Icma.az
close
up
RU
Mirzə Bala Məmmədzadə Azərbaycan istiqlal mübarizəsinin fədakar siması

Mirzə Bala Məmmədzadə Azərbaycan istiqlal mübarizəsinin fədakar siması

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan mətbuatının görkəmli nümayəndələrindən biri, ictimai-siyasi xadim, publisist və mütəfəkkir Mirzə Bala Məmmədzadə milli istiqlal düşüncəsinin, türkçülük ideyalarının, maarifçiliyin və azadlıq məfkurəsinin müdafiəçilərindən idi.

Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı və məsləkdaşı kimi o, qələmini yalnız ictimai-siyasi hadisələrin işıqlandırılmasına deyil, həm də xalqın milli şüurunun oyanmasına, milli birliyin möhkəmlənməsinə və müstəqil dövlətçiliyin yaşadılmasına həsr etmişdir. Cümhuriyyətin süqutundan sonra da ictimai-siyasi fəaliyyətini və istiqlal mübarizəsini əzmlə davam etdirmişdir. Doğma torpağından ayrılmaq məcburiyyətində qalsa belə, mühacirət dövründə də yorulmadan, böyük səylə öz mübarizəsinə davam edib. Mirzə Bala cismani olaraq vətəndən ayrı olsa da, onun qəlbi və ruhu daim xalqının yanında idi. Bəlkə də ömrünün son anına qədər dayanmadan çalışmasının səbəbi vətənə olan sevgisi və doğma torpağına bağlılığı idi. Mirzə Bala Məmmədzadənin mübarizəsinin əsas silahlarından biri mətbuat idi. Onun mətbuata gəlişi, bir publisist kimi formalaşması, öz imzasını yaratması uzun və zəhmətli bir inkişaf yolu keçmişdir.

Mirzə Bala Məmmədzadə (13.08.1898, Bakı – 08.03.1959, İstanbul) publisistik fəaliyyətə orta məktəb illərində, məktəb yoldaşları ilə birlikdə hazırladığı əlyazma şəklində olan “Arzu” adlı şəkilli məcmuədə başlamışdır. 1915-ci ilin oktyabr ayından Məhəmməd Əmin Rəsulzadənin baş redaktorluğu ilə dərc edilən, özündən əvvəlki qəzetlərdən fərqli proqramla, “Türkləşmək, islamlaşmaq və müasirləşmək” şüarı ilə meydana gələn siyasi, ictimai və ədəbi gündəlik türk qəzeti olan “Açıq söz”də ilk yazılarını dərc etdirir. Bu qəzet onun bir publisist kimi yetişməsində, düşüncələrinin təkmilləşməsində mühüm rol oynayır. O, milli özünüdərk, milli oyanış, ana dili, maarifçilik kimi mövzularda qəzetdə çıxış edirdi. Əfqan Vəliyev qeyd edir: “1915-ci ildə Rəsulzadənin təşviqi ilə “Açıq söz” qəzetinin “Açıq sütunlar”ına yazı yazmağa başlayan Mirzə Balanın ilk yazıları üslub və təhlil qabiliyyəti ilə oxucuların diqqətini cəlb edir.” [Ə. Vəliyev. M. B. Məmmədzadə və Azərbaycan siyasi düşüncə tarixi. Bakı, “MİMTA Yayımları”, 2023, səh. 36.]

1917-ci ildə rus inqilabının baş verməsi və çar rejiminin dağılması ilə siyasi partiyalar, ictimai təşkilatlar sərbəst fəaliyyətə başladı. Beləliklə, onların açıq şəkildə qəzet, jurnal nəşr etmələrinə fürsət yarandı. Oktyabr inqilabından sonra bolşeviklərin hakimiyyəti ələ alması ilə Azərbaycanda da siyasi qüvvələr arasındakı vəziyyət gərginləşdi. Belə bir dövrdə partiyalara yeni üzvlər qoşulur, mətbuatda müxtəlif mövzulara (muxtariyyət hüquqları, din, dövlət quruculuğu, yerli özünüidarəetmə, maarifçilik, əsasən siyasi mövzular və s.) toxunulurdu. İctimai-siyasi mühitdə olan Mirzə Bala digərləri kimi gənclər və tələbə təşkilatlarına qoşulur, aparıcı üzvlərdən biri olur. 1917-ci ildə “İttifaqi-mütəəllimin” təşkilatının nəşr etdiyi eyniadlı həftəlik qəzetdə məqalələri ilə fəal iştirak edir. Bu qəzetin ömrü uzun olmur və onu Qafqaz Tələbələrinin Mərkəzi Komitəsinin yarısı rusca, yarısı türkcə olan “Gənclər sədası” qəzeti əvəz edir. Qəzetin türkcə hissəsinə Əbdülvahab Yurdsevər, rusca hissəsinə Həmid Ataman başçılıq edirdi. Baş redaktor isə Mirzə Bala idi. Mirzə Bala Məmmədzadə “Azərbaycan türk mətbuatı” əsərində qeyd edir: “”Gənclər sədası” yarı rusca-yarı türkcə olaraq Bakıda nəşr olunuyordu. Bütün Qafqasiyadan ora türk mütəəllimlərinin vəziyyəti, türk məktəblilərinin halı haqqında məlumatlar göndəriliyordu.” [M. Məmmədzadə. Azərbaycan Türk mətbuatı. “Çapar” yayınları, 2022, səh. 82.]

Həmin il Mirzə Bala Müsavat Partiyasına da qoşulur və fəallığı ilə seçilir. Müsavatın rəsmi mətbu orqanı olan “Açıq söz” qəzetində Mirzə Bala artıq daimi müəlliflərdən birinə çevrilir və geniş fəaliyyətə başlayaraq maarifçilik, türkçülük, millətçilik, istiqlaliyyət və s. mövzularda məqalələr yazırdı. Eyni zamanda Mirzə Bala Seyid Hüseyn Sadiqin redaktorluğu ilə dərc edilən ədəbi, ictimai, fənni, iqtisadi “Qurtuluş” və Əli Yusif Əliyev tərəfindən nəşr edilən “Doğru söz” qəzetlərində də milli oyanışdan, xalqın və cəmiyyətin problemlərindən bəhs edən məqalələrlə çıxış edirdi.

Həmçinin o, milli birlik və maarifçilik ideyalarının yayılmasına xidmət edən, müsəlman əhalisi arasında sünni-şiə məzhəb ayrılığı məsələsinə toxunan, 1914-cü ildən Hacı İbrahim Qasımov tərəfindən nəşr edilən “Bəsirət” qəzetinin bir müddət baş redaktoru və daimi müəlliflərindən biri olmuşdur. Bu qəzetdə Məhəmməd Əmin Rəsulzadə, Əliabbas Müznib, Cəfər Cabbarlı, Abbas Səhhət və başqaları da öz yazıları ilə çıxış etmişdir. Beləliklə, bu illər ərzində Mirzə Bala müxtəlif qəzet və jurnallarda çıxış edərək mətbuat sahəsində təcrübə qazanmış və güclü bir publisist kimi formalaşmışdır. Onun mətbuat və ictimai-siyasi mühitin nümayəndələri ilə yaxınlığı, tanışlığı da yaradıcılığına təsirsiz ötüşmür. O, cəmiyyətdə baş verən hadisələrə münasibət bildirir, xalqın əsas problemləri, tarix, ədəbiyyat, siyasət, maarifçilik, din və digər mövzularda maraqlı məqalələr yazırdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə: “Açıq söz” və digər mətbu nəşrlərdə püxtələşən Mirzə Bala qəzet işini, mövzu istiqamətlərini müəyyənləşdirməyi və nəşrini öyrənir. 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması mətbuata da təsirsiz ötüşmür. Müxtəlif mətbu nəşrlər meydana gəlir. Bu dövr Mirzə Balanın publisistik fəaliyyətində mühüm yer tutur.

1918-ci ilin iyul ayında Mirzə Bala Tiflisə gələrək buradakı gənclərlə əlaqə yaradır. Tiflisdə yaşadığı müddətdə o, siyasi fəaliyyətlə yanaşı, müxtəlif jurnal və qəzetlər üçün də məqalələr yazır. Həmçinin yeni bir jurnal açmaq təşəbbüsünü irəli sürür. Bununla da ədəbi, fənni, ictimai jurnal olan “Gənclər yurdu” 1918-ci il iyulun 23-də Tiflisdə nəşrə başlayır. Jurnalın baş redaktorları Mirzə Bala və Firidun Tofiq Hacızadə (əsasən, jurnalın texniki hazırlanmasına nəzarət edirdi) idi. Mirzə Bala Məmmədzadə “Azərbaycan türk mətbuatı” əsərində jurnalın əvvəl həftədə bir dəfə, sonra on beş gündə bir nəşr edildiyini qeyd edir. Həmçinin o, yazır: “Gənclər yurdunda şəkillər buraxılırdı, türk dünyasında baş vaqe olan hadisələr təqib ediliyordu. Daimi mühərrirləri Əli Səbri, Firidun Tofiq Hacızadə, Kamal Sübhan Quliyev, Ələkbər və qeyriləri idilər.” [M. Məmmədzadə. Azərbaycan Türk mətbuatı. “Çapar” yayınları, 2022, səh. 84.] Bu da onu sübut edir ki, jurnal yalnız ədəbi jurnal deyildi və ətrafında bir çox mühüm şəxsiyyətləri cəmləşdirmişdir. Burada türk xalqları arasındakı ortaq bağa, onların mədəni birliyinə və digər müxtəlif ictimai-siyasi mövzulara da toxunulurdu. Jurnalın dili sadə, anlaşıqlı türkcə idi və digər müəlliflərdən yazılarını bu cür yazmaları tələb olunurdu. Bunun əsas səbəbi jurnaldakı materialların hamının rahat oxuması üçün idi. Mirzə Balanın bu jurnalda “Azərbaycan Cümhuriyyəti”, “Əksinqilabçılar”, “Abbas Səhhət”, “Din və mədəniyyətə bir baxış”, “Dilimizdə işlədilən özgə sözlər” və s. məqalələri dərc olunmuşdur.

1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan parlamentində Mirzə Bala uşaqlıq dostu Cəfər Cabbarlı ilə birlikdə stenoqraf olaraq çalışmağa başlayır. Onlar parlament müzakirələrini, oradakı siyasi çıxışları qeydə alırlar. Dilqəm Əhməd “Mühacirlərin dönüşü” kitabında qeyd edir: “Parlament qurulduqdan sonra Mirzəbala Cəfər Cabbarlı ilə birlikdə orada türkcə stenoqrafçı olur. 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında onun “Bakı uğrunda mübarizə” pyesinin ilk tamaşası göstərilir. 1919-cu ilin oktyabrında isə o, Müsavatın Bakı komitəsinin üzvü seçilir.” [Dilqəm Əhməd. “MÜHACİRLƏRİN DÖNÜŞÜ (Yeni fotolar və sənədlər) I cild”. Bakı, TEAS Press Nəşriyyat evi, 2017, səh. 102.]

Eyni zamanda Mirzə Bala həmin ilin sentyabrından Bakıda nəşr edilən gündəlik, ictimai, ədəbi, iqtisadi qəzet olan “Azərbaycan” qəzetində müxbir, müəllif (bəzi mənbələrdə redaktor olduğu da qeyd edilib) olaraq fəaliyyətə başlayır. Qəzet Cümhuriyyətin qərarlarına, parlamentdəki vacib müzakirələrə, Azərbaycanın daxilində və xaricində baş verən ictimai-siyasi hadisələrə aid yazılar dərc edirdi. O, hər iki sahədə işini uğurla yerinə yetirir. Azərbaycan Cümhuriyyəti və parlamenti ilə bağlı günümüzə qədər çatan yazıların çoxu Mirzə Bala Məmmədzadənin iti qələmi ilə qeydə alınıb. Mirzə Bala yeni ədiblərin yetişməsində mühüm rol oynayan “Yaşıl qələmlər” ədəbi cəmiyyətinin də üzvü idi. Bütün bunlar onun həyatında və yaradıcılığında mühüm rol oynamışdır.

28 aprel 1920-ci ildə XI Qızıl bolşevik ordusunun Bakıya daxil olması ilə iyirmi üç ay davam edən ilk müstəqil türk cümhuriyyəti – Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Bununla da ölkə ərazisində vəziyyət gərginləşdi. Aprelin 27-də axşam Əbdülvahab Yurdsevər, Cəfər Cabbarlı, Mirzə Bala və digərləri Məhəmməd Əmin Rəsulzadənin tövsiyəsi ilə Gizli Müqavimət Komitəsinin qurulmasına qərar verdilər. Cəfər Cabbarlının evində qurulan komitənin rəhbəri Mirzə Bala oldu. Azərbaycanın işğalından sonra yaranan vəziyyətlə bağlı o, bir çox ölkələrlə əlaqəyə girərək məlumat vermişdir.

Həmçinin Gizli Komitə xalq arasında bəyanatlar (vərəqələr) yayaraq onları işğala qarşı müqavimətə, bolşeviklərə qarşı mübarizəyə çağırırdı. Komitənin “İstiqlal” adlı gizli qəzeti də nəşrə başlamışdı. Qəzetin əsas yazılarını Mirzə Bala Məmmədzadənin özü yazırdı. Digər əməkdaşlar da qorxmadan böyük səylə qəzetdə fəaliyyət göstərirdi. Lakin qəzetdəki yazıların çoxu təhlükəsizlik səbəbindən adsız və imzasız yazılırdı. 1923-cü ilin oktyabrında ÇEKA qəzetin mətbəəsinə basqın etdi və qəzetin nüsxələri məhv, həmçinin əməkdaşlarının bir neçəsi həbs və sürgün edildi, bəziləri də qətlə yetirildi. ÇEKA-nı qəzetin neçə il gizli şəkildə çap edilməsi təəccübləndirmişdi. Mirzə Bala Məmmədzadə “Azərbaycan mühacirlik mətbuatının 30 illiyi (1923-1953)” məqaləsində qeyd edir ki, istiqlal dövründə fəaliyyətə başlamış qəzet və jurnallardan yeraltı həyata keçməklə, gizli mətbəələrdə çap olunmaqla yalnız “İstiqlal” qəzeti 1923-cü ilə qədər öz mövcudluğunu qoruya bilmişdir.

“İstiqlal” qəzetinin gizli mətbəəsi aşkar edilərək təşkilat üzvləri həbs olunsa da, Mirzə Bala həbsdən yayına bilmişdi. O, bir il sonra sovet hakimiyyətinin təqibləri səbəbindən İranın Ənzəli şəhərinə getmək məcburiyyətində qalır. Bununla da ömrünün sonuna qədər davam edən mühacirət həyatı başlayır. Mühacirətdə də istiqlal mübarizəsini əzmlə davam etdirən Mirzə Bala Azərbaycan siyasi mühacirətinin ən görkəmli nümayəndələrindən birinə çevrilir. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Müsavat Partiyasına və Azərbaycan Milli Mərkəzinə rəhbərlik edir. Onun üçün vətəndən ayrılıq ağır olsa da, son nəfəsinə qədər xalqının varlığı, istiqlalı naminə dayanmadan mübarizə aparır. İstiqlal mübarizəsinin və mühacirətin ən parlaq siması olan Mirzə Bala Məmmədzadə 1959-cu il martın 8-də Türkiyənin İstanbul şəhərində gözlərini əbədiyyən yumur.

Nəcəf Nəcəfov,

Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri