazilərin bitki örtüyü şaquli zonallıq prinsipi üzrə bir daha tədqiq edilməlidir.
Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova çıxış edərək kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib və nəşr barədə fikirlərini bölüşüb. O qeyd edib ki, bu cür kitabların hazırlanması nə qədər çətin və məsuliyyətli proses olsa da, gənclər üçün böyük fayda daşıyır. Professorun sözlərinə görə, belə nəşrlər xarici dillərə tərcümə olunmalı, daha geniş auditoriyaya təqdim edilməli və beynəlxalq səviyyədə tanıdılmalıdır.
Daha sonra tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, professor, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, yazıçı, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, tarix üzrə fəlsəfə doktoru, AMEA Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bayramov, professor, Botanika İnstitutunun Ali bitkilərin sistematikası laboratoriyasının müdiri Aydın Əsgərov, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ irsini araşdırma mərkəzi”nin rəhbəri Elçin Əhmədov çıxış edərək kitabın elmi dəyərindən, Qarabağ florasının sistemli təqdimatından və bu tədqiqatların gələcək biomüxtəliflik araşdırmalarına verə biləcəyi töhfələrdən danışıblar. Qeyd olunub ki, nəşr alimlər, tələbələr və biologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün əvəzolunmaz mənbədir.
Tədbirin sonunda kitabın hazırlanması və əsas məqsədini əks etdirən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, “Qarabağ florası” kitabı Qarabağ və Şərqi Zəngəzur ərazilərində bitki aləminin elmi təsnifatına, nadir bitki növlərinə və onların bioekoloji xüsusiyyətlərinə dair çoxsaylı məlumatları özündə ehtiva edir. Kitaba 8 xəritə, 10 cədvəl və 300-dən çox relikt və endemik bitki haqqında illüstrasiyalar daxil edilib. Nəşrdə ümumilikdə 2000-dən çox ali bitki və 400-dən çox göbələk növü barədə məlumat yer alır və bununla da Qarabağın zəngin biomüxtəlifliyi geniş şəkildə işıqlandırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 13 Yanvar 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















