Icma.az
close
up
RU
525 ci qəzet Çin Rusiya ilə yollarını ayırır? Xaqani Cəfərli yazır

525 ci qəzet Çin Rusiya ilə yollarını ayırır? Xaqani Cəfərli yazır

Xaqani CƏFƏRLİ

Ukraynaya qarşı müharibəyə başlayandan sonra Qərbin sərt sanksiyalarına məruz qalan Rusiya üzünü Şərqə çevirmiş və Çin əsas tərəfdaş elan edilmişdi. Çinlə ticarət dövriyyəsinin artan xətlə yüksələrək ötən il 245 milyard dollar təşkil etməsi Rusiya rəsmilərinə "Şərqə dönüş" kursunun uğurları haqqında danışmağa imkan verir. 2021-ci ildə 146 milyard dollar təşkil edən ticarət dövriyyəsinin cəmi üç il sonra təxminən yüz milyard dollarlıq bir artım göstərməsi "Şərqə dönüş" kursunun uğurlu olması ilə bağlı qənaətini yaradır. Lakin ekspertlər 2021, 2022 və 2023-cü illərdə sürətlə artan ticarət dövriyyəsində ötən ildən başlayaraq durğunluq yarandığını və tədricən geri gedəcəyi ilə bağlı xəbərdarlıq edirlər. Bu xəbərdarlıqlar isə əsassız deyil. Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2021-ci ildə 35.8, 2022-ci ildə 29.3, 2023-cü ildə 26.3 faiz artdığı halda, ötən 2024-cü ildə 1.9 faiz artıb. Ekspertlər qeyd edirlər ki, bu artımın əsas səbəblərindən biri dünya bazarlarında xammalların qiymətlərinin artmasıdır. Rusiya ilə Çin arasında ticarət dövriyyəsində əvvəlki illərdə müşahidə olunan sürətli yüksəlişin ötən il kəskin azalması ilə yanaşı, digər mənfi hallar da müşahidə olunmağa başlayıb.

ABŞ-nin keçmiş prezidenti Co Baydenin Rusiyanın "kölgə donanması"na və sığorta şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra Çin limanları Rusiya neftini daşıyan gəmiləri qəbul etməkdən imtina etməyə başlayıb. ABŞ Maliyyə Nazirliyi törəmə şirkətləri ilə birlikdə "Qazprom Neft"ə və "Surqutnefteqaz"a, onlarla neft treyderinə, 183 gəmiyə və habelə onları sığortalayan şirkətlərə qadağalar tətbiq etdikdən dərhal sonra Çinin ən böyük liman operatorlarından biri olan "Shandong Port Group" ABŞ-nin sanksiyalarına əməl edəcəyini açıqladı. Çinin Shandong vilayətində yerləşən və dünyanın ən böyük liman operatorlarından biri olan "Shandong Port Group"un ABŞ-nin sanksiyalarına qoşulması Rusiya neftini daşıyan gəmilər və Rusiya üçün ağır nəticələr doğurmağa başlayıb. Məsələ ondan ibarətdir ki, bu gəmilər ötən il 530 milyon barreldən çox Rusiya nefti daşıyıblar. Bunun 300 milyon barreli Çinə göndərilib. Bu da öz növbəsində Çinin dəniz yolu ilə Rusiyadan idxal etdiyi nefti təxminən 61 faizini təşkil edir.

Rusiyanı narahat edən başqa bir məsələ isə Çin bazarlarının Rusiyanın taxıl ixracatçıları üçün bağlı olmasıdır. Rusiyanın taxıl ixracının 90 faizni təşkil edən 300-ə yaxın kənd təsərrüfatı şirkətini birləşdirən Rusiya Taxıl İttifaqının rəhbəri Arkadi Zloçevskinin açıqlamasına görə Çin Qazaxıstan və Ukraynadan buğda almağa davam etsə də, Rusiyadan faktiki olaraq taxıl idxal etmir. Zloçevskinin sözlərinə görə, "Taxıl dəhlizi" layihəsi 8 ildir mövcud olsa da və 2023-cü ildə 25 milyard dollarlıq guya ən böyük müqavilə elan edilsə də, Çin bazarı hələ də faktiki olaraq Rusiya buğdası üçün bağlıdır. Bu isə o deməkdir ki, prezident Vladimir Putinin hələ 2016-cı ildə işə salınması barədə göstəriş verdiyi Çinə irimiqyaslı taxıl ixracı planları kağız üzərində qalıb. Çin tərəfi Rusiyadan məhdud həcmdə taxıl idxal etməsini Çinin ehtiyac duyduğu 14.5 faiz zülallı yüksək keyfiyyətli buğdanın Rusiyada olmaması ilə izah edir. Rusiya Taxıl İttifaqının rəhbəri Arkadi Zloçevski isə Çinin mövqeyini siyasi məsələlərlə bağlı olduğunu, Çin bazarlarının Rusiya buğda istehsalçıları üçün bağlı olmasını ən yüksək səviyyədə verilmiş siyasi qərarla bağlı olduğunu düşünür. Belə görünür ki, Çin Rusiya buğdasının böyük alışından imtina edib

Siyasi təhlilçilər hesab edirlər ki, Çinin Rusiyaya yönəlik siyasətində müşahidə olunan bu hal Ukraynaya qarşı müharibənin dayandırılması barədə Pekinin çağırışlarına Moskvanın əməl etməməsi ilə bağlıdır. İddialara görə, 2024-cü ilin may ayından başlayaraq Çin təkidlə Rusiyadan Ukraynadakı müharibəni bitirməyə çağırır. Moskvanın Pekinin çağrışlarına cavab verməməsi Çini bir sıra təzyiq addımları atmağa vadar edir. Belə ehtimallar var ki, Çin Rusiyadan dəniz yolu ilə neft idxalatını tamamilə dayandıra bilər. Və yaxud Çin Rusiyanın "kölgə donanması"nı sanksiyalara uyğun olaraq 60 dollardan ucuz satmağa vadar edə bilər.

Digər tərəfdən Rusiyanın Baltik dənizindəki Ust-Luqa limanından neft ixracı da sürətlə azalır. Belə ki, ötən ilin dekabr ayı ilə müqayisə də bu ilin yanvar ayında Rusiyanın Ust-Luqa limanı ilə vasitəsilə neft ixracı yarıbayarı azalıb. Ekspertlər hesab edirlər ki, 2025-ci ilin iyun ayına qədər Rusiya neftinin ixracı əhəmiyyətli dərəcədə azala bilər. Bu isə Rusiyanı əsas gəlir mənbəyindən məhrum edəcək. Əsas gəlir mənbəyindən məhrum edilən Rusiyanın isə Ukraynaya qarşı müharibəni davam etdirməsi mümkünsüz hala gələcək.

Çinin Rusiyaya qarşı sanksiyalara əməl etməsinin ağır təsirləri Rusiya daxilində öz nəticəsini göstərəcək. Belə ki, infilyasiyanın sürətlənməsi və yoxsulluğun artması cəmiyyətdə gərginliyi artıracaq. Bu isə hökumət əleyhinə çıxışlara səbəb ola bilər.

Çinlə yanaşı, Hindistanın da Rusiyadan neft idxalatını azaltması Putinin "Şərqə dönüş" siyasi kursunun uğursuz etməkdədir. Moskvada isə yeni siyasi kurs, "Cənuba dönüş" haqqında danışmağa başlayıblar. Lakin bu kursun da uğurlu ola biləcəyi mümkün deyil. Cənubda Çin və Hindistan kimi böyük iqtisadiyyata malik ölkələr olmadığı kimi, əksər ölkələr borc bataqlında boğulurlar. Belə bir vəziyyətdə "Cənuba dönüş" heç bir müsbət nəticə verə bilməz. Üstəlik, Suriyadan qovulan Rusiyanın "Cənuba dönüş"ü logistika baxımından da mümkünsüz görünür. Aydın görünür ki, Qərblə münasibətləri pozaraq "Şərqə dönüş" elan edən Rusiyanın taleyi Çinin qərarlarından asılı vəziyyətə düşüb. Çin isə Rusiya ilə yollarını ayırmağa başlayıb. 

seeBaxış sayı:87
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri