Monteneqro Prezidenti Avropa liderlərini ölkəsini 2028 ci ilədək Aİ yə üzv qəbul etməyə çağırıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Podqoritsa, 2 oktyabr, AZƏRTAC
Avropa ölkələrinin liderlərini Monteneqronu 2028-ci ilə qədər Avropa İttifaqının 28-ci üzvü qəbul etməyə çağırıram.
AZƏRTAC xəbər verir ki, bunu Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak edən Monteneqro Prezidenti Yakov Milatoviç jurnalistlərə müsahibəsində deyib.
O, Zirvə toplantısının Aİ-yə üzvlük prosesində olan ölkələr üçün əla platforma olduğunu bildirib.
“Toplantı Monteneqronun Aİ-yə üzvlük yolunda ən qabaqcıl namizəd olduğunun mesajını vermək üçün bir fürsətdir. Hesab edirəm ki, Aİ-yə üzvlük haqqında sazişin layihəsinin hazırlanmasına başlamaq vaxtıdır. Düşünürəm ki, bu, mənim tərəfimdən bu gün göndəriləcək ən mühüm mesajdır. Monteneqronun 2028-ci ildə Aİ-nin 28-ci üzvü olması digər namizəd ölkələr üçün “tunelin sonundakı işıq” olacaq”, - deyə Yakov Milatoviç vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

