Icma.az
close
up
RU
Azərbaycanın nəqliyyat sektorunda yeni era AZCONdan GÖZLƏNTİLƏR

Azərbaycanın nəqliyyat sektorunda yeni era AZCONdan GÖZLƏNTİLƏR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər Azərbaycanda aparılan iqtisadi islahatlar gələcəyimizi təmin edəcək əsas faktorlardandır. Ölkə başçısının müxtəlif sahələr üzrə imzaladığı sənədlər də məhz buna xidmət edir.
Prezident İlham Əliyevin Azərbaycanda Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması ilə bağlı Fərmanı da göstərilən istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Birmənalı şəkildə bu sənəd vahid və çevik idarəetmə sisteminin təşkilinə və iqtisadi səmərəliliyinin artırılmasına xidmət edəcək.
Azərbaycanda iqtisadiyyatın mühüm sahəsini təşkil edən nəqliyyat və kommunikasiya sektoru geniş potensiala malikdir. Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər zəncirində əvəzolunmaz rola malikdir. Müasir dövrdə dünyada gedən qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf kimi amillər ölkəmizdə nəqliyyat-kommunikasiya sistemində müasir dövrün tələblərinə uyğun yanaşmanı zəruri edir.
Nəqliyyat və Kommunikasiya Holdinqə rəhbərlik Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevə tapşırılıb. Əslində ölkədə ilk dəfədir ki, belə bir nəhəng struktur yaradılıb. Bu quruma rəhbərlik adi və asan məsələ deyil.

Nəqliyyat və kommunikasiya sektoru perspektiv inkişafın lokomotividir

Nəqliyyat və rabitə sektoru ölkəmizdə müstəqlillik illərində ən dinamik inkişaf edən sahələrdəndir. Son 10 ildə təkcə yük daşmalarında 2 dəfəyə yaxın artım qeydə alınıb. Cari ilin 9 ayında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 173,3 milyon ton yük və 1486,9 milyon sərnişin daşınıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4 və 9,0 faiz çoxdur. Hesabat dövründə yüklərin 59,2 faizi avtomobil, 28,9 faizi boru kəməri, 8 faizi dəmir yolu, 3,7 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,1 faizi avtomobil, 11,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə mənzil başına çatdırılıb.
İnformasiya və rabitə sektoru da son onilliyin ən inkişaf edən sahələrindəndir. 2024-cü ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sektorunda 2,6 milıyard manatlıq xidmət göstərilib ki, bu da ötən ilin 9 ayındakından 12,3 faiz çoxdur.
Göründüyü kimi nəqliyyat və rabitə sektoru ölkə iqtisadiyyatında aparıcı sahələrdən biridir və qeyri-neft sektorunda perspektiv inkişafın lokomotivi hesab edilir. Bütün bunlara baxmayaraq, bu sektorda həllini gözləyən vacib məsələlər də vardır.


İqtisadi sektorda yeni “supergüc”

Əlverişli coğrafi məkanda yerləşən respublikamız hazırda bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir.
Son illər nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılır.
AZCON yaradılana qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fəaliyyət istiqamətinə uyğun olaraq nəqliyyat, telekommunikasiya, poçt sahələri üzrə əksər dövlət şirkətlərini birbaşa idarə etmək səlahiyyətinə sahib idi.
RİNN-in tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Kosmik Agentliyi (Azərkosmos), Dövlət Dəniz və Liman Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Azərpoçt” MMC, “AzIntelecom” MMC, “Aztelekom” MMC, “Bakı Taksi Xidməti” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Hərbləşdirilmiş Mühafizə İdarəsi” MMC, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC mövcud olub.
Bu qurumlardan başqa nəqliyyat və telekommunikasiya sahələrində fəaliyyət göstərən və dövlətə məxsus olan təşkilatlara isə RİNN dövlət nəzarətini təmin edib.
RİNN tabeliyindəki şirkətlərlə yanaşı Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu QSC-ləri və “BakuBus” MMC-də AZCON-un tərkibinə verilib.


Yeni idarəetmə prinsipləri və sağlamlaşdırma

Azərbaycanın coğrafi mövqeyi və iqtisadi imkanları demək olar ki, bütün sahələrinin inkişafına şərait yaradır. Ölkəmizdə avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı infrastrukturu, hətta kosmik sənaye mövcuddur. Ötən illərdə bu sahələrdə inkişaf müxtəlif səviyyələrdə olub. Bəzi sahələr rentabelli işlədiyi halda bəziləri dövlət subsidiyaları gücünə ayaqda qalıb. Hətta bu sahələrdə təşkilatı struktur, idarəetmə sistemi, texniki imkanlar, rəqəmsal texnologiyalara keçidin özü belə fərqli şəkildə aparılıb.
Odur ki, Holdinqin yaradılması nəqliyyat-kommunikasiya sahəsində idarəetmə sisteminin optimallaşdırılması zərurətindən irəli gəlir.
Nəqliyyat və rabitə yüksək ixtisaslaşdırılmış iqtisadi sahələrdir və onların inkişafına ayrıca nəzarət edilməlidir.
Yeni yaradılan Nəqliyyat və Kommunikasiya Holdinqi bu sahədə vahid idarəetmə sisteminin tətbiqini həyata keçirməyə imkan verəcək. Bu daha çox özünü Holdinqin idarəçiliyinə verilmiş şirkətlərin müasir korporativ idarəetmə standartlarına uyğunlaşdırmasında göstəriləcək. Yeni islahat idarəetməyə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin vahid prinsiplərə uyğun idarə olunmasını təmin edəcək.
Bütün bunlar onu deməyə əsas verir ki, bundan sonra nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işi təkmilləşdiriləcək. İlk növbədə onların fəaliyyətində iqtisadi səmərəliliyin artırımasına diqqət yetiriləcək. Həmin müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti təhlil olunacaq, ziyanla işləyən subyektlərin fəaliyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması istiqamətində kompleks addımlar atılacaq. Həmin müəssisələrdə iqtisadi səmərəliliyin yüksəldilməsi bu qurumların maddi-texniki bazasının və kadr potensialının artırılmasına, eyni zamanda dövlət büdcəsinə ödənilən dividentlərin artırılmasına gətirib çıxaracaq.
Fərmanda qeyd olunduğu kimi, səmərəlilik və rəqabətə davamlılıq baxımından sektorda daha münbit mühit yaratmaq üçün konkret və planlı addımların atılacağını proqnozlaşdımaq olar. Dövlətdən subsidiya alan təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi üçün effektiv mexanizmlər hazırlamağı nəzərdə tutur. Böyük ehtimal ki, hökumət bu qurumlara gələcəkdə nəinki subsidiyalar vermək, əksinə onların hesabına büdcə gəlirlərini artırmağı hədəfləyib.


Yeni Holdinq Orta Dəhlizin perspektivi baxımından xüsusilə əhəmiyyətlidir

Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası türk dünyasının beynəlxalq məkana inteqrasiyası ilə yanaşı, olduqca güclü iqtisadi potensialı özündə ehtiva edir.
Orta Dəhliz Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün ən optimal varianta çevrilir və həm Çin, həm də Avropa regionu ölkələri üçün nəqliyyat şaxələndirilməsinə ehtiyacları qarşılayan optimal həll yoludur.
Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir.
Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə gələn yüklər Ələt limanında qəbul edilərək ölkəmizin ərazisində müasir infrastrukturla Orta Dəhlizə inteqrasiya edilmiş marşrutlara yönəldilir. Hazırda tələbatın artması ilə əlaqədar olaraq Azərbaycan Ələtdəki dəniz limanının ötürücülük imkanlarının genişləndirilməsi layihəsinin icrasını da uğurla davam etdirir.
Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır.
Orta dəhliz nəqliyyat-logistika sisteminin bir çox həlqələrini özündə birləşdirir. Buraya avtomobil, dəmir yolları və dəniz nəqliyyatı sıx inteqrasiya olunub. Bu nəqliyyat sistemlərinin AZCON tərəfindən vahid mərkəzdən idarə olunması tariflərin tənzimlənməsi və operativliyin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Maraqlı məqamlardan biri də Gəmiqayırma zavodunun da holdinqin idarəetməsinə verilməsidir. Azərbaycanda yaxın gələcəkdə dəniz daşımalarının ciddi şəkildə artması gözlənilir ki, bunun üçün də yeni yük gəmilərinin tikintisinə ehtiyac yaranacaq.
Nəhayət, qarşıda Azərbaycan üçün çox vacib olan Zəngəzur dəhlizinin açılması kimi böyük perspektiv var. Bu dəhlizin açılması ilə Qərblə Şərq arasında daşmalar əhəmiyyətli dərəcədə artacaq. Hesab olunur ki, yeni dəhlizin nəqliyyat və kommunikasiya sisteminin idarə olunmasında vahid yanaşma tətbiq ediləcək.
 


Şəhərdaxili nəqliyyatın inkişafında yeni imkanlar

Son illər ərzində paytaxtın nəqliyyat sisteminin inkişafı və küçə-yol şəbəkəsinin genişləndirilməsi istiqamətində bir sıra əsaslı tədbirlər həyata keçirilib. Lakin avtomobilləşmə səviyyəsinin artması, ölkə iqtisadiyyatının sürətli inkişafı fonunda əhalinin artan nəqliyyat tələblərinin qarşılanması və mövcud nəqliyyat problemlərinin həlli məsələləri paytaxtın, bütövlükdə Abşeron yarımadasının nəqliyyat sistemində yeni yanaşmaları labüd edir.
Bu yanaşma ictimai nəqliyyatın xüsusi payının artırılmasını və əsas nəqliyyat marşrutları arasında fiziki və məntiqi bağlılığın təmin edilməsini tələb edir.
Qeyd edilən hədəflərin reallaşması məqsədilə metro nəqliyyatı sisteminin inkişafı, dəmir yolu nəqliyyatı şəbəkəsinin genişləndirilməsi, tranzit qovşaqların yaradılması, xüsusi ictimai nəqliyyat zolaqları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Yeni yaradılan holdinq Bakının gələcək inkişafı üçün əsas maneələrdən sayılan nəqliyyat sıxlığı probleminin köklü həllinə imkan yaradacaq.
Bu sahənin mütəxəssisləri yeni sənədin həm ölkədaxili, həm də ölkə xarici nəqliyyat sektorunda ciddi irəliləyişə gətirəcəyini proqnozlaşdırırlar. Bu mənada holdinqin yaradılması vaxtında verilmiş doğru qərardır.
Nəqliyyat, logistika və kommunikasiya sahələrinin əhəmiyyəti hər ötən gün artır. Bu, nəinki bölgələrin, həm qitələrin bağlantısı baxımından daha əhəmiyyətlidir. Bu baxımdan Azərbaycanda nəqliyyat sahəsinin daha rəqabətədavamlı şəkildə fəaliyyəti üçün institusional dəyişikliklərə ehtiyac var idi. Bu qərarın nəticəsi olaraq Azərbaycandakı nəqliyyat və kommunikasiya sahəsinə aid olan müəssisələr daha rəqabətədavamlı və günümüzün tələblərinə cavab verəcək şəkildə fəaliyyət göstərəcək.
Yekun olaraq vurğulanmalıdır ki, biri-birinə bu və ya digər şəkildə bağlı olan, lakin indiyə qədər ayrı-ayrılıqda fəaliyyət göstərmiş müəssisələrin bir çətir altında birləşdirilməsi və vahid korporativ idarəetmənin tətbiqi, çevik və operativ qərarların qəbulu AZCON-un idarəçiliyinə verilmiş təsərrüfat subyektlərinin sağlamlaşdırılması, mənfəətliliyin təmin olunmasını şərtləndirəcək. Bu da öz növbəsində suveren Azərbaycanın regionda siyasi və iqtisadi gücünün daha da artmasına gətirəcək.
Bu yazıda qısaca olaraq AZCON-un fəaliyyət dairəsi və perspektivləri barədə bir çox məqamlara aydınlıq gətirməyə çalışdıq. Təbii ki, qısa bir yazı ilə regionun ən böyük holdinqinin bütün fəaliyyət istiqamətləri, perspektiv inkişafı barədə müfəssəl məlumat vermək mümkünsüzdür…


Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri