Yaxınlaşan sülh Cənubi Qafqaza tərəqqi və rifah gətirəcək
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma və qeyri-sabitlik mərhələsi tədricən arxada qalmaqdadır. Azərbaycan tərəfindən formalaşdırılan yeni regional reallıqlar fonunda de-fakto sülhün təmin olunması regionun sosial-iqtisadi inkişafı üçün yeni imkanlar açır. Xüsusilə Azərbaycan və Ermənistan arasında ticari-iqtisadi əlaqələrin bərpası Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasına ciddi təsir göstərəcək amillərdən biri kimi qiymətləndirilir.
Artıq iki ölkə arasında ticarət əlaqələrinin mərhələli şəkildə bərpa olunması müşahidə edilir. Bu proses, ilk növbədə, Ermənistan iqtisadiyyatı üçün əhəmiyyətli dividendlər vəd edir. Uzun illər blokada şəraitində fəaliyyət göstərən, regional layihələrdən kənarda qalan Ermənistan üçün Azərbaycan kimi güclü və dayanıqlı iqtisadiyyata malik ölkə ilə əməkdaşlıq obyektiv zərurətə çevrilib. Müharibə və gərginlik mühiti Ermənistan iqtisadiyyatını zəiflədən əsas amillərdən biri olduğu halda, iqtisadi inteqrasiya və regional əməkdaşlıq artım üçün real imkanlar yaradır.
Azərbaycan regionun aparıcı iqtisadi gücü olaraq geniş maliyyə resurslarına, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna və beynəlxalq enerji layihələrində mühüm mövqeyə malikdir. Ermənistan üçün belə bir ölkə ilə iqtisadi əlaqələrin qurulması yeni bazarlara çıxış, tranzit imkanlarının genişlənməsi və investisiya axınının artması deməkdir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanla münasibətlərin normallaşmasının Ermənistan iqtisadiyyatının perspektivlərini yaxşılaşdıra biləcəyini xüsusi vurğulayırlar.
Beynəlxalq reytinq agentliklərinin hesabatlarında regionda baş verən geosiyasi dəyişikliklərin də iqtisadi perspektivlərə müsbət təsir göstərə biləcəyi vurğulanır. Xüsusilə “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan və Ermənistan arasında ticari-iqtisadi münasibətlərin mərhələli şəkildə bərpa olunmasını region üçün mühüm iqtisadi imkan kimi qiymətləndirir. Agentliyin Ermənistanla bağlı reytinq fəaliyyətində qeyd olunur ki, Bakı ilə münasibətlərin normallaşması və sülh gündəliyinin irəliləməsi Ermənistan iqtisadiyyatının orta və uzunmüddətli perspektivlərini yaxşılaşdıra bilər. “Fitch” hesab edir ki, Azərbaycanla və onun vasitəsilə ticarət əlaqələrinin açılması, eləcə də Türkiyə ilə münasibətlərin yaxşılaşması regionda iqtisadi fəallığı artıran əsas amillər sırasındadır.
Agentliyin qiymətləndirməsinə əsasən, Ermənistanın uzunmüddətli kredit reytinqi “BB-” səviyyəsində təsdiqlənib, proqnoz isə “sabit”dən “pozitiv”ə yüksəldilib. “Fitch” proqnozlaşdırır ki, 2026–2027-ci illərdə Ermənistan iqtisadiyyatı illik 5 faiz artım tempini qoruya bilər. Əlavə artım potensialının məhz Azərbaycanla sülh sazişinin ardıcıl icrası və regional kommunikasiyaların açılması hesabına formalaşması mümkündür. Bu yanaşma bir daha göstərir ki, Azərbaycanın regional sabitliyin təmin olunmasında oynadığı rol beynəlxalq maliyyə institutları tərəfindən də mühüm iqtisadi faktor kimi qəbul edilir.
Azərbaycan iqtisadiyyatının daxili dayanıqlılığı isə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında xüsusi vurğulanır. Agentliyin məlumatına görə, ölkəmizin dövlət borcu ortamüddətli dövrdə ÜDM-in 30 faizindən xeyli aşağı səviyyədə qalacaq ki, bu da analoji reytinqə malik ölkələrlə müqayisədə daha əlverişli göstəricidir. “Moody’s” Azərbaycanın “Baa3” səviyyəsində uzunmüddətli kredit reytinqinin güclü fiskal mövqe, xüsusilə də Azərbaycan Dövlət Neft Fondunda cəmlənmiş iri maliyyə aktivlərinə əsaslandığını bildirir.
Hesabatda pul-kredit və makroiqtisadi siyasətdə əldə olunan irəliləyişlərin ölkənin xarici mövqeyinin sabitliyini gücləndirdiyi, maliyyə sisteminin xarici şoklara qarşı dayanıqlılığını artırdığı qeyd olunur. Bununla yanaşı, karbohidrogen sektorundan asılılıq hələ də zəif məqam kimi göstərilsə də, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların müsbət nəticələr verdiyi vurğulanır. “Moody’s”in qiymətləndirməsinə görə, qeyri-neft sektorunda müşahidə olunan sabitlik neft-qaz sektorundakı azalmaları qismən kompensasiya edir.
Agentlik, həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmaları müsbət qiymətləndirərək, geosiyasi risklərin azalmasının ölkənin kredit göstəricilərinə dəstək verdiyini bildirir. Ümumilikdə, beynəlxalq reytinq agentliklərinin açıqlamaları göstərir ki, Azərbaycanın həm daxili iqtisadi siyasəti, həm də regional əməkdaşlıq təşəbbüsləri ölkənin iqtisadi perspektivlərini gücləndirən əsas amillər kimi qəbul olunur.
Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri
Bu gün aparılan qiymətləndirmələr artıq Azərbaycan–Türkiyə strateji oxu çərçivəsində formalaşan müttəfiqliyin keyfiyyətcə yeni iqtisadi mərhələyə keçdiyini göstərir. Yəni bu münasibətlər artıq nəzəri mülahizələr səviyyəsində konkret və praktik mexanizmlər kimi dəyərləndirilir və real şəkildə həyata keçirilməyə başlanıb. Məhz bu səbəbdən də mövcud proseslər ekspert dairələri tərəfindən getdikcə daha yüksək qiymətləndirilir.
Qiymətləndirmə meyarlarını nəzərə alsaq, prosesin bir neçə əsas göstəricisi ön plana çıxır. İlk növbədə, geosiyasi risklərin azalması müşahidə olunur. Xüsusilə nəqliyyat və kommunikasiya blokadalarının aradan qalxması, regional inteqrasiyanın dərinləşməsi bu baxımdan mühüm amildir. Eyni zamanda, Ermənistanın uzun illər davam edən iqtisadi izolyasiyadan çıxmaq riskinin azalması və gələcəkdə region daxilində məhdudlaşmış iqtisadi əlaqələrin bərpası bütövlükdə Cənubi Qafqaz üçün yeni perspektivlər açır. Qeyd etmək lazımdır ki, bu perspektivlər regionda yerləşən ölkələrlə yanaşı, Mərkəzi Asiya, Çin və daha geniş coğrafiyanı əhatə edən digər dövlətlər üçün də yeni imkanlar vəd edir.
Bu gün Türkiyə ilə Azərbaycanın strateji iqtisadi əməkdaşlığının bir neçə əsas dayaq nöqtəsi mövcuddur. Bunlara dəmir yolu xətləri, beynəlxalq nəqliyyat və logistika dəhlizləri, xüsusilə Zəngəzur xəttinin perspektivləri daxildir. Bundan əlavə, Asiya–Avropa ticarət marşrutlarının ayrılmaz tərkib hissəsinə çevrilmək, eləcə də Qara dəniz və Aralıq dənizi limanlarına çıxış imkanlarının əldə olunması xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, Cənubi Qafqazda enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın rolu getdikcə daha aydın şəkildə görünür. Cənub Qaz Dəhlizi və Azərbaycanın Avropaya qaz ixracı sözügedən prosesin əsas sütunlarından biridir. Bütün bu amillər ölkəmizin iqtisadi və strateji mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Ümumən regionda iqtisadi əlaqələrin açılması bütövlükdə regional iqtisadi artım və inkişaf üçün geniş imkanlar yaradır. Ticarət dövriyyəsinin artması, Ermənistanın dalan vəziyyətində olan iqtisadi modeldən çıxaraq region iqtisadiyyatına yenidən inteqrasiya olunması, eləcə də Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının genişlənməsi Cənubi Qafqazda yeni iqtisadi fürsətlərin formalaşmasına şərait yaradır.
Nurlan ABDALOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 22 Yanvar 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















