Namərdlərin körpüsü keçid yolu deyil, təhlükəli gələcəkdir
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Donald Trampın üz jestləri hər zaman mənə kimisə xatırladırdı. Sonuncu dəfə, Çin səfərində Putinİ “dostum” deyib qucaqlayanda üz ifadələrinə, baxışlarına bir daha diqqət etdim və onun necə də Mussoliniyə oxşadığına, üz ifadələrinin eynilə İtaliya diktatoruna bənzədiyinə şübhəm qalmadı. Hitlerin dostu Benito Mussolininin şəkillərinə, videokadrlarına baxanda Putinin də dostunun zahiri üz jestlərinin ona necə oxşadığına sizlərin də şübhəniz qalmayacaq. İtalyanlar Hitlerin dostunu qaçarkən özləri yaxalayıb mühakimə etdilər-güllələdilər. İki dəfə impiçment tətbiq edilən Trampı yeni Konqres gələn ilin yanvarından fəaliyyətə başlayanda üçüncü dəfə də impiçmentə məruz qoya bilərmi? Donald Trampa qarşı demokratların əlində o qədər neqativ, hətta cinayət xarakterli məlumatlar, hadisələr toplanıb ki, bəlkə də çox gözləmədən impiçment proseduru başlana bilər.

Konqres seçkilərinin fəlakətli nəticələri Trampın nə hərəkətlərinə, nə indiyədək apardığı siyasətə bir o qədər də təsir etməyib, ən azı Ukraynaya və bütün Avropaya olan aqressiv münasibətində heç bir dəyişiklik yoxdur. Çindən ABŞ-yə qayıdarkən Berlində toplanmış “İstəklilər koalisiyası”nın üzvləri ilə telefon danışığında Avropa liderlərini məzəmmət edərək “nədən Ukraynaya bu qədər yardım edirsiniz? Saxlayın özünüzə, müharibədən sonra Sizə lazım olacaq”- deyə müraciət etməsi, işğalçı dövlət başçısına olan dəstəyinin növbəti təzahürü kimi dəyərləndirilə bilər.
Görünür, məhz bu sözlərdən sonra Almaniya kansleri Merts ürəyindən keçən, amma indiyədək demədiyi fikirləri açıq şəkildə bildirmiş oldu. Merts: “ Biz avropalılar və xüsusən də almanlar üçün Amerikanın qlobal dominantlığı dövrü əsasən başa çatıb. Bir vaxtlar tanıdığımız Amerika — demokratik tərəqqi, açıqlıq və azadlıq uğrunda mübarizə aparan bir ölkə — artıq mövcud deyil. Bu gün amerikalılar fəal şəkildə öz siyasi və ərazi ambisiyalarını həyata keçirirlər”.
Eyni zamanda, Polşanın Baş naziri Tusk da Tramp və Putin dostluğuna münasibət bildirərkən "Tanrı bizi belə dostlardan qorusun" deməklə, Trampla Putinin Avropa üçün təhlükə mənbəyi olduğunu etiraf etmiş oldu. Əvvəllər Amerika siyasiləri dünya üçün ən böyük beş təhlükə deyəndə -“İran, Rusiya, Çin, Şimali Koreya və islam fundamentalizmini” göstərirdilər. İşə bax, tərəqqipərvər bəşəriyyət üçün altıncı təhlükə meydana çıxıb: ABŞ prezidenti Donald Tramp!
Donald Tramp ikinci dəfə prezident seçilməsəydi Ukrayna müharibəsi bu qədər uzanası deyildi. Putinə göstərdiyi hərtərəfli dəstəklə demokratik Ukrayna dövləti Rusiya tərəfindən daha çox dağıntılara məruz qaldı. Trampın dostu Putinə dəstəyi yüz minlərlə insanın ölümünə, milyonlarla ukraynalının vətənindən didərgin düşməsinə səbəb oldu. Səbəblər çoxdu...
Tramp prezident olanadək ABŞ Ukraynaya 119 milyard dollar yardım etmişdi. Tramp gələndən 1 sent də verilməyib. Trampın və vəzifəsinə adekvat olmayan Pentaqon rəhbərinin təkidilə Ukraynanın NATO-ya üzvlük məsələsi tamamilə dayandırıldı. Ukraynanın Kursku tərk etməsinin bir səbəbi də 2025-ci ilin martında ABŞ kəşfiyyat məlumatlarını Ukraynaya verməkdən imtina etməsi oldu. Təcavüzə məruz qalmış Ukrayna dövlət başçısına qarşı Oval kabinetdə söylədikləri təhqirlərdən sonra, törətdiyi cinayətlərə görə BCM tərəfindən axtarışa verilmiş dostu Putinin ayaqları altına qırmızı xalı sərib onu təcrid olunmuş vəziyyətdən çıxardı. Qırmızı xalıdan sonra Putin və ətrafı hələ də “Ankoric ruhu”ndan danışır. Tramp Rusiyaya tətbiq olunan sanksiyaları yumşaldıb yenidən Zelenskinin üstünə hücuma keçdi ki, Rusiyanın neft emalı zavodlarını vurma. Özü də Rusiya ilə dizel sövdələşməsinə razılıq verib, milyardları Rusiyaya ötürdü ki, Ukraynaya qarşı müharibədə maliyyə vəsaitini gücləndirsin. Kəşfiyyat məlumatlarının Ukraynaya verilməsini məhdudlaşdırmaqla Kremlə əvəzsiz hədiyyələr bəxş edən Tramp Avropanı da hədəfə almağı unutmadı. Atəşkəs olmamış Avropanın yeni təhlükəsilik arxitekturasının müzakirə edilməsini ortaya atmaqla Putinin Avropa üçün yeni şərtlər irəli sürməsinə şərait yaratdı. Putin özü isə heç bir güzəştə getmir, çünki adətən Rusiyanın imperiya istəklərinin qarşısına sədd çəkən ABŞ dövlətinin başında onun dostu, Ukraynanın düşməni Donald Tramp dayanır. Putin ABŞ prezidentinin zəif bəndini yaxşı bilir. Biznes və çoxlu pul qazanmaq hərisliyi. Putinin adamı Kirill Dimitryev ABŞ ilə 12 trilyon dollarlıq layihələr haqqında danışandan sonra Tramp dostu Putinə pərəstişini gizlətmədən sosial şəbəkədə onunla birgə şəklini paylaşıb təkrarən “my friend” yazdı.
Tramp çox güman ki, prezidentlik səlahiyyətlərini sonadək davam etdirəcək. Ukrayna və Avropaya nifrət bəsləyən bu şəxsin siyasəti dəyişəsi deyil. Ona görə də Avropa liderləri və Ukrayna dişlərini sıxıb iki il də Putinin və Trampın şərtlərini qəbul etməməli, Rusiyanın qalib statusunda müharibəyə son qoymasına imkan verməməlidirlər. Namərdlərin körpüsü keçid yolu deyil, təhlükəli gələcəkdir.
İlham İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Noyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















