525 ci qəzet Qara Yanvar la alışıb yananlar Elmira Axundova yazır
525.az-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir 525 ci qəzet Qara Yanvar la alışıb yananlar Elmira Axundova yazır.
Elmira AXUNDOVA
Xalq yazıçısı
Bu verilişdə o ağır günlərdə peşə borcunu yerinə yetirmiş, senzura qadağalarına baxmayaraq, faciəli hadisələrin baş verdiyi yerdən lentə alaraq, audio və videokasetləri ölkə xaricinə ötürməklə öz həyatlarını təhlükəyə atan jurnalistlər - hadisənin şahidləri bir yerı yığışıb. 90-cı illərin jurnalistlərindən bəziləri bu günə kimi sağ qalıb, bəziləri isə özlərindən sonra heç bir xatirə qoymadan dünyasını dəyişib. Və onlar, heyif ki, az deyillər. Bəzi həmkarlarım haqqında portret esselər yazmağa, hətta seçilmiş publisistika almanaxlarımda dərc etdirməyə nail olmuşam. Amma bu, təəssüf ki, okeanda bir damladır.
Bu gün isə bu ibrətamiz verilişi izlədikdən sonra məni bürüyən fikirləri bölüşmək istəyirəm...
lll
Britaniyanın "The Sunday Times" qəzetinin məlumatına görə, stresli vəziyyətlərin yaranma ehtimalı baxımından jurnalistlər taksi sürücüsü, yanğınsöndürən, hərbçi və digər bu kimi riskli peşələri qabaqlayaraq, şaxtaçılar və polis əməkdaşlarından sonra ikinci yerdədirlər. Mən hələ xüsusən "qaynar nöqtələr" adlanan yerlərdə işləyən media işçilərinin birbaşa təhlükə altında olmasından danışmıram. "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı ölən və itkin düşən həmkarları haqqında məlumat toplayır və dərc edir. İllik matəm siyahısında onlarla deyil, yüzlərlə ad var.
...Nəslimin payız yarpaqlarının bu qədər tez tökülməyə başlayacağını heç düşünməmişdim. Ancaq son onilliklər ərzində mən bir çox dostlarımı itirmişəm. Onların demək olar ki, hamısı qəzet, radio və televiziyada işləyən jurnalistlər idi. Və hamısı da sahəsinin peşəkarı, qabaqcılı idi. Elmira Əmrahqızı - "Azadlıq" radiosunun Bakıdakı ilk Azərbaycan bürosunun yaradıcısı, Elmira Əsgərova - ilk müstəqil Rusiya agentliyi olan "İnterfaks"ın Azərbaycanda ilk xüsusi müxbiri, Vladimir Morozkov - parlaq jurnalist və redaktor, Oktay Məmmədov - "Azərtac"ın fotoxronika şöbəsinin müdiri, Vaqif Ağayev - Heydər Əliyev haqqında gözəl sənədli filmlərin rejissoru, Fərid Xayrullin "AzərTAC"ın müxbiri, istedadlı fotomüxbir idi.
Təəssüf ki, onların hamısı nisbətən gənc yaşında dünyasını dəyişdilər: bəziləri qırxı keçmiş, bəziləri əlli və ya altmışı bir az keçmiş. Uzun illər o vaxtkı tərzdə desək, Mərkəzi Televiziyada operator işləyən Nadir Zeynalov da nisbətən gənc dünyasını dəyişib. Bütün bu insanlar müstəqil Azərbaycan jurnalistikasının əsasını qoyublar. O jurnalistika ki, onunla qürur duymaq və ondan nümunə götürmək lazımdır...
Bu jurnalistika fərziyyədən, şayiələrdən və mətbəx dedi-qodularından uzaq idi; başqalarının mənbələrindən götürülən plagiatdan və təkrar nəşrlərdən ikrah hissi keçirirdi. Həmkarlarımın bir sözsüz şüarı var idi: efirdə (qəzet səhifələrində, saytlarda və s.) yalnız yoxlanılmış və etibarlı məlumat, yalnız balanslaşdırılmış və obyektiv materiallar yayımlamaq, yalnız özünün çəkdiyini nümayiş etdirmək. Məsələn, Nadir Zeynalov redaktoru Mais Məmmədovla birlikdə Azərbaycanın bütün qaynar nöqtələrində reportajlar çəkirdi, Moskva televiziyasında yanan kəndlərimizi, kimsəsiz köçkün izdihamını, Xocalı şəhərinin balaca sakinlərinin güllələnmiş cəsədlərini göstərirdi. Çingiz Mustafayev onunla birgə Xocalı soyqırımını lentə alıb. O qətl yerinə onlar eyni helikopterdə uçub gediblər...
Aşağıda o qəhrəmanlardan (mübaliğəsiz qəhrəmanlardılar!) bəziləri haqqında danışacağam.
Ən böyük mükafat həyatdır
2002-ci ildə "Bu bizik" kitabımda müxbir Fərid Xayrullin haqqında esse çap edilib. O, Azərbaycan jurnalistikası tarixində nəzərəçarpacaq iz qoymuş peşəkar fotomüxbir, əsl sənətkar idi. Mən onun ancaq Qara Yanvar faciəsinin əbədiləşdirilməsində olan xidmətlərinə toxunacağam.
Yeri gəlmişkən, bütün dünyaya yayılan məşhur "Qara Yanvar" kitabının yarısı o vaxt "Azərinform"un xüsusi müxbiri Fərid Xayrullinin çəkdiyi fotoşəkillərdən ibarətdir.
Fərid üçün ən yaddaqalan çəkiliş 1990-cı ilin Qanlı Yanvarından dərhal sonra çəkilən şəkillər idi. Sonralar o günləri belə xatırlayırdı:
"Yanvarın 20-də səhər saat 8-9 radələrində maşınla şəhəri gəzdik. Məni güclü bədən quruluşu olan iki bakılı dostum müşayiət etdi. Yadımdadır, biz Salyan kazarmasının ərazisindəki yolayrıcına çıxdıq və mən insanların cəsədlərini gördüm. Əzilmiş kəllələr, yarılan qarınlardan yerə dağılan bağırsaqlar... Asfaltda qan... Yaxınlıqda haradasa atəş səsləri eşidildi. Və birdən mənə elə gəldi ki, yuxu görürəm. Ya da bu, bir filmdir. Axı biz kino müharibəsinin uşaqlarıyıq. Hərbi xidmətdə olsam da, o ana qədər heç vaxt küçədə dinc insanların meyitini görməmişdim.
Yenicə çəkməyə hazırlaşmışdım. Bir balaca hündür bir yerə qalxdım və mənə tərəf gərgin və aqressiv bir kütlənin hərəkət etdiyini gördüm. Düz üstümə gəlirdilər. Yəqin ki, onlar məni Moskva müxbiri ilə səhv salmışdılar. Nə yaxşı ki, məni müşayiət edən uşaqlar onlara yerli - bakılı olduğumu izah etdilər. Sonra mən də azərbaycanca bir neçə kəlmə dedim.
Çəkilişlərə başladım. Əyilmədən, gizlənmədən, tam boyumca hərəkət edirdim. Yadımdadır, beynimdən keçən fikir belə idi: mənə nə edə bilərlər ki? Mən terrorçu deyiləm, əlimdə silah tutmamışam. Mən sadəcə işimi görürəm. Bütün bu kabusu necə lentə almağı bacardım?! Heç cür ağlıma sığmır. Gördüklərimdən sonra şoka düşdüm. Güman edirəm ki, peşəkarlıq işə yaradı. Şəkillər çəkirəm və düşünürəm: bu kadr yerli kinoxronika üçündür, amma bu kadr mütləq xaricə göndərilməlidir.
Yenidən yol ayrıcına çıxanda dostlarım dedilər ki, KAMAZ maşınlarından birinin altında əzilmiş oğlanın meyiti var, qardaşı onun üstündə ağlayır. Mən ora tələsdim. Və orada heyrətamiz bir səhnəni gördüm: Salyan kazarmasının hasarını, darvazaları və onların üstündəki ulduzları. Hasarın perimetri boyu əsgərlər dayanıb, təxminən 15 metr aralıda bu təzə KAMAZ var. Təkərlərin altında əzilmiş insan cəsədi, yanında isə isterik halda gənc bir oğlan vurnuxur. Bir neçə kadr çəkib "Azərinform"a getdim. Mənimlə şəhərdə yol boyu gəzən uşaqlar dedilər: bilirsən, səni Salyan kazarmaların yanında az qala güllələyəcəkdilər. Əvvəlcə inanmadım. Amma bir həftə sonra Dima Kalininlə görüşdüm və o, mənə dedi: "Sən mənə borclusan". Sən demə, mən Salyan kazarmasında çəkiliş aparan zaman o, hasarın o biri tərəfində dayanıb orduya qarşı kompromat "yığdığıma" görə əsəbiləşən rus zabiti ilə danışırmış. Və o, birdən-birə məni nişan alıb. Dima dərhal fikrini cəmləyərərək zabitə deyib: "Nə edirsən? Bu yoldaş mənim həmkarımdır, TASS-ın müxbiridir". Yalnız TASS-ın adı çəkildiyinə görə zabit avtomatını endirib.
O günlərdə biz Moskvaya 10 unikal plyonka göndərdik. Və cavab aldıq: "Siz orada - Bakıda saxtakarlıqla məşğul olursunuz". Nə yaxşı ki, o vaxt biz artıq müxtəlif xarici foto agentlikləri ilə əlaqə kanalları yaratmışdıq. Ən unikal slaydlar və fotoşəkillər Qərbə getdi. Biz onları tamamilə pulsuz göndərdik. Əsas o idi ki, dünya baş verən vəhşilikdən xəbər tutsun. Və sonra öyrəndik ki, bizim materiallarımızdan böyük pullar qazanıldı. Allah bilsin onlarla..."
Fərid Xayrullindən jurnalist fəaliyyətinə görə aldığı əsas mükafatın nə olduğunu soruşanda o, adətən belə cavab verir: "Mən həyatı mükafat olaraq almışam".
Şərhlər, necə deyərlər, artıqdır...
Televiziya mənim kainatımdır
10 il əvvəl Ramiz Fətəliyevlə Vasif Babayev haqqında yubiley yazısı yazmışdıq. Orada belə bir hissə var idi:
"...Televiziyanın baş rejissoru, 1991-ci ildən isə Azərbaycan dövlət teleradio komitəsinin bədii rəhbəri olan Vasif Babayev heç dəyişilmədi, iş yoldaşlarından ayrılmadı. O, həmkarlarına əvvəlki tək diqqətli idi. Onlara ad almağa kömək edir, maaş, qonorarları artırdı. Həm də tələbələri var idi, onlara da çox vaxt ayırırdı. Onlar bu gün milli televiziyanın qızıl fondunu təşkil edir, respublikamızın müxtəlif kanallarında çalışır və öz növbəsində gənclərə sevdikləri peşənin sirlərini öyrədirlər. Vasif istedadı yüksək qiymətləndirir, televiziyanı səmimi qəlbdən öz evi hesab etdiyi üçün yoldaşlarının uğurlarına sevinirdi.
1990-cı ilin qanlı Yanvarının bütün Azərbaycan xalqı üçün faciəli günlərində Vasif Babayev kimi insanların cəsarəti və zəhməti sayəsində Azərbaycan televiziya operatorları baş verənlərin bütün dəhşətini lentə almağa nail oldular. Onların arasında ilk növbədə Ələkbər Muradov, Seyidağa Mövsümov, Nadir Zeynalov, Rəsul Babayev, İzzət Əzizov, Əliövsət Aslanov, Fikrət Qafarov, Adil Bünyadov və Namiq Şirəlibəyovu qeyd etmək lazımdır. Və çox keçmədən gecə saatlarında "Alfa"nın əsgərləri Vasif Babayevin yanına gələrək onu "mitinqlərə çağırış və lentə alınmış materialları gizlətmək" ittihamı ilə saxlayıblar. Onunla bərabər, tanınmış yazıçı və telejurnalist Rafiq Savalan və rejissor Azər Zamanlı da həbs edilib. Vasif özü başına gələn bədbəxtlikləri xatırlamağı sevmir, amma hesab edirəm ki, məhz o günlərdə, aylarda Azərbaycanın vətənpərvər rejissorları, televiziya və kino operatorları əsl qəhrəmanlıq nümayiş etdirdilər, bunun sayəsində Moskvanın xalqımıza qarşı törətdiyi cinayəti susdurmaq mümkün olmadı, çünki təkzibolunmaz sənədli sübutlar var idi".
Bizə ABŞ-də qalmağı təklif etdilər
Cahangir Zeynallını uşaqlıqdan tanıyıram. O, qonşu evdə yaşayırdı və üstəlik, böyük qardaşımla bir sinifdə oxuyurdu. Cahangir kiçik yaşlarında kino "xəstəliyinə" tutulub və valideynləri tezliklə ona həvəskar kinokamera alıblar. Yadımdadır, Cahangirlə Tofiq evimizin geniş açıq eyvanında daha bir "şedevr"lərini lentə alırdılar, mən, balaca isə, baş rollardan birini oynayırdım.
O vaxtdan bəri tam bir ömür keçdi. Cahangir Azərbaycan kinosunun qızıl fonduna daxil olan onlarla yüksək peşəkarlıqla filmlər yaradaraq sənədli kinonun klassikinə çevrildi.
Ancaq az adam bilir ki, yanvarda Cahangir təkbaşına "20 Yanvar" adlı film çəkib. Ondan bir müddət əvvəl o, həyat yoldaşı, Azərbaycanın Xalq artisti Firəngiz Əlizadə ilə elə onun konsertlərindən aldığı qonorarla ən son model kinokamera alıbmış. Çox güman ki, Cahangir bu avadanlıqla həyat yoldaşının xaricdəki konsertlərini və çıxışlarını lentə almaq üçün istifadə edəcəkdi. Lakin kinokamera alındıqdan bir ay sonra ilk kadrlar Qara Yanvar hadisələrinin fotoxronikası oldu.
Bu yaxınlarda Bəstəkarlar İttifaqında keçirilən tədbirdə dostum kiçik auditoriya qarşısında unikal videokadrları necə və hansı şəraitdə çəkdiyini, lentə alınan və montaj edilmiş materialı Moskvaya, oradan isə Firəngiz Əlizadə ilə yenidən qastrol səfərinə getdiyi ABŞ-a necə apardığı barədə danışdı. Bu, əsl detektiv hekayə idi. Yalnız rus televiziya adamlarının - Cahangirin "Ostankino"dan olan dostlarının, filmi sovet sərhədçiləri üçün əlçatmaz formatda şifrləyən ixtiraçılıqları ər-arvadı qalmaqaldan və ya daha xoşagəlməz hadisələrdən xilas etdi.
Bundan başqa, Firəngiz xanım notlar arasında güllələnmiş Bakının dəhşətli kadrları olan bir çox fotoşəkilləri gizlədə bilib. Bu əvəzsiz yüklə Cahangir və Firəngiz özlərini ABŞ-a çatdırıblar. Görkəmli bəstəkarımızın çıxışı baş tutacaq hər bir şəhərdə, foyedə sərgi qururdular, sonra Cahangir Zeynalovun "20 Yanvar" filmini nümayiş etdirirdilər. Emosional rejissor sözünü deməkdən çəkinmirdi. O, sovet sistemini faşist, SSRİ-nin o zamankı prezidenti Qorbaçovu da faşist adlandırırdı.
Salonların birində erməni diasporunun nümayəndələri olub, onlar bu barədə müvafiq orqanlara məlumat veriblər. Və ər-arvadla ciddi söhbət aparılıb. Daha sonra isə onlarla Amerika xüsusi xidmət orqanlarından olan başqa ciddi adamlar danışıqlar aparmağa çalışıblar və Qərbdə siyasi qaçqın kimi sakit, rahat həyat təklif ediblər...
Qəribədir ki, nəinki öz həyatlarını, hətta okeanın o tayında qalan ailələrinin də əmin-amanlığını təhlükəyə atan Zeynallı-Əlizadə cütlüyünün bu əsl qəhrəmanlıq əməlindən bu ana qədər nə mənim, nə də digər ictimaiyyət nümayəndələrinin xəbəri var idi. Onlar nəyə getdiklərini bilirdilər, bununla belə, etməli olduqlarını etdilər - 1990-cı il yanvarın 20-də Bakıda baş verənlər barədə Amerikaya həqiqəti söylədilər.
Filmə baxandan və tədbirin sonundan sonra Cahangir mənə söz verdi ki, o, bizə danışdığı hər bir şeyi yazacaq. Mən də ona xatirələrini redaktə edib çap etməkdə köməklik göstərəcəyəm...
Oqtay və ya yarıda qalan uçuş
Oqtay Məmmədovla ilk birgə xaricə səfərlərimizdən birində, Azərbaycan Prezidenti Heydər Əliyevi jurnalist komandasının tərkibində müşayiət edərkən tanış olduq. Oqtay əvvəlcə sıravi fotomüxbir olub, sonra "Azərtac"ın fotoxronikasının baş redaktoru olub. Bununla belə, Oqtay Məmmədov ölkənin əsas xəbər agentliyində böyük bir şöbə müdiri olsa da, jurnalist fəaliyyətini səngitmədi. O, əvvəllər olduğu kimi, respublika daxilində və xaricə səfərlərində Heydər Əliyevi müşayiət etməyə davam edir, sonra Prezident İlham Əliyev və xanımı ilə səyahətə başlayır və hər dəfə bu səfərlərdən Vətənə qayıdarkən 20 ildən artıq bir müddətdə zəngin fond, bir növ müstəqil Azərbaycanın bədii salnaməsini formalaşdıran çoxlu sayda maraqlı, nadir kadrlar gətirirdi.
2000-ci ildən başlayaraq Oqtay mənə bədii-publisistik silsilə kitabların - "Bu, bizik...", "Həqiqət anları", "Yaşamaq vaxtı", nəhayət, "Heydər Əliyev. Şəxsiyyət və Zaman" bioqrafik romanının yaradılmasında kömək etməyə başladı. Yeri gəlmişkən, Oqtay Məmmədovun çəkdiyi Ümummilli liderimizin bir çox portretləri bu gün müxtəlif kitab və albomlara salınıb...
O, çox şey edə bildi, amma yenə də bu dünyanı həddindən artıq tez tərk etdi. Onun gedişi isə qısa bir ömrün məntiqi davamı və nəticəsi idi. O, böyük aktyorlar səhnədə dünyalarını dəyişdiyi kimi, iş prosesində dünyasını dəyişdi. Azərbaycan xalqının faciəsi - 20 Yanvar günü prezidentin Şəhidlər xiyabanını ziyarət etməsinin kadrlarını lentə alandan sonra...
Ürək o qədər çox, bəzən qeyri-insani yüklənmələrə, uzun illər yerdəyişmələrə və uçuşlara, gecə-gündüz davam edən və həddindən artıq stresli işə tab gətirə bilmədi. Qohumları onu dəfələrlə məzuniyyətə çıxarmağa və müalicəyə başlamağa razı salmağa çalışsalar da, Oqtay bağışlanmaz ehtiyatsızlığı ilə səhhətində yaranan problemləri həmişə sonraya saxlayıb. Ancaq daha yüksək qüvvələr bu məsələdə diqqətsizliyə dözmür, bu cür laqeydliyi həyatla vaxtından əvvəl vidalaşma ilə cəzalandırır. Əcdadlarımız əbəs yerə atalar məsəli yaratmayıb: "Səndən hərəkət, məndən bərəkət".
Oqtay ölümündən bir neçə gün əvvəl mənə zəng etdi. Hər bir yaradıcı adamın, xüsusən də, rəhbər vəzifədə çalışanın yaşadığı problemlərdən gileylənirdi. Mən nə isə xoşagəlməz hal olduğunu hiss etdim. Xeyr, mən heç nə hiss etmədim. Sadəcə olaraq, halına yandım və ondan az əsəbiləşməyi, özünə qulluq etməyi və sağlamlığı haqqında daha çox düşünməyi xahiş etdim. Razılaşdıq ki, bir neçə günə görüşüb hər şeyi müzakirə edək. Nədənsə bu söhbəti xatırladım və yanvarın 20-də özümə söz verdim ki, sabah dəfn mərasimindən sonra Oqtaya zəng edəcəm, görüşəndə problemlərini öyrənməyə çalışacağam. Qismət olmadı, matəm günü gözlənilməz, Oqtay Məmmədovun ölümü ilə bağlı məni sarsıdan faciəli xəbər gətirdi...
lll
Azərbaycan mətbuatının qızıl fondunu təşkil edən Elmira Əmrahqızı, Mais Məmmədov, Vladimir Morozkov və başqa jurnalistlər haqqında da oçerklərim var. Dağlıq Qarabağ ətrafında baş verənlərlə bağlı bir çox reportaj və məqalələrim müxtəlif vaxtlarda Rusiya və xarici mətbuatda dərc olunub.
Eyni zamanda, Qara Yanvar günlərində, Xocalı soyqırımı zamanı və 30 il ərzində Qarabağ münaqişəsinin salnaməsini yaradanların bir çoxu hələ də öz soydaşlarının onları tanımasını gözləyir. Onlar adlarının Azərbaycan xalqına çatdırılmasına, müharibə müxbiri, operator, rejissor, reportyor kimi işlərinin kağız üzərində əks olunmasına layiqdirlər. Çünki filmlər köhnəlir, videolar yox olur, amma əlyazmalar, necə deyərlər, yanmır.
Vasif Babayev son aylarda müxtəlif mətbuat orqanlarına bir neçə müsahibə verib və həmin müsahibələrdə AzTV əməkdaşlarının həmin müdhiş günlərdə nələri etdiyindən danışıb. Digər şahidlər də nələrisə danışıblar. Bəs Cahangir Zeynallı, başqa rejissor və operatorlar? Bəs o vaxt bizim kinostudiyanın direktoru işləyən və mübaliğəsiz, əsl vətəndaş cəsarəti göstərmiş Ramiz Fətəliyev necə? Dağılmış Bakının küçələrində məhz onun kameraları işləyirdi, qiymətli plyonkaların hazırlanması və montajı sürətlə onun laboratoriyalarında edilirdi, onun əlaqələri vasitəsilə ilə bir çox materiallar xaricə yol tapdı. Ancaq təəssüf ki, bütün bunlar haqqında çox az şey bilirik.
Milli Mətbuatın 150 illik yubileyi ərəfəsində media strukturlarına - Mətbuat Şurasına, Medianın İnkişafı Agentliyinə və təbii ki, Prezident Administrasiyasının müvafiq şöbəsinə rəhbərlik edən şəxslər bu problemdən narahat olmalıdırlar. Təcrübəli peşəkar jurnalistlərdən ibarət Redaksiya heyəti yaradıla bilərdi ki, o, bütün mediadan müəyyən mövzuda artıq yazılanları toplayaraq, hələ nələrin görülməli olduğunu, daha kimlər haqqında yazılmalı, daha kimdən soruşulmalı olduğunu müəyyən etsinlər.
İndi qəhrəmanlarımız - Vətən müharibəsi şəhidləri haqqında da analoji xatirə kitabları yaradılır, həlak olmuş əsgərlər haqqında "Heç kim və heç nə unudulmur" devizi ilə işıq üzü görən nəşrlər sovet dövründə çap olunurdu. Bu gün İnternet və sosial şəbəkələr dövründə Medianın İnkişafı Agentliyinin nəzdində 20 Yanvar və ümumiyyətlə Qarabağ məsələsinə dair yazıb-yaratmış həmkarlar haqqında jurnalistlərin bütün məlumatlarının və nəşrlərinin, eləcə də müsahibələrinin, fotoşəkillərinin, videoreportajlarının və s. toplandığı xüsusi bir sayt (portal) yaratmaq olar.
Sayt sonradan inkişaf etdirilə və genişləndirilə bilər. Əminəm ki, ora dünyanın hər yerindən dəyərli materiallar göndəriləcək, çünki Qarabağ münaqişəsi zamanı onlarla vicdanlı jurnalist Qarabağ mövzusunda obyektiv reportajlar hazırlayıb, obyektiv yazılar yazıblar. Onlar və onların işləri haqqında məlumatlar müxtəlif dövri mətbuatda, müxtəlif KİV-lərdə səpələnib, lakin burada hamısı bir yerdə toplana bilər.
Ümid edirəm ki, mənim təklifim bu vacib qərarın qəbuluna cavabdeh olan şəxslər tərəfindən eşidiləcək. Jurnalist yoldaşlarım adlarının və əməllərinin əbədiləşdirilməsi haqqını qazanıblar.
Xahiş edirəm, əziz dostlar, məni və həmkarlarımın səsini eşidin!
Rus dilindən Xanım AYDIN çevirib.
![see](https://icma.az/template/assets/see.png)