Sülh yolunda: qətiyyət! Və mövqesizlik...
Azərbaycan sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses nəticəyə yaxınlaşır. Hər iki tərəf danışıqlarla bağlı maddələrin predmetlər üzrə çox hissəsinin razılaşdırıldığını bildirirlər. Hətta müzakirə mövzusu olan 17 maddədən 15-i ətrafında razılığın əldə olunması ilə bağlı fikirlər səsləndirilir. Maraqlıdır ki, iki ildən artıqdır özünün qeyri-konstruktiv mövqeyi ilə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan tərəfi də artıq sülh anonsları səsləndirir. Bu, rəsmi İrəvanın artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul etməsi kimi dəyərləndirilsə də, bu ölkənin manipulyativ mahiyyəti hələ də sülhün yaranmasına maneədir. İrəvan özlüyündə anlayır ki, yaranan siyasi-iqtisadi reallıqlar sülhü və əməkdaşlığı aktuallışdırır - belə bir iqtisadi platforma isə indiki zamanda Ermənistan üçün hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə Azərbaycanın ona tanıdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır. Amma bununla belə, həm silahlanma, həm də Ermənistanın siyasi rəhbərliyinin vaxtaşırı səsləndirdikləri qeyri-standart açıqlamalar prosesin nəticəyə varmasına mane olur.
Sülhün yaxınlaşması: Ermənistan manipulyasiyadan əl çəkməlidir...
2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri sülh prosesini məzmunca yeni və nəticəyə yaxın bir mərhələyə daşıyıb. Hər zaman sülhpərvər mövqeyə malik olan Azərbaycanın prosesi major notlarla yekunlaşdırmaq üçün həm qətiyyəti, həm də şəffaf mövqeyi var - bəlli olduğu kimi, hələ 2022-ci ildən ölkəmizin təşəbbüsü ilə ortaya çıxan sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olacaq. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. Sadəcə olaraq, İrəvanın məsələdəki səmimiyyəti vacib faktorlardandır. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının daha da gücləndirilməsinə töhfə verməyə istiqamətlənməlidir.
Sülhün şərtləri: Azərbaycanın ortaya qoyduğu və beynəlxalq hüquqa söykənən müddəalar
Son dövrlərdə danışıqların predmetləri üzrə maddələrin razılaşdırılması məsələsi aktualdır. Azərbaycanın hələ 2022-ci ilin martında irəli sürdüyü məsələlər bu və ya digər şəkildə bu gün Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənir. Belə ki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinin birincisi dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ən mühüm addım sayıla bilər. Digər bir prinsip isə, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalq arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı, normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.
Üçüncü baza prinsipi isə dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prinsipləri arasında yer alır. Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu, qarşıdakı dövrdə ölkələr arasında normal münasibətlərin qurulmasına da stimul verən amilə çevrilər.
Qeyd olunduğu kimi, sülhlə bağlı mövqelər əsaslı dərəcədə yaxınlaşdırılıb. Prezident İlham Əliyev Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib ki, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik: “Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”.
Sülhün zəmini: Konstitusiya dəyişikliyi, Minsk qrupu ilə bağlı açıq mövqe...
Bununla belə, sülh üçün əsas amillər hələ də açıq qalmaqdadır. Sülhün bərqərar olması üçün zəmini formalaşdıracaq iki şərtdən biri və birincisi Ermənistanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoymasıdır. Azərbaycanın humanist və beynəlxalq hüquqa söykənən mövqeyinin qarşılığında rəsmi İrəvanın bir sıra məsələlərdə məqsədli şəkildə ləngiməsi prosesin effektivliyini azaldan amil kimi çıxış edir. İlk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Sülh üçün ilkin və əsaslı şərt məhz budur - bunun üçün isə Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir.
Digər məqam isə, vaxtilə “münaqişə”nin tənzimlənməsi üçün yaradılmış və artıq heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məsələnin İrəvan tərəfindən dəstəklənməsidir. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər isə qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəfli kontekstdə həll oluna bir məsələdir - nəticə etibarı ilə, ATƏT-in Minsk qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur.
Prezident İlham Əliyev bildirib ki, erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var: “Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.
Sülhə maneə: Qeyri-müəyyən açıqlamalar, silahlanma...
Eyni zamanda, Mirzoyan, Simonyan kimi Ermənistan siyasi rəhbərləri zaman-zaman verdikləri açıqlamalarla sanki sülh prosesini hədəfə alırlar. Simonyanın Aİ müşahidəçilərinin sülhdən sonra “getməsi” ilə bağlı fikiləri, Mirzoyanın delimitasiya prosesi ilə bağlı “qaranlıq mənalı” açıqlamaları açıq şəkildə sabotaj xarakteri daşıyır. Paralel olaraq İrəvanın Fransa, Yunanıstan və Hindistan kimi ölkələr tərəfindən silahlandırılması sülhə qarşı demarş sayıla bilər. Məhz bu kimi amillər 2024-cü ilin sülh ili olmasına maneçilik yaratdı. Halbuki, rəsmi İrəvanın ortaya qoyacağı qətiyyət bu məsələnin həllini daha da tezləşdirə bilərdi.
Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı qeyri-müəyyən açıqlamalar, Ermənistanın öz öhdəliyini yerinə yetirməməsi sülhə kölgə salan amillər sırasında yer alır.
Sülh referendumu: İrəvanın Aİ imitasiyası
Ermənistanın sülh məsələsindəki mövqesizliyinin ən bariz sübutlarından biri də ölkənin hələ də “siyasi oyunlar” axtarışanda olmasıdır. Məsələn, rəsmi İrəvanın sülh üçün tələb olunan Konstitusiya maddəsinin dəyişilməsi ilə bağlı referendum keçirəcəyi gözlənilərkən, onlar daha fərqli qərarla yadda qalır - Aİ-yə üzvlüklə bağlı referendum üçün “hazırlıq” prosesinə başlayır. Hətta Ermənistan MSK-sı bunun üçün edilən müraciət imzalarının 50 minini təsdiqləyir. Bu isə siyasi qərarsızlıq, siyasi mövqesizlikdir. Ermənistan üçün hazırda ən mühüm prioritet məhz sülh olmalı halda, Paşinyan diqqəti fərqli istiqamətə yönəltməyə çalışır - Aİ-yə qeyri-real üzvlük məsələsini ölkə üçün “süni aktuallaşdırma” səviyyəsinə gətirir. Ermənistanın Aİ üzvlüyü məsələsinin qeyri-real olmasına gəldikdə isə, bu həqiqətən belədir. İrəvan fərqli bir “iqtisadi qruplaşmada” - Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Cari ildə qurumun sədri də məhz Ermənistandır. Dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək və Ermənistan bu iclasa da sədrlik edəcək. Beləliklə, Ermənistan bütün məsələlərdə olduğu kimi sülh məsələsində də qərarsızlıq, mövqesizlik içindədir...
Sülh üçün: Azərbaycanın iradəsinə əsasən baş tutan ikitərəfli təmaslar
Halbuki Azərbaycanın iradəsinə əsasən baş tutan ikitərəfli təmaslar məsələnin həlli üçün olduqca əlverişli bir müstəvi formalaşdırıb. Keçirilən ikitərəfli görüşlər onu göstərir ki, məsələnin qarşılıqlı təmas formatında real həlli mövcuddur. Məsələyə kənar müdaxilə və ya fərqli vasitəçilik “arzusu” üçüncü bir tərəfin bu və ya digər şəkildə ən minimal həddə də olsa öz maraqları müstəvisindən çıxış etməsinə yol açır. Bu mənada, Azərbaycan müzakirələrin ikitərəfli təmas formatında inkişafını dəstəkləyir.
Beləliklə, Ermənistan üçün hazırki münbit şərait bir çox üstünlüklər vəd edir - İrəvan destruktiv açıqlamalardan və fikirlərdən, əməllərdən xüsusilə silahlanmadan uzaq dayanmaqla bölgənin gələcək perspektivi üçün öz töhfəsini təqdim etməlidir. Sülhün imzalanması bölgəyə yeni iqtisadi şəkilləndirmə verəcəyi qədər Ermənistanın da dirçəlməsinə vəsilə olacaq. Bu isə, İrəvanın dövlət maraqları ilə üst-üstə düşür...
P.SADAYOĞLU