Monteneqro 2028 ci ilədək Avropa İttifaqının növbəti üzvü olmaq istəyir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Podqoritsa, 13 oktyabr, AZƏRTAC
Monteneqronun məqsədi 2026-cı ilə qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları başa çatdırmaq və 2028-ci ilədək ittifaqın növbəti üzv olmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Monteneqro Prezidenti Yakov Milatoviç ölkəsində səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə deyib. Görüşdə Monteneqronun Avropaya inteqrasiyasının sürətləndirilməsi əsas müzakirə mövzusu olub. Eyni zamanda, Monteneqronun Avropa İttifaqına üzv olması haqqında müqavilənin layihəsinin hazırlanmasına başlanılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Yakov Milatoviç deyib ki, qanunun aliliyi, Avropa standartlarına uyğun iqtisadi və infrastrukturun inkişafı, eləcə də Qərbi Balkan regionunun Avropa perspektivinin əhəmiyyəti sahəsində islahatların aparılmasına xüsusi diqqət yetiriləcək.
“Ursula Fon der Lyayenin səfəri güclü siyasi mesajdır və Avropa proseslərinin getdikcə intensivləşdiyi bir vaxtda Monteneqronun Avropa perspektivinin təsdiqidir. Üzvlük müqaviləsinin hazırlanmasına təşəbbüs göstərməklə biz Avropa ambisiyalarımızı sözlərlə deyil, əməllərlə təsdiqlədiyimizə aydın mesaj verəcəyik. Güclü institutları olmayan Avropa dövləti yoxdur”, - deyə o qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa


