“Gürcüstana 83 qəpiyə sata biliriksə, niyə daxili bazarda qiymət bundan 2 dəfə bahadır” NATİQ CƏFƏRLİ
Icma.az bildirir, Gununsesi portalına istinadən.
“Azərbaycan tarixdə ilk dəfə Aİ95, yəni premium markalı benzin ixrac edib. Bu il Gürcüstana 4 196 ton premium benzin satılıb. Bu ixracın ümumi dəyəri 2 milyon 777 min ABŞ dolları təşkil edib, ixrac olunan benzinin orta qiyməti isə tonuna 662 dollar olub”.
Gununsesi.info bildirir ki, bunu iqtisadi ekspert Natiq Cəfərli deyib.
O, daha sonra əlavə edib:
“Bura qədər yaxşıdı, gələk detallara: 1 ton premiumda, təqribən, 1350 litr benzin olur. Biz Gürcüstana 1 litr benzini 0,49 dollara, yəni, litrini 83 qəpiyə satmışıq. Anlayıram ki, topdansatış qiymətləri fərqli olur, onu da bilirəm ki, Gürcüstana satsaq da, faktiki, “SOCAR Georgia” alıb, o da məlumdur ki, SOCAR-ın Gürcüstanda yanacaqdoldurma şəbəkəsi var, o şəbəkədə premium benzinin satış qiyməti litri 1,11 dollardır – amma, yaxşı, Gürcüstana 83 qəpiyə sata biliriksə, niyə daxili bazarda qiymət bundan 2 dəfə baha, 1 manat 60 qəpik olmalıdır?! Bundan başqa, 1 barrel neftin qiyməti 60 dollara düşüb, qiymət 80-90 dollar olanda da bizdə premium 1,60 manat idi, indi də eyni qiymətədir, belə “bazar” olar?!
Məsələn, elə həmin Gürcüstanda 2024-cü ilin oktyabrı ilə müqaisədə, bu ilin oktyabrında premium benzinin qiyməti dollar ifadəsində 9%-ə yaxın UCUZLAŞIB.
Hökumət elan eləmişdi ki, bizdə premium benzini daha Tarif Şurası tənzimləmir, dəyəri bazar iqtisadiyyatı qaydaları, rəqabət müəyyən edəcək. Budur rəqabət?! Gürcüstana 83 qəpik, öz əhalimizə 1 manat 60 qəpik?! Niyə?!”


