Icma.az
close
up
RU
Mehdiyevin cinayət dairəsi tam müəyyənləşəcəksə, həmin şəxslər... Çingiz Qənizadə

Mehdiyevin cinayət dairəsi tam müəyyənləşəcəksə, həmin şəxslər... Çingiz Qənizadə

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ramiz Mehdiyevin həbsi, ev dustaqlığına buraxılması və aparılan istintaq prosesi son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. İctimaiyyətdə bu işlə bağlı çoxsaylı suallar səslənir, xüsusilə də Mehdiyevin yaxın çevrəsinə, ailə üzvlərinə və uzun illərdir müxtəlif dövlət strukturlarında qalmaqdа olan qohumlarının mövqeyinə dair iddialar gündəmdədir.

Maraqlı məqam ondadır ki, sabiq yüksək vəzifəli məmurun barəsində irəli sürülən ağır ittihamlara baxmayaraq, onun təcridxanada deyil, məhz ev dustaqlığında saxlanılması cəmiyyətdə geniş rezonans doğurub. Bəziləri bunu onun yaşı ilə, bəziləri isə keçmiş statusu ilə əlaqələndirir.

Modern.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Milli Məclisin sabiq deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlayıb.

O, həm istintaqın gedişatı, həm də Mehdiyevin hüquqi statusu ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

Həmin müsahibəni təqdim edirik:

- Ramiz Mehdiyevin işi ilə bağlı gedən prosesi necə dəyərləndirirsiniz?

- İrəli sürülən ittihamlar kifayət qədər ağırdır. Bu ittihamların məzmunundan da görünür ki, söhbət tək bir şəxsin həyata keçirə biləcəyi cinayətdən getmir. Bu baxımdan hazırda təqdim olunan hər üç maddənin dairəsi genişdir, yəni cinayət hadisəsində iştirak edən şəxslərin çevrəsinin də geniş olduğu aydın görünür.

Mən bir hüquqşünas olaraq bu barədə məlumat yayılandan, yəni oktyabrın 14-dən sonra gözləyirdim ki, rəsmi dövlət qurumları tərəfindən bir açıqlama veriləcək. Hüquqşünas kimi mən də həmin açıqlamadan sonra həm hüquqi faktları, həm də irəli sürülmüş ittihamların məzmununu əsas götürərək fikirlərimi bildirəcəkdim. Lakin hələlik istintaq gedir və görünən odur ki, bu barədə hər hansı rəsmi açıqlama yoxdur. Ola bilər ki, yaxın günlərdə olsun.

Mən hesab edirəm ki, kimliyindən asılı olmayaraq, istər Ramiz Mehdiyev, istərsə də başqası olsun - dövlətinə və vətəninə xəyanət mövqeyi tutan şəxslər ən ağır cəzaya layiqdirlər! Bu baxımdan əgər istintaq zamanı Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar öz təsdiqini taparsa, o, təkcə qanun qarşısında deyil, eyni zamanda xalq qarşısında da cavab verməli olacaq. Çünki bu dövlət Azərbaycan xalqına məxsusdur və Konstitusiyamızın müvafiq maddələrində də bu prinsip aydın şəkildə öz əksini tapıb.

Hesab edirəm ki, istintaq ədalətli və obyektiv şəkildə aparılmaqla yanaşı, bu cinayətdə iştirak edən şəxslərin dairəsini də tam müəyyənləşdirəcək.

Bildiyiniz kimi, son günlərdə həmkarımız Novella Cəfəroğlu da bu məsələyə münasibət bildirib. Ondan soruşmuşdular ki, bir hüquq müdafiəçisi kimi Ramiz Mehdiyevin hüquqlarını müdafiə etməyi düşünürmü? Hesab edirəm ki, hələlik Ramiz Mehdiyevin prosessual hüquqları pozulmayıb, o, ev dustaqlığındadır və proses davam edir.

Çalışmalıyıq ki, yayılan informasiyalar istintaqın obyektivliyinə mənfi təsir göstərməsin və istintaqın işinə qarışılmasın. Bəzən görürük ki, müxtəlif doğrulanmamış məlumatlar yayılır.

Son illərdə Dövlət Təhlükəsizliyi Xidmətində aparılan kadr islahatlarından, xüsusilə də Əli Nağıyevin ora rəhbər təyin edilməsindən sonra orada neqativ halların qarşısı alınıb, ədalətli və obyektiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Bu baxımdan inam böyükdür ki, irəli sürülən ittihamlar istintaq dövründə öz əsasını tapacaq.

Bir məsələni də qeyd etmək istəyirəm. Mən 2010–2020-ci illərdə parlamentin üzvü olmuşam. Bəzən sual verirlər ki, o dövrdə Ramiz Mehdiyevlə görüşmüsünüzmü? Mən onu bu günə qədər cəmi üç dəfə görmüşəm - tədbirlərdə. Sonuncu görüşümüz isə 2017 və ya 2018-ci ildə İspaniyada baş verən məlum hadisələrlə bağlı idi. Həmin vaxt bir qrup deputatın özünü kifayət qədər qeyri-etik aparması məsələsi müzakirə olunurdu və bu səbəbdən mən də daxil olmaqla 10 nəfər deputat toplanmışdı. Lakin fərdi olaraq heç vaxt onunla yaxın tanışlığım olmayıb.

Ramiz Mehdiyevin dövründə yerlibazlıq, korrupsiya, dövlətçiliyə zidd hərəkətlər, eyni zamanda layiqsiz şəxslərin vəzifəyə gətirilməsi hallarının mövcud olduğu hamıya bəllidir. Mən hər zaman hüquq müdafiəçisi kimi bildirirəm ki, vəzifəyə təyinat yalnız şəxsin bacarığına və savadına əsaslanmalıdır. Təəssüf ki, o dövrdə belə deyildi və indi də müəyyən neqativ hallar qalmaqdadır. Bəzən görürük ki, yeni təyin edilən kadr bir neçə aydan sonra özünü doğrultmur, neqativ hallara yol verir və vəzifəsindən kənarlaşdırılır.

- Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar kifayət qədər ağır maddələrdir. Bununla belə, onun təcridxanada deyil, ev dustaqlığında saxlanılması cəmiyyətdə suallar doğurur. Bəzi fikirlərə görə, bu qərar onun yaş amili ilə əlaqədardır. Sizcə, bu qərarın əsas səbəbi həqiqətən yaşıdırmı, yoxsa hüquqi baxımdan başqa izahı varmı? Ramiz Mehdiyev təcridxanada saxlanılmalı idimi?

- Əlbəttə, sonda məhkəmə qərarından sonra “ev dustaqlığı” anlayışı artıq qüvvədən düşəcək. Əgər irəli sürülən ittihamlar sübuta yetirilərsə və məhkəmə tərəfindən hüquqi qiymət verilərsə, təbii ki, söhbət artıq real həbs cəzasından gedə bilər.

Hazırkı mərhələdə 87 yaşı olan təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılması başa düşüləndir. Ramiz Mehdiyev sıradan bir şəxs deyil - dövlətin ən güclü strukturlarından birinə rəhbərlik etmiş, bütün icra və digər orqanları, o cümlədən parlament və məhkəmə sistemini öz təsir dairəsində saxlamağı bacaran bir fiqur olub. Onun həm qanuni, həm də bəzən qeyri-qanuni göstərişlərinin icra edildiyi danılmaz faktdır.

Lakin dövlət aparatına rəhbərlik mövqeyindən istifadə edərək hakimiyyətin bütün qollarını öz təsiri altında saxlamaq çox ciddi məsələdir və bu, hər kəsin bacara biləcəyi bir şey deyil. Bu baxımdan onun dövlətdə tutduğu mövqe, həmçinin yaşı nəzərə alınaraq ev dustaqlığına buraxılması hüquqi və humanist baxımdan normal hal kimi dəyərləndirilə bilər. Bu, istintaqın gedişinə mane olmur və ola da bilməz.

Yəqin ki, o, istintaq orqanları tərəfindən xəbərdar edilib və proses gedirsə, deməli, baş vermiş cinayətin əhatə dairəsi və iştirakçıları artıq müəyyənləşdirilməkdədir. Hesab edirəm ki, yaxın 5-10 gün ərzində istintaqın gedişi, cinayətin harada və necə baş verməsi, eləcə də bu prosesdə kimlərin iştirak etdiyi mərhələli şəkildə üzə çıxacaq. Bir müddət sonra bu barədə rəsmi açıqlama veriləcəyi gözləniləndir.

- Bilirsiniz, son günlər mətbuatda Ramiz Mehdiyevin yaxın çevrəsinə aid şəxslərin siyahısı yayılıb. Onlardan bəzilərinin həbsi gözlənilirmi?

- Hesab edirəm ki, Ramiz Mehdiyevə bir vaxtlar salam verən, onunla görüşən insanları indi “düşmən” elan etmək doğru deyil. Axı Ramiz Mehdiyev dövlət sistemində xüsusi statusa malik şəxs olub. Onun daxili təsir imkanları və vəzifədən sui-istifadə halları nəticəsində bir çox insan onunla ünsiyyətdə olub, amma bu, həmin şəxslərin ittiham olunmasına əsas vermir.

Vaxtilə ad gününü təbrik etmək, yaxud hər hansı tədbirdə onunla görüşüb əl sıxmaq heç kəsi cinayət məsuliyyətinə cəlb etmək üçün səbəb ola bilməz. Mən belə yanaşmanı anlaya bilmirəm. İndi həmin şəxslərin kütləvi şəkildə istintaqa çağırılması və ya məsuliyyətə cəlb edilməsi ilə bağlı edilən çağırışlar doğru addım deyil.

Lakin Ramiz Mehdiyev vəzifədən kənarlaşdırıldıqdan sonra ona səcdə edən, onu müdafiə edən, onun fikirlərini bölüşən və siyasi-ideoloji baxımdan ona bağlı olan şəxslər, bəli, artıq onun yaxın çevrəsinə daxil sayılır. Bu baxımdan düşünürəm ki, hüquq-mühafizə orqanları da bu məsələdən xəbərdardır.

Hesab edirəm ki, onun yaxın qohumlarını, o cümlədən oğlunu, qızını və ya gəlininı təkcə qohumluq əlaqəsinə görə ittiham etmək olmaz. Lakin burada mənəvi məsələ ortaya çıxır: əgər atanın dövlətə və xalqa xəyanəti sübuta yetirilərsə, onun övladlarının da mənəvi haqqı qalmır ki, yüksək dövlət vəzifələrində çalışsınlar. Bu, mənəvi məsələdir.

Amma cinayət məsuliyyəti tam fərqli anlayışdır. Əgər törədilən əməl üzrə həmin şəxslər iştirakçı və ya icraçı deyillərsə, onları ittiham etmək düzgün deyil. Vaxtilə sadəcə Ramiz Mehdiyevə salam verən və ya onunla görüşən şəxslərin adlarını mətbuatda ittiham obyektinə çevirmək hüquqi və etik baxımdan doğru deyil.

- Vaxtilə siz deputat vəzifəsində olanda Ramiz Mehdiyevin kürəkəni də həmkarınız idi. Bir deputat və insan kimi onunla münasibətləriniz necə idi?

- İlham Əliyev təbiətən sakit, amma eyni zamanda qapalı bir insan idi. Parlamentdə bir neçə belə imtiyazlı şəxslər var idi ki, onlar maddi baxımdan orta səviyyəli, biznesi və əlavə gəliri olmayan, yalnız əməkhaqqı ilə dolanan insanlarla ünsiyyət saxlamazdılar. Mənimlə də İlham Əliyev heç vaxt bir dəfə də olsun çörək kəsməyib. Ola bilər ki, hər hansı səfərdə rastlaşmışıq, amma şəxsi münasibətimiz olmayıb.

Əksinə, parlamentdə mənim bəzi haqlı çıxışlarım zamanı onun əleyhimə çıxış etdiyi məqamlar da olub. Bir dəfə qulağıma çatdı ki, İspaniya məsələsi ilə bağlı Ramiz Mehdiyevin yanında olduğumuz iclasda (biz orada təxminən 10–11 nəfər idik) mənim həmin hadisə ilə bağlı düzgün məlumat verdiyimi, düzgün mövqe nümayiş etdirdiyimi düzgün addım hesab etməyib. Halbuki həmin sualları orada elə onun qayınatası – Ramiz Mehdiyev cənab Prezidentin adından soruşurdu.

- Sonda Novella Cəfəroğluna verdiyim sualı sizə də vermək istəyirəm: hüquq müdafiəçisi kimi Ramiz Mehdiyevi müdafiə edərdinizmi?

- Biz, hüquq müdafiəçiləri, siyasi baxışlarından asılı olmayaraq, hər kəsin pozulmuş hüquqlarını qorumağa borcluyuq. Bu gün müdafiə etdiyimiz insanlar arasında vaxtilə hüquq müdafiəçilərinə qarşı çıxan, bizə hücum edən, yanlış mövqe sərgiləmiş şəxslər də var. Onlar bu gün zəng vurur, xahiş edir, müəyyən məsələlərdə kömək istəyirlər.

Ramiz Mehdiyevlə bağlı məsələyə gəldikdə, o, hələlik öz təmtəraqlı evindədir, istintaq altındadır. Görünən budur ki, istintaq prosesi xeyli uzanacaq. Gələcəkdə Ramiz Mehdiyev həbs edilərsə, cəzaçəkmə müəssisəsinə göndərilərsə və orada onun prosessual hüquqlarının pozulması halları baş verərsə, biz onu “Ramiz Mehdiyev” adı ilə deyil, hər hansı Azərbaycan vətəndaşı kimi hüquqlarını müdafiə edə bilərik.

Lakin hesab edirəm ki, bizim yanaşmamız fərqlidir: vətəninə və dövlətinə qarşı çıxan hər bir məmur və ya vəzifəli şəxs xüsusi ehtirama və himayəyə layiq deyil!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see201

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see131

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see128

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see127

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see119

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri