Rusiya ilə Ukrayna arasındakı DANIŞIQLARI POZMAĞA CƏHD EDƏNLƏR TƏHLİL
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya və Ukrayna arasında danışıqlar belə görünür ki, Avropa üçün əlverişsiz hesab olunur. Doğrudur, mayın 16-da İstanbulda Dolmabağça sarayında Rusiya ilə Ukrayna arasında olan danışıqlar son üç ildə Rusiya və Ukrayna nümayəndə heyətlərinin ilk dəfə üzbəüz danışıqları kimi tarixə düşdü, amma kimlərsə bundan heç də razı görünmürlər. Bu görüşün kimləri isə qane etmədiyi onların həmin danışıqları pozmağa cəhd etmələrindən bəllidir.
Bütün dünyanı indi ən çox maraqlarndıran sual məhs İstanbulda Dolmabağça sarayında keçirilən görüş və həmin görüşlə bağlı məqamlardır. Maraqlıdır, həqiqətən də görəsən, İstanbulda danışıqlar necə keçdi? Rusiya nümayəndə heyəti rəqiblərini niyə bir gündən çox gözləməli oldu? Zelenski niyə görüşü pozmağa çalışdı? Bəs tərəflər sonda hansı məxrəcə gəldilər? Nə kimi nəticə hasil oldu? Əlbəttə ki, indi dünya ictimaiyyətini ən çox maraqlandıran suallardan biri məhz budur. Bu sual da öz növbəsində görüşün nəticələri və həmin görüşlə bağlı hərtərəfli düşünməyə vadar edir. Hər halda, düşünməyə dəyər və düşündürücü olan məqamlar kifayət qədər çoxdur.
İstanbuldakı danışıqların nəticələri Rusiya tərəfinin baxışı ilə
Bildiyimiz kimi, danışıqlara Türkiyənin xarici işlər naziri Hakan Fidan başlayıb. "Bizi qarşıda iki yol gözləyir. Onlardan biri sülhə aparır, digəri isə daha böyük dağıntılara gətirib çıxaracaq", deyə türkiyəli nazir bildirib və bununla çox ciddi mesaj vermiş olub. Diqqətə çatdıraq ki, danışıqlar bağlı qapılar arxasında iki saata qədər davam edib və bundan sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski çoxdan gözlənilən bəyanatla çıxış edib.
"Biz nə ilə bağlı razılığa gəldik? Birincisi, yaxın günlərdə min nəfərə min nəfər, yəni, genişmiqyaslı əsir mübadiləsi olacaq. İkincisi, Ukrayna tərəfi dövlət başçıları arasında birbaşa danışıqların aparılmasını xahiş etdi və biz bu xahişi nəzərə aldıq. Üçüncüsü, biz razılaşdıq ki, hər bir tərəf mümkün atəşkəslə bağlı öz baxışını təqdim edəcək və onu ətraflı şəkildə yazacaq. Bundan sonra da razılaşdıq. Bu, bizim danışıqlarımızdır”, deyə İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski təfərrüatları bölüşüb.
Kiyevin danışıqlarla bağlı fərqli qənaəti və birbaşa təzyiq sayəsində dəyişkən mövqeyi
Danışıqlara gedən yol Ukrayna tərəfi üçün çox “uzun” görünüb. Rusiya nümayəndə heyəti bir gündən çox rəqiblərini gözləməli olub. Sona qədər Kiyev hakimiyyəti danışıqlara uçub-uçmayacağına belə qərar verə bilməyirmiş. “Mənə elə gəlir ki, Rusiya tərəfi lap əvvəldən başa düşürdü ki, Ukrayna bu danışıqlar prosesini hər cür torpeda edəcək və ona görə də maksimum ehtiyatla, belə demək mümkünsə, gecikmə ilə, yəni, ukraynalılara bütün işarələnmiş kartları masaya qoymaq imkanı vermək üçün hərəkətə keçib”, deyə hərbi ekspert Aleksey Anpiloqov fikirlərini bölüşüb.
Xatırladaq ki, mayın 11-nə keçən gecə Vladimir Putin Kiyevə ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi və görüş üçün tarixi mayın 15-nə təyin etməyi təklif edib. Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak da bir-birinin ardınca bildiriblər ki, əvvəlcə 30 günlük atəşkəs elan edilməsi şərt ilə Kiyev buna razıdır. Ancaq Ukrayna tərəfi tez bir zamanda bu mövqelərində də dəyişkənlik nümayiş etdirməli olublar və tam çılpaqlığı ilə görünür ki, bu, açıq-aydın olaraq, ukraynalıların öz istəkləri ilə deyil, birbaşa hansısa təzyiqlə baş verib.
Zelenskinin danışıqları pozmaq cəhdləri də diqqətdən yayınmayıb
Mayın 15-də Zelenski Türkiyəyə uçub, lakin o nədənsə, danışıqların başlamalı olduğu İstanbula deyil, Ankaraya uçub. Bunun ardınca da Ukrayna lideri dərhal Rusiya nümayəndə heyəti ilə görüşdən mümkün imtinanı elan edir və bunu hətta “saxta” hesab edir. “Rusların səviyyəsi hələ mənə rəsmi olaraq məlum deyil. Amma gördüyümüzə görə, bu, saxtakarlıq kimi görünür”, deyə Zelenski açıq şəkildə bildirib.
Hadisələrin gedişin onu göstərir ki, Ukrayna lideri Türkiyəyə yollansa da görüşmək “həvəsində” olmayıb. Nəinki həvəsində olmayıb, ümumiyyətlə, bacardıqca bu görüşə mane olmağa çalışıb. Maraqlıdır ki, niyə Zelenski mane olmaq üçün dəridən-qabıqdan çıxırdı? Axı onun bu çabaları nəyə lazım idi? Ümumiyyətlə, məqsədinin nədən ibarət olduğu daha böyük sual doğurur. Bütün analizlər onu deməyə əsas verir ki, Zelenski sadəcə olaraq, danışıqları pozmağa cəhd edirdi və bu da bütün dünya ictimaiyyətinin diqqətindən yayınmayıb.
Rusiya Xarici İşlər Nazirliyinin cavabı özünü çox gözlətməyib
“Saxta" sözünü kim işlədir? Bu sözü Kloun işlədir? Məğlub bu ifadədən istifadə edir? Əsas təhsildən daha çox - elmi dərəcələri, Vətənə xidmətləri olan insanlara münasibətdə naməlum təhsili olan şəxs bu sözləri işlədir?”, deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıq-aşkar və birbaşa olaraq bildirib. Məsələ burasındadır ki, Zaxarovanın dedikləri deyəsən “təsirsiz” olub. Albaniyada keçirilən Avropa Sammiti zamanı da o, yenə ağlına gələni danışıb. “Aydındır ki, İstanbula gələn Rusiya nümayəndə heyəti çox aşağı səviyyədə olub və ora Rusiyada faktiki olaraq qərar verən bir nəfər də daxil olmayıb”, deyə Zelenskinin bildirməsi bir çox mətləblərdən xəbər verir.
Bir halda ki, Zelenski məhz Avropa Sammiti zamanı bu şəkildə çıxış edib, deməli, məsələ bəllidir. Bəlli olan odur ki, Ukrayna lideri sadəcə olaraq, özünü avropalılara, Avropa rəsmilərinə “göstərmək” fikrinə düşüb. Avropalılara bir növ nümayişkəranə bunu etməsi isə məsələnin mahiyyəti dərk etmək üçün kifayət edir. Əgər o, bunu avropalıların “xoşuna gəlsin”, onu “bəyənsinlər” deyə edirdisə, deməli, bu məsələdə, yəni, Rusiya ilə Ukrayna arasındakı danışıqları pozmağa cəhd edənlərin kim olduğu bəlli olur. Artıq hər kəs yaxşı başa düşür ki, deməli, avropalılar danışıqları pozmağa cəhd edirlərmiş və bu vaxta qədərki mövqelərində zərrə qədər də dəyişiklik olmayıb. Məhz Mariya Zaxarovanın fikirləri ilə Rusiya Xarici İşlər Nazirliyinin cavabı, bu zaman Rusiya XİN-in rəsmi nümayəndəsinin kloun sözünü, eləcə də məğlub ifadəsini işlətməsi özü də deyilənləri təsdiq edir.
ABŞ prezidenti Trampın mövqeyi və qiymətləndirməsi
Zelenskidən fərqli olaraq, Donald Tramp Rusiya nümayəndə heyətindən kifayət qədər razı qaldığını gizlətməyib. “Cənab prezident, Rusiyanın Türkiyəyə göndərdiyi nümayəndə heyətinin səviyyəsi sizi narahat edirmi?, deyə jurnalistlərin amerikalı liderə ünvanladıqları suala ABŞ prezidentinin cavabı çox aydın şəkildə olub. “Mən heç nədən məyus deyiləm” deyə Tramp cavab verib və bununla heç də Zelenski ilə eyni fikirdə olmadığını birbaşa bəyan edib.
Müxalifət yönümlü ukraynalı jurnalistlər Amerika liderinin fikirlərini Zelenski üçün çox “pis əlamət” kimi şərh ediblər. “Tramp, əlbəttə ki, Zelenskini maksimum dərəcədə aşağıladı. Mən Trampam, o isə Putindir, bəs sən kimsən?”, deyə Trampın söylədiklərinə məsələn, ukraynalı jurnalist Anatoli Şariy özünəməsxus şəkildə izah verib. Əslində, “bəs sən kimsən” sualı da səbəbsiz səslənməyib. Dolayısı ilə Zelenskiyə Tramp tərəfindən bildirilir ki, məhz avropalıların təzyiqindən, ən azından təsirindən xəbərdardır və bilir də ki, danışıqları pozmağa cəhd edənlər kimlərdir.
Danışıqlara mane olmaq üçün Avropadan təxribat
Köhnə Dünyanın öz atmosferi var imiş. Avropalılar danışıqlar prosesinə “qarmaq atmaq” və ya “fırıldaqla” girməyə çalışırlarmış. Xüsusən də Rusiya tərəfi çox gözəl başa düşüb ki, Avropanın vəzifəsi sülhün bağlanmasını sabotaj etmək və bunda Rusiyanı günahlandırmaq olub. Bir növ buna avropalılar çoxdankı fürsət kimi baxıblarmış. Buna görə də Avropa liderləri qeyd-şərtsiz atəşkəs kimi açıq-aşkar qeyri-mümkün tələblərin irəli sürülməsi məqsədi ilə əldən-ayaqdan gedirdilər. Onlar bunu ən sərt, təhqiredici, ultimatum formasında belə təzahür etdirirdilər. Eyni zamanda, növbəti, artıq ardıcıl olaraq, 17-ci sanksiyalar paketini müzakirə etmək də ön planda dururdu.
“Makron, Starmer, Merz və son illərdə öz siyasi karyeralarını Rusiya ilə hansısa qarşıdurma üzərində qurmağa şalışan bir sıra ölkə liderləri ya açıq, ya da dolayısı ilə bir növ təxribat niyyətində idilər. Belə məlum oldu ki, avropalı siyasətçilər üçün müharibənin başa çatması siyasi iflas demək imiş. Məhz ona görə də danışıqları gecikdirməkdə və hətta birbaşa pozmaqda Zelenskini də dəstəkləyirlər”, deyə hərbi ekspert Aleksey Anpiloqov bildirib. Deməli, Ukrayna liderini danışdıranlar var imiş. Belə çıxır ki, Zelenski bu şəkildə çıxış edərsə, deməli, onu avropalılar qızışdırırlar. Daha dəqiq desək, bu, danışıqlara mane olmaq üçün Avropadan təxribat kimi görünür.
Putinlə görüşmək Trampa niyə lazım idi?
Donald Trampın niyyəti nüfuzunu itirmədən Ukrayna böhranından çıxmaqdır. Məhz bu baxımdan da münaqişəni həll etmək üçün onun Rusiya prezidenti ilə görüşü özünə çox lazımlı görünür. ABŞ dövlət katibi bu barədə açıqlama verərək İstanbuldakı danışıqlardan böyük gözləntilərinin olmadığını bildirib. “Aydındır ki, bu məsələdə irəliləyişə nail olmağın yeganə yolu prezident Tramp və prezident Putin arasında danışıqlardır”, deyə ABŞ dövlət katibi Marko Rubionun söylədikləri deyilənləri isbatlayır. Başqa sözlə desək, amerikalılar sanki birbaşa deyirlər ki, Zelenski və onun avropalı müttəfiqləri heç nəyə qərar verə bilməzlər. Məhz elə bu məqamın özü belə bunu deməyə əsas verir ki, amerikalılar da avropalıların danışıqları pozmaq niyyətində olduqlarını qəbul edirlər və danışıqları pozmağa cəhd edənlərin elə avropalılar olduğu qənaətindədirlər.
“Tramp istənilən halda qalibdir, çünki o, indi mübarizənin üzərindədir. Tramp indi əsaslı şəkildə deyir ki, Rusiya və ABŞ arasında bəzi real razılaşmalar əldə oluna bilər və Ukrayna ya onları həyata keçirib az-çox sülh yolu ilə nizamlanma əldə edə bilər, ya da onları həyata keçirməkdən imtina edərək, cəbhədə, döyüş meydanında yekun məğlubiyyət qazanar. Amma çox yaxında hərbi baxımdan təslim olmaqdan imtina edə də bilər”, deyə dünyaca məşhur hərbi ekspertlərin əksəriyyəti açıq şəkildə bəyan etməkdədirlər. Hər halda, sülh danışıqlarını pozmaq cəhdlərinə baxmayaraq, prosesə start verilib. Münaqişənin əsas səbəblərini aradan qaldırmaq və real uzunmüddətli sülhə nail olmaq üçün əməli tədbirlərə başlanılıb və Trampın da məhz Putinlə görüşməkdə məqsədi danışıqları pozmağa cəhd edənlərə mane olmaq olub...


