Azərbaycan İtaliya münasibətlərinin strateji səviyyədə dərinləşməsinin növbəti göstəricisidir Millət vəkili
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Prezident lham Əliyevin 30 sentyabr tarixində İtaliya Prezidenti Sercio Mattarella ilə birgə mətbuata verdiyi bəyanatı dövlətimizin xarici siyasət kursunun uğurlu təzahürü olmaqla yanaşı, Azərbaycan-İtaliya münasibətlərinin strateji səviyyədə dərinləşməsinin növbəti göstəricisidir. Bu bəyanat, Prezident İlham Əliyevin qlobal siyasətdəki müdrik və uzaqgörən liderliyinin daha bir nümunəsi kimi qiymətləndirilməlidir".
Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki,
Azərbaycan ilə İtaliya arasında mövcud olan münasibətlər sıradan diplomatik əlaqələr çərçivəsində qalmayıb, enerji, müdafiə sənayesi, mədəniyyət, təhsil və yüksək texnologiyalar sahəsində çoxşaxəli strateji tərəfdaşlığa çevrilmişdir. Prezident İlham Əliyev bəyanatında bu əlaqələrin dərin köklərə malik olduğunu xüsusi vurğulayaraq, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoqun və iqtisadi əməkdaşlığın nümunəvi səviyyədə inkişaf etdiyini diqqətə çatdırdı. Xüsusilə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində İtaliyanın iştirakı və bu ölkənin şirkətlərinin bölgədə aktiv fəaliyyəti Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətində inklüziv və əməkdaşlığa açıq yanaşmasını bir daha nümayiş etdirir.
Bugün Azərbaycan-İtaliya əlaqələri yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında vacib rol oynayır. İtaliya Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının genişlənməsində hər zaman etibarlı və prinsipial mövqe sərgiləyib. Avropa İttifaqı-Azərbaycan münasibətlərində son dövrlərdə müşahidə edilən dinamika və müsbət irəliləyişlər gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynaması, Avropaya etibarlı enerji tədarükçüsü kimi çıxış etməsi bu əlaqələrin dərinləşməsində mühüm amildir: "2020-ci ildən etibarən TAP vasitəsilə Azərbaycan qazının İtaliyaya çatdırılması iki ölkə arasında etibarlı tərəfdaşlığın real nəticəsidir. TAP layihəsinin reallaşması həm də İtaliyanın Azərbaycanın əsas neft və qaz tərəfdaşlarından birinə çevrilməsinə səbəb olmuşdur.
Bu gün Azərbaycan nəinki İtaliya, həm də 14 ölkəyə təbii qaz ixrac edən, coğrafi əhatəsinə görə dünyada lider mövqedə olan bir dövlətdir. Bu isə Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin, eyni zamanda enerji diplomatiyasının uğurlu nəticəsidir.
Eyni zamanda dövlət başçımızın Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı sahəsində əməkdaşlıq istiqamətində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan təkcə neft-qazla kifayətlənmir, həm də yaşıl enerjiyə keçid prosesində fəal mövqe tutur. Xəzərin dibi ilə Orta Asiyadan Avropaya elektrik ötürülməsi layihəsi gələcəyin strateji enerji dəhlizi olacaq.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu milli maraqlara, regional sabitliyə və beynəlxalq əməkdaşlığa əsaslanır. Millətimizin maraqlarını qətiyyətlə qoruyan və qlobal miqyasda nüfuz qazanan lider olaraq cənab Prezidentin bu çıxışı həm daxili həm də xarici siyasət üçün önəmli siqnalları özündə ehtiva edir.
Prezidentin qətiyyətli, ardıcıl və milli maraqlara əsaslanan diplomatik addımları nəticəsində Azərbaycan bu gün güclü dövlət, etibarlı tərəfdaş və regional lider kimi tanınır. İtaliya ilə münasibətlərin daha da möhkəmlənməsi isə bu strateji baxışın daha bir bariz nəticəsidir".


