Əsəb xəstəlikdir, yoxsa gərginlik?
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Birinin sözü əsəbimizə toxunur, digərinin hərəkəti... Bəzən tıxac, başqa halda gecikən avtobus, elə də olur ki, sadəcə, səhər yataqdan qalxanda halsızlıq kefini korlamağa kifayət edir. Elə bil, sinirlər tarıma çəkilib, səbir kasası dolub. Hara baxırsan, insanların gərgin olduğu hiss edilir. Görəsən, onları ən çox nə əsəbiləşdirir?
Sualımıza cavab tapmaq üçün paytaxt sakinləri ilə söhbət etdik.
41 yaşlı iqtisadçı Adil Qasımov söylədi ki, onu ən çox laqeydlik və ədalətsizlik özündən çıxarır: “Haradasa növbəyə riayət olunmaması, qarşındakının səni saymaması adama pis təsir edir. Ən çox da küçədə qarşılaşdığım mədəniyyətsizliklər səbrimi daşırır. İnsanlar bir-birinə qarşı çox aqressivləşiblər. Əvvəllər belə deyildi, sanki hər kəs barıt çəlləyi kimidir, bir söz deyən kimi partlayır”.
57 yaşlı müəllim Leyla Əsgərova isə onu məişət qayğıları və qiymət artımının gərginləşdirdiyini dedi: “Məktəbdən sonra evə qayıdanda ev işləri, dərslər, gündəlik qayğılar bir tərəfdən, qiymət artımları digər tərəfdən... İnsan artıq gələcəyə inamla baxa bilmir. Bu qeyri-müəyyənlik daimi bir həyəcan yaradır. Əsəbiləşməmək üçün bəzən, sadəcə, hər şeyi eşitməzliyə vurub tək qalmağa çalışıram, amma bu da uzunmüddətli çıxış yolu deyil”.
32 yaşlı sakin Elmar Məmmədov hesab edir ki, əsas problem səbirsizlikdir: “Səhər evdən çıxandan işə çatana qədər elə bir mühitlə qarşılaşırıq ki, sanki hər kəs bir-biri ilə yarışır. Avtobusda ayaq basmağa yer yoxdur, maşın sürənlər bir-birinə yol vermək istəmirlər. İnsanlarda dözüm qalmayıb, hər xırda detala reaksiya verirlər”.
Tələbə Aysel Məmmədova narazılığını gənclərin üzərindəki sosial təzyiqlə əlaqələndirdi: “İmtahanlar, karyera qurmaq məni daim gərginlikdə saxlayır. Sanki hər an harasa gecikirəm kimi bir qorxu var içimdə. Hər zaman hər şeyin ən yaxşısına nail olmaq istəyim məni yorur, nəticədə məndə daima bir yarış hissi yaradır”.
27 yaşlı proqramçı Murad Qasımov isə məsələyə daha fərqli prizmadan yanaşdı: “Məni ən çox əsəbləşdirən insanların bir-birini dinləməməsi və anlaşılmazlıqdır. Hər kəs haqlı olmağa çalışır, qarşı tərəfi eşitmək istəmir. Avtobusda, küçədə, işdə... Hamı bir təlaş içindədir. Bəzən heç nə danışmaq istəmirsən, tək qalmaq, ətraf mühitdən təcrid olunmaq istəyirsən ki, heç kəsin səsi gəlməsin”.
Eşitdiyimiz bu cavablar, sadəcə, gündəlik narazılıqlar deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə sinir sistemi xəstəlikləri üzrə qeydə alınan halların sayı ildən-ilə artır. Belə ki, 2024-cü illə müqayisədə 2025-ci ildə 30 və yuxarı yaş qrupunda sinir sistemi xəstəlikləri üzrə qeydə alınan halların sayı 47,8 faiz artıb. Ötən il bu xəstəliklər üzrə 59 min 779 nəfərə diaqnoz qoyulub.
Qeyd edək ki, sinir sistemi xəstəlikləri ilə bağlı diaqnoz qoyulan şəxslərin sayı 2010-cu ildə 53 min 815, 2015-ci ildə 72 min 961, 2020-ci ildə 162 min 126, 2024-cü ildə 89 min 370, 2025-ci ildə isə 105 min 758 nəfər olub. Bu növ xəstəliklərdən ölənlərin sayı isə 2010-cu ildə 789, 2015-ci ildə 1 047, 2020-ci ildə 740, 2024-cü ildə 2min 286, 2025-ci ildə isə 2 min 193 nəfər təşkil edib.
Bu rəqəmlər, sadəcə, anlıq əsəbin deyil, daha ciddi problemin xəbərçisidir. Bəs bu artımın arxasında nə dayanır? Gündəlik stres, yuxusuzluq, iş və məişət qayğıları, yoxsa məsələ düşündüyümüzdən daha mürəkkəbdir? Hərçənd ki, hər əsəbilik də xəstəlik demək deyil. Sinir sistemi xəstəlikləri daha geniş anlayışdır. Elə bu səbəbdən də mütəxəssisə müraciət etdik.
Mövzu ilə bağlı XQ-yə açıqlamasında nevroloq Əminə İmanova bildirdi ki, sinir sistemi xəstəlikləri və psixi-emosional pozuntular, mexaniki olaraq təkcə yorğunluqdan qaynaqlanmır:
– Ümumiyyətlə, əsəb xəstəliyi insanın keçirdiyi müəyyən travmalardan sonra psixi, emosional və fiziki tarazlığının pozulması deməkdir. Keçirilmiş travmatik hadisələr beynin yaddaşında görünməz bir iz qoyur ki, bu da sonradan emosional vəziyyətin sabitliyini pozur. Eyni zamanda, bu cür izlər zamanla yığılıb qalaraq insanda stresə qarşı dözümlülük həddini minimuma endirir və hər hansı xırda xoşagəlməzlik belə ona dərin sarsıntı yaratmağa kifayət edir.
Müasir dövrdə insan beyninin fasiləsiz informasiya yüklənməsinə məruz qalması adaptasiya mexanizmini sıradan çıxarır və neyromediatorların balansını zədələyir. Nəticədə, insan ən adi, məişət xarakterli qıcıqlandırıcılara belə reaksiya verə bilmir. Prosesin dərinləşməsi isə daimi təşviş, səbəbsiz həyəcan, güclü ürəkdöyünmə, təzyiq dalğalanmaları və qəfil panik atak epizodları ilə müşayiət olunur. Hətta bu əlamətlər tez-tez digər somatik xəstəliklərlə səhv salınaraq insanları uzun müddət səhv istiqamətdə müalicə almağa yönləndirir. Bütün bunlara əlavə olaraq ortaya çıxan xroniki yuxu pozğunluqları orqanizmin özünü bərpa etmək imkanını tamamilə məhdudlaşdırır. Çünki yalnız dərin yuxu fazasında beyin gün ərzində yığılan toksinlərdən təmizlənir və sinir hüceyrələri yenilənir.
Həkim daha sonra söylədi ki, əlamətlərin uzun müddət davam etməsi yalnız, sadəcə, xarakter və ya ötəri əsəbilik deyil, təcili tibbi müdaxiləyə ehtiyacı olan ciddi nevroloji və psixoloji problemdir:
– Belə hallarda zamanında ixtisaslaşmış mütəxəssisə müraciət etmək, gündəlik həyat tərzini dəyişmək mühüm əhəmiyyət daşıyır. Çünki gecikdirilmiş hər bir gün sinir sistemindəki pozulmaların daha da xroniki hal almasına və sonradan bərpa prosesinin çətinləşməsinə səbəb olur. Gündəlik həyatın xırda narahatlıqlarının öhdəsindən qəlmək yalnız fərdi səviyyədə daxili balansı qorumaqla deyil, həm də cəmiyyət olaraq bir-birimizə qarşı daha anlayışlı, empatiya dolu və təmkinli olmağımızla mümkündür.
Ruhi sağlamlıq təkcə fərdin deyil, bütün cəmiyyətin gələcəyinin təməlidir. Unutmamalıyıq ki, ətrafımızdakı insanların mənəvi rahatlığına həssas yanaşmaq həm də özümüzün psixoloji cəhətdən sağlam mühitdə yaşamağımızı təmin edir.
Mütəxəssisin də fikirlərindən görünür ki, hər əsəbi və ya aqressiv davranış sinir sistemi pozğunluğunun göstəricisi deyil, eyni zamanda, davamlı və həyat keyfiyyətinə təsir edən şikayətləri də "əsəbdi, keçər" deyərək qiymətləndirməmək lazımdır. İnsan özündə və ətrafındakılarda baş verən emosional dəyişiklikləri vaxtında görməlidir. Bəzən problemin həlli, sadəcə, istirahət etmək, yuxu rejimini qaydaya salmaq, rəqəmsal mühitdən bir müddət uzaqlaşmaq və gündəlik stress mənbələrini azaltmaqdan başlayır.
Elenora HƏSƏNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















