Bir daha Himnimiz haqqında
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kamil Şahverdi
IV yazı
3-cü hissə
Hələ 1938-ci ildə Stalin Aleksandrovun "Partiya haqqında mahnı"sını himn kimi görürdü və onu ilk eşitdikdə himn adlandırmışdı. Mahnını "Bolşeviklər partiyasının himni" adını da özü vermişdi. 1943-cü ildə yeni himnin qəbulu üçün xüsusi komissiya yaradılmamışdan qabaq, yəni 1942-ci ildən Serqey Mixalkov və Qabriel El-Reqistanı (Ureklyan) çütləyərək onlara mətn yazdırır. Bir çoxları Stalini sovet himnin üçüncü həmmüəllifi adlandırırdı. Həqiqətən də Stalin mətn üzərindı nəzərə çarpacaq qədər düzəlişlər etmişdi. Mətnin ilkin variantı hazır olandan sonra 1943-cü ilin may ayında, Komintern buraxılandan dərhal sonra xüsusi himn komissiyası yaradılır. Qeyd etdiyim kimi. Stalin özlüyündə himn olacaq əsəri müəyyən etmişdi. Gəncliyində arada şeir yazmağa həvəs göstərdiyinə görə yəqin ki, himn mətninin də qaralamasını etmişdi. Yaradıcılıqları bir-birindən tamamilə fərqlənən S. Mixalkovu və Q. Ureklyanı (Reqistanı) çütləyib onlarla mətn üzərində işləmişdi. İlkin variant hazır olandan sonra himn komissiyasına göstəriş verir ki, mətni bəstəkarlara paylasınlar. Bəstəkarların siyahısını da özü təsdiqləmişdi. Dmitri Şostakoviç xatirələrində himnlə bağlı olduqca maraqlı məqamlara toxunur:
"...Mənim Stalinlə görüşüm belə şəraitdə baş vermişdi. Müharibə vaxtı qərara alındı ki, "İnternasional" sovet himni üçün yaramır. Onun mətnini ideoloji baxımdan uyğunsuz hesab etdilər. "İnternasional" fransız əsəri idi. Necə ola bilər ki, ruslarda fransız himni olsun? Məgər biz öz himnimizi yarada bilmərik? Bax belə yeni bir mətn cızma-qara edib bəstəkarlara payladılar ki, tez olun ölkənin yeni himnini yazın. Müsabiqədə iştirak etmək məcburi idi. Soruşan yox idi iştirak etmək istəyirsən, ya yox. Əks halda sənə iş açardılar ki, sən məsuliyyətli tapşırıqdan yayınırsan. Əlbəttə ki, bir çox bəstəkarlar üçün bu seçilmək, necə deyərlər, tarixə iməkləmək şansı yaratmışdı.
Bəziləri dəridən-qabıqdan çıxırdılar. Dostum Aram Xaçaturyan 7 himn yazmışdı. Beləcə ümumxalq bəstəkarı olmaq istəyirdi. Əslində bu bəstəkar zəhmətkeşliyi ilə heç vaxt seçilmirdi. Amma bu məsələdə möcüzəvi can fəşanlıq göstərirdi.
Mən də himn yazdım. Sonsuz dinləmələr başladı. Hərdən Stalin gələr və davamlı dinləyərdi. Sonra əmr etdi ki, biz Xaçaturyanla birlikdə himn yazaq. Bu çox yersiz ideya idi. Biz Xaçaturyanla tamamilə fərqli bəstəkarlarıq. Yazı üslubumuz, iş maneramız başqa başqadır. Bizim xarakterlərimiz də fərqlidir. Birdə ki, hansı bəstəkar istər ki, kolxozda işləsin? Nə etmək olar, əmrə tabe olmağa məcbur idik.
Əlbəttə, biz bir yerdə işləyə bilmədik, İlf və Petrova çevrilmədik. Ya mən ona mane olurdum, ya da o mənə. Mən öz işimdən heç vaxt sirr düzəltmirəm. Mənə işləmək üçün xüsusi şərait lazım deyil özümü elə göstərmirəm ki, güya işləyəndə yüksək sferalara uçuram. Bir vaxtlar mən harda gəldi bəstələyirdim, ən səs-küylü yerlərdə belə. Təki masanın kənarında bir yer olsun, yaza bilim. Ətrafdakılar məni itələyənə, dirsəkləyənə qədər işləyirdim. İndi isə belə işləmək mənə çətindi. Və indi artıq mən öz planlarım haqqında geniş məlumatlar vermirəm. Misal üçün, guya mən müasir mövzuda-xam torpaqların və faydalı yataqların mənimsənilməsi haqqında oprera, və yaxud sülh uğrunda balet, kosmonavtlar haqqında simfoniya yazmağım haqqında...
...Düşünürəm ki, hər bir bəstəkar öz işinə cavabdeh olmalıdır. Bu o demək deyil ki, mən prinsip etibarı ilə əməkdaşlığın əleyhinəyəm. Əbəbiyyatda görünür ki, bu mümkündür, ancaq musiqidə belə cəhdlər mənə məlum deyil. Və biz də Xacaturyanla bu qaydalardan kənar qala bilmədik. Vurğulamaq istəyirəm ki, bizi həmmüəllif olmağa məcbur etmişdilər. Ona görə də mən bu müəsisəyə çox da ciddi yanaşmırdım. Yəqin ki, son nəticədə mən onu pis vəziyyətdə qoydum.
Xaçaturyanla hər görüşümüz ilk növbədə yaxşı qonaqlıq, yemək-içmək, ordan-burdan danışmaq demək idi. Ona görə də boş vaxtım olanda onunla görüşməkdən heç vaxt imtina etmirəm. Əməkdaşlığımız isə bax belə olurdu, biz yaxşı yeyib-içirdik, son məlumatları, yenilikləri paylaşırdıq. Belə gprüşlərimiz zamanı bir not belə yazmadıq, heç bu mövzuya toxunmurduq da. Sonra məlum olurdu ki, sən demə Xaçaturyan həmin gün işləməyə köklənibmiş, mən isə onu yoldan çıxartmışam.
Biz yenidən görüşmək üçün vaxt təyin edirdik. Bu dəfə mən bütün varlığımla işləməyə hazır idim. Bu sanki idman yarışına bənzəyirdi. Düşünürdüm ki, indi biz "Dövlət himni" adlı möhtəşəm əsər yaradacağıq. Biz görüşürdük və məlum olurdu ki, bu dəfə Xaçaturyanın əhvalı hansı səbəbdənsə pozulub. O həmin gün yazmağa həvəsli olmurdu, filosovsayağı köklənərək uçub gedən gəncliyindən danışırdı. Xaçaturyanı inandırmaq üçünsə ki, gənclik tamam uçub getməyib, bir az içmək lazım gəlirdi. Bir də ayılırdıq ki, artıq gecədir, dağılışmaq vaxtıdır. Biz müştərək himnimizə aid hələ heç bir not belə yazmamışdıq.
Nəsə etmək lazım idi və biz məsələnin həlli üçün Solomon sayağı qərar qəbul etdik: hərə öz himnini yazsın, sonra biz yenidən görüşək və baxaq görək kim öz işini daha yaxşı yerinə yetirib. Hər birimizin yazdığı ən yaxşı parçaları birləşdirib ümumi himnə daxil edərik. Əlbəttə aydın idi ki, biz birləşdirilməsi mümkün olmayan iki fərqli himn yazacağıq. Ona görə də razılaşdıq ki, yaratdıqlarımızı hazır olduqca bir-birimizə göstərək.
Hər kəs evdə öz eskizlərini hazırladı, sonra biz görüşüb müqayisə apardıq və dağılışdıq. İndi hər birimizin ağlında digərinin versiyası da var idi. İşlər sürətlə getməyə başladı, baxmayaraq ki, çətinliklər də var idi. Biz bir-birimizə tənqidi iradlar bildirməyə məcbur olurduq. Xaçaturyanın tənqidə heç dözümü yoxdur. Yaxşısı budur ki, onu heç tənqid etməyəsən...
İstənilən halda biz himnlərimizi bir incəsənət əsəri kimi birləşdirdik. Melodiya mənim idi, refren (nəqarət-K. Ş.) isə onun. Belə musiqidən heç danışmayaq. Mən ümumiyyətlə bu əsəri heç yada salmazdım, əgər onun tragikomik situasiyada meydana çıxması olmasaydı. Orkestləşdirmə zamanı biz az qala dalaşacaqdıq. İki orkestrləşdirməni birləşdirmək gülünc olardı. Ən rahatı isə o olardı ki, ikimizdən birimiz müştərək himnimizi orkestrləşdirərdi, hər ikimiz imza atardıq. Amma ikimizdən hansımız görəcəkdi bu işi? Heç birimiz, hərəmiz öz düşüncəsinə görə buna razı deyildi.
