Icma.az
close
up
RU
Rusiya üçün ŞƏT diplomatik təcridi dəf etmə meydanına çevrilir EKSPERT

Rusiya üçün ŞƏT diplomatik təcridi dəf etmə meydanına çevrilir EKSPERT

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 sentyabr, AZƏRTAC

“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son 25 ildə regional təşəbbüsdən Avrasiya diplomatiyasının konturlarını müəyyən edən əsas beynəlxalq platformalardan birinə çevrilib. Asiyanın və Avrasiyanın ən böyük dövlətlərini birləşdirən təşkilat təhlükəsizliyin təmin olunması, iqtisadi əlaqələrin inkişafı və Qlobal Cənub dövlətlərinin maraqlarının müdafiəsi alətinə çevrilib. Qlobal qeyri-sabitlik və çoxqütblü dünyaya keçid fonunda ŞƏT-in rolu daha da nəzərə çarpır”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində pakistanlı ekspert, “Bir kəmər, bir yol” davamlı inkişaf təşəbbüsünün (BRISD) sədri, Asiya, Afrika və Latın Amerikasında əməkdaşlığın inkişafı və innovasiyaların təşviqinə yönəlmiş beynəlxalq platformanın rəhbəri Kayser Navab deyib.

– Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci iclası avqustun 31-dən sentyabrın 1-dək Tiencin şəhərində keçiriləcək. Bu sammit Avrasiya diplomatiyası üçün nə dərəcədə əhəmiyyətlidir?

– Bu, həqiqətən də kritik məqamdır. 20-dən çox dünya lideri və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri sammitdə iştirak edəcəklər. Bütün bunlar isə qlobal qeyri-müəyyənliyin dərinləşdiyi və çoxqütblülüyə doğru açıq keçidin baş verdiyi bir zamanda baş tutur.

– Yenidən diqqət mərkəzində Çin, Hindistan və Rusiya olacaq. Onların qarşılıqlı əlaqəsinin formatını necə qiymətləndirirsiniz?

– Sammitin vizual mənzərəsi çox şeyi deyir. “ÇHR üçlüyü” – Çin, Hindistan və Rusiya yüksək səviyyəli dialoqa hazır olduqlarını nümayiş etdirirlər. Bu, regional və qlobal məsələlər üzrə koordinasiyaya yeni hazırlığı göstərir. Prezident Vladimir Putinin təmsil etdiyi Rusiya üçün ŞƏT diplomatik təcridin dəf olunması və davam edən Qərb sanksiyaları fonunda Çinlə iqtisadi əlaqələrin möhkəmləndirilməsində bir meydana çevrilir.

– Bu proseslərdə Hindistanın rolu necədir?

– Baş nazir Narendra Modinin rəhbərliyi ilə Hindistanın iştirakı həm praqmatizmi, həm də ehtiyatlılığı əks etdirir. Bir neçə illik gərginlikdən sonra Çinlə münasibətlərdə ehtiyatlı istiləşmə müşahidə olunur, belə ki, ticarət yanaşmalarına yenidən baxılır, sərhəddə gərginliyin azaldılması tədbirləri görülür, birbaşa aviareyslər bərpa edilir. Amma Hindistan hələ də açıq antiqərb oxuna cəlb olunma ehtimalına şübhə ilə yanaşır. Tiencindəki görüş Nyu-Delhiyə strateji muxtariyyətini qorumaqla yanaşı, Avrasiyada iqtisadi iştirakını gücləndirməyə imkan verir.

– ŞƏT regionda sabitliyin təmin olunmasında hansı rolu oynayır?

– Təşkilat tədricən mühüm sabitləşdirici faktora çevrilib. O, daha çox formal institutlara deyil, funksional əməkdaşlığa əsaslanır. Regional Antiterror Strukturu terrorizm, ekstremizm və narkotik qaçaqmalçılığı ilə mübarizədə real nəticələr göstərir. Bu uğurlar ənənəvi ittifaqların böhran yaşadığı bir dövrdə ŞƏT-in təhlükəsizlik sahəsində tərəfdaş kimi nüfuzunu artırır.

– Sammitin keçirilmə məkanı olaraq niyə məhz Tiencin seçilib?

– Tiencin sənaye sahəsində modernləşmənin və qlobal ticarətin mərkəzidir. Simvolik olaraq bu il ŞƏT çərçivəsində Dayanıqlı İnkişaf İli elan olunub. Bu, “yaşıl artım”a keçidi, rəqəmsal infrastrukturun inkişafını və inklüziv iqtisadi bərpanı nəzərdə tutur. Liderlər onillik inkişaf strategiyasını təsdiq etməyi planlaşdırırlar. Strategiya ticarət əlaqələrinin dərinləşdirilməsini, gömrük rejimlərinin harmoniyasını və dayanıqlılığını, institusional dərinliyin artırılması üçün birgə maliyyələşdirmə mexanizmlərinin yaradılmasını əhatə edir.

– ŞƏT çərçivəsində maliyyə əməkdaşlığı nə dərəcədə vacibdir?

– Bu, əsas istiqamətlərdən birinə çevrilir. Çin yuan əsasında rəqəmsal ödəniş sistemlərini təşviq edir, trans-sərhəd hesablaşmalar üzrə pilot layihələr isə məzənnə dalğalanmaları və birtərəfli sanksiyalardan qorunmaq istəyən ölkələrin artan marağına səbəb olur. Bəli, ŞƏT İnkişaf Bankının yaradılması və genişləndirilmiş banklararası konsorsium layihəsi yavaş irəliləyir, lakin bu, açıq rəqabət olmadan ABŞ dollarından asılılığın tədricən azaldılması istiqamətində ümumi meyli əks etdirir. Bu səssiz maliyyə eksperimentləri daha müstəqil regional ticarət sisteminin əsasını qoya bilər.

– ŞƏT-i Qlobal Cənubun səsi adlandırmaq olarmı?

– Əlbəttə. Qlobal güclərin rəqabəti fonunda Qərb ölkələrinin olmaması təşkilata ənənəvi bloklardan kənarda müstəqil dialoq platforması xarakteri verir. Bir çox üzv dövlətlər üçün ŞƏT suverenliyin müdafiəsi, inkişaf hədəflərinə nail olmaq və Şərq ilə Qərb arasında balans yaratmaq alətidir. Analitiklər vurğulayırlar ki, bu, ideoloji ittifaq deyil, praqmatik forumdur. Burada sanksiyalara məruz qalmış dövlətlərdən tutmuş islahatçı iqtisadiyyatlara qədər müxtəlif aktorlar siyasətlərini əlaqələndirə və mübahisələri həll edə bilirlər.

– Amma təşkilat Qərbin tənqidlərinə də məruz qalır…

– Bəli, Qərb tənqidçiləri tez-tez ŞƏT-i mövcud strukturlara çağırış kimi təqdim edir və hətta onu “qeyri-sabitlik oxu” adlandırırlar. Amma bu, şişirtməkdən başqa bir şey deyil. Təşkilatın öz daxilində də dərin ziddiyyətlər qalır. Xüsusilə, Hindistanla Çin, Hindistanla Pakistan arasında.

– ŞƏT-in ideologiyasının əsasını təşkil edən “Şanxay ruhu” indi nə dərəcədə aktualdır?

– “Şanxay ruhu” etimad, bərabərlik, müxtəlifliyə hörmət və qarşılıqlı faydadır. Çin diplomatiyası son vaxtlar əməkdaşlığın dərinləşdirilməsi üzrə beşmaddəli plan vasitəsilə bu prinsiplərin gücləndirilməsinə çağırır. Bu isə nəqliyyat əlaqələrinin inkişafı, regional ticarət dəhlizlərinin genişləndirilməsi, təhlükəsizlik üzrə dialoqlar kimi konkret tədbirlərlə tamamlanır. Bu tədbirlər tarixi rəqiblərin belə konstruktiv qarşılıqlı fəaliyyətinə şərait yaradır.

– İnfrastruktur layihələri və əlaqəlilik barədə nə deyə bilərsiniz?

– Əlaqəlilik sahəsində təşəbbüslər – limanların, sənaye zonalarının, quru dəhlizlərinin inteqrasiyası ŞƏT-in siyasi dialoqu praktiki nəticələrə çevirə bildiyini nümayiş etdirir. Bu, enerji axınlarını yaxşılaşdırır, bazarlara çıxışı genişləndirir, investisiya imkanları yaradır. Belə uğurlar göstərir ki, ŞƏT-in gücü ideoloji ritorikada deyil, praqmatizmdədir.

– ŞƏT hansı çağırışlarla üzləşir?

– Çağırışlar kifayət qədərdir. Daxili rəqabətlər birliyi məhdudlaşdırır. İqtisadi prioritetlər də fərqlənir. Belə ki, bəzi dövlətlər azad ticarətə yönəlir, digərləri isə sanksiyalar altında daha çox proteksionizm axtarır. Lakin təşkilat sübut edib ki, o, adaptasiya qabiliyyətinə malikdir, geniş siyasi bəyanatlardan çox funksional əməkdaşlığa üstünlük verir. Məhz bu tədrici yanaşma iflicdən qaçmağa və nüfuzunu qorumağa imkan verir.

– Tiencindəki sammitin əsas nəticəsi nə ola bilər?

– Beynəlxalq sistemin iqtisadi parçalanma və qlobal qarşıdurma xətlərinin dərinləşməsi ilə xarakterizə olunduğu bir şəraitdə ŞƏT sabitləşdirici rol oynayır. O, Qərbə qarşı “xaç yürüşü” iddiasında deyil və Qərb strukturlarına formal əks-çəkidə olmağa çalışmır. Onun missiyası çətinlikləri idarə etməkdir, onları gizlətmək yox. Tiencin proqramı təhlükəsizlik, dayanıqlı inkişaf və maliyyə sabitliyi üzərində qurulub. Bu, ŞƏT-in müzakirə platformasından daha nəticəyönlü təşkilata çevrilməsi yolunda bir addımdır.

– Demək olarmı ki, ŞƏT çoxqütblü dünyanın mühüm elementi olur?

– Şübhəsiz. Tiencin sammiti göstərir ki, ŞƏT çoxqütblü nizamın formalaşmasında daha fəal rol oynamağa hazırdır. Onun təhlükəsizlik, iqtisadi əlaqəlilik və mədəni qarşılıqlı anlaşmaya əsaslanan səssiz, praqmatik diplomatiyası sabitliyə alternativ yol təqdim edir.

– Bu sammit dünyaya hansı əsas mesajı verir?

– Qeyri-sabit dövrdə ŞƏT sərt bloklara daxil olmağa məcbur etmədən mürəkkəb reallığı idarə etməyə imkan verən forum olaraq qalır. İstər terrorizmə qarşı mübarizə, istər ticarət, enerji, yaxud maliyyə islahatları olsun, təşkilatın gücü qlobal qarşıdurma xətlərinin dərinləşdiyi bir vaxtda açıq dialoqu qoruyub saxlamağındadır. Sammitin nəticələri gurultulu sensasiyalar gətirməsə də, bir mühüm həqiqəti təsdiq edə bilər: parçalanmış dünyada mərhələli əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see171

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see147

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see143

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see136

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see133

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see129

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see128

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see123

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see122

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see122

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see121

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see120

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri