525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır
Icma.az, 525.az-ə istinadən, məlumatı açıqlayır 525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır.
Telman ORUCOV
(Əvvəli ötən şənbə sayımızda)
Vassallara verilən torpaq və digər növ mükafatların əvəzində onların hərbi xidmətləri, onun ünvanını nəzərə alaraq, feodal malikanəsi və ya len adlanırdı. Lord - vassal münasibəti azad adamla asılı adamın ittifaqı idi. Həmin vaxtdan frank kralları öz təbəələrinə himayə göstərə bilmirdilər. Lord diktatora çevrilməklə, torpaq sahibliyi bilavasitə hökumət hüquqlarına yiyələndi və bu, geniş yayıldı. Kralların nüfuzu olduqca aşağı düşdü, onları saymırdılar. Bir dəfə hansısa knyaz, Fransa kralına təzim etdikdə, badalaq vurub, istehza naminə onu qəsdən yıxmışdı.
Torpağa sahib olan malikanələrdə işləyənlər kəndli sinfi idi. Lordlar kəndliləri himayə edirdilər, onları hətta azadlıqdan məhrum etmək kimi cəzalandıra da bilirdilər. Kəndlilər lordlara xidmət göstərməklə, onlara bağlı olurdular.
Yeni Avropa sivilizasiyası IX və X əsrlərdə meydana gəldi. Texnoloji dəyişikliklər də kənd təsərrüfatının genişlənməsini sürətləndirdi. Onların çoxu dəmirdən istifadədən asılı idi, dəmir filizi isə mədənlərdə çıxarılırdı və tapılmadığı ərazilərə satılırdı. Aralıq dənizi zonasındakı kotan və yüngül kotan ağacdan hazırlandığından tez qırılırdı. Onlardan ancaq yüngül torpaqlarda istifadə olunurdu. Ağır kotan isə dəmirdən hazırlanırdı, adi eşşək və ya at tərəfindən dartılırdı. Ağır torpaqlarda isə kotana öküz qoşulurdu.
Kəndlinin həyatı çətinliklərlə dolu idi. O, ilin mövsümündən asılı olaraq müvafiq işləri görürdü. Hər mövsüm dövrə lazım olan tapşırıqlara malik idi. Bəzi mövsümlər daha ağır işləməyi tələb edirdi. Kəndlilərin pəhrizi çörəkdən, bəzi hallarda bişirilən yarma sıyığından ibarət idi. Məhsul onun ərzaqla təminatında xüsusi əhəmiyyət daşıyırdı, bu vaxt qış üçün ehtiyat torlamaq da lazım gəlirdi.
Erkən Orta əsrlərdə (754-1000-ci illər) Avropa sivilizasiyasında antik dövrdən fərqli olan hadisələri meydana gətirdi. Bu erada fiziki mühitin başlıca xüsusiyyətləri özünü büruzə verdi. Fransadakı Karoliqlərin hakimiyyəti ilə yanaşı, Avropada siyasi, intellektual və gündəlik həyatda gedən dəyişikliklər həm də Qall, Roman, German və Xristian praktikasından xəbər verirdi. Feodal torpaq sahibliyi hüququ ilə birlikdə lordlar və vassallar dünyası aparıcı mövqeyə yiyələnmişdi.
Bizans sivilizasiyası öz inkişafının zenitinə çatdı. Hələ VI əsrdə onun imperatoru olmuş Yustinian Konstantinopolun abadlaşıdırılması üçün çox işlər görmüşdü. O bilirdi ki, ondan iki əsr əvvəl bu yeni paytaxtı tikdirmiş və öz adı ilə adlandırmış imperator Konstantin bütün ümidlərini bu şəhərə bağlamışdı. Yustinianın təşəbbüsü ilə Aya Sofiya kimi min illər ərzində insanları heyran etməyini kəsməyən və mükəmməlliyi ilə seçilən bir məbəd tikilmişdi. Lakin 541-ci ildə başlanan yeni xəstəlik - vəba epidemiyası apokalipsis təsiri bağışlayırdı. Şəhərdə xəstələnənlərin 80 faizi ölmüşdü. Yustiniandan təkcə özünə bərabər tanımayan məbəd deyil, həm də böyük hüquqi dəyərə malik olan və onun adını daşıyan Kodeks irsi qaldı və Napoleonun Mülki Kodeksi də xeyli dərəcədə ona əsaslanırdı. Yustinian Kodeksi də hansısa boşluq şəraitində meydana gəlməmişdi, əsas müddəalarını Qədim Romanın XII Cədvəl qanunlarından əxz etmişdi. Köhnə Babistan çarı Hammurabi tarixdə ilk hüquqi kodeks yaratmaqla məşhurlaşdığı kimi, bu qiymətli sənəd Hammurabi Kodeksi kimi tanınır, Yustinian da öz adını daşıyan hüquqi məcəllə ilə böyük şəxsiyyət şöhrəti qazanmışdır. Sonrakı əsrlərdə Bizans imperiyasının inkişafı daha sürətlə getdi.
Mərkəzi və Şərqi Avropada Şərqdən gələn slavyan xalqları məskunlaşdılar. Bu dövrün ən mühüm hadisələrindən biri VII əsrdə İslam dininin meydana gəlməsi və İslamın sürətli ekspansiyası idi. Məhəmməd peyğəmbərin əsasını qoyduğu Xilafət işğallar hesabına getdikcə böyüdü, İslam dini Asiyada və Afrikada geniş yayılmaqla, İspaniyanın timsalında Avropaya da ayaq açdı. Katolik dünyasından fərqli və daha uğurlu inkişaf edən İslam sivilizasiyası meydana gəldi.
Ədəbiyyatda isə sonralar, daha dəqiq deyilsə, XII əsrdə fiziki hissiyyata həsr olunmuş Trubadur poeziyası yeni bədii cərəyan təsiri bağışladı. Qərb ölkələrində qəhrəmanlıq eposları yarandı, onları şanson de jest adlanan müğənnilər ifa edirdilər.
Arxitekturada da roman üslubu öz təsirini gücləndirdi və kafedral kilsələrin tikintisində qotik üslub üstün mövqeyə çıxdı. Bu, daha çox Yüksək Orta əsrlərin ən böyük zəfərlərindən biri idi.
Erkən Orta əsrlərin isə ən maraqlı hadisələrindən biri İspaniyanın xeyli ərazisini işğal etmiş ərəblərin yaratdığı Əl- Əndəlus sivilizasiyası idi, çünki müsəlman İspanyası qonşuluqdakı xristian dövlətlərindən öz inkişafına görə çox fərqlənirdi. Yeni ərəb xilafətinin paytaxtı olan Kordoba şəhəri elmi və mədəni inkişafına görə özünə bərabər olanı tanımırdı. Ərəblər bu əraziyə şəhərsalma təcrübəsi bəxş etmiş, suvarma texnologiyasını təkmilləşdirməklə Andalusiyanı bağlar diyarına çevirmişdilər. Qranadadakı Al- Qambra sarayı fəvvarələrinə, heykəllərinə və yaşıllığına görə canlı əfsanə təsiri bağışlayırdı.
XIII əsrdə Asiyada baş verən böyük dəyişikliklər Avropaya da öz təsirini göstərdi. 1206-cı ildə Monqolustandakı xalqları birləşdirib, onun liderinə çevrilən və Çingiz xan adını qəbul edən sərkərdənin başçılıq etdiyi ordu nəhəng əraziləri işğal etdi. Bütün Rusiyanı tutduqdan sonra, polyakları məğlub etdi və Macarıstan krallığının məhvinə səbəb oldu. Sonra monqol ordusu Serbiya və Xorvatiyaya hücum etdi.
Çingiz xanın ordusu Avropanın şərqindəki bütün ordulardan güclü idi. Monqol əsgərləri günlərlə at belində qalır, yəhərin üstündə də yata bilirdilər. Böyük yazıçı Stefan Sveyq özünün "Ürəyin dözümsüzlüyü" əsərində qeyd edir ki, Avstriya ordusunun zabitləri də at belində yatmağa öyrəndiklərindən, bu vaxt yıxılmırdılar da.
Çingiz xan ordusu təkcə monqollardan deyil, həm də işğal edilmiş ərazilərin xalqlarının döyüşçülərindən ibarət idi. Ordu bütün döyüşlərdə qalib gəlməklə, Avropada qorxu xofu yaratmışdı. Onlar vuruşda hərbi yenilikləri tətbiq edirdilər, Macarıstanda barıt qatışığı olan yanan şarlardan istifadə etmişdilər.
Çingiz xan qısa müddətdə dünyada ən böyük imperiya yaratmışdı, onun ərazisi dünyanın quru sahəsinin dörddə birini əhatə edirdi. Çingiz xan anadan olanda isə monqol tayfası Onon çayı ətrafındakı kiçik ərazidə yaşayırdı. Çingiz xan öz ordusunu heç də dini və milli mənsubluğa görə deyil, ideyasının gücü ilə idarə edirdi. O, işğal etdiyi xalqları tolerant münasibət göstərsə də, bəzən qəddarlığa da yol verirdi. Buna Xorezm şəhərini tutanda, orada qırğın törətməsi misal ola bilər Onun tətbiq etdiyi qaydaya görə, düşmən öldürülməli, müdafiəsiz olanlara isə himayə göstərilməli idi.
Çingiz xanın ordusu sayca yuvarlaq saydakı bölmələrə bölünməklə idarə olunurdu. Orduda Çin mütəxəssisləri xidmət edirdi, Həm də Çinin inkişaf etmiş texnologiyasından istifadə olunurdu. Onlar ərəb kəşflərinin tətbiqinə də biganə qalmırdılar.
Çingiz xanın böyük nailiyyəti monqol çöllərini birləşdirməyi bacarması idi, burada yaşayan bütün tayfalar bir xalq kimi birləşdi, milli mənsubluq deyil, köçəri olmaları, onları bu möhkəm birliyin üzvlüyünə gətirmişdi.
Çingiz xanın 1227-ci ildə ölməsindən sonra yeni xanın paytaxt Karakorumda seçilməsi üçün ordu rəhbərləri ora yığışmalı idi. Ona görə də qəflətən monqol ordusu Avropadan qeyb oldu. Avropada belə bir şayiə yayılmışdı ki, monqollar vuruşmaq üçün əjdahanı öyrədirlər. Ona görə də Fransa kralı, Xan sarayına adam göndərdi. Sarayda monqollarla yanaşı, xristianlar, müsəlmanlar və buddistlər var idi. Paytaxtda müsəlman məscidi fəaliyyət göstərirdi.
Bundan bir əsr sonra, XIV əsrin başlanğıcında türklər Kiçik Asiyada xırda bir Osmanlı dövlətini yaratdılar. Qonşu əraziləri işğal etməklə Osmanlı imperiyası meydana gəldi. Sultan Mehmet Fateh 1453-cü ildə Konstantinopolu işğal etməklə, Bizans imperiyasının mövcudluğuna son qoydu. Bu, Çingiz xandan sonra Avropada yeni qorxu xofu yaratdı. XVII əsrin sonunda türklər Vyananın qapısı qarşısında dayandırıldılar. Bundan bir əsr əvvəl isə ispanlar başqalarının da köməyi ilə türk donanmasını Lepantoda məğlub etmişdi. XVII əsrdən Osmanlı imperiyası tənəzzülə uğradı, 1918-ci ildə isə dağılmaqla, Bizans imperiyasının taleyini təkrar etdi.
Sonralar krallıqların yüksəlməsi və kilsə qüdrətinin böyüməsi baş verdi. Həyata keçən dəyişikliklər dövlətin vəziyyətinə də təsir göstərdi. Bu proses XI-XIV əsrlərdə getdi. İngiltərəni və Fransanı idarə edənlər Yuksək Orta əsrlər ərzində feodal torpaq sahibliyinin dəstək verdiyi mərkəzləşmənin ləğvinə yönəlmiş meyli gücləndirməyə müvəffəq oldular. İspaniyada, Müqəddəs Roma imperiyasında da böyük siyasi və dini inkişaf getdi. Bu proses Şimali və Şərqi Avropaya da öz təsirini göstərdi və onlarda da həyat islahata uğradı. Bu dövrdə həm də Xristian kilsəsinin çağırışı ilə XI əsrdə başlayan Səlib yürüşləri həyata keçirildi.
Sonrakı 300 il ərzində (1000-1300-cü illər) krallıqların yüksəlməsi və kilsə qüdrətinin böyüməsi baş verdi. XII əsrdə isə Fransa kralı hələ lazımi nüfuza malik olmadığından, əslində öz xalqı ilə Allah arasında olan keşişi xatırladırdı, çünki onun idarəetmə səlahiyyəti olduqca məhdud idi. Normandiya formal olaraq Fransa ərazisi olduğu halda, xeyli müddət İngiltərə tərəfindən idarə olunmuşdu. Dəniz qulduru Ronald tərəfindən işğal edilən Normandiya sonralar Fransa üçün böyük təhlükəyə çevrilmişdi. 1066-cı ildən İngiltərə kral taxt-tacına yiyələnmiş Uilyam Fateh və onun varisləri bu böyük regionu idarə edirdi. Axı Uilyam min gəmi ilə İngiltərənin cənubunda sahilə çıxmış və Qastinqs döyüşündə kral Hovardın ordusunu məğlub edib, iki ay sonra, dekabrda İngiltərə kralı kimi taclanmışdı. Güman edilirdi ki, İngiltərə lənətə gəlmişdir. Lənətə gələn isə normanların təhlükəsinə məhəl qoymayan kral Hovard idi. İngiltərə isə ilk dəfə mərkəzləşmiş dövlətə çevrilmişdi. 1189-cu ildə hakimiyyətdəki sülalənin yeni üzvü Şir Ürəkli Riçard Normandiyada Şato Qoyardı tikdirmişdi. Fransa kralı Filip Avqust əvvəlcə ingilislərin bu istehkamını tutmuş, sonra isə bütün Normandiyanı azad etmişdi. O, həm də ölkəsinin ərazisini xeyli genişləndirmişdi.
İspaniyada, Müqəddəs Roma imperiyasında, Şimali və Şərqi Avropada bu dövr ərzində başlıca siyasi və dini dəyişikliklər baş verdi. Katolik dini canlandı və islahatlara uğradı. Xristianlıq və Orta əsrlər sivilizasiyası bu eranı xarakterizə edən mühüm cəhətlər idi. Avropa bu dövrdə işğal məqsədi güdən müharibələrə - Şərqə doğru, əsasən, müsəlmanlara qarşı yürüşə başladı. Bu, tarixdə Səlib yürüşləri kimi tanınır.
Sonrakı Orta əsrlərdə - XIV əsrdə böhranlar və dövlətlərin parçalanması baş verdi. Bu dövr həm də narahatlıqlarla yadda qaldı, Qara ölüm adlanan vəba pandemiyası və sosial böhran Avropanı başına götürdü. Əsrin ortalarında epidemiyadan qitə əhalisinin üçdə biri məhv oldu. Avropa dövlətlərində müharibə və qeyri-stabillik həyatın normal gedişini pozurdu.
Kilsə də öz təsirini göstərməkdə tənəzzülə uğradı. Papalığın nüfuzu XIV əsrdə xeyli aşağı düşmüşdü. Rəssamlıqda və ədəbiyyatda isə başlıca inkişaf xarakterli yeniliklər baş verdi. Həm də cəmiyyətlər şəhər həyatında və təbabət təcrübəsində problemlərlə üzləşdi.
(Ardı var)
