Səhiyyəmizin qorxunc diaqnozu Professor inanılmaz faktlar açıqlayır VİDEO
Icma.az, Bakupost saytına istinadən bildirir.
AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professor, məşhur "91"-lər sırasında Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin keçmiş deputatı (1995–2005) Sudeyf İmamverdiyev “Bakupost TV”-nin efirində jurnalist Elçin Zahiroğlunun suallarını cavablandırıb.
- Sudeyf müəllim, siz uzun illərdir, səhiyyə sistemində çalışırsınız. Həm də bir siyasi keçmişiniz var. Millət vəkili olmusunuz. İndi də bir həkim kimi aktiv fəaliyyət göstərirsiz... Bütün bunlar imkan verir ki, sizinlə birlikdə səhiyyəmizə həm içəridən, həm də kənardan baxaq. Sizcə, Azərbaycan səhiyyəsinin vəziyyəti necədi?
- Çətin sualdır. Bu məsələyə baxış birmənalı ola bilməz. İcbari Tibbi Sığorta sisteminin, TƏBİB-in yaranması ilə bağlı insanların sərbəst şəkildə sığortadan yararlanması, müayinələrdən keçməsi, müalicə alması müsbət cəhətdir. Bu, insanların tibbi yardım üçün müraciət məsələsini xeyli yüngülləşdirib. Amma burada neqativ hallar da az deyil. Köhnə, qəbul olunmuş kadrların yerləşdirilməsində, kollegial proseslərin həll edilməsində problemlər yaranıb. Məsələn, təhsilini bitirdi, sonra da getdi Türkiyədə uzmanlıq aldı, sonra sertifikasiyadan keçdi, cərrahlıq etməyə hüququ çatır. Amma bütün bunlar o demək deyil ki, sən yüksək səviyyəli cərrah kimi formalaşmısan. Məsələn, Tibb Universitetinin kafedralarında xəstə qəbul edilir, müalicə prosesi kontrol olunur və cərrahi əməliyyatdan qabaq müzakirə aparılır. Yəni burda bir neçə mütəxəssis iştirak edir. İndi isə biri uzmanlıq alıb, xəstəni qəbul edir, əməliyyat qərarı verir.
- Yəni deyirsiniz ki, sertifikasiyadan keçmək hələ peşəkar həkim olmaq anlamına gəlmir...
- Bəli, peşəkarlıqdan çox uzaqdırlar. Universiteti bitirməyin bütün məsələləri özün həll edə bilərsən demək deyil. İndi hətta klinik xəstəxanada təcrübəsi olmayan, ancaq sertfikatı olan birini işə götürürlər, əməliyyat edir. Davamlı səhvlərə yol verir. Bəzilərinin işi prokurorluqdadır. Gəlib bizdən rəy istəyirlər, xəstənin yaxınları müxtəlif qurumlara şikayətlər edirlər. Sonda biz xəstəni yenidən əməliyyat eləməli oluruq. Götürək özəl xəstəxanaları. Nədir onların mahiyyəti, niyə yaranıblar? Təbii pul qazanmaq üçün. Onları idarə edən şəxsləri maraqlandıran gəlirdir. Hər yerə reklam verirlər, çox adam gəlsin, çox qazanaq. Gedin baxın, görün məni hardasa reklam eləyiblər?.. Yoxdur belə reklam. Amma təcrübəsiz birini dayanmadan reklam edirlər, sonda insanlar inanır. Gəlir qəbuluna, müalicəsini alır, axırda da qalır pis vəziyyətdə.
- Professor, onsuz da biz həkimlərimizin sayı çox deyil, xüsusən regionlarda çatışmazlıqlar var. Qaydalar sizin dediyiniz səviyyədə sərtləşdirilsə, daha böyük təcrübə tələb olunsa, cərrahların sayı kəskin şəkildə azalmazmı?
- Fikirləşmək lazımdır ki, onların fəaliyyətini necə nəzarətdə saxlayaq. Bu olmalıdır ki, cərrah məsuliyyət daşısın. Məsuliyyət artdıqca həkim fərqli istiqamət götürür. Yüksək səviyyəli nəzarət üçünsə sistem bir olmalıdır. Məncə, indiki vəziyyət, səhiyyə sisteminin bölünməsi bizə xeyir gətirə bilməz.
- Yəni TƏBİB ayrı, Səhiyyə Nazirliyi ayrı olmamalıdır?
- Olmamalıdır. Biz bu barədə zaman-zaman təcrübəli şəxslərlə, professorlarla müzakirələr aparırıq. Heç biri bu sistemi rahat qəbul edə bilmir.
- Bəlkə idarəedici qurumlara təkliflər vermək lazımdır ki, bax, bu məqamlar problem yaradır, bizi faciəyə aparır?.. Göz yumulan neqativ hallar həkimlərin reputasiyasının zədələnməsinə gətirib çıxarır. Belə təklifləriniz varmı?
- TƏBİB-in bəzi qərarları çox yanlışdır. Məsələn, Tibb Universiteti uzun illərdir mütəxəssis hazırlayır. Xəstə gəlməsə, müalicə olunmasa, sən tələbəyə nə öyrədə bilərsən? Möcud sistem buna mane olurdu. Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına, cərrah korpusuna ancaq və ancaq pullu xidmət icazəsi verilmişdi. Pullu.
-“Verilmişdi” dediniz, indi elə deyil?
- İndi vəziyyət bir az fərqlidir. İş işdən keçəndən sonra Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası sığorta sisteminə bağlı xəstəni əməliyyat etmək icazəsi verilib. Amma siz indi qərarın gülünclüyünə baxın. Xəstə öz hesabına gəlir, bütün müayinələrdən keçir, diaqnozu təsdiq olunarsa, sən onu sığorta sistemi ilə əməliyyat eləyə bilərsən. Belə şey olar? Hər xəstəxanaya bir cür qanun tətbiq edirlər. Digərində hər şey sığorta hesabına olur, səndə sadəcə, əməliyyat…
Bu gülünc deyil? Bunu kimə deyəsən, kiminlə müzakirə edəsən? TƏBİB-in rəhbəri eşitsin: bu, bizi hörmətdən salır. Tək TƏBİB-i hörmətdən salmır e, bizim ümumi düşüncəmizi hörmətdən salır ki, bunlar necə düşünürlər? O adam yerində deyil. Düşüncəsi səhvdir. Xalqına olan münasibətində qüsur var. Öz azərbaycanlısı gəlir xəstəxanaya, həkimi tanıyır, - məşhur professordur, cərrahdır, - konsultasiyasını ala bilmir. Gərək 50 manat köçürə ki, professor dərdini dinləsin. Nə üçün onun qarşısını alırsan? Bu Tibb Universitetinin bazasıdır, tədrislə məşğuldur. Hər xəstənin gəlişi tələbənin hazırlığına, inkişafna müstəsna təsir edir. Amma sən buna mane olursan.
- Mənə elə gəlir ki, söhbət təkcə TƏBİB rəhbərliyindən getməməlidir. Sistem bu cür qurulub. Yəni TƏBİB yeni yaradılanda, bəzi xəstəxanalar Səhiyyə Nazirliyin tabeliyindən çıxarılıb TƏBİB-ə veriləndə bu məsələlər nəzərə alınmalı idi. Yoxsa, sən bir hissəni saxla Səhiyyə Nazirliyinin tabeliyində və yaxud publik hüquq şəxs kimi, qalan hissəni ver TƏBİB-ə… Təbii ki, TƏBİB də istəyəcək ki, potensialını öz xəstəxanalarına yönləndirsin. Çünki qanun buna imkan verir.
- Siz əla söz dediniz, “TƏBİB istəyəcək”... Bu nə deməkdir? Deməli, individual yanaşma var.
- Yəni o TƏBİB-in rəhbərinin şəxsi istəyi deyil…
- Necə deyil? Necə oldu Tibb Universitetinə dünən o xəstəni sığortayla əməliyyat etməyə icazə vermirdi, bu gün verir? TƏBİB-in rəhbəri düzgün, məntiqli şəkildə, milli şüurla bunu analiz etsə, ərizəsini yazıb işdən ayrılar ki, mən bu işi bacarmıram, öz xalqımın qarşısında biabır ola bilmərəm.
- Düzdü, sizin uzun illərə söykənin təcrübəniz var. Amma bir xatırlatma etmək istəyirəm ki, xəstələrin yönləndirilməsini həyata keçirən qurum İcbari Tibbi Sığorta Agentliyidir, TƏBİB və ya onun rəhbəri deyil.
Umimiyyətlə, məh hesab edirəm ki, səhiyyə sisteminin belə patçalanması, Səhiyyə Nazirliyinin çökməsi, idarəçilik sistemində çiddi boşluqların olmasıyla bağlı olub. Yəqin, düşünüblər ki, icbarı tibbi sığortanın tətbiqini bu qurumla həyata keçirkəm mümkün olmayacaq. Buna görə də yeni qurumlar yaradıldı. Əgər bu addım səhv idisə, peşəkar adamlar vaxtında fikirlərini bildirməli, təkliflərini verməliydilər...
- Şəxsən mən bununla bağı səlahiyyətli şəxslərə müraciət etmişəm. İzah etməyə çalışmışam ki, bu yanaşma düz deyil. Sistem gərək bir rəhbərlikdən, bir istiqamətdən idarə olunsun və tamamilə fərqli məsuliyyət hissi formalaşsın. İndi kimin ağlına nə gəlir edir... Gündə bir tələb çıxır, gah Sertifikasiya tələb olunur...
- Amma Sertifkasiyanı tələb edən, keçirən Səhiyyə Nazirliyidir, TƏBİB yox...
- Söhbət ondan yox, yanaşmadan gedir. “Sertifikat aldı, həkim işləyə bilər” yanaşması doğru deyil.
- Siz sertifikasiyadan keçmisiz?
- Keçmişəm.
- Sizin qədər təcrübəli cərrahı kim imtahan edib, buna nə ehtiyac var?
- Bilirsiniz, gülməli olan nədir? Mən professoram, Tibb Universitetinin kafedra müdiri kimi müalicə işinə rəhbərlik eləyirdim. Xəstəxananın birində baş həkim deyir ki, siz bizə çox lazımsınız, xahiş edirik, bizimlə çalışın, digəri deyir ki, bu gündən sizə əməliyyat eləməyə, müalicə ilə məşğul olmağa icazə vermirəm, gərək sertifikatınız olsun. İndi sual olunur: Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası dövlətin deyil? Niyə bu qədər fərqli qərarlar verilir. Görün, ayrı-ayrı şəxslərin düşüncəsi və yanaşması proseslərə necə təsir eləyir. Halbuki qətiyyən belə olmalı deyil. Vahid qərar, vahid nəzarət sistemi olmalıdır.
- Deməli, əslində səhiyyəmiz bu azardan, bu xəstəlikdən ona görə qurtulmur ki, düzgün diaqnoz qoyulmayıb. Səhiyyəmizin özünə də düzgün diaqnoz qoyulmalıdır ki, problemlər həll olsun. Bizdə müasir xəstəxanalar, yaxşı kadrlar, dövlətin bu sahəyə qayğısı var və kifayət qədər büdcə də ayrılır. Ancaq sistem və keyfiyyətli xidmət yoxdur. Ona görə də insanımız məmnun deyil. Həkim olmaq istəyənlər xaricdə təhsil almaq istəyirlər. Müalicə olmaq istəyənlər xaricə üz tuturlar. Yaxşı həkimlərimiz də işləmək üçün xaricə axın edirlər. Halbuki bu sahəni dirçəldə, dünya səviyyəsinə çatdıra bilərik…
- Əvvəla, müalicə üçün xaricə getməyə ehtiyac yoxdur. Azərbaycanda bütün sahələrdə peşəkarlar formalaşıb. Sadəcə, həkimi düzgün müəyyən etmək lazımdır.
- İnsanlar yaxşı həkimi necə, haradan tapsınlar?
- Bəzi texniki məqamlar var ki, bizə mane olurlar. Məsələn, Tibb Universitetinin cərrahiyyə korpusuna müasir avadanlıqlar verilmişdi. İşləndikcə xarab oldular. İndi nə qədər vaxtdı avadanlıqlar yenilənmir. Həkim də məcbur qalıb ya xəstəni öz avadanlığı ilə müayinə edir, ya da başqa yerə yönləndirir. Avadanlığı kirayə götürməlidi. Belə olanda da xəstədən pul istəyir ki, xərcini ödəsin. Təsəvvür eləyirsiz, həkim öz cihazı ilə əməliyyata gedir. Niyə belə olmalıdır? Üstəlik, TƏBİB-in xəstəxanalarına daha çox diqqət göstərilir, digərlərinə fikir verilmir. Bunlar çox ciddi problemlərdir.
- Məni ən çox narahat eləyən məsələlərdən biri də özəl klinikalarla bağlıdır. Onlara həkimlər deyil, sahibkarlar, hansısa məmurlar rəhbərlik edirlər. Məncə, bu da səhiyyənin bir faciəsidir. Daha çox pulu düşünürlər deyə, ağlasığmaz qərarlar da verirlər. Məsələn, bir xəstə gəlib, ona stent də qoymaq olar, açıq ürək əməliyyatı da etmək olar. Sığortadan daha çox alsınlar deyə, açıq ürək əməliyyatı edirlər. Yəni bir məsələyə bir alverçi yanaşması var. Bu problemi necə həll etmək olar?
- Bu bir az mürəkkəb məsələdir. Çünki xəstəxanadır, açılır, təbliğat aparılır, reklam işi qurulur. Orada işləyən həkimlər özləri də xərc çəkirlər ki, çox xəstə gəlsin. Hər şey bağlı olur xəstəxana rəhbərinin vicdanına. Biri vardı, cərraham deyirdi, Fransada oxumuşdu. Düz üç saat əlləşdi böyrəyi tapa bilmədi ki, əməliyyat etsin. Amma reklamda ağız dolusu danışırdı ki, mən Fransadan belə məktəb keçmişəm, filan. İndi bütün bunları tənzimləmək çox çətindi. Heç mən özüm düz-əməlli təsəvvür edə bilmirəm ki, kim nə işlə məşğuldur? TƏBİB nəyə baxır, Səhiyyə Nazirliyi nə edir? Bu sistem birləşməlidir.
- Doktor, siz özünüz harda müalicə olursunuz?
- Öz ölkəmizdə. Bizdə yaxşı həkimlər var. Bununla bağlı heç vaxt xaricə üz tutmağıma ehtiyac olmayıb.
- Siz həkimlərə tez-tez müraciət elədiyinizə görə belə, maşallah, sağlamsınız, yoxsa başqa nəsə edirsiniz?
- Həkimlərə nadir hallarda müraciət eləyirəm. İnsanın həyat tərzinin böyük rolu var. İrsin böyük əhəmiyyəti var. Daha sonra düşüncə tərzinin böyük əhəmiyyəti var. İnsan gərək bir az optimist olsun. Xalqını, ölkəsini, insanlarını sevə-sevə yaşasın. Hər şeydən müsbət emosiyalar ala bilsin. Hər zaman yaxşılıq etməyə çalışsın. Bütün bunlar səhhətimizə çox təsir edir. Bir də müəyyən qədər idmanla məşğul olmaq, yeməyə fikir vermək lazımdır.
- Doktor, bu günlərdə sizinlə bağlı reportaj hazırlamışdıq. Onda bildik ki, 87 yaşınıza qədər 30 min əməliyyat eləmisiniz. Hələ də davam edirsiniz...
- 30 mindən çox olar.
- Ən yaşlı pasientinizin neçə yaşı olub?
- 93. Rahat əməliyyat olunub, sağalıb gedib.
- İndi baxırsan ki, məşhur cərrahdı, amma pasiyentlə heç nə danışmır, ona sadəcə diaqnoz qoyulanda vaxt ayırır. Sizdə vəziyyət necədir, pasiyentlə söhbətə ehtiyac duyursunuzmu?
- Ola bilsin ki, o reklam-filan olunan cərrahların yanına gələn çoxdu deyə, pasiyentə vaxt sərf etmək istəmirlər. Tez hansısa köməkçisinə tapşırır, bunu elə, onu elə. Fərqində deyil ki, özü maraqlanmalıdı. Bir xəstənin rənginə bax, onunla danış, gör dərdi nədi. O, ən yaxınını qoymalıdı xəstənin yerinə. Onunla xəstəlik barəsində ciddi, hərtərəfli fikir mübadiləsi aparmalıdır.
- Çox sağ olun. Yorduq sizi. Bizə vaxt ayırdığınıza görə çox minnətdarıq.
- Təşəkkür edirəm.

