Səma onun taleyi idi: Milli Qəhrəman İqor Kşnyakinin itkisi və xatirəsi qəhrəman pilotun qızı danışır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 25 dekabr, AZƏRTAC
Ötən ilin dekabrın 25-də Azərbaycanı və beynəlxalq aviasiya ictimaiyyətini dərindən sarsıdan faciəli aviaqəza baş vermişdir.
AZAL aviaşirkətinə məxsus, Bakı–Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdır. Təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin və 5 ekipaj üzvü) olmuş, onlardan 29-u, o cümlədən iki ekipaj üzvü sağ qalmışdır.
Həlak olanlar arasında hava gəmisinin komandiri, Azərbaycanın Milli Qəhrəmanı İqor İvanoviç Kşnyakin də olmuşdur. 15 mindən artıq uçuş saatına malik təcrübəli pilotun peşəkarlığı və fədakarlığı sayəsində 29 nəfərin həyatı xilas edilmiş, pilot özü isə həlak olmuşdur. Təyyarənin zədələnməsindən sonra həyata keçirilən qəza enişi zamanı göstərdiyi qəhrəmanlıq cəsarət və yüksək peşəkarlığın rəmzinə çevrilmişdir.
İqor Kşnyakin 1962-ci il mayın 19-da Bakıda anadan olmuş və bütün peşəkar həyatını aviasiyaya həsr etmişdir. O, uçuş hazırlığına 1982-ci ildə Sasovo Mülki Aviasiya Uçuş Məktəbində başlamış, “An-2” təyyarəsinin ikinci pilotundan müasir hava gəmilərinin komandirinədək peşəkar yol keçmişdir. Xidməti illəri ərzində “Yak-40”, “Tu-134”, “An-140”, “ATR-42/72” və “Embraer-170/190” tipli təyyarələri idarə etmişdir. 2013-cü ilin dekabr ayından etibarən İqor Kşnyakin “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer-170/190” hava gəmisinin komandiri olmuşdur. Onun peşəkarlığı dəfələrlə insanların həyatını xilas etmişdir. O cümlədən, 2020-ci ildə Bakı–Moskva reysi zamanı təcili enişi uğurla həyata keçirərək bir sərnişinin həyatını xilas etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer-190” sərnişin təyyarəsinin qəzaya uğraması zamanı “xidməti vəzifələrini yerinə yetirərkən və sərnişinlərin həyatını xilas edərkən göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və fədakarlığa görə” İqor İvanoviç Kşnyakinə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Səma onun taleyi olan insan haqqında - ilk növbədə doğma atası, peşəkar pilot və yaşadığı şəxsi itki barədə AZƏRTAC-a onun qızı Natalya Kşnyakina danışıb.
“Bu gün mən yalnız qəhrəmanın qızı kimi danışmıram. Həyatım boyu yanımda olan atanın qızı kimi danışıram. Mən onun çoxdan gözlədiyi qızı idim. Uşaqlıqdan bizim evdə hamı bilirdi ki, ata göydədir. Bu, həyatımızın adi bir hissəsi idi. Forma, qapı ağzında çamadan, uçuşdan əvvəlki baxışı. O, heç vaxt çox danışmazdı, amma həmişə bir cümlə deyərdi: “Tezliklə qayıdacağam”. Mən buna inanırdım, çünki o, həqiqətən həmişə qayıdırdı.
Mənim böyük qardaşım var. O da atam kimi göyü seçdi, onun yolunu davam etdirərək pilot oldu. Hazırda Bakıda yaşamır, lakin ailəsi ilə hər gəlişində ata mütləq onunla vaxt keçirməyə çalışardı. Onlar hər zaman görüşməyə can atırdılar, ata isə nəvələrinə xüsusilə sevinirdi. Bunlar onun üçün ən isti və ən qiymətli anlar idi.
Mən balaca olanda ata məni tez-tez özü ilə göbələk yığmağa aparardı. Mən tapa bilməyəndə, çox narahat olurdum. Xatırlayıram ki, məyus olurdum, o isə sakitcə deyirdi: “Narahat olma, alınacaq”. Bu sözləri ömrüm boyu yadda saxladım. Ata həmişə dəstək olmağı və inam verməyi bacarırdı – həm o vaxt, həm də mən böyüyəndən sonra. O, məni sözlərlə deyil, öz həyatı ilə tərbiyə edirdi. Dürüst olmağı, çətinliklərdən qorxmamağı, gördüyün işə və yaxınlarına görə məsuliyyət daşımağı öyrədirdi. Məşğul olmasına baxmayaraq, mənim üçün hər zaman vaxt tapırdı – danışmağa, dəstək olmağa, sadəcə yanımda olmağa.
Ata ikinci dəfə ailə qurdu, lakin münasibətlərimiz dəyişmədi. Demək olar ki, hər axşam danışırdıq. Bütün vacib qərarları, bütün narahatlıqları həmişə onunla müzakirə edirdim. Bu söhbətlərdən sonra mən həmişə rahatlaşırdım – ata son ana qədər mənim dayağım idi.
O, ailə bayramlarını çox sevirdi. Yeni ili birlikdə qarşılamağı planlaşdırırdıq — atam, onun ailəsi və mənim həyat yoldaşım. Bayram süfrəsində nələrin olacağını məmnuniyyətlə müzakirə edirdi. Ümumiyyətlə, ata yemək bişirməyi sevirdi. Məhz o, mənə şah plov bişirməyi öyrədib. İndi hər dəfə onu hazırlayanda atam yadıma düşür.
Faciədən bir gün əvvəl, adəti üzrə axşam ona zəng etdim. O dedi ki, səhər reysi var və söz verdi ki: “Enişdən sonra danışarıq”.
Lakin səhər onun zəngi əvəzinə təyyarənin qəzaya uğraması xəbərini aldım. Əvvəlcə buna sadəcə inana bilmədim. Xəbərləri açdım, həmin görüntüləri gördüm və o an sanki içimdə hər şey dayandı. Onun səsini artıq eşitməyəcəyəm, biz bir daha danışmayacağıq... 25 dekabr - atamın olmadığı gündür. Mənim üçün bu tarix xatirə və matəm günüdür. Bu gün mən təkcə atamı xatırlamaq istəmirəm.
Həmin gün son ana qədər onun yanında ekipaj üzvləri var idi - öz borclarını vicdanla və sona qədər yerinə yetirən insanlar. Mən onların hər biri qarşısında dərin hörmətlə baş əyirəm.
Bu aviaqəzada həlak olan bütün ailələrə səmimi başsağlığı verirəm. Qoy onların hər birinin xatirəsi atamın xatirəsi kimi eyni ehtiramla yaşadılsın.
Bu ilin dekabrın 20-də ekipaj üzvlərinin ailələrinin digər nümayəndələri ilə birlikdə faciənin baş verdiyi yerə — Aktauya uçdum. Bu səfərin təşkilinə kömək etdiklərinə və yanımızda olduqlarına görə Qazaxıstandakı ölkəmizin konsulluğuna, AZAL rəhbərliyinə və əməkdaşlarına minnətdaram. Orada olmaq mənim üçün çox vacib idi.
Faciəyə qarşı göstərilən xüsusi diqqətə görə Prezident İlham Əliyevə ayrıca təşəkkür etmək istəyirəm.
Sonda demək istəyirəm ki, ölkə üçün atam qəhrəmandır.
Həmkarları üçün etibar edilən komandir idi. O, peşəsini sevirdi və onunla yaşayırdı.
Mənim üçün isə o, həmişə ata olaraq qalacaq - ən doğma və ən yaxın insan.
Ata, sən həmişə mənimləsən. Bütün həlak olanlara sonsuz hörmətimi ifadə edirəm. Allah rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 25 Dekabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















