“Əkinçi” 150: Gələcəyə ismarıc
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 iyul, AZƏRTAC
1875-ci il iyul ayının 22-də Azərbaycan dilində nəşrə başlayan, 1877-ci il avqustun 18-də son nömrəsinin çapı ilə 25 aylıq fəaliyyətini dayandıran “Əkinçi” qəzeti milli mətbuatımızın doğum tarixini yazdı. Bu, qəzetin təsisçisi və münşisi, 1865-ci ildə Moskva Universitetinin Riyaziyyat fakültəsini təbiət elmləri üzrə fərqlənmə diplomu ilə bitirən 33 yaşlı pedaqoq, maarifçi-demokrat, publisist Həsən bəy Zərdabinin həyat missiyasının ən yaddaqalan hadisəsi oldu. O, qəzetə ana dilini öyrədən bir məktəb kimi baxır, “qəzet və ya jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir”- yazaraq, qəzetin qarşısında dayanan əsas vəzifələri xatırladırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Əkinçi”- 150: Gələcəyə ismarıc” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
“Əkinçi”nin meydana gəlməsində təkcə Həsən bəy Zərdabinin deyil, XIX əsrin ikinci yarısında Azərbaycanda xüsusilə intişar tapmağa başlayan maarifçilik mühitinin, bu mühitin yaranmasına təkan verən ictimai-siyasi proseslərin oynadığı rolu qeyd etməyi lazım bilirik. Xüsusən böyük maarifçi, türk-müsəlman xalqlarını əhatə edəcək əlifbanın nəinki ən qızğın təbliğatçısı, həmçinin əlifba layihəsinin müəllifi Mirzə Fətəli Axundzadə ilə başlanan, Azərbaycan ictimai şüurunda özünü hiss etdirən renessans mərhələsinin diktə etdiyi məqamları unutmamağı vacib sayırıq. Təhsil sahəsində, xüsusilə imperiya hüdudlarındakı xalqların təhsilə təşviqi ilə bağlı mərkəzi hakimiyyətin yürütdüyü siyasət nəticəsində məktəblərdə ana dilində tədrisin həyata keçirilməsi işi ləng də olsa gedir, renessansın dayanıqlılığını təmin edirdi. Yeri gəlmişkən, Azərbaycan dilində fəaliyyətə başlayan dünyəvi məktəblərin ilk rüşeymləri ölkəmizdə məhz XIX əsrin 60-cı illərində gözə dəyirdi. Bütün bunlar milli burjuaziyamızın formalşma mərhələsini yaşayan Azərbaycanın dialektik inkişafında mühüm sayılan amillər idi və buna görə də cəsarətlə o qənaətimizi bölüşürük ki, milli mətbuatımın yaranmasını XIX əsrin ikinci yarısı üçün gözlənilən hadisə adlandıra bilərik. Ola bilər ki, o, 1875-ci ilin yayında deyil, bir, iki, hətta beş il tez və yaxud gec baş verəydi, o da tamamilə mümkün idi ki, həmin nəşrin təsisçisi Həsən bəy Zərdabi deyil, başqası da ola bilərdi. Amma reallıq odur ki, bu möhtəşəm hadisənin baş verməsi üçün zəmin yaranmışdı.
“Əkinçi”nin ilk nömrəsindəki baş məqalədə qəzetin təsisçisi və redaktoru Həsən bəy Zərdabinin yazdığı məqalədə nəşrin məramnaməsinə diqqət çəkilir, materialların “Daxiliyyə xəbərləri”, “Əkin və ziraət xəbərləri”, “Tazə xəbərlər”, “Elanlar” rubrikası altında gedəcəyi qeyd olunurdu. Qəzetin bir neçə nömrəsinin çapından sonrakı nömrələrində digər rubrikaya ehtiyac yarandı. Bu, “Məktubat” rubrikası idi və bu bölümdə verilən yazılarda nəhayətsiz görünən imperiya sərhədləri daxilində, əsasən soydaşlarımız yaşayan məkanlardan istənilən şəxs ictimai rəy üçün əhəmiyyət kəsb edən hadisələrdən yaza bilər və yaxud insanlarımızı tərəqqidən saxlayan məsələlərdən söz açılırdı. Bununla “Əkinçi” qəzetində mövzuların rəngarəngliyi artmaqla yanaşı, təzə-təzə yaranan Azərbaycan jurnalistikasında ilkin ənənələr formalaşırdı. Bu prosesdə dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə, şair Seyid Əzim Şirvani, Səid Ünsizadə, Nəcəf bəy Vəzirov, Qarabağ xanlarının nəslindən olan Əsgər ağa Gorani, Əhsənül Qəvaid və digər “Milləti- islami qəflətdən ayıltmaq istəyən”, bunun üçün özündə potensial görən və həmin potensialı cəmiyyətdə etiraf edilən azsaylı ziyalılarımız qoşulmuşdu.
“Əkinçi” meydana qədəm basdığı gündən təkcə bir cəbhədə döyüşmürdü. Onun döyüşdüyü insanlar ancaq milləti buxovda saxlamağın elmsizlik, cəhalət olduğunu bilən və bunu aradan qaldıranlarla ölüm-qalım savaşına çıxanlar deyildi. Həmin əsrin 20-ci illərinin sonlarında Rusiya imperiyasının uzağagedən planlarına hesablanan və buna görə də Güney Qafqaza, xüsusilə İrəvan xanlığının ərazilərinə köçürülən erməni millətindən olan insanlar milli münaqişənin ocaqlarını yaratmaqda idilər. Oxşar proseslərdə olduğu kimi, bunun “tarixi kökləri”nin ideoloji əsasları yaradılırdı və bu işi erməni ziyalıları arasında görmək istəyənlər kifayət qədər tapılırdı. Belə “millətsevərlərdən” biri - erməni millətindən olan, Moskvada doğulub böyüsə də, hansı zərurətdənsə (?!) Tiflisdə qərarlaşan Qriqori Artsruninin təsis etdiyi, özünün redaktorluğu ilə erməni dilində nəşr edilən “Mşak” qəzeti ictimai-siyasi, ədəbi qəzetdə xüsusilə ardıcıl idi. 1873-cü ilin fevral ayından nəşrə başlayan qəzet missiyasının təkcə xəbər dərc etməklə məhdudlaşmayacağı ilk nömrələrindən diqqət çəkirdi. Başlayan prosesin idarə olunmasının Sankt-Peterburqdakı imperator sarayının himayəsi ilə Qafqaz Canişinliyindən idarə olunması ona görə mübahisə doğurmurdu ki, senzorların razılıq verməsindən sonra çapa gedən həmin nömrələrdə milli münaqişələrin əsası qoyulurdu. Bu, nəşrin “həm də müxtəlif erməni məskənləri haqqında yeni biliklər, maarifləndirici məlumatlar yaymaq” kimi xeyirxah məqsədlər güdmədiyi senzorların razılığı ilə çap olunan ilk nömrələrindən görünürdü. Bu, 1873-cü ildə qəzetin 14-cü nömrəsində “Qandzak” (tarixən azərbaycanlılara aid olan Gəncə həmin yazıda belə təqdim edilirdi) sakinlərinin aborigen əhalisinin ermənilər olması ilə bağlı dərc edilmiş “araşdırma yazısı”nda mahalda əsasən ermənilərin yaşadığı iddia edilərək “onlar öz ana dili ilə sıx bağlıdırlar, həm də qonşularının dilində yaxşı danışırlar; xalq öz kilsəsinə sadiqdir, kilsə adət-ənənələrini qeyrətlə qoruyur, milli xeyriyyə işlərini hərarətlə, səxavətlə dəstəkləyir” - yazaraq təqdim olunan materiallarda qabarırdı: “Bunlardan sonra türklərin sayı 1800 nəfərdir, ermənilərdən çoxdur, lakin təsir gücündə deyil. Onların həyat tərzi Asiya tayfalarına xasdır. Onların sosial dünyagörüşünü qiymətləndirmək artıqdır, lakin onların təhsil vəziyyətinin son dərəcə əlverişsiz olduğunu qeyd etmək lazımdır. Onların yeganə məktəbi məsciddir ki, hər soxta (təhsilli adam), mirzə və ya molla bir neçə oğlanı başına yığıb kobud səslə yerdə oturan oğlanlara dərs keçirlər. Onlar nə öyrənirlər? Çox dəhşətli keyfiyyətlər... Onların aristokratlarının övladları kral məktəblərində təhsil alır, lakin verilən təhsildən bəhrələnməyə çalışmadan dərin bilik əvəzinə xaotik və səthi fikirləri mənimsəyir. Nəticədə rus dilini xatırladan təhrif nitqlə məzun olur, “möhtəşəm” təhsilləri ilə fəxr edirlər”(“Mşak” qəzeti, 1873-cü il,14-cü nömrə)
Oxşar mövzuda yazılaraq qəzetdə dərc edilən məqalələr təkcə yazı müəlliflərinin, heç o yazıları sifariş verərək redaktə edən, nömrəyə qoyan redaktorun da deyil, ümumilikdə Çar Rusiyası mərkəzi hakimiyyətinin siyasətini əks etdirirdi. Qənaətimizi təsdiq edən arqument həmin nömrələrin çapına birbaşa siyasi hakimiyyət qarşısında hesabatlı senzorların icazə verməsi idi. Bu siyasətin nəticəsi idi ki, belə məqalələr qəzetdə təkəmseyrək görünmürdü. 1875-ci il iyul ayının 22-də ilk nömrəsi işıq üzü görən “Əkinçi” və onun redaktoru Həsən bəy Zərdabinin “Mşak”ın fəaliyyətindən azından xəbərdar olması ona görə şübhəsizdir ki, həmin vaxtlarda Tiflisdə yaşayan görkəmli azərbaycanlı ziyalıların əksəriyyəti ilə onun məktublaşmalarını təsdiq edən kifayət qədər faktlar mövcuddur. Əlbəttə, məktublaşmaların məzmunu təkcə hal-əhval tutmaqla məhdudlaşmır, Qafqaz Canişinliyinin bərqərar olduğu Tiflisdə gedən proseslər barədə fikir mübadilələri də aparılırdı.
“Əkinçi”nin informasiya coğrafiyasının Bakı quberniyası ilə qapanmadığını onun ilk nömrələrindən görmək mümkün idi. Qəzetin 1876-cı il 30 yanvar tarixli nömrəsində “İrəvandan məktublar” adlı yazı buna görə maraqlıdır. Rusiya-Osmanlı müharibəsi ərəfəsində belə bir xəbərin qəzetdə özünə yer tapmasını heç cür təsadüfi hesab etmək olmaz: “20, ya 30 il bundan əqdəm İran dövlətinin Qarapapaq tayfasından 1500 xanə Osmanlı dövlətinə tabe Şuragil adlı yerə köçmüş imişlər. İndi İran dövlətinin tərəfindən məzkur tayfanı zor ilə İrana köçürməyə hökm olunub. Bu əmrdən ötrü cənab Mirzə Haşım xan Şuragilə varid olub, ol tayfadan 500 ev İrana göndərib və qalan 1000 evin iltirmasına binaən onlara möhlət verib ki, torpaq məhsullarını götürüb sonra köçsünlər. Bu halda xəbər var ki, onlar da bu yaxınlarda köçürüləcəklər”.
“Əkinçi” sənətindən doğan intuisiya ilə əkin sahələrini basan alaq otlarının kökatma tendensiyası qarşısında hərəkətsiz dayanmır, imkanları daxilində 250-300 tirajla bunun maksimum ictimailəşməsinə çalışırdı. Azərbaycan və onun təbii coğrafiyasına məxsus Qərbi Azərbaycan, həmçinin Borçalı mahalında bu yöndə informasiyalara replika şəklində olsa belə, səhifələrində yer ayrılırdı. Məsələn, qəzetin 1876-cı il 8 oktyabr tarixli nömrəsində azərbaycanlılar barədə xarakterik olmayan rəy formalaşdırmağa çalışan ermənidilli mətbu orqanın paylaşdığı xəbər olduğu kimi təqdim olunur: “Ermənilərin “Mşak” qəzetinə Axalkalak şəhərindən yazırlar ki, müsəlmanlar oğurluğu zurna-qabal ilə eləyirlər. Bir dəstə adam gəlin aparırıq deyibən gedib gələni soyur”.
“Əkinçi”nin nömrələrini vərəqlədikcə millətimizə atılan daşları, edilən iftiraları cavablandıran gənc redaktorun qəlbində püskürən etiraz açıq-aydın görünməklə bərabər, onun səbirlə verdiyi cavablara heyrət etməyə bilmirsən. Belə cavabların biri qəzetin 1877-ci il 17 fevral tarixdəki sayında, Həsən bəyin yazdığı məqalədə belə təqdim edilir: “Bizim qəzetin 24-cü nömrəsində Qurban bayramının əsl mətləbi barəsində yazılan daxiliyyəni Tiflis şəhərində erməni dilində çap olunan “Mşak” qəzeti erməni dilinə tərcümə elədib, basdırıbdır. Heç görülübdür ki, bizim zəmanədə elm oxumuş adam xalqı Məkkəyə getməyə təhrik edə və ittihadi-islam fikrinə düşə və ittihadi-islam heç məqdurdurmu? Xüləsa, bu tövr çox danışıb axırda deyir: neçə yüz ildir ki, İslam ətrafında olan erməni, gürcü və qeyri tayfaları güc ilə İslam edib və indi siz bu qədər tayfaları ittihadi-islam ilə birləşdirmək istəyirsiniz... Yox, qaytarın bizə ki, bizim zəmanə elm zəmanəsidir və biz elm sahibiyik və elm təhsil etməyə qabiliyyətiniz var. Bizim qardaşlarımızı ki, keçmişdə onları cəbrən İslam eləmisiniz, verin bizə”.
Erməni baş redaktorun isterik qışqırtılarına 35 yaşlı Həsən bəy Məlikovun cavabı mükəmməl jurnalistika nümunəsi sayıla biləcək səviyyədədir: müdrik, arqumentli, emosiyasız-filansız. Zərdabi haqlı olduğuna əmindir və buna görədir ki, o, haqsız adamların kompleksini yaşamır, təmkinlə opponentini hələ başlamamış, az-az insanların görə biləcəyi qan-qada dolu yola çağırışları rədd edir. Bu, o vaxtlardır ki, 5 il sonra özünü elan edəcək, məramnaməsində türk və müsəlmanlara, hətta onların fikirləri ilə razılaşmayan, qanlı əməllərinə dəstək olmayan ermənilərə qarşı da açıq terror çağırışları edəcək Daşnaksutyun partiyası hələ meydanda yoxdur. Hələ Qarabağda töküləcək qanlara, ardınca Bakı və İrəvanda qızışacaq, tarixdə 1905-1906-cı illər erməni-müsəlman toqquşmalarına 28 il var. Qanlı çağırışların hara qədər gedəcəyini görən az-az insanlardan biri kimi Həsən bəy Zərdabi Artsruni kimi “ziyalıların”, “millətsevərlərin” xalqını hara qədər aparacağını görür və onların bu təşviqinin elmli kəslər üçün ayıb olduğunu qələmə alır: “Ey cənab Artsruni (zikr olan qəzetin münşisinin adıdır), əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız?!”
Jurnalistikamızın əbədilik patriarxı Həsən bəy Zərdabinin uzaqdan gördüklərinin reallıq olduğunu Azərbaycan oxucuları kimi, “Əkinçi”nin hər bir nömrəsini diqqətlə izləyən, lazım olduğu təqdirdə oradakı ayrı-ayrı yazıları rus və erməni dillərinə tərcümə edərək müxtəlif nəşrlərdə dərc etdirən digər dillərə aid auditoriyada da cəmi 7 ay sonra görəcəklər. Rusiya-Türkiyə müharibəsinin ilk vaxtlarından tərəf olaraq rus çarizminin ətrafında birləşən ermənilər Osmanlı təbəəsi olan yüz minlərlə soydaşının hansı ocaq başına sürükləndiyinin fərqində olmadılar və yaxud olmaq istəmədilər. Onlar açıqdan-açığa müharibənin nəticələrinə hesablanan addımlar ataraq Osmanlı dövlətinin məğlub olacağı təqdirdə gözlənilən sülh müqaviləsinə “erməni məsələsi”ni əlavə etmək üçün ciddi planlar qururdular. “Əkinçi”nin münşisi isə təsisçisi olduğu qəzetin nömrələrində qardaş ölkənin hərbi və siyasi elitasını gözlənilən savaşda tərəf kimi vuruşacaq ermənilərin gələcək planları barədə səsi yetən hər kəsi xəbərdar etməyi borc bilirdi. Onun qəzetin 1877-ci il 18 avqust tarixli nömrəsində “Təzə xəbərlər” rubrikasında yazaraq dərc etdirdiyi replikada bunu görmək mümkündür: “Mşak” qəzetinə Badkubədən yazırlar ki, bizim şəhərin erməniləri Üçkilsədə olan erməni patriarxına ərizə göndəriblər ki, cənab patriarx Rusiyada sakin olan ermənilərin adından padişahi-imperaturi-əzəmdən təvəqqe eləsin ki, Osmanlı dövlətinə tabe olan ermənilərin onlara olan zülmdən xilas etməkdən ötrü slavyan tayfasına alınan ixtiyarları onlar üçün də alsın və barədə “Mşak” qəzetindən iltimas ediblər ki, bu ərizəni çap edib, ermənilərə məlum eləsin ki, qeyri şəhərlərdə olan ermənilər də cənab patriarxa belə ərizə göndərsinlər”.
“Əkinçi” və onun yaradıcı heyəti, başda qəzetin redaktoru Həsən bəy Zərdabi olmaqla istər qəzetin nəşr olunduğu dövrlərdə, istərsə də qəzet maliyyə sıxıntısı səbəbindən çapını dayandırdığı zamanlardan sonrakı zamanlarda öz missiyalarını- Xalq və Vətənə xidmət etmək borcunu ömürlərinin sonuna qədər ləyaqətlə davam etdirdilər. Onlar atdıqları addımların dəyərinin illər keçəndən sonra veriləcəyinə o qədər əmin idilər ki, bu əminliyə bütün zamanların oxucusunun heyrətlənmsi belə heyrətamiz görünür. Onlar keçdikləri yolu belə xarakterizə edir və gələcək nəsillərin qarşısında əbədi öhdəliyi səsləndirirdilər: “Ey qardaşlar, rəva deyil ki, bircə qəzetimiz var ki, “Əkinçi” olsun, sizə “Əlif Leyla” dərsi desin. Bu halda müsəlman milləti tufana düşmüş təkidir ki, hər ləpə onların bir hissəsinin aparıb qərq edir.... Qardaşlarınızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi xörəyi köyşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətilə fəxr edək və öz qərq olmağımıza əlac eyləməyək”.
Kifayət qədər ibrətamizdir, deyilmi?


