Icma.az
close
up
RU
525 ci qəzet ELİN DİLİ VAR OLDUQCA Rafael Hüseynov yazır

525 ci qəzet ELİN DİLİ VAR OLDUQCA Rafael Hüseynov yazır

525.az-dan verilən məlumata əsasən, Icma.az xəbər verir 525 ci qəzet ELİN DİLİ VAR OLDUQCA Rafael Hüseynov yazır.

Rafael HÜSEYNOV
Akademik

Tarixin o parçasına uzun müddət yeni dövrün adamları ədəbiyyatın, sənətin sönüş dövrü kimi baxıblar, bu qənaətə gəliblər ki, Moğollar zamanında, Elxanilər dönəmində 2-3 əvvəlki coşqun mədəni tərəqqidən əsər-əlamət qalmamışdı və bu qiymətlərində möhkəmcə yanılıblar. Əslində ayrı bir çağ başlanırdı, türklüyün yeni tərəqqisi, möhtəşəm oyanışı əyyamları gəlirdi və təqribən beş əsr ərzində ərəb-fars haləsinə bürünmüş ədəbi-mədəni zövq və düşüncə özünə qayıdırdı. XIII yüzildən etibarən türkdilli şeir sürətli inkişafa başlayacaq, qısa müddətdə neçə böyük şair Yaxın-Orta Şərqin şeir səmasında parlayacaq, hətta ərəbdilliliyini bundan sonra da xeyli müddət hifz edəcək elmdə də anadilli risalələr yazılmağa başlanacaq. Ancaq hər halda bu da unudulmasın ki, əvvəlcə ərəb, sonra farsdilli libasda cərəyan etmiş İntibahın da dayaqları elə Farabi, Biruni, Xarəzmi, Nizami, Xaqani, Rumi … kimi zirvə türklər olmuşdular.

O bir zamanlar səhvən, ya elə məqsədlə qartanalıq hesab edilmiş əsrlərdə elmimizdə, şeirimizdə də ciddi irəliləyişlərin önündə gedən duyğu və düşüncə nəhəngləri yetişmiş, mədəniyyətdə və elmdə türkcəliyə meylin bayraqdarları olmuşlar. Bircə elə Xacə Nəsirəddin Tusinin Marağanı o dövrün mədəni aləminin ən üstünlərini özündə qovuşduran mərkəzə çevirməsi, bu münbit mühitin bir qafilə seçkinləri doğurması səbəb olmuşdu ki, elm də, mədəniyyət də, ədəbiyyat da, bunların sağında-solundakı zahirən fəlsəfi-dini, batindəsə daha çox ictimai-siyasi cərəyanlar da büsbütün yeni bir cilvədə, getdikcə daha artıq türkcə özünüifadəylə zühur etsinlər. Türkcənin yalnız dil deyil, həm də və daha əvvəl düşüncə tərzi olaraq meydanı tədricən daha artıq tutması müstəvisində hələ xeyli müddət farsdilli şeirimiz də, ərəbdilli elmimiz də yolunu davam etdirəcək, lakin daha heç vəchlə yad dillərdə özünügöstərmə tərəzinin ağır gələn gözü olmayacaq və həm də o başqadillilikdə əsil-kök özünü getdikcə daha qabarıq büruzə verəcək.

Şair Hümam Təbrizi az öyrənilmiş həmin çağların yaxşı bilinməsi gərək olan, amma heyiflər ki, nisbətən bütöv irsi ilə vur-tut yarım əsr bundan qabaq hamınınkılaşmağa başlayan sənətkarlardandır. Altı-yeddi əsr əvvəl adı Sədi Şirazi (1210-1292) kimi ustadlar ustadı ilə eyni mərtəbədə tutulan bir övladımız cəmi əllicə il qabaq böyük qayıdışı ilə bizi sevindiribsə, kədərli düşüncəyə dalmağa əsasımız daha çoxdur ki, gör biz zamanında təfəkkür və duyğu karvanının sarbanlarından olmuşlarımızı karvanlar ötüb keçəndən çox sonra tanımağa başlayırıqsa, qəflət yuxusuna necə dərindən dalıbmışıq!

Azərbaycanlı mətnşünas, doktor Rəşid Eyvəzi "bir türk şairinin "Divan"ının, nəhayət ki, bir türk araşdırıcı tərəfindən hazırlanaraq işıq üzü görməsini" iftixarla bəyan edəndə 1973-cü il idi və həmin kitaba müqəddimə yazmış Mənuçöhr Murtəzəvi haqlı olaraq 11 əlyazma - "Divan"ın Paris, Lahor nüsxələri və 9 cüng əsasında bir neçə ilin gərgin zəhməti nəticəsində hasil olmuş bu kitabı vərəqləməyi sadəcə xoşbəxtlik deyil, "xoşvaxtlılıq" adlandırırdı.

Həqiqətən də, axı əsərin ərsəyə gəlməsi bizim vaxtımıza təsadüf etməyərək daha sonralara da qala bilərdi axı.

Çünki Hümam "Divan"ını mükəmməl şəkildə hazırlamaq niyyəti daha əvvəllərdə də olmuşdu axı. XX əsrdə İranın ən qüvvətli və mötəbər alimlərindən olmuş Məhəmməd Qəzvini hələ 1911-1916-cı illərdə Mirzə Mehdi xan Astrabadinin 1708-ci ildən 1748-ci ilə qədərki hadisələri təsvir etdiyi, Əfşarlar tarixinin əvəzsiz məxəzlərindən olan "Tarix-e Cəhanqoşa-ye Naderi" salnaməsini ortaya çıxarmağa çalışdığı dövrdə bu arzusunu da bölüşürdü ki, Hümam "Divan"ının Paris Milli Kitabxanasında yaxşı bir nüsxəsi var, ömür vəfa etsə, gərək bu əsəri çapa hazırlayaraq Gibb Fondu xətti ilə nəşr etdirəm.

Bu istəyinin nədən yaranmasını da belə anladırdı ki, həmin "Divan"dakı şeirlərin çoxu Moğol dövrünün vəzir və tarixçi alimi Fəzlullah Rəşidəddin, Qazan, Sultan Əhməd və digər görkəmli şəxsiyyətləri haqqındadır və Sədinin müasiri, həm də rəqibi olduğundan bir qisim şeirlərini də şirazlı ustada cavab yazmışdır. Yəni incə düşünən Məhəmməd Qəzvini buna işarə edirdi ki, Hümamın qoşquları həm tarixi, həm də ədəbi məziyyətləri baxımından çox diqqətəlayiqdir.

Ancaq Hümamın fars və ərəbcə şeirlərini əhatə edən və səbirlə, dəqiqlik şərtlərinə mümkün qədər əməl etməklə hazırlamış olduğu "Divan"ı yarım əsrdən artıq müddətdə Azərbaycanın ixtiyarındadırsa da, nə onun özü haqqında müfəssəl bir araşdırma aparılıb, nə də bu lətif şeirlər şairin ana dilinə tərcümə edilib.

Zamanında Hümam gileylənirdi ki, o, təbrizli yox, Sədi kimi şirazlı olsa idi, yəqin ki, onun ürək ovsunlayan şeirlərinə layiqli qiymət qoyulardı:

Əlindədir çarəm, qıysa o canan,

Ancaq möhtacına verməyir aman.

Şirindir, qəlb oxşar Hümamın sözü,

Fəqət neyləmək ki, deyil Şirazdan.

(Hümam irsindən bütün şeir parçaları Azərbaycan dilində öz tərcüməmdə ilk dəfə səslənir).

Həmdulla Mustoufi Qəzvininin "Tarix-e qozide", Əmin Əhməd Razinin "Həft iqlim", Əlişir Nəvainin "Məcalis ün-nəfais" təzkirələri şairimizin adının "Hümam", ya "Hümaməddin" olduğunu xəbər verir. Ancaq əslində "Hümaməddin" onun ləqəbi idi, adısa Məhəmməd olub. Şairin adının məhz Məhəmməd olmasını onunla təmasda olmuş və yetərincə də mötəbər salnaməçi sayılan, daha çox İbn əl-Fuvəti kimi tanınmış Kəmaləddin Əbülfəzl Əbdürrəzzaq bin Tacəddin Əhməd "Təlxis məcmə ül-üdəba" əsərində təsdiqləyir. İbn əl-Fuvəti 10 il müddətində Marağa Elm Mərkəzinin kitabxanasında çalışmışdı və Xacə Nəsirəddinin yetirmələrindən idi. Daha sonra isə o, dövrün digər mühüm elm ocağında - Bağdaddakı Müstənsəriyyə kitabxanasında rəhbər oldu. Kitabdarlıqsa o dövrdə elə sadəcə müasir mənadakı kitabxana müdiri anlayışından çox yüksəkdə dayanan, daxilində böyük dəstə alimləri, şairləri, müxtəlif yaradıcılıq sahələri üzrə tanınmış mütəxəssisləri, xəttat və rəssamları birləşdirən müəssisə idi. Bundan sonra da yüksək vəzifələr tutdu, həmişə oturub-durduğu həm hakimiyyətin, həm ziyalılığın üst təbəqələrinin təmsilçisi oldu. Qələmindən çıxanların da etibar ediləsi olduğunu ötmüş tarixin tutuşdurma və yoxlamaları çoxdan sübuta yetirib. Məşhur kitabında İbn əl-Fuvəti şairimizin adı, künyəsi, ləqəbi, nəsəbini İzzəddin Yəhya fi Səbah Əli əş-Şeyx Hümaməddin Məhəmməd ibn Əfridun ət-Təbrizi kimi verir.

Orta əsrlərdə zəkası, istedadı, nüfuzu ilə parlayan bu qəbil insanları ehtiramla "Şeyx", "Mövlana", "Xacə" deyə nişan verərdilər. Ona "Mövlana" da deyiblər, "Şeyx" də, "Xacə" də. Əslində "Hümam" da həmin ləqəblərdən biridir ki, mənası elə "Mövlana" deməkdir.

Və Hümamı həm də "Mövlana" çağırıblar. "Hümam" kəlməsi Məhəmməd Təbrizinin yalnız ləqəbi deyil, həm də şairlik təxəllüsü idi.

Hümamın yalnız söz aləmində yox, ürfan əhli arasında da hədsiz hörmət sahibi olduğunu Elxanilər dövrünün müdrik vəziri (vəfatı - 1284) Xacə Şəmsəddin Məhəmməd Cüveyninin ona aid etdiyi bu təmtəraqlı təşbihlər əyan edir: "Şeyx İmam Hümam Qüdvət ül-ənam Zübdət ül-əyyam Məqbu ül-xəvas və əl-əvam, Fərid üz-zaman Əkməl-i növ-ül insan Hümam ül-millət ü v-əd-din".

Dövlətşah Səmərqəndi isə "Təzkirə üş-şüəra"sında şairi "Müfəxxər ül-ürəfa Xacə Hümaməddin" deyə təqdim edirdi.

Ürəfanın iftixarı! Əhatəsində olduğu bilgin, qarşısında sayğıyla baş əyilən bolluca mərifət və qələm əhli arasında belə ali qiyməti qazanmağı artıq Hümamın kimliyinin, hansı üstünlüyə malik olmasının aşkar dəlilidir.

İbn əl-Fuvəti Hümamın atasının adını "Firidun" göstərirsə də, Məhəmmədəli Tərbiyət "Daneşməndan-e Azərbaycan"da onun Əla, ya Əlaəddin oğlu olduğunu yazır. Hümamla bağlı cünglərdən birində doktor Rəşid Eyvəzinin tapdığı 8 beyt və o misraların altındakı imza sanki hər şeyi öz yerinə qoyur. "Əlaəddin Firidun" adlı şairin bu sətirlərinə cüngün tərtibçisi bir əlavə də edir: "Mövlana Hümaməddin Təbrizinin atası" (Bu cüngdən söz açılmışkən daim rəhmətlərlə anılmağa layiq bir soydaşımızı bir daha məhəbbətlə xatırlayaq. Bu nadir şeir məcmuəsi də həyatını millətin sərvəti olan əlyazmaları toplamağa həsr etmiş, xəzinəsinin mühüm hissəsini də Təbriz Milli Kitabxanasına hədiyyə etmiş Hacı Məhəmməd Naxçıvaninin həmin şahanə sovqatları sırasındadır).

Hümam Hümamlığında, bir halda ki adı Firidun, ləqəbi Əlaəddin olan daha bir naməlum şairimizin tək şeiri də olsa qarşımıza çıxıb, bu düşündürücü misraların yanından kirimişcə ötmək düz olmaz. Əvvələn, bu insan bizə Hümam kimi ilhamı yüyənsiz, sözü və ömrü hikmətlə dolu bir övlad bağışlayıb, ikincisi də, elə bir parçacıq şeirindəki işarələrdən bəlli olur ki, Əlaəddin Firidun da ədəbiyyatda təsadüfi adam deyilmiş, şeir aləmində heç də ikinci dərəcəlilərdən deyilmiş. Yəni Hümam elə oddan törəmiş alovmuş və yəqin, bu qitəsi gələcəkdə Əlaəddin Firidunun qələmindən çıxmış daha başqa örnəklərlə də qovuşarsa, biz daha bir qadir itkin şairimizi də yenidən kəşf edərik:

Mən fəzl ormanının aslanı, söz göylərinin məhtabı,

Mənə bu dövrdə müşküldü ki, bənzər olacaq tay tapıla.

Qələmimdən süzülən gövhəri gördükdə utanmış inci,

Qərq olubdur o da öz xəcl tərindən yaranan dəryada.

Füzəlalar mənə "həzrət" deyərək hörmət ilə qalxarlar,

Üləmalar məni gördükdə durub tez yönələr pişvaza.

Nə xəta çıxdı əlimdən, nə də bir bəd əmələ batdım mən,

Dilimə gəlmədi bir kəlmə də bilmərrə savabdan başqa.

Neçə yol nəfsimi Əyyub kimi təslim edərək dözdüm mən,

Hər çətinlik ki gəlib qarşıma çıxdı, arayıb mən də onun

Ən dürüst həllini tapdım iti fəhmimlə, dərin idrakla.

Hümam Təbrizdə doğulmuşdu, elə son ünvanı da Təbriz oldu, "Məqbərət üş-şüəra"da rahatlıq tapdı. Ancaq onun ömründən çox şəhərlər də keçdi və o şəhərlərin bir parası Hümamın şeirlərində də göründü. Həyatının müəyyən ayları, illəri Marağa ilə, Şirazla bağlı oldu.

Şair Marağa ilə, onun küləyi ilə dərdləşirdi, ondan Marağadakı qohum-əqrəbasını soruşurdu, onun vasitəsilə sevgilisinə salam göndərirdi:

Ey Marağa yeli, de, yarım necə,

Əqrəbam, pərişan nigarım necə?

Qan olub ürəyim həsrətdən, söylə,

Mənsiz qalanlarım, dildarım necə?

Hümamın vəfatı təkcə ilinə deyil, gününə qədər dəqiqliyi ilə bəlli olsa da, doğum tarixi naməlumdur. Hərçənd şairin təvəllüd tarixi ilə bağlı bəzi mülahizələr irəli sürülüb, lakin bunların doğruluğu şübhə oyadır, heç olmazsa məntiqi sübutlara əsaslanaraq belə qəbul etmək mümkün görünmür. Düşünürəm ki, bu sualın cavabı haçansa Hümamın şair atasının "Külliyyat"ı aşkarlanarkən oradakı hansısa mənzumədən çıxa bilər.

Hümamın nə təhər rəhmətə getməsinin hekayəsini salnaməçi və şair, əslən heratlı olan, Şahrux və oğlu Baysunqurun tarixçisi, həm də hər ikisinin dərbarında xidmətdə olmuş, vəzifə daşımış Əhməd ibn Cəlaləddin Məhəmməd ibn Yəhya (1375-1442) "Məcməl Fəsihi" əsərində nəql edir.

Daha çox Fəsih Xafi kimi məşhur olmuş bu salnaməçi 714 (1314)-cü ilin hadisələrini təsvir edərkən Hümamdan da söz açır. Yazır ki, İmam Hümaməddin Təbrizinin o vaxt 116 yaşı vardı və Təbrizdə hamama getdi. Hamamın yuxarı başındakı qaynar taxtanın üstündə oturdu, əyləşincə də istinin şiddətindən qəşş etdi və aşağı yıxıldı. Onu dışarı çıxaranda artıq keçinmişdi (Xafinin yazdığına inansaq, onda şairin 1198-ci ildə doğulduğu qənaətinə gəlməliyik. 116 yaş həm çox şişirdilmiş rəqəm təsiri oyadır, həm də lap o yaşa çatsa belə, bunca ixtiyar bir kişinin təkcə hamama gedib dərhal da yuxarı başa, ocaq hissəsinə qalxması adama heç ağlabatan gəlmir. Odur ki, doğum tarixini hələ ki açıq saxlamaq məsləhətdir).

Təzkirəçi Əli İbrahim xan Xəlil "Suhuf-i İbrahim"ində Hümamın 713, başqa bir rəvayətə görə isə, 714-cü ildə dünyadan köçdüyünü yazır.

Rzaqulu xan Hidayət də "Riyaz ül-arifin" təzkirəsində 713 tarixinin üstündə dayanır.

Bunlardan xeyli əvvəl elə Dövlətşah Səmərqəndi də həmin ili Hümamın vəfat tarixi kimi götürürdü.

XIV-XV yüzillərdən sonranın təzkirələrində gah 713, gah 714 tarixi təkrarlanır ki, onları sadalamağa lüzum yoxdur, çünki hamısının istinad etdiyi ilk mənbə ya Dövlətşahdır, ya da Fəsih Xafi.

Hümamın ən dəqiq vəfat tarixi isə müasiri Sədi Təbrizinin onun ölümünə həsr etdiyi mərsiyədə əks olunub. "Fəzl günəşi" adlandırdığı, "kamal köhlənini çaparkən bənzəri olmayan" deyib gedişinə ağladığı qələm qardaşı haqda ağısını Sədi Təbrizli belə bitirir ki:

Ruz-e doşənbe bud səfər-e kaf o hey ke sal,

Bi dal o zal moddət-e hecrət bedide bud.

Hümam səhər çağı, düşənbə günü (bazar ertəsi) hicri-qəməri təqvimlə səfər ayının 25-də 714-cü ildə (11 iyun 1314) Haqqın dərgahına qovuşdu:

Ruh-e Homam-e mellət o din zan əruc yaft,

Kin xakdan nə layeğ-e an bərqozide bud.

Uçdu fəzaya ruhu o millət və din Hümamının,

Layiq deyildi bu torpaq o səmadan seçilmişə.

Hümam Təbrizinin Marağa ilə bağlı şeirini oxuyanda, bu şəhərlə onun sıx bağlılığı, orada yaxınlarının, qohumlarının olması haqda öz məlumatını nəzərə alanda və Dövlətşah Səmərqəndinin bu xəbərini də ki "Xacə Hümaməddin Xacə Nəsirəddin Tusinin şagirdlərindən idi", belə bir mülahizə də yaranır ki, poeziya sadəcə şairimizin maraq istiqamətlərindən biri imiş, o, Marağa rəsədxanası və Marağa Akademiyası ilə bağlıymış.

Dövlətşah Səmərqəndi Hümamın ustadları sırasında Qütbəddin Şirazinin (1236-1311) də adını çəkir. Qütbəddin Şirazu 1263-cü ildə Marağaya gəlmiş, Nəsirəddin Tusinin məktəbində riyaziyyat, nücum, məntiq, fəlsəfənin əsaslarını öyrənmiş, bu elm sahələrinin hər birinə dair qiymətli risalələr qələmə almışdır.

Hümam Təbrizi ərəbcə yazdığı şeirlərində Qütbəddin Şirazini də mədh edir və digər elm və təhsil mərkəzinin - Təbrizdəki "Rəşidiyyə" mədrəsəsinin qurucusu olan vəzir Fəzlullah Rəşidəddinə həsr etdiyi silsilə tərif şeirlərindən birində ondan, öz sözü, "iltimas edir ki", Qütbəddindən qayğılarını əsirgəməsin və "Təbriz əhli də bu qayğıların müqabilində onun xanədanına dualar edib, aminlər söylər".

Hümam Təbrizinin elmi risalələri hələ aşkarlanmayıbsa da, onların gec-tez tapılacağı ehtimalı qüvvətlidir. Bu gümanımızı qüvvətləndirən digər səbəb də Fəzlullah Rəşidəddindən qalan bir rəsmi məktubdur ki, orada xüsusi xidmətlərinə görə mükafatlandırılmalı olan 51 alimin adı çəkilir, hər birinin nə ilə mükafatlandırılması göstərilir və o siyahıda 20-ci yerdə Hümam Təbrizinin adı gəlir. Ona 1000 dinar nağd pul, sincab dərisindən bir kürk və bir dənə də su saatı verilməsi buyurulur. Həmin siyahıdakı mükafatlandırılmalı görkəmli alimlər cərgəsində Qütbəddin Şirazinin də adı yer alır. Ona da 1000 dinar, 1 ədəd su saatı və samur dərisindən kürk ənam edilməsi nəzərdə tutulur.

Qütbəddin Şirazini burda bir də ona görə xatırladıram ki, onun müxtəlif elm sahələrinə aid çoxsaylı risalələrinin varlığı bəllidir, əksəri də bu gün ortadadır və Hümamın da adı həmin mükafatlandırma sənədində "üləma-ye məzkur" - "adıçəkilən alimlər"dən biri kimi əks olunubsa, demək, onun da, eyni səviyyədə təltif edildiyi Qütbəddin kimi, elmi risalələri az deyilmiş.

Hümamın səfərə çıxdığı şəhərlər sırasında Bağdadın da adı var. Təzkirələr Hümamın həmin səfəri ilə əlaqədar təfərrüatları çatdırmayıbsa da, özü bir şeirində Bağdada getməsindən bəhs edir. Ad çəkməsə də, şeirin məzmunundan belə anlaşılır ki, dərin hörmət bəslədiyi bir nəfərin dəvəti ilə Bağdada gəlib. Ancaq Vətəndən ötrü darıxır, Təbrizin xiffətini çəkir və "Azərbaycan torpağından - xak-i Azərbaycan"dan ötrü qəribsədiyini birbaşa deyir:

Açdı əğyara gözüm yaşı könül qəmlərimi,

Ayrılıq faş elədi sirrim olan pünhanı.

Həsrətimdən gətirər töhfə kimi Bağdada,

Dəclənin dalğaları xak-i Azərbaycanı.

Hümamın "sakini" olduğu XIII yüzil, bir az da XIV yüzilin əvvəli Yaxın və Orta Şərq xalqlarının mədəni tarixində IX-XII yüzillərdə ərəb və farsdilli libasda təzahür etmiş İntibahın vaxt ötdükcə daha parlaq şəkildə üzəçıxması idi və aparıcı İntibah dövrü ziyalılarına Qərbdə də, Şərqdə də xas olan başlıca keyfiyyətlərdən biri universal bilginlik, digəri çoxdillilik, üçüncüsü digər mədəniyyətlərlə öz milli mədəniyyəti arasında körpü olmaq vəzifəsini yerinə yetirmək idisə, sadalanaraq artırıla bilən bu özəlliklər sırasında səyahətlərə maillik də vardı. Görünür, bu, İntibah ziyalısının işıqdaşıyıcılığının, ötürücü olmaq məziyyətinin bir təzahürü idi ki, hansının ömür yolunu araşdırmağa başlayırsansa, görürsən daim yollardadır, bu ölkədən o ölkəyə, bu şəhərdən o şəhərə səfərdədir.

Hümam da beləcə. Qaynaqlar onun daha iki səfərinin sorağını verir, bəlkə bunlar onun gəzib-gördüyü ölkələrin, şəhərlərin heç də hamısı deyil.

Fəxrəddin İraqi (1213-1289) "Külliyyat"ında xəbər verir: "Belə hökm oldu ki, Cüveyninin sahib-i divanı (indiki anlayışla, maliyyə naziri - R.H.) Xacə Şəmsəddin Rum vilayətinə baş çəkmə və Əmir Müinəddinin əmlakını ələ keçirməkçün səfərə çıxsın. Mövlana Şəmsəddin əl-Übeydi, Mövlana Hümaməddin və Əminəddin Hacıbala o səfərdə Xacə ilə həmsöhbət idilər".

Rum səfərinə çıxmasının izləri Hümamın "Divan"ında da qalıb.

Qitələrindən birində Hümam belə yazırdı:

Səba sənin ətrini gətirsə bu diyara,

Hümamçün bərabərdir iki həftə vüsala.

Xoş ətrini alıram Rumda şimal tərəfdən,

Qulamın olsun şimal, şimalım qulun ola.

"Şimal" çoxmənalı sözdür və Hümam da burda həmin çoxmənalılıqla oynayır. "Şimal" bir yandan səmti, qütbü nişan verirsə, o biri tərəfdən sol tərəf, surət, çöhrə, bədən anlamları da var. Hümam "Qulun olsun şimalım" yazanda "canım sənə fəda olsun!" söyləyir, "bədənimin sol tərəfindəki ürəyim sənin qulun olsun" deyir.

Digər bir şeirində yenə Hümam Rumda olduğunu vurğulayır və yenə Təbrizdən, yaxud da ölkəni bütöv götürərək İrandan yox, məhz Azərbaycandan gəldiyini söyləyir.

Bunu bir daha ona görə qabardıram ki, bəzən qaynaqlardan, tarixlərdən bixəbərlər şairlərimizin Vətənin adı olaraq o əsrlərdə "Azərbaycan" kəlməsini guya işlətmədiklərini naşılıqla iddia ediblər. Hümam XIII yüzilin şairidir və dönə-dönə "Azərbaycan" deyir. Bu dördlüyündə Hümam yenə Rumdadır, görünür, bu dəfə də səfəri uzanır, gözü yoldadır və Azərbaycandan gələn bir əziz onu intizardan qurtarır, ürəyini Vətənlə doldurur:

Ey cana aram verən, sən rahət-i cansan mənə,

Qəlb əsir-i dərd idi, sən gəlmisən dərman mənə.

Sən sorursan halını yorğun düşən bu xəstənin,

Lütf edib gəldin qonaq Ruma Azərbaycandan mənə.

İçərisində "Azərbaycan" kəlməsi olan şeirlərdən bir örnək olaraq burada Hümamın çevirdiyim mənzuməsinin farscasını da iqtibas edirəm:

Qoftəm ey aram-e canha rahət-e can amədi,

Del əsir-e ərd bud əz bəhr-e dərman amədi.

Ta koni bimar porseş xəste-yi avarera,

Lotf kərdi ta be Rum əz Azərbaycan amədi.

Hümamın daha bir səfəri Məkkəyə olmuşdu. Yəni əslində bu bir ziyarət idi ki, Hümam kimi mərifət əhlinin bir müsəlmançün savabların vaciblərindən olan bu ayini yerinə yetirməsi qanunauyğundur. Amma Hümam hər il Kəbə evini görmək eşqi ilə Məkkə sarı yönələn başqalarından fərqli idi axı. Bu səfər onunçün həm ziyarət idi, həm də ticarət yox, indiyəcən görmədiyi nələrisə görmək, hansısa təzə təcrübələri qazanmaqçün bir səyahət.

Hümamın Məkkə səfərinə çıxmasının təsdiqi "Suhuf-i İbrahim" təzkirəsindədir: "Xacə Hümam müəzzəm Kəbənin təvafıyla (çevrəsinə dolanaraq - R.H.) kamına yetdi".

Kəbə ziyarəti mənzərələrinin şəklini Hümam qəsidələrində də çəkib:

Kəbə başında dövrə vurar həccə gedənlər,

Sonsuz bir səfa ilə, baş əyib yeri öpər.

Bitirib tez səy ilə yollanarlar ordan da

Gah Səfadan Mərvaya, gah Mərvadan Səfaya.

Hümamın bir şair və alim kimi şöhərəti və nüfuzu öz yerində, o həm də iman əhli arasında xüsusi hörmət-izzət sahibi, müqəddəs tutulan bir şəxsiyyət idi. Onun xanəgahına axın-axın insanlar üz tutardılar. Həm də bu işığa can atanlar arasında yüksək bilik və mərifət yiyəsi olanlar çox idi.

Onlardan biri zəmanəsinin alimləri və salnaməçiləri arasında qələminin sanbalı ilə seçilən, Səlcuqlar, Xarəzmşahlar çağlarının və bir qədər Moğol dövrünün əvvəllərinin münşaatından - məktublaşmalarından ibarət "İdrarnamə" adlı son dərəcə mühüm tarixi əhəmiyyətli kitab bağlamış Xacə Şəmsəddin Məhəmməd Cüveyni idi ki, hər il Hümam xanəgahına 1000 dinar təmənnasız yardım edirdi.

Hümam kamil məktəb görmüş söz ustası idi və özündən əvvəlki şeirin keçdiyi yola da yaxşı bələddi, axarında olduğu müasir ədəbiyyatın da yaxşı-yamanından agahdı. Onu da, bunu da yaxşı bilməsinin isbatı yenə "Divan"ındadır. Zamanının ədəbi ənənələrindən birinə riayət edərək Hümam bir qisim sələflərə də bənzətmələr yazıb, çağdaşı olan şairlərlə də səsləşmələri var. Ənvəri Əbivərdiyə də, Sənai Qəznəviyə də, Nizami Gəncəviyə də nəzirələr yazıb, müasiri Qütbəddin Ətiqi ilə şeirləşməsi var.

Ancaq Hümamın ən çox təsirləndiyi üslubunu, yolunu şeirində davam etdirməyə çalışdığı Müslihəddin Sədi Şirazi olub. Sədi Hümamın yaşca böyük müasiri idi və Hümam şeirə gələndə Sədi artıq elə ad-san sahibi idi, şöz meydanında onun dəsti-xətti elə hüsn-rəğbət qazanmışdı ki, bu yaradıcılığın sehrinə düşməmək, o cür yazmağa çalışmamaq qaçılmaz kimi idi. Ona görə də Sədi dalğası Hümamın bütövlükdə yaradıcılığından, xüsusilə qəzəllərindən çox dərinə getmədən də sezilməkdədir.

Hümam öz "Divan"ında Sədi ilə tez-tez görüşür, onun qanını Şirazlı Şeyxin "Divan"lndan alan beytləri bollucadır.

Amma onlar həyatda da görüşmüşdülər. İki mahir söz ustasının - şöhrətinin zirvəsinə çatmış Sədi ilə yeni bərq vurmağa başlayan Hümamın görüşü haqqındakı bu hekayət Dövlətşah Səmərqəndinin təzkirəsindədir: günlərin birində Şeyx Sədi Təbrizdə hamama gedir və təsadüfən Xacə Hümam da ordaymış.

Orta əsrlərdə də hamamlar, xüsusən böyük şəhərlərdəki bu cür məkanlar yalnız yuyunub-təmizlənmək yeri deyildi. Hamama yollananlar çimib qurtarandan sonra da saatlarla orda qalar, söhbətləşər, musiqi dinlər, fikir bölüşərdilər. Buralar o çağların özünəməxsus klubları, həm də şeir-sənət yığnaqları idi. Səbəbsiz deyil ki, ərəb poeziyasında həmmamiyyə silsilələri, türkdili şeirdə şəhrəngizlər, farsdilli ədəbiyyatda şəhraşubların xeyli hissəsi elə hamamlardakı adi məişət ab-havasından uzaq olan əlverişli yaradıcılıq mühitində yaranıb.

Dövlətşahın xəbəri zahirən təəccüb də oyada bilər - Sədi yaşca Hümamdan böyükdü, ancaq cavan şairi görəndə o, tası su ilə doldurub Xacəyə yaxınlaşır və hörmət əlaməti olaraq suyu onun başına tökür.

Hümam şeirlərinə uzaqdan-uzağa vurğunmuşsa da, hələ Sədinin üzünü görməyibmiş. Ona görə də soruşur ki, ağa dərviş, hardansınz?

Şeyx cavab verir ki, Şirazın pak torpağındanam. Hümam qayıdır ki, əcəbdir, bizim şəhərdə itə daş atırsan, şirazlıya dəyir. Şeyx gülümsəyərək dillənir: "Bizdə isə əksinədir. Şirazda təbrizlilərin sayı itlərin miqdarından azdır".

Hümam bu hazırcavab deyişdən tutulur, geyinib hamamxanadan çıxır, Şeyx də onun ardınca qalxır, gəlir bir kənarda oturur. Hümam Şeyxə sarı qanrılıb xəbər alır ki, Şirazda heç Hümamın şeirlərini oxuyurlarmı?

Şeyx cavab verir ki, bəli, onun Şirazda böyük şöhrəti var. Hümam dübarə soruşur ki, o şeirlərdən heç yadınızda olanları var?

Sədi cavab verir ki, bir beyti hafizəmdədir.

Və əzbərdən deyir:

Dər miyan-e mən o deldar Homməst hicab,

Vəvt anəst ke, in pərdə be yeksu fekənəm.

Mənlə dildarın hicabı Hümam olmuş indi,

Vaxt çatıbdır ki, atım bir yana o pərdəni mən.

Bu beytdə "Hümam" sözü elə işlədilib ki, onu Hümam kimi də oxumaq olar, "hamam" kimi. Hər iki halda məna düppədüz alınır.

Sədi bu beyti söyləyincə Hümam başa düşür ki, qarşısındakı hansısa dərviş yox, elə Şeyx Sədidir ki, durub.

Deyir, sizi Allaha and verirəm, düzünü deyin, Sədimisiniz?

Şeyx təsdiq edir.

Hümam Şeyxin ayaqları altına yıxılıb qucaqlayır, üzr istəyir və onu evinə dəvət edərək şərəfinə ziyafət verir.

Dövlətşahın bu rəvayətini başqa müəlliflər də təzkirədən-təzkirəyə ötürmüşlər.

Ancaq daha maraqlısı budur ki, hekayət "hind bülbülü" Əmir Xosrov Dəhləvini (1253-1325) də cəzb etmiş, o, "Xəmsə"sində həmin əhvalatı bir cüt beytində xatırlamışdır:

Farsca şeiri uca həddə çatdıran,

Eyni vaxtda olub iki şəxs əyan.

Birisi Hümamdı, digəri Sədi,

Hər biri qəzəldə kamil zirvədi.

Hümamın bizə yadigar qalan qələm bəhrələrinin çoxu məhəbbətin zərif tülünə bürünmüş qoşqulardır. Elə şeirlər ki, məhəbbətin özü kimi heç vaxt qocalan, təravətdən düşən deyillər. Ancaq Hümamın məharətlə yazılmış mədhiyyə qəsidələri də var. Qəsidələrin qismətində bu bəxtsizlik var ki, onların ən qüdrətli şairlər tərəfindən yazılanları belə qələmə alındığı çağlarda hökmdar könüllərini sevindirmək, onların ovqatını xoş etmək məqsədilə söyləndiyindən sətirlərində şairin ürək döyüntüləri adətən eşidilmir. Zamanında yazanına bəxşişlər nəsib edərək onu fərəhləndirsə, güzəranını daha rahat etsə də belə, mənzumələrin çoxu gözəl əski libaslar kimi ömrünü başa vurub, daha ürək qızdırmır, hiss tərpətmir. Söz yox, bu cəhət müəyyən qədər Hümamın ayrı-ayrı hökmdarları, gününün səlahiyyət yiyələrini öyən şeirlərində də var. Ancaq vacib bir fərqlə.

Hümamın Elxani hökmdarları Sultan Əhmədi, Qazan xanı, Sultan Məhəmməd Xudabəndəni, Elxanilər səltənətindəki vəzirlərdən Xacə Şəmsəddin Məhəmməd Cüveynini, xacə Şərəfəddin Harun Cüveynini, Sədəddin Məhəmməd ibn Əli Mustoufi Sacvəcini, Xacə Rəşidəddin Fəzlullahı, əyyamının üstün zəka və mərifət sahibləri Mövlana Qazi Mühibəddini, Nəcməddin Əbdülqaffarı, Mövlana Qütbəddin Şirazini, Şeyx Sədəddin Məhəmməd ibn əl-Müəyyəd Həmuyyəyi Cüveynini tərənnüm edən şeirləri də qalır. Lakin onlar əsla cansız, nəfəs almayan qoşqular deyillər. Onların hər biri indi yaşanmış tarixə ayna tutmaq gücündədir, Hümam çağlarının bəzən salnamələrdə belə əksini tapmamış tarixi gerçəklərini bugünə pıçıldayır. Alimliyi özünü bu şeirlərində büruzə verir. Elə yazıb ki, bu şeirlər bir səslənişlik, yalnız ilk dəfə oxunduğu anda hökmdarı, ya digər öyülənləri şad eləməklə tükənməyiblər. İçərilərində daşıdıqları tarix soraqlarıyla sabaha da uça, bugünə də çata biliblər.

Bu şeirlərindəsə bir Hümamdır, bir qələmi və kağızı, bir də ürəyi:

Ləbinə dəyməsə, meydən nə fayda?

Ləbinsiz ləzzət yox tünd şərabda da.

İkimiz, göy çəmən, mey, çay qırağı,

Vüsalın olmasa boşdur cahan da.

Sənin sevgin gəncdir, gənc qalacaq da,

Cahana can verər dünya durduqca.

Nə qədər ki xalqın ağzında dil var,

Eşqin sözü gəzər el arasında.

Hümamın bu sözlərinin aidiyyəti yalnız sevgiyə yox, həm də onun özünədir. Nə qədər el var, şairin sözü dillərdə dolaşacaq və dillərdə yalnız bu solmaz sevdalı şeirlər deyil, elə Hümam Təbrizinin özünün də adı məhəbbətlə daşan misralar kimi səslənəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see354

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see165

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see156

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see140

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see121

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see118

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see118

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see118

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see116

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see114

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see113

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see113

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see111

Rusiya Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb

20 Fevral 2025 10:43see111

Bunu etsəniz ömrünüz daha uzun olacaq

20 Fevral 2025 08:16see110

Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...

20 Fevral 2025 12:54see110

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri