“Uğurlu fəaliyyətin əsasında cəmiyyətə hörmət və doğru kommunikasiya dayanır”
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“2016-cı ildə Akagi Nyugyo şirkəti Yaponiyada məşhur Garigari-kun dondurmasının qiymətini 60 yen-dən 70 yen-ə qaldıraraq, 10 yen artırdı. Bu məbləğ 2016-cı ilin məzənnəsi ilə təxminən 14 qəpik artım demək idi. Amma şirkət bu addımı səssiz etmədi. Rəhbər heyət televiziyada reklam çarxı ilə birlikdə baş əyərək insanlardan üzr istədi”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, şirkət bildirib ki, istehsal xərclərinin artması onları bu qərara məcbur edib:
“Onlar istəsəydilər, dondurmanın tərkibindəki yüzlərlə komponentdən birini bəhanə gətirə bilərdilər. Məsələn, bu dondurmanın tərkibində şəkər, alma suyu, limon turşusu və digər inqridiyentlər var. Rahatlıqla “bu inqrediyentin keyfiyyətini artırdıq” deyib, qiymət artımını “yenilik” kimi təqdim edə bilərdilər. Amma bunu etmədilər. Onlar həqiqəti dedilər”.
İqtisadçı bildirib ki, bu müasir dünyada sadəcə bir biznes-mədəniyyəti davranışı deyil, bu həm də insanlara və cəmiyyətə hörmətin nümunəsidir:
“Cəmiyyət də onlara göstərilən bu hörmətə qarşılıq verdi. Hazırda bu şirkətin istehsal həcmi 2016-cı ildən bəri davamlı olaraq artır və daha böyük oyunçuya çevrilir. 2024-cü ildə şirkətin satış gəliri 592 milyard yenə çatıb. Hətta ötən il şirkət istehsal gücünü 1,5 dəfə artırmaq üçün yeni zavod tikintisi planlarını da rəsmi şəkildə elan edib. Deməli, dayanıqlı və uğurlu fəaliyyətin əsasında şəffaf fəaliyyət, cəmiyyətə hörmət və doğru kommunikasiya dayanır”.
Vasif ƏLİHÜSEYN


