Dərslik eynidir, amma hər müəllimi fərqləndirən onun tədris metodudur MÜSAHİBƏ
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 oktyabr, Aysel Azadqızı, AZƏRTAC
Təhsil cəmiyyətin inkişafının təməlidir, bu təməlin möhkəmliyini isə müəllimlər təmin edir. Bakı şəhəri 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Xəyalə Rüstəmzadə 10 ildən artıqdır ki, uşaqlara təkcə oxumağı deyil, düşünməyi, soruşmağı və inamla irəliləməyi öyrədir.
Peşə bayramında sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən Xəyalə xanım müəllimliyi sadəcə peşə deyil, həyatının mənası sayır.
Müsahibimiz deyir ki, bu peşəyə sevgisi elə ibtidai sinif müəlliminin sayəsində yaranıb: “Müəllimimin ozamankı kiçik Xəyaləyə olan davranışlarına, yanaşma metoduna indiki müəllim baxışıyla baxdığım zaman görürəm ki, onun necə öz dəst-xəti var idi. Mən ona vurğun olaraq təkcə müəllimliyi deməzdim, sırf ibtidai sinif müəllimi olmağı sevdim. Bu sevgim yuxarı sinfə doğru getdikcə də dəyişmədi.
Müəllim olaraq, ilk dərs günümü xatırlayıram. Çünki dörd il universitetdən sonra öyrədilənlərlə yanaşı başqa bir auranın olduğunu da görürsən. Həmin o 45 dəqiqənin içərisində anlayırsan ki, sənin əslində qarşında oturan 30 şagird varsa, onların həyatındakı rolun necə də böyükdür. Təkcə dərslikdə yazılanları öyrətmirsən. Şagirdlərinə həm də şəxsi nümunə olmalısan. Sənin hər bir toxunuşun onun həyatında böyük bir iz, böyük bir cığır salır. Şagirdin şəxsiyyətinin formalaşmasında ona təsir göstərirsən.
O məsuliyyəti anlayırsan ki, qarşındakı uşaq gələcəyin anası, atasıdır. Bir sözlə, sən əgər burada bir yaxşı toxum əkirsənsə, o toxum böyüyəcək, şaxələnəcək. Anlamışdım ki, bu, çox önəmli, məsuliyyətlidir. Lövhə qarşısında dayanmışdım, o anları heç vaxt unuda bilmirəm”.

Müsahibimiz hesab edir ki, digər fənn müəllimlərindən fərqli olaraq ibtidai siniflərlə işləmək özünəməxsusdur. Deyir ki, qısa zamanda 30 şagirdin birdən-birə ən sevimli şəxsi, ailəsinin bir üzvü olursan: “Hər zaman sevilirsən. Bu sevgiyə hər gün layiq olmaq inanılmaz duyğudur.
Bir çoxlarına görə, ən adi bir məqamı deyim, birdən-birə məktubların çoxalır. Hər məktub sənə onların sevgisinin göstəricisi olur. Bəzən məktubun içərisində sadəcə bir ürək şəkli olur. Amma o qədər böyük həyəcanla, böyük sevgi ilə gətirirlər ki… Əslində, həyata, hədiyyəyə, sevgiyə olan baxışın dəyişir”.
Xəyalə Rüstəmzadəyə görə, ibtidai sinif şagirdləri ilə işləmək səbirlə yanaşı, böyük diqqət tələb edir: “Uşaqları 6 il ərzində alışdıqları yaşam tərzlərindən birdən-birə ayırırıq. Artıq adi bir uşaqdan şagirdə çevrilir və adaptasiya olması zaman alır. Hər şeyin başlanğıcında sevgi dayandığını düşünürəm. İnsan çarə axtarmağa, daha yaxşı olmağa çalışır. Belə olan halda artıq yerini başqa şeylər almağa başlayır. Bu yolda məşhur şagird-valideyn-məktəb üçlüyü böyük rol oynayır.
Peşə fəaliyyətim dövründə uşaqlardan qazandığım bir xasiyyətim də formalaşdı. Tənəffüs zamanı bir xoşagəlməz hadisə baş vermişdi və uşaqlarla biz bu barədə söhbət etmişdik. Mən gözləyirdim ki, zəng vurulduqdan sonra yəqin ki, uşağın xətrinə dəyəcək və uşaq müəllimindən küsə bilər. Xüsusi qeyd edim ki, şagirdlər müəllimləri tərəfindən sevildiklərini bilirlər. Uşaqlar, 6 yaşında belə olsa, sevginin həqiqi olub-olmadığını hiss edirlər. Əminəm ki, qarşı tərəf də onu sevdiyimi bilirdi. Düşündüm ki, artıq zəng vurulub, inciyə bilər. O isə heç nə olmamış kimi eyni sevgi ilə mənə yaxınlaşdı və onu hər zaman sevib, qucaqlayan müəllimini gördü.
Həmin an anladım ki, həyatda çox xırda hadisələrə görə incimək, küsmək, münasibətlərə pauza vermək lazım deyil. Həyat davam edir və irəli getmək lazımdır. O anın qərarı orada qalmalıdır. Bu hadisə mənim üçün çox öyrədici oldu. O vaxt mən 21 yaşımda idim, işə yeni başlamışdım, müəllimlik həyatımın əvvəlləri idi”.

Gənc müəllim dərsin şagirdlərin tələbatlarına yönəlik qurulmalı olduğunu hesab edir. Deyir ki, müasir uşaqlar yeniliyə can atır, yenilik istəyirlər: “Bu baxımdan da rəqəmsal texnologiyalardan istifadə mənim üçün rahatdır. Bu vasitələr müəllimin işini inanılmaz dərəcədə rahatlaşdırır, şagirdlərin öyrənmə prosesini asanlaşdırır, uşaqlar üçün isə bir çox məsələni daha əlçatan edir. Burada təkcə o rəqəmsal texnologiyanı uşaqlara göstərmək yox, həm də dediyimiz o “öyrənməyi öyrətmək” prinsipindən çıxış edərək, rəqəmsal vasitələrdən necə istifadə etməyi öyrətmək lazımdır. Bu zaman daha effektiv nəticələr əldə etmək olur”.
Xəyalə xanım müəllim olduğu üçün hər gün daha çox qürurlandığını deyir: “Dəhlizdən keçərkən, məktəbin həyətyanı sahəsində məni görəndə şagirdlərin çox böyük fəxrlə, gözlərində parıltı ilə, sevinclə nənəsi, babası və ya atası yanındaykən “bu mənim müəlliməmdir” deyə söyləməsi çox dəyərli bir hissdir. O an mən öz-özümə deyirəm ki, nə yaxşı ki mən müəlliməm, nə yaxşı ki bu peşəni seçmişəm. Kiminsə həyatında bu qədər iz qoymaq, məncə, hər bir peşə sahibinə nəsib olmur”.
Müsahibimiz düşünür ki, hər müəllimi fərqləndirən onun üsulu və tədris metodudur: “Dərsliklər eynidir, bir az fərqli olmaq şərtilə sinif otaqları da eynidir. Mənim dərs metodumun uşaqlar tərəfindən sevildiyini düşünürəm. Əminəm ki, qarşımda əyləşən hər bir uşaq mənimlə birlikdə öyrənməyi sevəcək. Çünki mənim istiqamətləndiyim əsas məqam öyrənməkdir. Dərslikdəki mövzularla, qaydalarla yanaşı, onlardan necə istifadə etməyi də öyrənməkdir. Şagird də anlayır ki, bu onun üçün çox vacibdir. Sırf hər hansı bir imtahanda qiymət almaq üçün yox”.

Müsahibimiz düşünür ki, müəllimlərlə yanaşı, valideyn də öz üzərində çalışmalı, inkişaf etməlidir: “Müəllimlərimiz yetərincə maarifləndirilir, müxtəlif kurslara, təlimlərə göndərilir. Çox istərdim ki, ata-analar da bu prosesə daha yaxından qoşulsunlar. Necə ki, şagirdlər üçün dərslik, müəllimlər üçün metodik tövsiyə kitabları var, eləcə də valideynlərə bu məsələdə kömək, dəstək olmaq daha yaxşı olardı. Düzdür, “Valideynə dəstək” adlı vəsait var. Amma bu, geniş bir sahəni əhatə etsəydi, daha effektiv olardı. Çünki məqsəd şagirdi hərtərəfli inkişaf etdirməkdir”.
Xəyalə Rüstəmzadə müəllimlər günündə ən dəyərli hədiyyə olaraq buraxılış siniflərindən aldığı təbrik məktublarının məxsusiliyini qeyd edib: “İbtidai sinif müəllimi olaraq vidalaşdığım bir sinfim var, hazırda onlar X sinifdədirlər. Mən onlardan ayrı, başqa bir məktəbdəyəm. Bu gün də onların mənə iki-üç cümlə ilə yox, böyük sevgi ilə ozamankı hisslərini artıq özlərini dərk edərək ifadə etmələri sevindirir. O günləri xoş xatırlayırlar. Mənim sevdiyim rənglərdən, müxtəlif smayllardan istifadə edərək təbrik yazıb göndərirlər. Bilirəm ki, artıq onların sevgisi necə dərindir və bu təbriklər mənim üçün sözün əsl mənasında əvəzolunmazdır. Nə yaxşı ki, müəlliməm”.


