Icma.az
close
up
RU
Yarı şeir, yarı torpaq... Sevinc Mürvətqızı yazır

Yarı şeir, yarı torpaq... Sevinc Mürvətqızı yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sevinc MÜRVƏTQIZI

Sözün insan taleyində möhürləyici sehrli gücü var. Düz iyirmi iki il əvvəl məni buna "Ədəbiyyat qəzeti"ndə ustad şair Fikrət Sadıqın şeirlərim haqqında qələmə aldığı "Şeir hələ ölməyib" yazısı inandırmışdı. Birinin qəlbindən təmənnasız şəkildə qopan mənəvi dəstək, ruhi dəyərləndirmə digərinin könlünə işıq ola bilir. Bu işığa çox gənc yaşımdan inan(dırıl)mağım sonrakı illərdə bəzən həyatın qaranlıq dalanlarında göz-gözü görməyəndə təsəllim, ümidim oldu. Belə işıqlı təsəlli və ümidlərin müəllifi olan könül borcu hiss etdiyimiz adamların sözü də sadəcə söz olaraq qalmır, taleyimizə yazılan ömürlük dua olur. Dua etmək isə ən çox Fikrət Sadıqa yaraşırdı, iddiasızlığı, ruhani təmizliyi, təmənnasızlığı və müdrikliyi ilə ən çox onun haqqı idi - həm zahiri, həm də batini anlamda.

...İllər keçir, əyyam dəyişir, o dualar ömürdə müstəcəb olanda ürəyindən gələnləri yazmaq arzusu ilə gün qovalayıb ay ötürürsən. Amma araya zaman düşür, ölüm qarışır bütün planlarımıza... Zamanında yazmaq istədiklərimiz bəzən istəmədiyimiz halda "sonraya qalır"... Fikrət Sadıqın "Sarıtorpaq" şeiri haqqında yazmağı lap çoxdan düşünürdüm. Ustad şairin 95-ci yaşının yubiley baharına qismətmiş...

Fikrət Sadıqın qədim Şamaxının tarixi və məşhur məhəlləsi haqqında yazdığı "Sarıtorpaq" şeiri bütövlükdə torpağın insanlaş(dırıl)ması, müqəddəsləş(diril)məsi və estetik dəyər kimi təqdimatıdır. Bu şeir sadəcə bir məkanın və ya coğrafi vahidin poetik tərənnümü deyil - torpağın insana çevrilməsidir, mənəviyyatla, ruhla dolu prosesin bədii təcəssümüdür. Şair burada torpağı sadəcə təbiətin bir elementi kimi deyil, hiss edən, dözən, sevən, qoruyan, doğan və yaşadan bir varlıq kimi oxucuya tanıdır. Burada torpaq artıq sadəcə maddi substansiya deyil, tarixin, ruhun, xatirələrin və mədəniyyətin daşıyıcısıdır. "Sarıtorpaq"ı oxuduqca sanki bədii dillə ilahiləşdirilən poetik bir mərasimdə iştirak edirsən, gözüyumulu təkcə şeiri yox, elə torpağı da dinləyirsən...

Yeri gəlmişkən, heç baharın ilk sübh şəfəqləri altında yamyaşıl çəmənə sərilib, baxışlarınızı masmavi, parça buludlu səmaya zilləyib və eyni zamanda can qulağı ilə torpağı dinlədinizmi?.. Səs-səsə verib ötüşən quşların müşayiətində - o bitməyən nəğmələrin arasında, ağacların gövdəsindən, güllərin ləçəklərindən, kökündən ucalan səssiz melodiyanı duydunuzmu, otların xışıltılı hənirtisinə heç qulaq verdinizmi? Torpağın sinəsində minlərlə görünməz addımı ilə şütüyüb gedən kiçicik "yer sakinlərinin" - həşəratların zərrəcik "tappıltıları"nı, həyat ritmini - o mikrosəslərin içindəki böyük ilahi mənanı eşitmək üçün nəfəsinizi içinizə çəkib heyrətlə susdunuzmu?.. Dərinliklərdə, qarış-qarış torpağın bağrında cücərəcəyi zamanı səbirlə gözləyən bitki toxumlarının ümid dolu, titrək səsini eşitdinizmi?.. "Sarıtorpaq" şeirini oxuyanda bütün bu səslər eşidilir. Bu şeir təkcə söz deyil - torpaqla insanın qırılmaz tellərlə bağlandığı mənəvi körpüdür. Torpağı eşidənləri, onu anlayanları, torpağın varlığını hiss edənləri torpaq da "eşidir". Təsadüfi deyil ki, şair də şeirə məhz "eşit" nidası ilə başlayır:

Eşit məni, məşhur məhlə Sarıtorpaq!

Cövhərin haqq - yarı şeir, yarı torpaq.

Burada Sarıtorpaq məhəlləsinə insani "qiyafə" geyindirilir, o, dinləməyi bacarır, yaddaşı var. Bu çağırış poetik müraciət formasında edilsə də, metafizik bir təmas kimi toxunur ürəyimizə... Şair deyir: Sənin cövhərin - yəni varlığının özü, mahiyyəti - həm şeirdir, həm də torpaqdır. Bu, estetik olanla real olanın, gözlə görünməyənlə (söz) gözlə görülənin (torpaq) qovuşduğu məkandır. "Məşhur məhlə" ifadəsi burada sadəcə gəlişigözəl işlənməyib, məkanın ictimai və tarixi kimliyinə, həm də onun kollektiv yaddaşdakı tarixi-ictimai yerinə işıq tutulub.

Sarıtorpaq həm tarixlə yoğrulmuş torpaq, həm də onun üstündə doğulan sözlərlə, şeirlərlə ucalan unudulmaz mənəvi simvoldur. Burada torpaqdan çıxan poeziya ilə yanaşı, öz mahiyyətində poeziya daşıyan torpaq obrazı var...

Tarix şahid, nə bəlalar çəkib başın,

Yadına sal, zarı-zarı, zarı, torpaq!

Şeirin bu misralarında "zarı-zarı" ağlanacaq tarixi müsibətlərimiz xatırladılır. Burada müraciət tək torpağa deyil, həm də bizim yaddaşımıza ünvanlanan ağrılı xitabdır. İnsan bəzən unutqan olur, amma torpağın yaddaşı çəkdiyi əzabları yaxşı xatırlayır...

...Xatırlayır və xatırladır ki, bu yerlər, bu məhəllə 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdiyi qanlı mart qırğınlarına, dəhşətli terrora canlı şahidlik edib... Şeirin müəllifi də, torpaq da - terrorçu daşnak Stepan Lalayevin əmri ilə Sarıtorpaq məscidinə, eləcə də bölgənin digər məscidlərinə toplanıb diri-diri yandırılan yüzlərlə doğma övladının fəryadını daşı- çınqılı iztirabdan göynəyə -göynəyə, zarıya-zarıya xatırlayır... Bu misralarda təkrarlanan "zarı" təkcə ağlamağın ritmi deyil, həm də xatırlanan milli hüznlərə oxunan ağıdır... İnsan bəlkə unudar, amma torpaq unudarmı bağrındakı bunca ağ(r)ı-acını?!

Çox yadların yürüşünə sinə gərdin,

Qala - torpaq, səngər - torpaq, barı - torpaq!

Bu misrada isə müəllif tarixi bir az da geriyə - bəlkə də əsrlər əvvələ çəkir, burada Sarıtorpaq məhəlli anlamdan çıxıb ümumilikdə qalalı, səngərli qədim Vətən obrazı, müqavimət, səbat, savaş və qəhrəmanlığın rəmzi olur.

Adamların şirin dilli olub - burda

Əsrlərcə bal yetirib arı - torpaq!

Torpaq bu misrada "təyinat"ını daha da genişləndirir, bərəkətin, şirinliyin mənbəyinə çevrilir. Arı və bal metaforası, torpağın həm insanlarla harmoniyasını, həm də onlara bəxş etdiyi fiziki, ruhi dadı göstərir. Bu, həm də əməyin, zəhmətin və saf niyyətin bəhrəsidir.

Böyük, dahi şairlərin fəxrin - sənin,

Ulu - torpaq, uca - torpaq, Tanrı - torpaq!

Bu misralarda Sarıtorpaq artıq təkcə coğrafi yox, ədəbi və mədəni kimlik daşıyıcısı kimi anılır. Yəni torpaq artıq yaradıcılığın mənbəyi, ilhamın beşiyi, poeziyanın anası statusunu alır. Buradaca müəllifin özü ilə yanaşı, bu torpağın yetirməsi olann xeyli dahi şairləri, mütəfəkkirləri də ehtiramla xatırlamaq yerinə düşür. Tarixin yaddaşında yazılanlara və ehtimallara əsasən, qədim Sarıtorpaq məhəlləsi İmadəddin Nəsimi başda olmaqla, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət kimi unudulmaz, ustad ədiblərin doğulub boya-başa çatdığı torpaqdır. Onlar bu torpaqda dünyaya göz açıblar, amma eyni zamanda bu torpaq da onlarla ucalıb. Bu, qarşılıqlı metafizik bağlılıqdır - insan torpağın övladıdır, torpaq isə onun ruhunun beşiyidir. Bu misra həm də kollektiv yaddaşın və poeziyanın məkanla bağlanmasını göstərir. Yəni bir yerin dəyəri həm də oradan ucalan sözlə, ruhla, dahiliklə ölçülür.

Sakinlərlə ata-ana qılıqlısan,

Çətin gündə qoca - torpaq, qarı - torpaq.

Burada isə Sarıtorpaq ailə üzvünə çevrilir. Ata kimi qoruyandır, ana kimi şəfqətlidir. Dar məqamda bir ahıl dədənin təmkinini, bir xoşqılıq qarı nənənin canlı duasını daşıyır. Bu, xalq ruhunun torpaqda təcəssümüdür. Burada Fikrət Sadıq torpağı millətin yaddaşının və ailə bağlarının canlı daşıyıcısı kimi təqdim edir. Sarıtorpaq - sadəcə bir məhlə deyil, xalqın ruhudur, əcdadın izidir, dosdoğmalığın ünvanıdır. Bu poetik mənzərədə torpaq artıq quru zəmin deyil, o sevən, duyan, qoruyan, yaddan çıxmayan bir varlıq kimi yaddaşımıza hopub və insan bu torpağa təkcə ayağı ilə deyil, ruhu ilə də qədəm basır... Və cismimiz uzaqlara gedəndə də ruhumuzun bir tərəfinin yapışıb qaldığı torpaq sonradan həsrətimizin əsas qibləsinə çevrilir:

Gecələri cəhd edirəm, səni görüm,

Burdan baxsın üzüm sənə sarı - torpaq.

Gecənin sükutu tənhalığın və xatirələrin dirildiyi zamandır. Gecə insanın ruhani olaraq özünə döndüyü, gözüyumulu hafizəni didiklədiyi, yaddaşı ələk-vələk elədiyi vaxtdır. İnsanın ruhunun gözüylə gecələr görməyə başlayır, xatirələri də, yuxuları da... Məhz gecə vaxtı Sarıtorpaqla görüşməyə cəhd bu torpağın artıq real coğrafiyadan çox, bir ruhi istinad nöqtəsi kimi arzulandığını göstərir.

Bu iki misrada fiziki məsafə ilə mənəvi yaxınlıq arasında qəribə bir gərginlik sezilir. Şair uzaqdadır, amma görmək, duymaq, qovuşmaq üçün gecələrə sığınır. Bu, müasir insanın keçmişinə, kökünə qayıtmaq istəyi kimi də yozula bilər. Sarıtorpaq burada təkcə bir məhəllə yox, şairin içində yaşatdığı ruhani vətən, uşaqlıq, tarix, ailə, xalq və poeziya ilə yoğrulmuş universal varlıq kimi boy göstərir. Bu misralar - tənhalığın içində insanın doğulduğu torpağa sarı yönələn duasıdır, qəlbin fiziki olandan çox mənaya, mahiyyətəcan atmasıdır. "Sarıtorpaq" Fikrət Sadıqın poetik xatirəsinin içində yaşayan vətən həsrətinin adıdır. Və addan söz düşmüşkən, burada da maraqlı anlamlar gözümüzə dəyir: "Sarıtorpaq" - ad etibarilə torpağın rəngini daşısa da, buradakı sarılıq solğunluq kimi deyil, həm günəşə yaxınlıq, həm qızıl dəyərində qiymət, həm də əzəmətli təbiilik kimi yozula bilər. Ya da bəlkə tarixin saralmış qədimi səhifələrinin, yaxud həsrətdən gözün kökünə hopan rəngin çalarını da ifadə edir?..

Fikrət Sadıq "Sarıtorpaq" şeirində bir məhəllənin timsalında Vətənin şərəfinə söz heykəli ucaldıb. Bu heykəlin kölgəsində yazanın da, oxuyanın da həm nostalji, həm sevgi, həm keçmişdən doğan qürur, həm də minnətdarlıq duyğuları bir-birinə qarışır. O duyğular simfoniyası ilə bizim hamımızın içində - yaddaşın dərin qatlarında, qəlbin ən həssas tellərində - hərənin öz uşaqlıq həsrətinin qibləgahına çevrilən, daşı, torpağı, suyu, havası və adamları ilə birgə doğmalığına sarı çəkildiyimiz simvolik bir Sarıtorpaq yaşayır... Gündüzün qələbəliyində, gecənin sükutunda görməyə çalışdığımız, yaşayanda şeirimiz, öləndə məzarımız olası o unudulmaz "yarı şeir, yarı torpaq" əbədi ünvan...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Ermənilər Bakıda konyak satacaqlar Ermənistan parlamentinin sədri

29 May 2025 18:05see110

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri