Yeni dünya düzəni: Pulu banklar yox, enerji idarə edəcək Şərh
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Dünyada pulun mahiyyəti və gələcəkdə oynayacağı rol ətrafında gedən müzakirələr artıq nəzəri çərçivəni aşaraq real geosiyasi və geo-iqtisadi trendlərə çevrilməkdədir. Xüsusilə qlobal maliyyə sisteminin dayanıqlığı, milli valyutaların dəyər mexanizmi və texnoloji inqilab fonunda pul anlayışının transformasiyası iqtisadçıların, strateqlərin və siyasətçilərin əsas gündəminə çevrilib”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat deyib ki, 1971-ci ildə ABŞ-ın qızıl standartından imtina etməsi ilə dünya faktiki olaraq yeni bir maliyyə mərhələsinə qədəm qoyub: “Bu tarixdən sonra pul artıq maddi dəyərə qızıla bağlı olmayan, əsasən dövlətlərin siyasi, iqtisadi və hərbi gücünə əsaslanan bir alətə çevrildi. Dolların, avronun və digər əsas valyutaların dəyəri real aktivlərlə deyil, mərkəzi bankların siyasəti, bazar gözləntiləri və geosiyasi təsir gücü ilə müəyyən olunmağa başladı.
Bu sistem uzun müddət işlək olsa da, son onilliklərdə yaşanan maliyyə böhranları, yüksək inflyasiya dalğaları və dövlət borclarının artması “fiat money” modelinin dayanıqlılığı ilə bağlı ciddi suallar yaradıb”.
Deputat qeyd edib ki, məhz bu kontekstdə pulun gələcək formasının dəyişəcəyi ilə bağlı yeni yanaşmalar meydana çıxır: “Onlardan biri də pul vahidinin enerji, xüsusilə elektrik gücü (WATT) üzərindən formalaşması ideyasıdır. Bu yanaşmaya görə, gələcəkdə var-dövlətin əsas ölçü vahidi maliyyə ehtiyatları deyil, istehsal və idarə edilə bilən enerji potensialı olacaq.
Bu fikir təsadüfi deyil. Çünki enerji bütün iqtisadi fəaliyyətin əsas bazasıdır; sənaye, rəqəmsal texnologiyalar, nəqliyyat və xüsusilə süni intellekt birbaşa enerjidən asılıdır; enerji istehsalı real, ölçülə bilən və saxtalaşdırılması çətin resursdur.
Beləliklə, “kimin daha çox enerjisi var” sualı gələcəkdə “kimin daha çox pulu var” sualını əvəz edə bilər”.
Deputat əlavə edib ki, gələcəyin dünya idarəetmə mexanizmlərində əsas rol oynayacaq süni intellekt sistemlərinin “oksigeni” məhz enerjidir. “Böyük hesablama gücü tələb edən süni intellekt modelləri, data mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri yüksək və davamlı enerji təminatı olmadan mümkün deyil.
Bu mənada enerji artıq sadəcə iqtisadi resurs deyil, strateji güc elementinə çevrilir. Kim süni intellekti idarə edirsə, o da enerjiyə nəzarət etməlidir. Bu isə enerji əsaslı yeni qlobal iyerarxiyanın formalaşdığını göstərir.
Enerjinin gələcək pul vahidi kimi istifadəsi bir neçə formada reallaşa bilər:
-Dövlətlərarası enerji balansına əsaslanan ticarət mexanizmləri;
-Enerji sertifikatları və ya enerji kreditləri ilə hesablaşma;
-Yaşıl enerji istehsalına bağlı rəqəmsal valyutalar;
-Süni intellekt tərəfindən idarə olunan enerji, yəni dəyər konvertasiya sistemləri.
Bu mexanizmlər hələ tam formalaşmasa da, qlobal tendensiyalar bu istiqamətə doğru hərəkətin başladığını göstərir”, - o vurğulayıb.
Deputat hesab edir ki, bu mənada Azərbaycan strateji üstünlüklərə malikdir:
“Bu qlobal transformasiya fonunda Azərbaycanın yaşıl enerjiyə yönəlmiş siyasəti xüsusi əhəmiyyət kəsb edir. Günəş, külək və digər bərpa olunan enerji mənbələrinə cəlb olunan böyük investisiyalar təkcə ekoloji deyil, geosiyasi və geoiqtisadi baxımdan da strateji xarakter daşıyır.
Azərbaycan gələcəkdə regional enerji mərkəzinə çevrilə, enerji əsaslı yeni maliyyə modellərində söz sahibi ola, süni intellekt və rəqəmsal iqtisadiyyat üçün etibarlı enerji platforması təqdim edə bilər.
Bu isə ölkənin yeni dünya düzənində mövqelərini daha da gücləndirən amil kimi çıxış edir.
Pulun qızıldan ayrılması ötən əsrin ən böyük maliyyə dönüşü idisə, enerjiyə doğru yönəlmə XXI əsrin əsas transformasiyası ola bilər. Enerji əsaslı dəyər sistemi, süni intellektin yüksəlişi və yaşıl iqtisadiyyatın genişlənməsi dünya iqtisadiyyatını yeni mərhələyə aparır.
Bu proseslərə vaxtında uyğunlaşan və strateji baxış ortaya qoyan dövlətlər gələcəyin qalibləri olacaq. Azərbaycan isə mövcud enerji siyasəti ilə bu yarışda iddialı mövqedə görünür. Cənab Prezident İlham Əliyevin son illərdə alternativ enerji və süni intellektlə bağlı həyata keçirdiyi strategiya nəticə etibarı ilə buna xidmət edir”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Yanvar 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















