Icma.az
close
up
RU
Sənsiz yaşamağa öyrəşmək çətin...

Sənsiz yaşamağa öyrəşmək çətin...

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2013-cü ilin avqust ayı idi. Zəlimxan Yaqub Borçalıda – doğma Kəpənəkçi kəndində ata ocağında, mən də öz kəndimizdə – Darvazda idim. Bir gün şairə baş çəkməyə gəldim. Həyətdə oturub nəsə yazırdı. Görüşüb hal-əhval tutduqdan sonra əlindəki dəftəri mənə uzadıb, – Al, bu şeiri oxu, bu gecə yazmışam, – dedi. Şeirin başlığı beləydi: “Mənsiz yaşamağa öyrəşin daha”. Oxudum və çox kövrəldim. Aman Allah, şair bizlərə – onu sevənlərə nəyi məsləhət görür?! Bizi özünün aramızda olmayacağı günlərə hazırlamaq istəyir. O an keçirdiyim hissləri ondan gizlətməyə çalışsam da, ruhumu saran vahimədən  qurtula bilmədim.
Deyirlər, kədəri böldükcə azalır. Amma 2016-cı il yanvarın 9-da ildırım sürəti ilə dildən-dilə, eldən-elə yayılan acı xəbər bölündükcə azalmaq əvəzinə, daha da böyüyüb, Azərbaycan boyda oldu, bütün Türk dünyasını bürüdü. Bu dünyadan Zəlimxan Yaqub köçdü. O, ölümüylə də özünün böyüklüyünü, dahiliyini sübut etdi...
Bu gün 75 illik yubileyinə hazırlaşdığımız Zəlimxanın dünyasını dəyişməsindən 9 il keçir. Daha doğrusu, Zəlimxansız dünyamızın 9 yaşı tamam olur. Aradan ötən bu illər də sübut etdi ki, Zəlimxan Yaqubu poeziyamızın, Azərbaycan xalqının baş-
ucalığı sayan, onu poeziya hökmdarı hesab edən Xalq şairi Xəlil Rza Ulutürk hələ illər öncə “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur”, – deyəndə nə qədər haqlıymış.  
“Mənim ölümüm də gözəl olacaq”, – deyirdi və aramızdakı cismani yoxluğuyla da sübut elədi ki, doğrudan da, “diri ölülərin” dünyası olmur, bu dünya elə onun özü kimi əbədi dirilərindir.  Şair bu qənaətə gəlməkdə nə qədər haqlıymış:
El yadda saxlamaz evdən gedəni,
İnsan əzizlənər eldən gedəndə.
Zəlimxan Yaqub yaşadığı qısa ömürdə zamana öz sözünü deyərək adını millətin, Vətənin tarixinə yazmağı bacardı, Tanrının qismətinə yazdığı ömrü – zaman kəsimini ləyaqətlə yaşadı:
Ürəyində buz yaşamaq  faciə,
Yarasında duz yaşamaq faciə,
Çox yaşamaq, az yaşamaq faciə,
Mən zamanı zamanında yaşadım.
Zəlimxan Yaquba görə, haradan gəldiyini bilməyənlər, istər söz adamı olsun, istərsə də, digər peşə sahibləri, hara getdiklərini də bilməyəcəklər. Onu elin-obanın, milyonların sevimlisinə çevirən və adını dünyanın əbədi diriləri sırasına yazdıran da elə həm həyatda, həm də ədəbiyyatda həmişə öz yerini bilməsi, hər zaman özünün və sözünün urvatını qoruması, dünəninə, kökünə, ənənəyə bağlılığı, zamana öz sözünü deyə bilməsi idi:
Dünya mənim idi mən olmamışdan,
Bilirəm dünyaya mən nəyə gəldim.
Yazıldı alnıma sözün qisməti,
Sözümü zamana deməyə gəldim.
Bəli, o, sözünü zamana deməyə gəlmişdi, dedi də. Xalqın sözünü dedi, xalqın qəlbinə nüfuz edən sözü dedi. Ona görə də hər yerdə sevildi, dinlənildi, dediyi söz həm yuxarılarda, həm də aşağılarda eşidilən oldu. Ancaq daha çox yaza, daha çox deyə bilərdi. Böyrək problemindən əziyyət çəksə də, onu ağrıdan yalnız bu deyildi. Ruhu bu qədər diri, iradəsi möhkəm, dözümü sərt olan bir adama xəstəlik neyləyərdi ki... Bədəninin ağrısına dözsə də, Vətən ağrılarına dözə bilmirdi şair.    
Onun dərdi bütöv Vətən dərdi, Qarabağın işğal altında olan torpaqları, böyük Türk dünyasının üzləşdiyi problemlər idi. Bu ağrılar onun ürəyində sözə çevrilib, misralara düzülürdü. Bəlkə də həkimlər böyrəklərini ona görə müalicə edə bilmirdilər ki, ürəyindəki Vətən dərdi daha böyük idi. “Qışın içində də yaz” tapmağı bacaran Zəlimxan Yaqub bu dərdinə çarə tapa bilmirdi. Bu dərdin adı “Yurd ağrısı”, “Vətən yaraları”, “O qızın gözyaşları” və “Şuşa şikəstəsi”ydi, bu dərd idi ona “Qarabağ ən çətin sualdı, qardaş”, “Türk yağıdan üzr istəməz” və “Bir kövrək havadı sazımda Kərkük” dedirdən, “Şuşada balam qaldı” deyə nalə çəkdirən, “Şair harayı”nı, “Səslərin görüşü”nü, “İçimdə ağlayan Krım”ı, “Çanaqqala dastanı”nı, “Turan sevgisi”ni, “Rəsul Həmzətova məktub”u yazdıran da, “dərdli dilim – mənim dərdim”, – deyib,  Göyçə, Dərbənd, Mosul, Kərkük, Borçalı və “Borçalının bir tərəfi Axıska” kimi “Vətənin qıraqda qalan yerləri”nin dərdlərini bayatı düzümünə düzdürən də.  
Qarabağa qayıtmağımızı öz gözləri ilə görmək, bir qalib kimi Şuşa qalasına hayqıra-hayqıra girmək, Cıdır düzündən nur alıb Vaqifin müqəddəs məqbərəsində Vaqifin dilində ötmək, İsa bulağının başında muğamat dinləmək, Daşaltı çayıtək axmaq istəyirdi. Əsrin min bir sualı ilə üz-üzə qalıb cavab tapmağa çalışan, ona qələbə müjədəsi gətirənə ömrünü pay kimi bölmək istəyən şairin bir nigarançılığı vardı:
Yoxsa bu ağrıyla dünyadan köçüb,
Elə bu dərdlə də öləcəyəmmi? 
Bununla belə, ümidini də üzmürdü. İnanırdı ki, dərdinin çarəsini Azərbaycan ordusu tapacaq:
Doğan günəşidir sökülən danın,
Alar qisasını tökülən qanın,
Ucaldar başını Azərbaycanın
Qələbə, Qələbə, ancaq Qələbə.
Özü görə bilməsə də, arzuları çin oldu, Qarabağ işğaldan azad edildi. Bu gün Qarabağda böyük tikinti-abadlıq işləri görülür, qaçqınlar öz yurd-yuvalarına qayıdırlar. Bu günləri görmək qismət olsaydı, indi nələr yazardı şair… 
Xəstəlik təkcə ona ağrıların dadını, dərmanların adını öyrətmədi, həm də insanları tanıtdı. Gen günün “dostlarını” və əsl dostları tanıdı, bütün insanları “süzüb ələdi”, nurda işıqlanıb, yurda işıq salan dostlarla yanaşı, xırdalanan “xırda dostları” da görəndə, Uca Allaha – “Böyük dosta salam olsun!”, – dedi:
İşıqlandı nurda dostlar,
İşıq saldı yurda dostlar,
Xırdalandı xırda dostlar,
Böyük dosta salam olsun. 
“Mən bir dağ çayıyam”, – deyib, bütün ömrü boyu çağlayan şair həmişə diri və duruydu, bu dünyanın çirkinlikləri onu bulaşdıra bilməmişdi, hər şeydə gözəllik axtarıb dünyamızı gözəl görmək istəyir, dünyanı durultmağa can atırdı. “Biz niyə sevməyək bir-birimizi?” – deyərək, insanları səmimiyyətə, məhəbbətə, dostluğa və mehribanlığa səsləyirdi. Dünyanın gərdişi ilə bacarmayıb, dərdini çəkə bilməyəndə isə sözün qüdrətinə söykənib onun şəklini çəkirdi:
Dərdini çəkə bilmirəm,
Gəl, şəklini çəkim, dünya...
Özünün və sözünün əbədiyaşarlığına inanır və deyirdi ki, “mənim yazdıqlarım yerdə qalarmı, düşəcək hamısı kitaba bir-bir”. Bu inamı yaradan bir də o idi ki, milyonların könlündə onun yeri və kitabı var:
Daha gecdi, könüllərdə
                            kitabım var,
Qat-qat olan qayaların qaşı qədər.
Daha gecdi, zaman məni 
                         dana bilməz,
Yaşamışam bu dünyanın 
                            yaşı qədər.
Şərqin məşhur filosofu Cəlaləddin Ruminin belə bir sözü var: “Biz öləndən sonra bizim məzarımızı torpaqlarda axtarmayın. Bizim məzarımız arif insanların qəlbindədir”.  
  Məzarı onu sevənlərin qəlbində olan bu böyük insan üçün darıxanda, daha doğrusu, üzbəüz olub söhbət eləmək istəyi könlümdən keçəndə, onun kimi möhtərəmlərin  uyuduğu Fəxri xiyabana üz tutur, ağ mərmərdən boylanan əzəmətli simasıyla üzbəüz dayanıram. Məğrur duruşu və qartal baxışıyla sanki oxucularına, sevənlərinə və sevdikllərinə təsəlli verir:
Canım qara torpağın, 
        nəfəsim göylərindir,
Qəbirdə yatsam belə, 
        həmişə həyatdayam.

Musa NƏBİOĞLU, 
Əməkdar mədəniyyət işçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri