Icma.az
close
up
RU
İnnovasiya xəritəsində yüksələn Azərbaycan

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin iqtisadi siyasətində Azərbaycanın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı kimi tanıdılması prioritet istiqamətlədən biridir. Dövlət başçısının “Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcək” fikri məhz bunun parlaq ifadəsidir. Bu yanaşma, eyni zamanda,  son illər həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən birini – innovasiyaya əsaslanan, yüksək əlavə dəyər yaradan və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması xəttini aydın ifadə edir. 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının açıqladığı “Qlobal İnnovasiya İndeksi 2026” hesabatında Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşması təkcə reytinq cədvəlindəki statistik dəyişiklik kimi qiymətləndirilə bilməz. Bu nəticə ölkədə innovasiya ekosisteminin müxtəlif həlqələrində gedən proseslərin beynəlxalq göstəricilərdə əks olunmasının mühüm nümunəsidir.

Bu baxımdan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının açıqladığı “Qlobal İnnovasiya İndeksi 2026” hesabatında Azərbaycanın ötən illə müqayisədə 9 pillə irəliləyərək 139 iqtisadiyyat arasında 85-ci yerdə qərarlaşıb. Bununla da ölkəmiz əvvəlki illə müqayisədə 9 pillə yüksəlib. Azərbaycan Şimali Afrika və Qərbi Asiya regionunda 16-cı mövqedə yer alıb. Eyni regionda Birləşmiş Ərəb Əmirlikləri 25-ci, Türkiyə 45-ci, Gürcüstan 57-ci, Ermənistan isə 59-cu yerdədir.

Əslində, bu nəticənin ən diqqətçəkən tərəfi Azərbaycanın yalnız bir göstərici üzrə deyil, innovasiya prosesinin müxtəlif mərhələlərini əhatə edən bir neçə istiqamətdə eyni vaxtda irəliləməsidir. Başqa sözlə, söhbət yalnız texnologiyanın tətbiqindən deyil, innovasiyanın yaranması, maliyyələşməsi, biznesə inteqrasiyası və iqtisadi nəticəyə çevrilməsi üçün zəruri olan ekosistemin tədricən möhkəmlənməsindən gedir.

                 9 pilləlik yüksəlişin arxasında dayanan dinamika

“Qlobal İnnovasiya İndeksi 2026”da  məntiqi innovasiya təkcə yeni texnologiyaların və ya elmi kəşflərin sayı ilə ölçmür. Burada institutlardan infrastruktura, bazarın vəziyyətindən biznesin inkişaf səviyyəsinə, insan kapitalından bilik və texnoloji nəticələrə qədər bir-biri ilə əlaqəli çoxsaylı amillər nəzərə alınır.

Azərbaycanın 2026-cı ildəki nəticəsində bu komponentlərin bir neçəsi üzrə ciddi irəliləyiş qeydə alınıb. Ən böyük yüksəliş biznesin inkişaf səviyyəsi üzrə olub – respublikamız  bu istiqamətdə 20 pillə irəliləyib. İnfrastruktur üzrə 18, bilik və texnoloji nəticələr üzrə 10, bazarın inkişaf səviyyəsi üzrə 9, institutlar üzrə isə 5 pillə yüksəliş əldə edib. Bu rəqəmlər, əslində, bir-birindən ayrı prosesləri deyil, həm də vahid iqtisadi transformasiyanın müxtəlif tərəflərini diqqətə çatdırır.  

İnnovativ iqtisadiyyatın qurulması üçün, ilk növbədə, əlverişli institusional mühit lazımdır. Sonra həmin mühitdə fəaliyyət göstərən biznes subyektlərinin yeni ideyaları mənimsəmək, texnologiyaları tətbiq etmək və məhsul yaratmaq imkanları genişlənməlidir. Bunun üçün infrastruktur, maliyyə, bazar və insan kapitalı tələb olunur. Nəhayət, bütün bu amillərin nəticəsi bilik və texnologiyanın real iqtisadi dəyərə çevrilməsi ilə ölçülür.

Azərbaycanın hesabatdakı yüksəlişi məhz bu zəncirin bir neçə həlqəsində paralel irəliləyişin baş verdiyini göstərir. Ən böyük irəliləyiş isə biznes mühitində nəzərə çarpır. 20 pilləlik yüksəlişin biznesin inkişaf səviyyəsində qeydə alınması xüsusi önəm daşıyır. Çünki innovasiya laboratoriyada, universitetdə və ya elmi-tədqiqat mərkəzində yarana bilər, amma onun iqtisadi əhəmiyyəti son nəticədə real biznesdə üzə çıxır.

Yeni texnologiyanın istehsalat prosesinə gətirilməsi müəssisənin məhsuldarlığını artıra, xərcləri azalda, məhsulun keyfiyyətini yüksəldə və yeni bazarlara çıxış imkanları yarada bilir. Bu baxımdan biznesin innovasiyaya açıq olması iqtisadiyyatın gələcək rəqabət qabiliyyətinin əsas şərtlərindən biridir. Azərbaycanın biznes inkişafı göstəricisində 20 pillə irəliləməsi şirkətlərin bilik və bacarıqlardan istifadə imkanlarının, innovasiya əlaqələrinin və yeni biliklərin mənimsənilməsi potensialının yaxşılaşması baxımından əhəmiyyətlidir.

Burada xüsusilə universitet–elm–biznes əməkdaşlığının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Müasir dünyada universitet yalnız kadr hazırlayan təhsil müəssisəsi deyil. O, eyni zamanda texnologiya və ideya yaradan, patent formalaşdıran, startap meydana çıxaran və sənaye ilə əməkdaşlıq edən innovasiya mərkəzidir.

Bu baxımdan Azərbaycanda son dövrdə yaradılan yeni platformalar diqqət çəkir. Sentyabr ayında “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin istifadəyə verilməsi də bu yanaşmanın konkret nümunələrindən biridir. Burada 13 tədris və tədqiqat laboratoriyasının yaradılması, startap və texnologiya şirkətlərinin eyni məkanda bir araya gətirilməsi elm, təhsil və biznes arasında əlaqələrin institusional əsasda gücləndirilməsinə xidmət edir. 

Daha əhəmiyyətlisi isə odur ki, həmin platformada süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika və telekommunikasiya kimi gələcəyin iqtisadiyyatını müəyyənləşdirəcək istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin aparılması nəzərdə tutulur. Bu, innovasiya siyasətinin artıq ayrı-ayrı layihələr səviyyəsində olmaqla bərabər, həm də    ekosistem quruculuğu müstəvisində nəzərdən keçirildiyini göstərir.

                 İdeyanı iqtisadi nəticəyə aparan körpü  

İnnovasiyanın inkişafı üçün təkcə istedadlı alim, mühəndis və sahibkar kifayət etmir. Onların fəaliyyət göstərə bilməsi üçün rəqəmsal bağlantı, müasir enerji sistemi, nəqliyyat və logistika imkanları, məlumat infrastrukturu, elektron xidmətlər və digər texnoloji platformalar mövcud olmalıdır.

Müasir iqtisadiyyatda fiziki və rəqəmsal infrastruktur getdikcə bir-birini tamamlayır. Elektron ticarət, bulud texnologiyaları, süni intellekt, rəqəmsal ödənişlər, ağıllı logistika, məsafədən idarəetmə və sənaye avtomatlaşdırılması kimi istiqamətlərin hamısı etibarlı rəqəmsal infrastruktura söykənir. Bu mənada Azərbaycanın infrastruktur göstəricisindəki yüksəliş innovasiya üçün “fiziki baza”nın gücləndiyini göstərən mühüm göstəricidir. Başqa sözlə, Azərbaycanın “Qlobal İnnovasiya İndeksi 2026” hesabatında infrastruktur üzrə 18 pillə yüksəlməsi də bunun bariz ifadəsidir.     

Xüsusilə rəqəmsallaşmanın dövlət idarəçiliyindən sənayeyə, kənd təsərrüfatından nəqliyyata, səhiyyədən təhsilə qədər genişlənməsi innovasiya prosesinin əhatə dairəsini böyüdür. Belə bir mühitdə yeni texnologiya yalnız texnologiya şirkətlərinin deyil, ənənəvi sahələrdə çalışan müəssisələrin də fəaliyyət modelini dəyişir. Deməli, infrastrukturun inkişafı innovasiya prosesinin görünməyən, lakin ən vacib dayaqlarından biridir.

Azərbaycanın bilik və texnoloji nəticələr üzrə 10 pillə yüksəlməsi isə hesabatın ən mühüm göstəricilərindən biridir. Çünki innovasiya siyasətinin əsl nəticəsi nə qədər yeni ideyanın yaranması ilə ölçülmür. Əsas sual həmin ideyaların nə qədərinin real məhsula, texnologiyaya, xidmətə, patentə, yüksək texnologiyalı ixraca və yeni biznesə çevrilməsi ilə müəyyənləşir.  

“Qlobal İnnovasiya İndeksi 2026” hesabatı da məhz  qabaqcıl elmi tədqiqatların və “dərin elm” startaplarının yeni sənaye sahələrinə çevrilməsi mövzusuna həsr olunub. Hesabatda xüsusilə elmi kəşfin iqtisadi dəyərə çevrilməsi üçün intellektual mülkiyyətin qorunması, maliyyə, sahibkarlıq imkanları və miqyaslandırma mexanizmləri önə çəkilib. Eyni zamanda, elmi potensialı daha geniş şəkildə iqtisadi fəaliyyətə cəlb etmək qarşıya mühüm vəzifə kimi qoyulub.   Universitetlərdə və tədqiqat müəssisələrində yaradılan biliklərin sənaye, kənd təsərrüfatı, energetika, səhiyyə, rəqəmsal xidmətlər və digər sahələrə transferi innovasiya iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biri kimi müəyyənləşdirilib. 

Vaqif BAYRAMOV

XQ

Ekspert rəyi

Rəşad NƏCƏFLİ  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iqtisadi təhlil şöbəsinin müdir müavini

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının açıqladığı “Qlobal İnnovasiya İndeksi 2026” hesabatında Azərbaycan ötən illə müqayisədə 9 pillə irəliləyərək 139 iqtisadiyyat arasında 85-ci yerdə qərarlaşıb. Ölkəmizin infrastruktur, institutlar, bazarın inkişaf səviyyəsi, biznesin inkişaf səviyyəsi, bilik və texnoloji nəticələr üzrə göstəriciləri yaxşılaşıb. İnnovasiya mühitinin müxtəlif  tərəflərini əhatə edən bu yüksəliş Azərbaycanın iqtisadi inkişafında yeni texnologiyaların və sahibkarlıq təşəbbüslərinin rolunun artırılması baxımından əhəmiyyətlidir.

Biznesin inkişaf səviyyəsi üzrə 20 pilləlik irəliləyiş Azərbaycanın ən böyük yüksəliş qeydə aldığı istiqamətdir. Bu kateqoriya şirkətlərin bilik və bacarıqlardan istifadəsini, innovasiya əlaqələrini və yeni bilikləri mənimsəmək imkanlarını qiymətləndirir. Universitetlərlə müəssisələr arasında tədqiqat əməkdaşlığı, ixtisaslı mütəxəssislərin iqtisadi fəaliyyətdə iştirakı və texnologiyaların biznesə inteqrasiyası burada mühüm yer tutur. 

Qeyd olunan yüksəliş innovasiyanın müəssisə səviyyəsində inkişafı baxımından diqqəti cəlb edir. Yeni biliklərin istehsala və xidmətlərə tətbiqi şirkətlər üçün daha səmərəli iş üsulları, yeni məhsullar və daha geniş bazar imkanları deməkdir.

İnfrastruktur üzrə 18 pilləlik yüksəliş innovasiya fəaliyyətinin əsas dayaqlarından birində müsbət dinamika olduğunu göstərir. Bu istiqamət informasiya-kommunikasiya texnologiyalarını, ümumi infrastrukturu və ekoloji dayanıqlılığı əhatə edir. Rəqəmsal bağlantı, elektron xidmətlər, enerji və logistika imkanları yeni texnologiyaların iqtisadiyyatda tətbiqini asanlaşdıran amillərdir. 

İnfrastrukturun inkişafı ideyanın praktik həllə çevrilməsi üçün şərait yaradır, sahibkarın rəqəmsal bazara çıxışını genişləndirir, müəssisənin fəaliyyətini daha səmərəli təşkilinə kömək edir və innovativ xidmətlərin istifadəçilərə çatdırılmasını asanlaşdırır. Azərbaycanın bu sahədə irəliləyişi innovasiyaya əsaslanan fəaliyyətlərin genişlənməsi üçün müsbət göstəricidir. 

Bilik və texnoloji nəticələr üzrə 10 pilləlik irəliləyiş innovasiyanın iqtisadi nəticələrini əhatə edən istiqamətdə yüksəlişi diqqətə çatdırır. Bu sahə biliklərin yaradılması, iqtisadi təsiri və yayılması kimi komponentləri birləşdirir. Elmi nəşrlər, patentlər, yüksək texnologiyalı istehsal və ixrac, eləcə də biliklərin beynəlxalq dövriyyəsi bu istiqamətin qiymətləndirmə çərçivəsinə daxildir. 

Bazarın inkişaf səviyyəsi üzrə 9 pilləlik yüksəliş innovasiyanın maliyyələşməsi və bazara çıxışı ilə bağlı imkanlar baxımından diqqətəlayiqdir. Bu istiqamət kreditə çıxış, investisiya, ticarət və bazar miqyası kimi komponentləri əhatə edir. Yeni ideyanın uğurlu biznesə çevrilməsi üçün maliyyə resursları və həmin məhsula tələbatın olduğu bazar vacibdir. Bu səbəbdən bazarın inkişaf səviyyəsi innovasiya prosesində ideya ilə kommersiya nəticəsi arasında mühüm əlaqə yaradır. Azərbaycanın bu sahədə mövqeyinin yaxşılaşması innovativ təşəbbüslərin iqtisadi perspektivini genişləndirən şərait baxımından müsbət qiymətləndirilə bilər.

İnstitutlar üzrə 5 pillə irəliləyən Azərbaycan 36-cı yerə yüksəlib. İnstitusional mühit ölkənin indeksdə seçilən üstünlüklərindən biridir və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hesabatının təhlil hissəsində də ayrıca qeyd olunur. Bu istiqamət institusional, tənzimləyici və biznes mühitini qiymətləndirir. Aydın qaydalar, idarəetmənin səmərəliliyi və sahibkarlıq fəaliyyəti üçün proqnozlaşdırılan şərait yeni təşəbbüslərin inkişafında mühüm rol oynayır. İnnovasiya gələcəyə yönəlmiş qərarlar tələb etdiyindən, əlverişli institusional mühit sahibkarların və investorların uzunmüddətli planlarına dayaq verir.

Beş istiqamətdə əldə olunan irəliləyiş innovasiya ekosisteminin bir-biri ilə bağlı sahələrini əhatə edir. İnstitusional mühit təşəbbüslərə dayaq verir, infrastruktur onların həyata keçirilməsini asanlaşdırır, bazar imkanları maliyyələşmə və kommersiya perspektivi yaradır. Biznes bu imkanları məhsul və xidmətlərə çevirir, bilik və texnoloji nəticələr isə innovasiyanın iqtisadi təsirini əks etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1229

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see512

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see401

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see401

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see387

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see346

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see329

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see291

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see231

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see219

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see212

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see204

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see195

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see185

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see180

Anar Babayev 2 nəfərə vəzifə verdi

07 Oktyabr 2026 15:13see177

Azərbaycanda hansı bank daha ucuz kredit verir? SİYAHI

07 Oktyabr 2026 15:00see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see170

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri