TRAMPIN QƏRARI İRAN AZƏRBAYCAN ƏLAQƏLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏK? “ABŞ İran kontekstində bizə edə biləcəyini edib”
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İranla ticarət əlaqələrini davam etdirən ölkələr ABŞ ilə ticarət edərkən əlavə 25 faiz gömrük rüsumu ödəməli olacaqlar”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu qərar İran İslam Respublikası ilə iş görən istənilən ölkəyə qarşı dərhal qüvvəyə minəcək və Amerika Birləşmiş Ştatları ilə bütün əməliyyatlara 25 faizlik tarif tətbiq olunacaq”, – Tramp qeyd edib.
Ağ Ev rəhbəri qərarın dərhal qüvvəyə minəcəyini vurğulayıb. Prezident bildirib ki, qərar “qəti və geri dönməzdir”.
Qeyd edək ki, iqtisadi göstəricilərə nəzər saldıqda görünür ki, hər iki ölkə ilə ticarətdə Azərbaycanın idxalı ixracı əhəmiyyətli dərəcədə üstələyir və idxal həcmi ixracdan on dəfədən çoxdur. Bununla yanaşı, ABŞ-yə ixracın həcmi İrana ixracla müqayisədə 12 dəfədən artıqdır. Bu baxımdan, İrana ixracın dayanması Azərbaycan iqtisadiyyatı üçün nisbətən daha az təsirli görünə bilər. Lakin idxal məsələsində eyni yanaşmanı sərgiləmək mümkün deyil.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanla ABŞ arasında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard 364 milyon 998,01 min dollar təşkil edib. Bu məbləğin cəmi 56 milyon 191,69 min dolları Azərbaycanın ABŞ-yə ixracının payına düşür, qalan hissə isə ABŞ-dən idxalı əks etdirir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 507 milyon 398,31 min dollar olub. Həmin dövrdə idxalın həcmi 1 milyard 377 milyon 436,34 min dollar, ixrac isə 129 milyon 961,97 min dollar təşkil edib.
Azərbaycanın ABŞ-yə ixrac etdiyi məhsullar sırasında toyuq yumurtası, meyvə-tərəvəz konservləri və onlardan hazırlanan içkilər, tərkibində 55 kütlə faizindən çox silisium olan ferrosilisium ərintiləri, reaktiv mühərriklər üçün yanacaq, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər və zolaqlar, eləcə də müxtəlif növ inersiyasız su qızdırıcıları və istilik su akkumulyatorları yer alır. ABŞ-dən isə əsasən qızıl, məişət texnikası, avtomobillər və digər məhsullar idxal olunur.
İranla ticarətə gəldikdə, 2024-cü ildə Azərbaycanla cənub qonşusu arasında qarşılıqlı ticarət dövriyyəsi 647,1 milyon dollar olub. Bu göstərici 2023-cü illə müqayisədə 159,7 milyon dollar və ya 32,8 faiz artım deməkdir. Həmin il Azərbaycan İrana cəmi 14 milyon dollar dəyərində məhsul ixrac edib. İrandan idxal isə illik müqayisədə 160 milyon dollar və ya 33,8 faiz artaraq 633 milyon dollara çatıb. Müqayisə üçün bildirək ki, 2024-cü ildə Azərbaycanın ABŞ-yə ixracının həcmi 135,6 milyon dollar təşkil edib.
2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 568 milyon 106,44 min dollar olub. Bu məbləğin 558 milyon 705,86 min dolları İrandan Azərbaycana idxalın, cəmi 9 milyon 400,58 min dolları isə Azərbaycanın ixracının payına düşür. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalma deməkdir. Belə ki, ötən ilin eyni dövründə qarşılıqlı ticarət 583 milyon 645,89 min dollar təşkil edib ki, bunun 570 milyon 776,23 min dolları idxalın, 12 milyon 869,66 min dolları isə ixracın payına düşüb.
Bəs mövcud qərar tətbiq olunarsa, bu ticarət əlaqələrinə necə təsir edəcək?

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, Azərbaycanın İranla əlaqələri əsasən iki formada həyata keçirilir: “İran qonşu dövlətdir, lakin bizim idxal–ixrac əməliyyatlarımız böyük deyil və ümumi idxalda cəmi 2–3 faiz təşkil edir. İran əsasən tranzit baxımından, eləcə də Naxçıvanla əlaqələr kontekstində əhəmiyyətlidir. Təəssüf ki, Naxçıvan lokasiyada qalır və İran üzərindən əlaqələr qururuq. Trampın bu barədə tvitini oxudum, lakin bunun hansı formada tətbiq olunacağı və ümumiyyətlə tətbiq edilib-edilməyəcəyi hələ bilinmir. Tramp yazmışdı ki, kim İranla ticarət aparırsa, onun ABŞ-yə məhsul ixracına 25 faiz rüsum tətbiq olunacaq. Bizim İranla böyük ticarətimiz yoxdur. ABŞ-yə də ciddi ixracatımız mövcud deyil”.
Ekspert qeyd edir ki, ABŞ artıq İran kontekstində bizə edə biləcəyini edib: “İrana pul köçürmələrində problemlər var, İrandan tranzit yüklər gətirmək çətindir. Gömrük bəyannaməsində İran adı göründükdə banklar pul köçürmür. Belə problemlər mövcuddur. İranla əlaqələrə görə ABŞ bizə nə çətinlik yarada bilibsə, İran sanksiyaları kontekstində artıq yaradıb. Bu, bütün dünya üçün də keçərlidir. Bunun Azərbaycana ciddi bir başağrısı yaradacağını düşünmürəm. Azərbaycanın ABŞ ilə ciddi ticarəti də yoxdur. Rüsumun necə tətbiq ediləcəyi, nə qədər müddət tələb edəcəyi kimi məsələlər var. Güman etmirəm ki, başlanğıcda problem yaransın”.
“Bizim ixracatımız o qədər acınacaqlı vəziyyətdədir ki, neft və qazdan başqa demək olar ki, heç nə ixrac edə bilmirik. Onlar da sanksiyaya düşmür, çünki ABŞ deyir ki, ‘mənə satdığına edəcəyəm’. Biz ABŞ-yə nə sata bilərik ki? Qeyri-neft sektoru bərbad gündədir. Satdıqlarımız da əsasən Türkiyə və Rusiyaya gedir”, – deyə iqtisadçı bildirib.
E. Bəyməmmədli
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 13 Yanvar 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















