Icma.az
close
up
RU
Yaxşılıq sindromu səmimiyyətin sosial maskası

Yaxşılıq sindromu səmimiyyətin sosial maskası

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şahanə MÜŞFİQ

Elə bir dövrdə yaşayırıq ki, insanlıq getdikcə daxili keyfiyyətdən daha çox sosial imicə çevrilir. Demək olar ki, hər kəs yaxşı görünmək arzusundadır, amma az adam həqiqətən yaxşı olmaq istəyir. "Yaxşı insan" olmaq anlayışı bir növ reputasiya oyunudur: kim daha çox gülümsəyir, daha empatik davranır, daha təmkinli görünürsə, o da "nümunəvi" sayılır. Ancaq təəssüf ki, çox zaman bu yaxşılıq səmimiyyətdən daha çox, qorxunun nəticəsi olur. Amandır, birdən kimsə bizi bəyənməz, kiməsə xoş gəlmərik, sosial çevrədən kənar qalarıq. Bütün bu qorxular bizi özümüz olmaqdan çıxarıb, saxta "yaxşı adam"a çevirir.

"Yaxşılıq sindromu" psixoloji baxımdan, başqalarında asılılıq formasıdır. İnsan öz mənəvi dəyərlərini, ruhi ehtiyaclarını deyil, başqalarının gözündəki imicini əsas götürür. Bu zaman o, artıq vicdanının səsini deyil, ictimai reaksiyanı dinləyir. "Əgər bunu etməsəm, məni pis insan hesab edərlərmi?" - bu sual içimizdəki səmimi "doğru budurmu?" sualını əvəzləyib.

Sosial şəbəkələrin inkişafı ilə bu sindrom daha da artıb, fərdlərdən keçərək bütöv cəmiyyəti əhatələyib. Çünki orada yaxşılıq bir dəyər yox, bir məzmun formasıdır. İnsanlar yardımı belə öz içlərindən gələn səslə yox, sanki kameranın gözü ilə edirlər. Onları etdikləri yardımdan daha çox, onun kameraya necə yansıması maraqlandırır. Bir kimsəyə kömək etmək belə "hekayə materialı"na çevrilir. Həqiqi hisslər sosial jestlərin altında itib gedir.

Halbuki yaxşılıq, mahiyyətcə, görünməyə yox, gizlənməyə meyillidir. Atalarımız da deyib axı, "sağ əlin verdiyini sol əl bilməz". Əsl yaxşı insan bunu göstərməz, onun üçün əsas olan öz vicdanının rahatlığı, qəlbinin aramıdır, sosial reputasiyası yox.

Amma müasir mədəniyyət bizə başqa dəyərlər təlqin edir: "Səni görmürlərsə, deməli, yoxsan". Bu düşüncə səmimiyyəti sistematik şəkildə sıradan çıxarır. Cəmiyyət getdikcə səni "həddən artıq yaxşı görünməyə" məcbur edir.

Uşaqlıqdan bizə ən çox öyrədilənlərdir: "hamı ilə yaxşı ol", "mülayim davran", "heç kimin xətrinə dəymə", "səsini qaldırma, filankəs nə düşünər?", "etiraz etmə, filankəsin xətrinə dəyər" və sair.

Zaman keçdikcə bu təlqinlər biz hiss etmədən şəxsi sərhədləri pozur. Artıq bizim üçün öz istəklərimizi dilə gətirmək, ən azından "yox" demək sanki qəbahətə çevrilir. Halbuki "yox" demək, əksər hallarda, "bəli" deməkdən daha çox insanlıq tələb edir.

Yaxşılıq sindromu bizi emosional yorğunluğa aparır. Daim başqalarının gözündə "mehriban", "empatik", "mədəni" görünmək insanı tükəndirir. Çünki bu, roldur. Bir rolu davamlı oynamaq, hətta gün keçdikcə, onun üstünə nələrisə əlavə etmək insandan daha artıq enerji istəyir. Axı heç kim sonsuz enerji qaynağı deyil. Yaxşılıq da, pislik də, təsdiq də, inkar da, mülayimlik də, əsəbilik də insanlar üçündür, insan təbiətinin ən təbii duyğularıdır. Ona görə də bəzən cəmiyyətdə ən mehriban, ən mülayim görünən insan, əslində, içində ən çox qəzəb yığılmış birisi ola bilir. Yəqin ki, siz də eşitmisiniz, hansısa cinayətkar haqqında deyilən "çox mülayim insan idi, heç zaman ondan bunu gözləməzdik" sözlərini. Halbuki bəlkə də onu mülayimliyə məcbur etməyib, özü olmasına icazə verilsəydi, içindəki qəzəbi yanlış yollarla çölə vurmazdı. Bir növ püskürən vulkan kimi...

Əsl yaxşılıq çox zaman rahatlıq gətirmir. Bəzi hallarda doğru söz demək qarşındakını narahat etməkdir. Məsələn, dostunun səhvini dürüstcəsinə üzünə demək münasibəti riskə ata bilər. Amma bu yenə də yaxşılıqdır - dürüstlükdür. Bu gün cəmiyyətimizdə tərs bir tendensiya var: konflikt yaratmamaq, münasibəti pozmamaq, kiminsə könlünü sındırmamaq üçün yalanları qəbul edirik. Beləcə, yaxşılıqla yaltaqlıq, empati ilə saxtakarlıq arasındakı sərhəd silinir.

Yaxşılıq sindromu həm də sosial rahatlığa çevrilir. İnsan düşünür ki, "əgər hamı susursa, mən niyə danışım?", "əgər hamı razıdırsa, mən niyə narazı olum?" Bu zaman "yaxşı" olmaq sistemə uyğunlaşmaq anlamına gəlir. Halbuki tarixdəki bütün dəyişikliklər "pis", "narahat", "uyğunsuz" görünənlərin sayəsində baş verib.

"Yaxşı insan" obrazına aludəlik insanın təbii duyğularını boğur. Qəzəblənmək, inciyib küsmək, anlaşılmamaq da insani hallardır. Amma biz indi bu vəziyyətdən utanırıq. Çünki "pis görünmək" qorxusu "hiss etməyi" sıradan çıxarır.

Bəlkə də bizə "yaxşı" olmaq deyil, "düz" olmaq lazımdır. Bəli, ola bilər ki, düz olmaq, bəzən münasibətləri pozur, hətta başımızı ağrıdır, amma iç dünyanı təmiz saxlayır. Düz insanın dostu az olar, doğrudur, amma yalanı da az olar.

Yaxşılıq sindromundan azad olmağın yolu sabitliyi bərpa etməkdir. Kimisə səmimi olmağa məcbur etmək də olmaz. Səmimiyyət ya var, ya da yoxdur. O, "məni bəyənin", "məni görün" demir. O, səssiz, sadə, görünməz olur. Amma bütün saxtalığın içində ən çox işığı da o yayır.

Biz indi elə bir zamanda yaşayırıq ki, dürüstlük üsyandır, səmimiyyət riskdir. Amma bu riskə dəyər. Çünki saxta "yaxşılıqlar"la dolu cəmiyyətdə bir nəfərin səmimi olması, elə ən böyük yaxşılıqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri