Gənclərimiz niyə xaricə üz tutur? Beyin axını, yoxsa beyin dövriyyəsi…
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son illər gənclər arasında xaricdə təhsil almaq və işləmək meylinin artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olur.
Bu tendensiya ölkə üçün insan kapitalının itirilməsi, yoxsa qlobal dünyada bilik və təcrübə mübadiləsinin təbii nəticəsidir? Gənclərin xaricə üz tutması doğrudanmı beyin axını təhlükəsi yaradır, yoxsa düzgün siyasət və mexanizmlərlə bu proses beyin dövriyyəsinə çevrilə bilər?
Məhz bu suallar fonunda mövzuya emosional deyil, faktlara əsaslanan və balanslı yanaşma zərurəti ortaya çıxır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, ümumilikdə, bu məsələyə yanaşarkən əsas diqqət yetirilməli olan məqam müzakirənin hansı əsaslar üzərində qurulmasıdır. Qeyd etmək lazımdır ki, bəzi hallarda konkret şirkətlər və ya fərdi maraqlar çərçivəsində baş verən proseslər bu mövzuda ümumi mənzərəni qiymətləndirmək üçün əsas götürülmür.
Onun fikrincə, son illər gənclər arasında xaricdə təhsil almaq və işləmək istəyinin artması, qlobal miqyasda müşahidə olunan sosial-iqtisadi proseslərlə sıx bağlıdır:
“Bu meylin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur və məsələyə yalnız mənfi prizmadan yanaşmaq doğru olmaz. Burada balanslı yanaşma olduqca vacibdir".
Müsahibimizin sözlərinə görə, gənclərin xaricə üz tutmasının əsas səbəblərinə nəzər salmaq lazımdır. Bu səbəblər sırasında daha keyfiyyətli təhsil imkanları, müasir elmi-tədqiqat mühiti, yüksək əməkhaqqı, geniş karyera perspektivləri, eləcə də sosial rifah və həyat standartlarının yüksək olması göstərilə bilər. Bu baxımdan, xaricə üz tutan gənclərin əhəmiyyətli bir hissəsinin bilik və bacarıqlarının artırılması məqsədi güddüyü aydın görünür:
"Bununla yanaşı, bəzi gənclər ölkə daxilində peşəkar inkişaf, şəffaf rəqabət və öz potensiallarını tam reallaşdırmaq imkanlarının məhdud olduğunu düşünürlər. Qloballaşma və informasiya texnologiyalarının sürətli inkişafı isə xarici imkanları daha əlçatan və cəlbedici edir".
Ekspert onu da əlavə edib ki, hazırda tələbələrin xaricə göndərilməsi Elm və Təhsil Nazirliyinin nəzarətində həyata keçirilən dövlət proqramları çərçivəsində baş verir. Bu proqramlar müəyyən mənada prosesin balanslaşdırılmasına xidmət edir. Xüsusilə xaricdə təhsil üzrə dövlət proqramları mütərəqqi mübadilə mexanizmi kimi çıxış edir və gənclərin bilik və təcrübə qazanmasına şərait yaradır:
"Əgər bu proqramlar geri dönüş şərtləri, yerli əmək bazarına inteqrasiya və karyera dəstəyi mexanizmləri ilə müşayiət olunarsa, bu proses beyin axını deyil, beyin dövriyyəsi formasını ala bilər. Yəni gənclər xaricdə təhsil alıb, qazandıqları bilik və bacarıqları ölkənin inkişafına yönəltmək üçün geri qayıda bilərlər. Bu praktika artıq mövcuddur və müsbət nəticələr də az deyil”.

Rizvan Fikrətoğlu: Əsas məsələ gənclərin xaricdə qazandıqları bilik və təcrübələrin ölkənin inkişafına yönəldilməsidir
Həmsöhbətimiz vurğulayıb ki, bu gün dövlət sektorunda və digər sahələrdə çalışan, xaricdə təhsil alıb geri dönən kifayət qədər gənc var. Onun sözlərinə görə, bu hallarda beyin axınından deyil, məhz beyin dövriyyəsindən danışmaq daha doğru olar. Onlar öyrəndiklərini ölkəyə gətirir və tətbiq edirlər.
Onun dediyinə görə, xaricdə təhsil almış gənclərin geri qayıtma motivasiyasını artırmaq üçün bir sıra addımlar atılmalıdır. Buraya ixtisaslarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı olan iş yerlərinin yaradılması, elmi tədqiqat və startap mühitinin inkişaf etdirilməsi, sosial təminatın gücləndirilməsi və karyera yüksəlişi üçün aydın mexanizmlərin formalaşdırılması daxildir:
"Məsələn, qanunvericilikdə artıq belə bir mexanizm mövcuddur ki, xaricdə dövlət proqramı ilə təhsil almış gənclər test mərhələsini keçdikdən sonra birbaşa müsahibə yolu ilə işə qəbul oluna bilirlər. Bu, onların ölkəyə inteqrasiyasını asanlaşdıran mühüm addımdır. Beyin axınının real təhlükə, yoxsa müvəqqəti tendensiya olmasına gəldikdə isə qeyd etmək lazımdır ki, bəzi sahələr üçün bu, həqiqətən də risk yarada bilər. Xüsusilə geri dönüş mexanizmləri zəif olduqda bu təhlükə daha da artır. Lakin düzgün və ardıcıl siyasət aparıldığı təqdirdə bu proses müvəqqəti xarakter daşıya və hətta üstünlüyə çevrilə bilər".
Sonda müsahibimiz fikrini belə yekunlaşdırıb:
"Əsas məsələ gənclərin xaricdə qazandıqları bilik və təcrübələrin ölkənin inkişafına yönəldilməsidir. Nəticə etibarilə hesab edirəm ki, gənclərin xaricə üz tutması təkcə problem deyil, eyni zamanda bir imkan kimi də qiymətləndirilməlidir. Dövlət, cəmiyyət və özəl sektorun birgə səyləri ilə bu proses ölkənin insan kapitalının güclənməsinə xidmət edə bilər".
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 24 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















