Qarabağ ın gücü ruhdan, inancla mübarizədən gəlir Sosial şəbəkədə yazılanlar
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəşad Mahmudov, millət vəkili:
- Əziz həmvətənlər, biraz gec olsa da, yazmağa qərar verdim... Dünənki "Napoli" - "Qarabağ" oyunu 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatmış olsa da, həmin oyunu canlı izləyən hər kəsin mənimlə eyni fikirdə olduğuna inanıram. "Qarabağ" bu gecə meydanda dünyaya Azərbaycan əzmini, Azərbaycan ruhunu yaşatdı. Necə ki, 44 günlük Vətən müharibəsində övladlarımız torpaq uğrunda əzm və qətiyyətlə döyüşdülər, dünən də "Qarabağ" sanki eyni ruhla, eyni iradə ilə dünyanın ən köklü klublarından birinin meydanında vuruşdu.
Məncə, gecənin ilk qəhrəmanı qapıçımız Koxalski oldu. Onun inanılmaz reaksiyaları, möhtəşəm qurtarışları, son ana qədər pes etməyən davranışı hər bir azərbaycanlının qəlbinə qürur hissi yaşatdı.
Medinanın aldığı ağır zərbədən sonra yaşadığı təhlükəyə baxmayaraq, meydanı tərk etməmək, komandasını yarı yolda qoymamaq üçün göstərdiyi iradə isə ayrıca çoooox fərqli bir davranış idi, hər birimizi kövrəltdi. Bu anlar bir daha göstərdi ki, "Qarabağ" komandasının gücü yalnız oyundan yox, ruhdan, birlikdən, inancla mübarizədən gəlir.
Bu komanda məhdud imkanlarla belə dünya nəhəngləri ilə baş-başa döyüşürsə, bu, təkcə idman deyil. Bu, bir millətin xarakteridir, duruşudur, dünyaya mesajıdır. Dünən gecə biz Qarabağın adını deyil, Qarabağın ruhunu, Azərbaycan insanının iradəsini meydanda yenidən gördük.
Əziz Qurban Qurbanov və komandası, əziz qardaşlar!
Nəticə nə olur-olsun, biz sizinlə qürur duyuruq! Uduzsanız da, qalibsiniz, çünki bu xalqın ürəyini, ruhunu layiqincə təmsil edirsiniz.
Həbib Misirov, YAP Kəlbəcər rayon təşkilatının sədri:
- Şuşanın az qala hər qarışına dərindən bələd olan Fərhad Bədəlbəyli indiyədək Kəlbəcrdə olmayıbmış. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti dünən Kəlbəcərlə ilk tanışlıqdan sonra görün nələr deyib.
Maraqlı təklifləri də var...
- İlk dəfədir Kəlbəcərdəyəm və açıq deyim ki, buradakı təəssürat möhtəşəmdir. Şuşanın dağları gözəldir, amma Kəlbəcərin dağları sanki insanı qucaqlayır, əhatə edir. Mən belə mənzərəni heç vaxt görməmişəm - bura, bəlkə də, dünyada analoqu olmayan unikal bir məkandır. İsti su mənbələrinə də getdik, həm sudan istifadə etdik, həm də turşsudan içdik. Bu torpaq sadəcə torpaq deyil, möcüzədir, böyük bir sərvətdir;
- Çox xoşbəxtəm ki, Prezident İlham Əliyev beş il əvvəl xüsusi əməliyyatla Kəlbəcəri və Laçını azad etdi. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimiz tezliklə sağalsın. Biz onlara borcluyuq. Nə yaxşı ki, Kəlbəcərdə toqquşma və qarşıdurma olmadı. Təsəvvür edirəm ki, belə olsaydı, nə qədər itkilərimiz ola bilərdi. Bu ərazidə müharibə aparmaq son dərəcə çətindir;
- Sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, Kəlbəcərdə həmişə belə bayramlar olsun. Fikirləşirəm ki, burada gələcəkdə mütləq musiqi festivalları təşkil edilməlidir. Təkcə aşıq və muğam deyil, böyük beynəlxalq kollektivlər də bura gəlməlidir. İspaniyadan, İtaliyadan turistlər mütləq Kəlbəcəri görməlidirlər. Yerli camaat burada gəlir əldə etməlidir, çünki ekoturizm çox mühüm sahədir. İnanıram ki, Kəlbəcər hər gün daha da gözəlləşəcək.
Müsəllim Həsənov, jurnalist:
- BİLİRDİNİZMİ
...ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 26 Bakı komissarlarından olan Yakov Zevinin nəvəsi, yaxud nəticəsidi?
Bakıda yaxın vaxtlara qədər Zevin küçəsi olduğuna görə yadıma düşdü...
Elməddin Muradlı, jurnalist:
- Zəngilana köçdük
Həə, bax budur gözəllik. 38 yaşında köçkün düşən anam 70 yaşında Zəngilana qayıtdı. Atamın onda 36 yaşı varıydı. Qara saçlı, şux qamətli idi. İndi ağ saçlarıyla, bükülmüş beliylə Vətənə gedir.
Səhər saat 6-da yola saldım. Qəribə hisslər yaşadıq. 1993-cü il oktyabrın 29-da Bakıya məcbur köçkün kimi gələndə də səhər çağı idi. Gedişimiz də təxminən eyni saata təsadüf etdi.
Bu gün Zəngilanın Məmmədbəyli kəndinə yola salınan ailələr arasında mənim ailəm də var. Babaylı kəndini birləşdirsələr də, hamı öz soyunu-kökünü yaxşı bilir. Əsas odur o torpaqlar bizimdir və orada yaşamaq haqqımızdır. Böyük Qayıdışın bir parçası olduğumuz üçün çox qürurluyam. Növbəti mərhələdə yeni köçümüz də olacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz sağ olsun, sağlam olsun.
Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm ki, gözəl evlərin tikilməsinə göstəriş verdi və abad kəndlər salınır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təşəkkür edirəm ki, çox səliqəli, nizam-intizamlı iş gördülər və yüksək təşkilatçılıq göstərdilər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinə təşəkkür edirəm ki, Ali rəhbərin etimadını doğruldaraq böyük və məsuliyyəti ağır olan işlərlə məşğul olurlar. Köçdən sonra onların işi daha çox olacaq.
Bu gün bizim üçün çox gözəl gündür. Artıq kəndimizdəyik, artıq elimizdə-obamızdayıq.
Elxan Şahinoğlu, politoloq:
- Fikrimcə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun və Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının mətbuata ötürülməsində Mərkəzi Kəşfiyyat İdarəsində Ağ Evin Ukrayna siyasətindən narazı qrupun əli var. Prezidentlərin müşavirlərinin telefon danışığını hər iki ölkənin kəşfiyyat strukturları dinləyə bilərdi. Rusiya tərəfinin telefon danışığını mətbuata ötürməsi məntiqə zidd olardı. Çünki telefon danışığında Stiv Uitkoffun sözləri Kreml sahibinin maraqlarına uyğun olub. Belə olan halda Rusiya kəşfiyyat strukturları danışığın məğzini Qərb mətbuatına ötürməzdi. Yerdə qalır, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi. Böyük ehtimalla, bu idarədə Prezident Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı hazırladığı 28 bəndlik plandan narazı qrup var və məhz bu qrup telefon danışığının təfərrüatlarını ABŞ mətbuatına ötürüb. Məqsəd Trampın ilkin variantda Ukraynanı təslimiyyətə sürükləyən planının reallaşmasının qarşısını almaq olub. ABŞ tarixində bu cür hallar yaxın keçmişdə də olub. Prezidentin komandasındakı hansısa məmur şefinin siyasətindən narazı qaldığına görə, məxfi məlumatları mətbuata ötürməklə hansısa prosesin qarşısını almağa çalışıb.
Fazil Mustafa, millət vəkili:
- Sadəcə şanssızlıq! Medinanın zədəsi bu qədər gözəl oyunu nəticəsiz qoydu. Bu komanda uduzsa belə, "Fənərbaxça", "Qalatasaray" kimi başıpozuq davranmır, ahəngini pozmur. Bu oyun stili heyrətamizdir. Qollar da şansızlıq əsəri! Qapıda qarışdırdım ki, Koxalski durub, yoxsa Kurtua? Qısa müddətə bu cür püxtələşən qapıçı görmək sevindiricidir. Penaltini də möhtəşəm reflekslə qurtardı. Qurban, "Qarabağ" - Qürurumuz!
Xaqani Səfəroğlu, jurnalist:
- Qəribədir... Rusiyanın "liberal jurnalistləri" qəfildən bir-birinin ardınca Qarabağ barədə yazmağa başlayıblar.
Dünən Rusiyanın məşhur "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Veneditkov qəfildən Ermənistanda peyda olub. Müsahibə verib. Deyib ki, "Rusiya Qarabağ məsələsinin həll olunduğunu düşünmür".
Üstəlik, deyib ki, bu məsələ bağlanmayıb.
Dünən Venediktova cavab yazdım. Böyük disskusiya alındı. Çox mənasız və həyasız bir cavab yazdı. Cavabını necə lazımdır verdim.
Bu gün də digəri - məşhur rus jurnalisti Oleq Kaşin belə provokativ status yazıb.
Kaşin "Kommersant" qəzetində çalışıb. Rus millətçisidir. Vətəndən qaçıb Londonda yaşayır.
3-cü "liberal" də peyda olsa, artıq bunu təsadüf saymamaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 28 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















