Sosial mediada kütləvi ünsiyyət, yoxsa şəxsi maraqlar?
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Məsuliyyətsizlik ictimai rəyi zədələyir, mənəvi xaos yaradır
Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu gün insanlar xəbərləri, müxtəlif məsləhətləri və gündəlik məlumatları çox vaxt sosial media platformalarından əldə edirlər. Bu dəyişikliklə birlikdə blogerlərin də cəmiyyətdəki rolu artıb. Onlar artıq sadəcə əyləncə məzmunu hazırlayan insanlar deyil. Minlərlə, bəzən milyonlarla izləyiciyə təsir edən, ictimai rəyə istiqamət verən şəxslərə çevriliblər.
Əlbəttə, sosial mediada faydalı fəaliyyət göstərən, ictimai hədəfləri olan blogerlər də var. Kimisi insanları maarifləndirir, kimisi sosial problemləri gündəmə gətirir, kimisi də elm, təhsil, sağlamlıq və digər sahələrdə faydalı məlumatlar paylaşır. Bu cür məzmun həm cəmiyyət, həm də izləyicilər üçün böyük əhəmiyyət daşıyır. Amma sosial medianın başqa bir tərəfi də var. Bəzi blogerlər daha çox izləyici toplamaq, baxış sayını artırmaq və reklam qazanmaq üçün etik qaydaları, bəzən isə qanunun tələblərini belə gözardı edirlər. Nəticədə qalmaqallı, təhqiramiz və cəmiyyətin mənəvi dəyərlərinə uyğun gəlməyən paylaşımlar artır.
Son vaxtlar belə hallarla bağlı hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər də bunu təsdiqləyir. Məsələn, Sənur Əzizov sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik ifadə edən davranışlarına görə saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib olunub və məhkəmənin qərarı ilə 8 sutka inzibati həbs cəzası verilib.
Oxşar hadisə Müjgan Məmmədzadə ilə bağlı da yaşanıb. O, internetdə ictimai mənəviyyata zidd və cəmiyyətə hörmətsizlik ifadə edən məzmun paylaşdığı üçün məsuliyyətə cəlb olunub və məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs edilib. Daha ağır nəticə ilə üzləşən blogerlər də var. Vasif Fətiyev sosial şəbəkədə etdiyi paylaşımlardan sonra yaranan mübahisə zamanı Beyləqan Elektrik Şəbəkəsinin rəhbərinə zor tətbiq etməkdə və avtomobilə ziyan vurmaqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib.
Bu hadisələr bir həqiqəti göstərir. Bu da o deməkdir ki, sosial media qanundan kənar məkan deyil. Telefonda yazılan bir status, çəkilən bir video və ya bir paylaşım real həyatda hüquqi məsuliyyət yaradır. Bloger olmaq heç kimə başqasını təhqir etmək, yalan məlumat yaymaq və ya cəmiyyətə zərər vuran davranışlar nümayiş etdirmək hüququ vermir.
Sosial medianın ən böyük problemlərindən biri isə dezinformasiyadır. Bu gün bir xəbər bir neçə saat ərzində milyonlarla insana çatır. Təəssüf ki, bu sürət təkcə doğru xəbərlərə yox, yalan məlumatlara da aiddir. Bəziləri məlumatı yoxlamadan paylaşır, bəziləri isə daha çox baxış toplamaq üçün bilərəkdən qalmaqal yaradır. Çünki sosial mediada qalmaqallı xəbərlər daha tez yayılır, daha cəlbedicidir. Amma bunun nəticəsi çox vaxt ağır olur.
Blogerlər tərəfindən sağlamlıqla bağlı yanlış məlumatlar da insanlar üçün təhlükəlidir. Maliyyə ilə bağlı əsassız tövsiyələr isə insanları ziyana salır. İctimai və siyasi mövzularda yayılan dezinformasiyalar isə cəmiyyətdə çaşqınlıq yaradır, insanların hadisələri düzgün qiymətləndirməsinə mane olur.
Yalan məlumatın ən təhlükəli tərəfi odur ki, sonradan onun yanlış olduğu sübuta yetirilsə belə, yaratdığı təsiri tam aradan qaldırmaq çətin olur. Bir xəbər bir neçə saat ərzində milyonlarla insana çata bilir, amma həmin xəbərin təkzibi adətən eyni sürətlə yayılmır. Nəticədə insanlar yanlış məlumat əsasında qərarlar verir, cəmiyyətdə çaşqınlıq yaranır və ictimai etimad zədələnir.
Sosial medianın digər ciddi problemlərindən biri isə reklamdır. Bu gün sosial şəbəkələr böyük reklam platformasına çevrilib. Şirkətlər məhsullarını tanıtmaq üçün blogerlərlə əməkdaşlıq edir və bu, əslində, normal marketinq üsuludur. Problem o zaman yaranır ki, ödənişli reklam izləyiciyə reklam kimi deyil, şəxsi təcrübə və ya səmimi tövsiyə kimi təqdim olunur.
Son vaxtlar sosial şəbəkələrdə bununla bağlı çoxlu nümunələrə rast gəlinir. Müxtəlif xəstəliklərin müalicəsi adı altında dərman preparatları, qida əlavələri və ya bitki mənşəli məhsullar reklam edilir. Bəzən iddia olunur ki, bu vasitələr şəkərli diabeti, oynaq ağrılarını, yüksək təzyiqi və ya digər xroniki xəstəlikləri qısa müddətdə aradan qaldırır, hətta “bir neçə günə sağaldır”. Halbuki bu cür iddiaların əksəriyyəti elmi və tibbi baxımdan təsdiqini tapmır.
Ən təhlükəlisi isə odur ki, bu reklamlar çox vaxt həkim məsləhəti kimi təqdim edilir və ya ağ xalatlı şəxslərin görüntülərindən istifadə olunaraq insanlarda etibar hissi yaradılır. İzləyici isə düşünür ki, bloger həmin məhsuldan istifadə edib və öz real təcrübəsini bölüşür. Halbuki əksər hallarda bu, ödəniş müqabilində hazırlanan reklamdır.
Belə paylaşımlar xüsusilə yaşlı insanlar, xroniki xəstələr və tibbi məlumatı məhdud olan şəxslər üçün risk yaradır. Onlar həkimə müraciət etmək əvəzinə sosial şəbəkədə gördükləri reklama inanır, nəticədə həm vaxt itirir, həm də sağlamlıqlarını təhlükə altına atırlar.
Bu problem yalnız sağlamlıq sahəsi ilə məhdudlaşmır. Kosmetik vasitələr, arıqlama preparatları, qida əlavələri, maliyyə xidmətləri, investisiya layihələri, onlayn qazanc platformaları və müxtəlif “möcüzəvi” məhsullar barədə əsassız və şişirdilmiş vədlər də insanların yanlış qərarlar verməsinə səbəb olur. Bir çox hallarda vətəndaşlar həm maddi ziyana düşür, həm də aldadıldıqlarını yalnız sonradan anlayırlar. İzləyicinin inamından yalnız qazanc əldə etmək naminə istifadə etmək təkcə etik normaların pozulması deyil, həm də cəmiyyət qarşısında məsuliyyətsiz davranışdır.
Sosial media geniş auditoriyaya çıxış imkanı yaradır. Bu imkan isə yalnız populyarlıq deyil, həm də məsuliyyət deməkdir. Minlərlə insanın etibar etdiyi bir şəxsin dediyi hər söz, etdiyi hər tövsiyə insanların sağlamlığına, maddi vəziyyətinə və həyatına birbaşa təsir göstərə bilər. Buna görə də blogerlər paylaşdıqları hər məlumatın doğruluğunu yoxlamalı, reklam məzmununu açıq şəkildə reklam kimi təqdim etməli və izləyicinin etibarından sui-istifadə etməməlidirlər.
Son illər diqqət çəkmək üçün təhlükəli videolar da artıb. Hündür binaların damında çəkilən görüntülər, təhlükəli “çağırışlar”, ictimai qaydaları pozan hərəkətlər bəzən əyləncə kimi təqdim olunur. Ancaq xüsusilə yeniyetmələr və gənclər bu videoları təqlid etdikdə faciəli nəticələr ortaya çıxır.
Bundan başqa, söyüş, təhqir, aqressiya və zorakılığın adi davranış kimi göstərilməsi də narahatlıq doğurur. Populyarlıq naminə hazırlanan bu cür məzmun cəmiyyətdə ünsiyyət mədəniyyətinə və mənəvi dəyərlərə mənfi təsir göstərir.
Amma məsuliyyət təkcə blogerlərin üzərinə düşmür. İzləyicilər də sosial mediada gördükləri hər məlumata dərhal inanmamalıdırlar. Mənbəsi bilinməyən xəbərləri paylaşmaq, hər sensasiyanın arxasınca getmək və məlumatı yoxlamadan yaymaq dezinformasiyanın böyüməsinə xidmət edir. Media savadlılığı bu gün hər bir insan üçün vacib bacarıqdır. Məlumatın mənbəyini yoxlamaq, reklamla şəxsi fikri ayırd etmək, şübhəli paylaşımlara tənqidi yanaşmaq daha sağlam informasiya mühitinin yaranmasına kömək edir. Unutmayaq ki, sosial media böyük imkanlar yaratdığı kimi, böyük məsuliyyət də tələb edir. Azad fikir ifadəsi vacibdir, lakin bu azadlıq başqalarının hüquqlarına, mənəvi dəyərlərə və qanunlara hörmət çərçivəsində həyata keçirilməlidir.
Bir məsələyə də münasibət bildirmək yerinə düşər. Son vaxtlar smartfonlar vasitəsilə foto və video çəkmək, onları saniyələr ərzində sosial şəbəkələrdə paylaşmaq çox asanlaşıb. Lakin bu imkan insanlara başqalarının şəxsi həyatına müdaxilə etmək, onları razılığı olmadan çəkib yaymaq hüququ vermir. Bəzi blogerlərin daha çox baxış və izləyici toplamaq məqsədilə insanların şəxsi məlumatlarını, ailə həyatına aid görüntüləri və gündəlik yaşamlarını icazəsiz paylaşması ciddi etik və hüquqi problemlər yaradır.
Belə paylaşımlar yalnız həmin şəxslərin nüfuzuna zərər vurmaqla kifayətlənmir, eyni zamanda onların psixoloji vəziyyətinə və təhlükəsizliyinə də mənfi təsir göstərir. İnsanların şəxsi həyatına aid məlumatların ictimaiyyətə təqdim olunması bəzən təzyiq, təhqir və sosial narahatlıqla nəticələnir. Xüsusilə azyaşlı uşaqların görüntülərinin valideyn razılığı olmadan paylaşılması ciddi məsələdir. Çünki uşaqların hüquqları və şəxsi məkanları xüsusi qorunmalıdır. İnternetdə yayılan məlumatların uzun müddət silinmədən qalması isə bir dəfə edilmiş paylaşımın təsirini illərlə davam etdirir. Bəs blogerlər sosial şəbəkələrdə yazılan və yayılan saxta məlumatlara görə məsuliyyət daşıyırmı? Bəzi insanlar interneti qanunların təsir etmədiyi sərbəst məkan kimi qəbul edirlər. Halbuki sosial media da real həyatın bir hissəsidir və burada edilən hərəkətlər hüquqi nəticələr doğurur. İfadə azadlığı mühüm hüquq olsa da, bu hüquq başqalarının şərəf və ləyaqətinə, şəxsi həyatına, təhlükəsizliyinə və digər qanuni maraqlarına zərər vurmaq imkanını vermir. İnternetdə törədilən hüquq pozuntuları digər informasiya vasitələrində törədilən pozuntular kimi qanunvericilik çərçivəsində qiymətləndirilir.
Azərbaycan qanunvericiliyində blogerlər üçün ayrıca cinayət tərkibi nəzərdə tutulmasa da, onların törətdiyi qanunazidd əməllər ümumi hüquqi normalar əsasında araşdırılır. Belə ki, internetdə bilərəkdən yalan məlumat yayaraq şəxsin şərəf və ləyaqətinə xələl gətirmək Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan), şəxsi nalayiq formada təhqir etmək isə 148-ci maddə (təhqir) ilə məsuliyyət yaradırr. Saxta hesab və ya anonim profil vasitəsilə böhtan və təhqir xarakterli məlumatların yayılması isə 148-1-ci maddə ilə tənzimlənir.
Blogerlərin fəaliyyətində diqqətçəkən digər hüquqi məsələ şəxsi həyatın toxunulmazlığıdır. İnsanların razılığı olmadan onların şəxsi məlumatlarının, foto və videolarının, ailə həyatına aid görüntülərin yayılması Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə məsuliyyətə səbəb ola bilər. Son illərdə gizli çəkilişlərin, şəxsi yazışmaların və digər məxfi məlumatların sosial şəbəkələrdə yayılması bu problemin daha da aktuallaşmasına səbəb olub.
Sosial mediadan istifadə etməklə qanunsuz gəlir əldə etmək cəhdləri də ciddi təhlükə yaradır. Saxta reklamlar, mövcud olmayan məhsul və xidmətlərin təbliği, yalan vədlərlə insanlardan pul toplamaq hallarında Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq əlamətləri yarana bilər. Böyük auditoriyaya malik blogerlər belə hallarda daha çox insanı təsir altına sala bildikləri üçün nəticələr daha ağır olur. Yuxarıda isə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi barədə məlumat vermişik.
Eyni zamanda, sosial şəbəkələrdə milli, irqi, dini və ya sosial zəmində nifrət və düşmənçilik yaradan paylaşımlar da hüquqi məsuliyyət doğurur. Cəmiyyətdə ayrı-seçkilik və qarşıdurma yaradan çağırışların geniş auditoriyaya çatması həmin məzmunun təhlükəsini artırır.
Bununla yanaşı, sosial mediada yaranan problemlərin qarşısını almaq yalnız blogerlərin məsuliyyəti ilə məhdudlaşmır. İzləyicilər də bu prosesin mühüm iştirakçılarıdır. Qarşıya çıxan hər məlumatı yoxlamadan paylaşmaq, mənbəyini araşdırmadan qəbul etmək və sensasiya xarakterli xəbərlərə inanmaq dezinformasiyanın yayılmasına şərait yaradır.
Beləliklə, daha çox izləyici toplamaq naminə insan sağlamlığını, insanların hüquqlarını və cəmiyyətin təhlükəsizliyini ikinci plana atmaq olmaz. Sosial medianın daha düzgün və faydalı bir yerə çevrilməsi üçün blogerlər paylaşdıqları məlumatlara diqqət etməli, izləyicilər gördükləri hər xəbərə kor-koranə inanmamalı, aidiyyəti qurumlar da öz nəzarət və tənzimləmə işini görməlidir.
Əks halda, bir neçə saniyəyə yayılan yanlış məlumatın və ya məsuliyyətsiz bir paylaşımın vurduğu zərərin qarşısını almaq getdikcə daha çətin olacaq.
Ə.PÜNHAN
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 11 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