Mübahisəni mən həll etdim. Yadıma düşdü ki, uşaqlıqda sevmədiyimiz ev işlərini görməmək üçün bacılarımla oyun düşünmüşdük. Ovucda gizlədilmiş xırda daşı tapmaq lazım idi. Kim tapa bilmirdisə, o uduzurdu. Xırda daş olmadığı üçün Xacaturyana hansı ovcumda kibrit çöpünün olduğunu tapmasını təklif etdim. Xacaturyan tapa bilmədiyi üçün uduzdu və himni mən orkestrləşdirməli oldum.
Himn variantlarının dinlənməsi prosesi çox uzun çəkdi. Nəhayət başçı və müəllim elan etdi ki, finala beş himn çıxıb. Aleksandrovun, gürcü bəstəkarı İona Tuskiyanın, Xaçaturyanın, mənim və Xaçaturyanla bizim ümumi himnimiz ən son ffinala çıxmışdı. Növbəti, həlledici raund Böyük teatrda keçiriləcəkdi. Hər bir himni üç dəfə ifa olunurdu: xor orkestrsiz, orkestr xorsuz və xor orkestrlə birlikdə. Bununla himnin müxtəlif şəraitdə necə səslənəcəyini müəyyən etmək olurdu. Əsərləri Qırmızı ordunun xoru və Böyük teatrın orkestri ifa edirdi...
...Dinləmə prosesi davam edirdi, bəstəkarlar həyəcanlı idi. Çoxları arvadları ilə gəlmişdi. Xaçaturyan öz arvadı ilə, mən də öz arvadımla. Hamı hiss etdirmədən hökumət lojasına baxırdı, çalışırdılar ki, bunu kimsə görməsin. Nəhayət səhnədə səs-küy kəsildi və bizi Xaçaturyanla lojaya, Stalinlə görüşə dəvət etdilər. Yolda üst-başımızı yoxladılar. Lojanın qarşısında çox da böyük olmayan vestibül var idi, biz ora keçdik. Stalin orda idi. Həqiqəti söyləyim ki, mən Stalini görəndə qorxu hiss etmədim. Düzdür, mən həyəcanlı idim, amma bu qorxu həyəcanı deyildi.
Qorxu onda hiss edirsən ki, sən qəzeti açanda orda oxuyursan ki, sən xalq düşmənisən və sən heç çürə özünə bəraət qazandıra bilmirsən, heç kim səni dinləmək istəmir, heç kim sənim xeyrinə bir söz demir. Sən ətrafa boylanırsan, görürsən ki, hamının əlində həmin qəzet və hamı sakitcə sənə baxır. Sən nəsə demək istəyəndə onlar üzünü səndən çevirirlər. Heç kim səni eşitmir. Bax əsil qorxu budur. Belə vəziyyəti tez-tez yuxuda görürəm. Ən dəhşətlisi odur ki, sənin haqqında hər şeyi deyiblər və qərar qəbul olunub. Sən isə başa düşmürsən ki, niyə belə qərar qəbul ediblər və mübahisə etməyin də mənadızdır.
Burda isə qorxmağa bir şey yox idi. Hələ heç nə həll olunmamışdı. Sən hələ nəsə deyə bilərsən. Mən bu bir az dolu adama baxanda bunu düşünürdüm. O elə bəstəboy idi ki, heç kimə yanında durmağa icazə vermirdi. Misal üçün inqilab burevestniki Maksim Qorki və Stalin yanaşı duranda çox gülünc görsənirdilər, Pat və Pataşon kimi. (Səssiz kinonun qəhrəmanları. Biri çox hündür, digəri isə çox gödək-K. Ş.) Ona görə də bütün şəkillərdə onlar oturan yerdədirlər.
Burda da Stalin tək dayanmışdı. Digər rəhbər işçilər isə arxada, bir qədər aralıda bir-birinə sıxılı vəziyyətdə dayanmışdılar. Xaçaturyandan və məndən başqa iki dirijor da burada idi. Orkestein rəhbəri Aleksandr Melik-Paşayev və xorun rəhbəri Aleksandr Aleksandrov. Bizi niyə çağırmışdılar?Mən heç anlamadım. Yəqin ki, Stalin qəflətən istəmişdi ki, mənimlə söhbət etsin. Ancaq söhbət heç cür alınmırdı.
Əvvəlcə Stalin dovlət himninin necə olması haqqında dərin fikirlərini söylədi. Bu ümumi sözlər idi. Stalinə xas olan tipik bayağılıq. O qədər maraqsız idi ki, mən heç nəyi yadda saxlaya bilmədim. Ətrafdskılar sakit və diqqətlə dinləyib razılaşırdılar. Nədənsə hamı çox sakit danışırdı...
(ardı var)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 09 Dekabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















