Yeni qan qrupu, beyində çip, yaddaş kristalı 2024cü ilin elmi nailiyyətləri
Yola saldığımız 2024-cü il elmdə bir sıra nailiyyətlərlə əlamətdar olub.
Oxu.Az onların bir neçəsini oxucuları üçün toplayıb:
Yanvar
Dünyada bir ilk: İnsan beyninə çip yerləşdirildi
ABŞ-li milyarder İlon Maskın "Neuralink" neyrotexnologiya şirkəti yanvarın 29-da ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.
Bununla bağlı paylaşım edən şirkət rəhbəri prosesin yaxşı getdiyini qeyd edib. Sahibkar əlavə edib ki, "Neuralink"in ilk məhsulu "Telepatiya" adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.
"İlk istifadəçilər ətraflarına nəzarəti itirmiş insanlar olacaqlar. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur", - İ.Mask əlavə edib.
Yanvar ayında digər mühüm elmi hadisələr
5 yanvar - Çin ilk dəfə elektrikli təyyarənin sınağını keçirdi. Təyyarənin sürəti saatda 185 km-ə çata bilir.
5 yanvar - Tədqiqatçılar qrafendən ilk işlək yarımkeçirici yaratdılar.
31 yanvar - Bağırsaq çöpünün yeni B5/H24RxC ştammı aşkar edildi.
Fevral
İİV-ə qarşı DNT vaksin hazırlandı
Alimlərin sözlərinə görə, gücləndirilmiş PD-1 ilə DNT vaksin İİV-in (insanın immunçatışmazlığı virusu) profilaktikası və immunoterapiyası üçün üçüncü nəsil preparat ola bilər. Tədqiqatlardan aydın olub ki, vaksin altı il ərzində İİV-ə qarşı immunitet təmin edir.
Nəticələr "Microbiology Spectrum" jurnalında dərc edilib.
Fevral ayında digər mühüm hadisələr
7 fevral - Yeni pterozavr növü "Ceoptera evansae" aşkar edildi.
9 fevral - Saturnun peyki Mimasda su okeanı aşkar olundu.
Mart
İlk dəfə süni intellekt haqqında qanun qəbul edilib
Martın 13-də Avropa Parlamenti süni intellekt haqqında qanun qəbul edib. Bu qanun vətəndaşların əsas hüquqlarına və təhlükəsizliyinə təminat verməlidir.
Qanunun məqsədi innovasiyaları stimullaşdırmaqla yanaşı, fundamental hüquqlar, demokratiya, qanunun aliliyi və ekoloji davamlılığı yüksəkriskli süni intellektdən qorumaqdır.
Yeni qaydalara vətəndaşların hüquqlarını təhdid edən bəzi süni intellekt tətbiqlərinə qadağa daxildir.
Qanun, həmçinin, müəyyən edilmiş hallar istisna olmaqla, hüquq-mühafizə orqanları tərəfindən biometrik identifikasiya (RBI) sistemlərinin istifadəsini qadağan edir.
Mart ayında digər mühüm elmi hadisələr
21 mart - Qərbi Sibirdə Yamal yarımadasının iki Arktik termokarst gölündə mamontların və yunlu kərgədanların DNT-si aşkar edilib.
25 mart - "Flirt H₂" hidrogen yanacaqlı qatar fasiləsiz 46 saat ərzində 2 803 km məsafə qət edərək, yanacaq doldurmadan və enerji yükləməsi olmadan bir çənlə ən uzun məsafə qət etməklə dünya rekordunu qırıb.
27 mart - Qərbi Sibirdə yeni "S. vorontsovi sp. nov." növ yersiçanı aşkar edilib. Bu növ daha tünd rəngə və böyük ölçülərə malikdir.
31 mart - Antibiotiklərin yeni sinfi aşkar edilib. "Hepotidacin"in sidik yolları infeksiyalarına səbəb olan dərmanlara davamlı bağırsaq çöplərinə qarşı effektiv olduğu müəyyən edilib.
Aprel
Tarixdə ilk: Bexterev xəstəliyinin müalicəsi tapıldı
Bexterev xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan ilk dərman preparatı sınaqdan keçirilib. Rusiyada keçirilən klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib.
Qeyd edək ki, Bexterev xəstəliyi fəqərəarası oynaqların xroniki iltihabi xəstəliyidir. Nəticədə onurğada ağrı və sərtlik meydana gəlir ki, bu da hərəkətliliyin məhdudlaşdırılmasına səbəb ola bilər. Xəstəlik daha çox 40-dan yuxarı yaşı olan insanlarda özünü göstərir.
Aprel ayında digər mühüm elmi hadisələr
1 aprel - Test çərçivəsində genişzolaqlı internetin sürəti saniyədə 301 milyon meqabitə çatdırıldı. Bunun üçün standart fiber-optik sistemlərdə yeni dalğa diapazonları, genişləndirilmiş dalğa uzunluğu diapazonu (E-diapazon) və qısa dalğa uzunluğu diapazonu (S-diapazon) istifadə edildi. Sürəti artırmaq üçün optik siqnal gücləndiricisi yaradıldı.
8 aprel - Beyinciyin təkcə bədən hərəkətlərinin koordinasiyasında deyil, həm də koqnitiv proseslərdə iştirak etdiyi müəyyən edilib.
9 aprel - "Ex vivo" normotermik perfuziya vasitəsilə transplantasiya üçün nəzərdə tutulmuş donuz ürəkləri ilk dəfə statik soyuq saxlama olmadan bədəndən kənarda 24 saat canlı saxlanılıb.
9 aprel - Qanı 15 saniyə ərzində dayandıran vasitə (hemostatik) yaradılıb. Preparat hialuron turşusunun modifikasiyası əsasında hazırlanıb.
14 aprel - Çili sahillərində Sakit okeanda əvvəllər məlum olmayan 50-dən çox dərin su orqanizmi növü aşkar edilib. Bunlara dərin su mərcanları, şüşə süngərlər, dəniz kirpiləri, kalmarlar, balıqlar və molyusklar, xərçənglər, dəniz ulduzları, qısa omarlar daxildir.
15 aprel - Qara dənizdə yeni mikroorqanizm aşkar edilib. Mikroorqanizm protistlərə aiddir. Mikroorqanizmə "Thraustochytrium aureum ssp. strugatskii" adı verilib.
24 aprel - "Chery" süni intellektli "Mornine" humanoid robotunu təqdim edib. O, saatda 4 km sürətlə gəzə və insan mimikasını təqlid edə bilir.
29 aprel - mRNK əsasında melanoma (dəri xərçəngi) əleyhinə peyvənd hazırlanıb. Peyvənd mRNK-4157/V940 adlandırılıb və melanomanın müalicəsində və residivinin qarşısının alınmasında yüksək etibarlılıq göstərib.
May
3D printerdə qum dənəsindən 1 000 dəfə kiçik şüşə sensor çap edilib
İsveçli alimlər ilk dəfə kvars şüşəsindən mikroskopik sensoru 3D printerdə çap ediblər. Cihaz qum dənəsindən 1 000 dəfə kiçik olub.
Bildirilir ki, kvars şüşəsindən hazırlanmış kiçik optik cihazların optik lifə daxil edilməsi sayəsində mikroelektromexaniki sistemlər, kvant fotonikası və tibb üçün daha həssas telemetrik sensorlar hazırlamaq mümkün olacaq.
May ayında digər mühüm elmi hadisələr
3 may - Çin Ayın qaranlıq tərəfindən nümunələr götürmək üçün "Çanye-6" ("Chang`e-6") zondunu buraxdı.
7 may - Ağciyər adenokarsinoması hüceyrələri tərəfindən qlütamin udulmasını bloklayan "DRP-104" preparatı hazırlanıb. Bu, şişin böyüməsini yavaşladır və T-hüceyrələrinin tükənməsinin qarşısını alır.
11 may - Neyron ölçüsündə görmə implantı yaradılıb.
13 may - "OpenAI" ən yeni multimodal dil modeli "GPT-4o"nu təqdim edib.
27 may - "Koleken inakayali" adlı yeni abelizavroid dinozavr növü aşkar edilib. Növ kiçik əlləri ilə fərqlənir.
İyun
Çinin "Çanye-6" missiyası ilk dəfə olaraq Ayın əks tərəfindən torpaq nümunələri götürüb
Çin Milli Kosmik İdarəsinin (CNSA) "Çanye-6" ("Chang`e-6") zondu Ayın Yerdən görünməyən arxa tərəfindən - Cənub qütbündə Eytken çökəkliyinin nəzərdə tutulmuş ərazisindən qrunt nümunələrini toplayıb.
"Toplanmış nümunələr plana uyğun olaraq zondun modulunun daxilindəki konteynerə yerləşdirilib. Missiya Ayın arxa tərəfindəki yüksək temperatur sınağından keçə bildi", - deyə CNSA-nın məlumatında qeyd edilib.
Məlumata görə, qrunt nümunələrinin toplanması zamanı qazma qurğusu vasitəsilə dərinlikdən və robotlaşdırılmış qol vasitəsilə səthdən nümunələrin götürülməsi kimi iki üsuldan istifadə olunub.
O da vurğulanır ki, nümunələrin götürülməsi başa çatdıqdan sonra Ayın qaranlıq tərəfində ilk dəfə olaraq eniş modulu ilə gətirilən Çin bayrağı açılıb.
Qeyd edək ki, "Çanye-6" missiyası 50 gündən çox davam edib. Ayın qaranlıq tərəfindən nümunələr Yerə iyunun 25-də çatdırılıb.
İyun ayında digər mühüm elmi hadisələr
27 iyun - Qan əsasında tibbi məlumatları toplayan çip yaradılıb.
28 iyun - Qalliumun yeni xassələri aşkar edilib. Müəyyən edilib ki, qalliumun kovalent rabitələri ərimə zamanı yox olur və daha yüksək temperaturlarda yenidən meydana çıxır.
İyul
İİV-ə qarşı 100% effektivlik göstərən preparat yaradılıb
Amerikalı alimlər İİV-in yayılmasının qarşısını almaq üçün inyeksiya preparatı yaradıblar. Belə ki, Uqanda və Cənubi Afrikada aparılan "Lenakapavir" preparatının tədqiqatı təsdiqləyib ki, ildə iki dəfə bu dərmanın inyeksiyası İİV infeksiyasından daha yaxşı qorunmanı təmin edəcək.
Preparat virusun zülal örtüyünü bloklayır və yoluxmanın qarşısını alır.
"Gilead Sciences" əczaçılıq şirkəti bildirib ki, preparat profilaktik vasitə kimi 100 faiz effektivlik göstərib.
Qeyd olunur ki, tədqiqat vaxtından əvvəl dayandırılıb: Şirkətin sözlərinə görə, nəticələr o qədər inandırıcı olub ki, müstəqil komitə bütün iştirakçılara inyeksiya təklif etməyə qərar verib, çünki onlar virusdan həblərdən daha yaxşı qorunmanı təmin edir.
İyul ayında digər mühüm elmi hadisələr
25 iyul - Superbakteriyalara qarşı antibiotik aşkar edilib. Antibiotik iki fərqli hüceyrə hədəfini məhv edir, bakteriyalarda davamlılığın inkişafını 100 milyon dəfə çətinləşdirir və onların superbakteriyalara çevrilməsinin qarşısını alır. O, fərqli təsir mexanizmləri olan iki antibiotik sinifinin - makrolidlər və ftorxinolonların təsirini birləşdirir.
26 iyul - İİV-ə qarşı dərmanların ömürlük qəbulu zərurətini aradan qaldıra bilən virus hissəciyi (Rev-asılı lentivirus vektoru) yaradılıb.
Avqust
Arktikada enerji hasil edə bilən, ifrat aşağı temperaturlarda işləyən külək generatoru hazırlanıb
Rusiyanın Novosibirsk Dövlət Texniki Universitetinin (NDTU) alimləri Arktikada enerji hasil etmək üçün unikal bir üsul hazırlayıblar. Belə ki, hətta həddindən artıq aşağı temperaturlarda işləyən xüsusi külək generatoru hazırlanıb.
Qeyd olunur ki, generator həm də ekoloji baxımdan üstünlüklərə malikdir.
Tərtibatçıların sözlərinə görə, kompleks mobil olacaq və lazım gəldikdə eyni elementləri bir sistemdə birləşdirmək və qurğunun gücünü artırmaq mümkün olacaq.
Avqust ayında digər mühüm elmi hadisələr
14 avqust - İnsan yaşlanmasının 44 və 60 yaşlarında iki sürətli artımla baş verdiyi aşkar edilib.
30 avqust - Dünyanın ilk ağciyər xərçəngi əleyhinə mRNT vaksin tətbiq edilib.
30 avqust - Yerin ambipolyar elektrik sahəsi ölçülüb. Elektrik potensialının dəyişməsi 0.55 volt təşkil edib.
Sentyabr
"OpenAI" "ChatGPT"nin insan kimi düşünən yeni böyük dil modeli "o1"i buraxıb
"OpenAI" yeni modeli "ChatGPT o1"i təqdim edib. Bu model insan düşüncə prosesini təqlid edərək mühakimə yürütmək və məntiqi məsələləri həll etmək qabiliyyətinə malikdir. O, mürəkkəb tapşırıqları daha sadə addımlara bölür, müxtəlif yanaşmaları təhlil edir və səhvləri düzəldir.
Bildirilir ki, "o1" modeli test və yarışlarda mütəxəssislərin nəticələri ilə müqayisə oluna biləcək nəticələr göstərib. Proqramlaşdırma sahəsində "o1" 2024-cü il Beynəlxalq İnformatika Olimpiadasında (IOI) 49-cu yeri tutub, "Codeforces" platformasında iştirakçıların 89%-ni üstələyib. Riyaziyyatda "o1" Amerika Riyaziyyat Olimpiadasının (AIME) seçim mərhələsində ABŞ-nin ən yaxşı 500 tələbəsi sırasına daxil olub.
Təbiət elmlərində model GPQA diamond testində kimya, fizika və biologiya sahəsində bilikləri qiymətləndirən doktorların və elmlər namizədlərinin nəticələrini üstələyib.
Sentyabr ayında digər mühüm elmi hadisələr
18 sentyabr - Yeni qan qrupu sistemi - MAL kəşf edilib.
20 sentyabr - 5D optik yaddaş kristalı yaradılıb. Kristal praktiki olaraq əbədi 360 terabayt məlumat saxlaya bilir. Kristal 1 000°C-yə qədər temperatura, kosmik radiasiyaya və sm²-ə 10 ton birbaşa zərbə yükünə davam gətirir.
Oktyabr
Korpusdan ayrıla bilən robotlaşdırılmış əl yaradılıb
İsveçrəli alimlər korpusdan ayrıla bilən robotlaşdırılmış əl yaradıblar.
Alimlərin sözlərinə görə, robot qol üzərində işləyərkən robototexnikadakı məhdudiyyətləri aşmağa qərar veriblər. Robotun gövdəsindən ayrıla bilən əl kiçik əşyalarla təmas üçün yaradılıb.
Tədqiqatın müəllifləri bildiriblər ki, robot süni intellekt (Sİ) modeli vasitəsilə idarə olunur. Onların qurğusu - bimodal robot əl - lazım gəldikdə robotun gövdəsindən ayrılmağı və süni barmaqlar vasitəsilə hərəkət etməyi öyrənib.
"Bu, dəhşət filminə bənzəyir. Düşünürəm ki, bu ideyanı robototexnikaya gətirən ilk bizik", - deyə tədqiqatın həmmüəllifi Syao Qao bildirib.
Yeni qan qrupu, beyində çip, yaddaş kristalı - 2024-cü ilin elmi nailiyyətləri
Oktyabr ayında digər mühüm elmi hadisələr
7 oktyabr - Lazer rabitəsi vasitəsilə Yerdən 460 milyon kilometr məsafədə olan "Psyche" kosmik gəmisinə siqnal göndərilib. Bunun üçün yaxın infraqırmızı işıq istifadə edilib. Sabit məlumat ötürmə sürəti saniyədə 6.25 meqabit olub. Daha yaxın məsafədə maksimum sürət saniyədə 267 meqabitdir.
14 oktyabr - Havanı karbon qazından təmizləyə və enerji toplaya bilən süni bitki yaradılıb. Bitki fotosintez vasitəsilə karbon qazını bioelektrik enerjiyə çevirir.
17 oktyabr - Simsiz məlumat ötürülməsində saniyədə 938 giqabit ilə yeni rekord qurulub.
29 oktyabr - Kampeçe bölgəsində piramidalar daxil olmaqla 6 600 Mayya tikintisi tapılıb. Həmçinin, böyük Mayya şəhəri aşkar edilib.
Noyabr
Antarktidada ilk dəfə kəhrəba tapılıb
Alimlər Antarktidanın qədim ekosisteminin xüsusiyyətlərini aydınlaşdıran unikal bir kəşf ediblər. Bu qitədə ilk dəfə təxminən 92 milyon il yaşı olan kəhrəba tapılıb. Bu tapıntı Polarstern ekspedisiyası zamanı Amundsen dənizində Payn-Ayland boğazı rayonunda edilib.
"Payn-Ayland" adlandırılan kəhrəba Antarktidanın iynəyarpaqlı ağacların üstünlük təşkil etdiyi mülayim bataqlıq meşələri ilə örtülü olduğu Təbaşir dövründə əmələ gəlib. Analiz kəhrəbanın yüksəkkeyfiyyətli olduğunu göstərən ağac qabığı qalıqlarının mövcudluğunu aşkar edib. Bundan əlavə, tədqiqatçılar ağacların zədələnmiş qabığı parazitlərdən və yanğınlardan qorumaq üçün istifadə etdiyi qatran ifrazının əlamətlərini də aşkar ediblər.
Alimlər qədim həyatın izlərini tapmaq və meşələrin milyonlarla il əvvəl iqlim və ətraf mühitlə necə qarşılıqlı əlaqədə olduğunu başa düşmək üçün kəhrəbadakı tərkib hissələrini öyrənmək niyyətindədirlər.
Bu tapıntı bir zamanlar Yerin bütün qitələrinin qatran ifraz edən ağacların böyüməsi üçün münasib iqlim şəraitinə malik olduğunu təsdiqləyir. Bu kəşf alimlərə Antarktidanın qədim meşələrinin tarixini və yanğınların və digər təbii fəlakətlərin qitəyə təsirini daha dərindən öyrənməyə imkan verəcək.
Noyabr ayında digər mühüm elmi hadisələr
7 noyabr - Koronavirusları öyrənmək üçün süni reseptorların yaradılması metodu hazırlanıb. Reseptorlar insan və ya heyvan hüceyrələrinin membranlarına əlavə edilir.
7 noyabr - "Erbium" atomlarının qazından həm bərk cisim, həm də ifrat axıcı maye xüsusiyyətləri göstərə bilən ifrat bərk cisim yaradılıb.
13 noyabr - Günəşin tərkibində güman edildiyindən daha çox karbon, azot və oksigen olduğu aşkar edilib.
28 noyabr - Diaqnostika və hüceyrələrin yoluxmasının qarşısını almaq üçün virusları tutmaq üçün "NanoGripper" nanorobotu yaradılıb.
Dekabr
Qanyaradıcı funksiyaya malik ürək orqanoidi yaradıldı
Dünyada ilk dəfə orqanın inkişafını və qan yaranmasını təqlid edən ürək modeli yaradılıb.
Bu barədə Almaniyanın Leybnits Tədqiqat Laboratoriyaları Birliyinin alimlərinin "Nature Cell Biology" jurnalında dərc edilmiş məqaləsində məlumat verilib.
Bir neçə millimetr ölçüdə olan ürək mini-orqanoidləri (orqan modelləri) insanın istənilən hüceyrə növünə çevrilə bilən pluripotent kök hüceyrələrindən (hPSC) yaradılıb.
Onların hazırlanma prosesi olduqca mürəkkəbdir: hüceyrələr ciddi müəyyən edilmiş qrafik üzrə qida maddələri və böyümə faktorları əlavə edilmiş hidrogel matrisində yetişdirilir. Bu, hüceyrələrə insan ürəyinin inkişafını təqlid edən üçölçülü strukturlar formalaşdırmağa imkan verir.
Qeyd edək ki, 2021-ci ildə alman alimlər erkən mərhələlərdə ürəyin inkişafını "təqlid edən" ürək formalaşdıran ilk orqanoid (HFO) yaratmışdılar. Yeni tədqiqat çərçivəsində alimlər öz modellərini genişləndirərək ona qan yaradan hüceyrələr əlavə ediblər. Bu model qanyaradan ürək orqanoidi kimi tanınır və BG-HFO adlandırılıb.
Yeni orqanoid qan yaranması prosesində toxumalararası qarşılıqlı təsirin öyrənilməsi üçün əhəmiyyətli alət ola bilər. Bu model həm ürəyə, həm də qan damarlarına təsir edən COVID-19 kimi xəstəliklərin, həmçinin ürək və damarların inkişafına təsir göstərən xərçəng və genetik qüsurlar kimi digər xəstəliklərin araşdırılması üçün yeni imkanlar açır.
Dekabr ayında digər mühüm elmi hadisələr
3 dekabr - İİV əleyhinə "Lenacapavir" preparatı 99% hallarda effektivlik göstərib.
6 dekabr - Karbon-14 əsasında almaz batareya yaradılıb.
9 dekabr - "Threordatoth chasmatos" adlı qədim sürünən növü aşkar edilib.
12 dekabr - Ürək çatışmazlığını aradan qaldıran gen terapiyası hazırlanıb
12 dekabr - Genləri kapsullaşdıra və hüceyrələrə çatdıra bilən süni virionlar yaradılıb.
Emilya Tağıyeva