Abşeronda maşın ustası müştərinin avtomobilini qaçıraraq qəza törətdi MƏHKƏMƏ
Abşeron Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən Mehman Dəmirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 09 dekabr 2023-cü il tarixdə, saat 06 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, maşın ustası (rəngsaz) olan Mehman Dəmirov rənglənməsi üçün ona avtomobil təmiri emalatxanasında saxlanılmış zərərçəkmiş Qalib Qayıbova (şərti) məxsus “Kia Sportage” markalı maşını talama məqsədi olmadan ələ keçirərək qaçırıb. O, idarə etdiyi maşını Ceyranbatan qəsəbəsindəki küçələrin biri ilə hərəkətdə olarkən idarə etməni itirərək yolun kənarında daş betona vurub. Nəticədə zərərçəkmiş şəxsə 17760 manat məbləğində xeyli miqdarda ziyan dəyib.
Hadisədən sonra Mehman Dəmirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov