Yaddaşdan doğan etimad və Qərbi Azərbaycan həsrətinin dövlət ünvanı
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Qərbi Azərbaycan sadəcə coğrafi anlayış deyil. Bu ad minilliklərin yaddaşından süzülüb gələn yurd nəfəsidir, daşlara hopmuş dua, dağların sinəsində qorunan tarixdir. Göyçə, Zəngəzur, Dərələyəz, İrəvan mahalı və adları bu gün xəritələrdən silinməyə çalışılan neçə-neçə qədim yurd yeri Azərbaycan xalqının tarixi yaddaş kitabıdır. Bu torpaqlarda nəsillər doğulub, böyüyüb, torpağa tapşırılıb. Bu torpaqlarda sazın səsi dağlara dəyib qayıdıb, ocaqların tüstüsü göyə qalxıb, minarələrdən yüksələn azan səsləri səssizliyə çevrilib, amma yaddaşdan silinməyib.
Qərbi Azərbaycan bizim üçün itirilmiş bir məkan deyil, zorla ayrıldığımız Vətəndir. Tarix boyu bu torpaqlarda Azərbaycan türkü öz adı, dili, dini, mədəniyyəti ilə yaşayıb, iz qoyub, tarix yazıb. Xəritələr dəyişdirilə, adlar saxtalaşdırıla bilər, amma xalqın yaddaşını silmək mümkün deyil. Çünki yurd torpaqdan ibarət deyil. Yurd ruhdur, kimlikdir.
Bu gün Qərbi Azərbaycan məsələsinin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi də məhz bu tarixi həqiqətin qəbuludur. Bu, yalnız keçmişə boylanmaq deyil, gələcəyə yönəlmiş strateji iradədir. Bu yol haqqın susdurulduğu yerdən sözə, yaddaşdan hüquqa aparan yoldur. Elə bu baxımdan Qərbi Azərbaycan İcmasının fəaliyyəti də sırf təşkilati çərçivə ilə məhdudlaşmır. Bu fəaliyyət yaddaşın qorunması, həsrətin sistemli şəkildə ifadəsi, tarixi torpaqlara qayıdış hüququnun siyasi və hüquqi müstəvidə təsbitidir. Bu ağır və şərəfli mübarizənin önündə isə yurd itkisini taleyində yaşamış, doğma torpaqlarından didərgin düşmüş ziyalılar dayanır. Onlar üçün Qərbi Azərbaycan mövzusu kağız üzərində yazılan mətn deyil. Ömür boyu sinədə daşınan nisgildir. Belə ziyalılardan biri də Göyçə mahalının yetirməsi, yurd həsrətini ömrünün səssiz ağrısına çevirmiş alim Zəfər Qurbanovdur.
Bəzən bir təyinat sadəcə inzibati qərar olmur. Bəzən o, bir xalqın yaddaşına, bir nəslin içində köz kimi yanan həsrətinə verilən mənəvi cavab olur. Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi təyin edilən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovun adı məhz belə bir cavabdır. Çünki o, təkcə alim, rektor, təşkilatçı deyil. O, sinəsində Göyçənin səsini, dağlarının lal nisgilini, göllərinin danışmayan xatirəsini gəzdirən Qərbi azərbaycanlı ziyalıdır. Onun taleyində yurd itkisi, ruhunda isə qayıdış ümidi var. Bu səbəbdən də ona göstərilən etimad rəsmi yox, daha çox mənəvi məna daşıyır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Zəfər Qurbanovu şəhər ictimaiyyətinə təqdim edərkən səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, Qərbi Azərbaycan məsələsi artıq tarix kitablarının kənarında qalan mövzu deyil. Bu, dövlət siyasətinin prioritet istiqaməti, milli yaddaşın dirçəldilməsi yoludur. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarının müdafiəsi və onların tarixi torpaqlara qayıdış hüququnun beynəlxalq müstəvidə tanıdılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlət başçısının öz ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında şəxsən iştirak etməsi isə bu yolun dövlət iradəsi ilə möhürləndiyini açıq şəkildə göstərdi.
Məhz bu strateji xəttin davamı olaraq Zəfər Qurbanovun Gəncə şəhəri üzrə nümayəndə təyin olunması təsadüfi deyil. Bu, milli maraqlara sadiqliyin, təşkilatçılıq bacarığının və prinsipial mövqeyin qiymətləndirilməsidir. Gəncə kimi böyük ictimai potensiala malik şəhərdə Qərbi Azərbaycandan olan soydaşlarımızın bir araya gətirilməsi, onların yaddaş ətrafında birləşdirilməsi, ictimai həmrəyliyin gücləndirilməsi üçün bu təyinat doğru ünvana atılan addımdır.
Təqdimat mərasimində çıxış edən natiqlərin də vurğuladığı kimi, Qərbi Azərbaycan məsələsi bu gün artıq milli mübarizə xəttidir. Bu xətt yaddaşın qorunmasını, hüququn müdafiəsini və qayıdış ideyasının diri saxlanılmasını tələb edir. Zəfər Qurbanovun bu missiyanın Gəncə üzrə daşıyıcısına çevrilməsi isə məsuliyyət qədər ümid də yaradır.
Zəfər Qurbanov özü də bu etimadı böyük şərəf və məsuliyyət hissi ilə qəbul edərək, Prezident İlham Əliyevə, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə və Gəncə şəhər rəhbərliyinə dərin təşəkkürünü ifadə etdi. Onun sözlərində məmur rahatlığı yox, yurduna qovuşmaq istəyən insanın daxili titrəyişi duyulurdu. O açıq şəkildə bildirdi ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının müdafiəsi, tarixi yaddaşın qorunması və ictimai həmrəyliyin gücləndirilməsi istiqamətində Gəncə şəhərində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçiriləcək.
Bu təyinat bir daha göstərdi ki, Qərbi Azərbaycan məsələsi artıq yalnız xatirə deyil, strategiyadır, ümiddir, gələcəkdir. Və bu yolun önündə duranlar da məhz yurd həsrətini yaşamış, onun ağrısını öz ömrünün bir parçasına çevirmiş ziyalılardır. Ümid edək ki, Göyçədən Bakıya, ordan Gəncəyə uzanan bu mənəvi körpü bir gün Gəncədən Göyçəyə qayıdış yoluna çevriləcək. Axı tarix susmur. Yaddaş unutmur. Həsrət isə gec-tez Vətənə qovuşur.
Qalib Rəhimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















